Bakı şəhər sakini Ə.Əliyevin etibarından sui-istifadə edərək ona qarşı dələduzluq əməli törətmiş İlkin Şükürov adlı şəxs barəsində Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə etdiyi müraciət əsasında AR CM-nin 178.3.2 maddəsi ilə cinayət işi başlanılmış (242026349 nömrəli cinayət işi) və istintaqı Nərimanov rayon Polis İdarəsinə həvalə edilmişdir.
Yenixeber.org: Maraqlı olan budur ki, Ə.Əliyevə qarşı etibarından sui-istifadə edən şəxs, yəni İlkin Şükürov vaxtilə Nərimanov RPİ-də çalışmış, hazırda Nizami RPİ-nin 23-cü polis bölməsinin rəisi olan Xəyal Şükürovun qardaşıdır. Məntiqlə, baş verən cinayət əməli zərərçəkmişin xeyrinə dərhal həll edilməli idi. Yəni, kim istəyər ki, özü polis orqanlarında məsul vəzifə tutduğu halda, qardaşı belə bir cinayətdə iştirakçı olsun?! Lakin bu işdə məsələ əksinə cərəyan etməkdədir və elə narahatlıq doğuran da budur… Və ən maraqlısı, Ə.Əliyevin başına gələn bu cinayət hadisəsi ilə bağlı 242026349 nömrəli cinayət işinin istintaqına maneçilik törədən və müdaxilə edən də elə əvvəllər Nərimanov RPİ-də işləmiş polis polkovnik-leytenantı Xəyal Şükürovdur! Ona görə də Nərimanov rayon Polis İdarəsində müstəntiqlərin ötür-ötür oyunu 1 ildir ortada fırfıra kimi fırladılır və tamamlanıb məhkəməyə göndərilmir.
***
Ötən gün redaksiyamızda olan Ə.Əliyevin təqdim etdiyi mötəbər sənəd və sübutları təhlil edərkən inanılmaz fktlarla qarşılaşdıq. Hələlik qısaca olaraq qeyd edək ki, zərərçəkmiş Ə.Əliyev cənab nazir Vilayət Eyvazovun qəbulunda olarkən Nərimanov RPİ müstəntiqlərinin hərəkətsizliyindən ciddi narahatlığını bildirərək xahiş edib ki, qeyd edilən cinayət işi üzrə obyektiv və ədalətli araşdırma aparılsın, Xəyal Şükürov tərəfindən istintaqa edilən maneçiliyin qarşısı alınsın. Deyir: «…Mən 6 fevral 2025-ci il tarixdə cənab nazir Vilayət Eyvazovun Qusarda keçirilən qəbulunda oldum, ərizəmi təqdim edərək başıma gələnləri yığcam şəkildə, sənəd və sübutlarla nazirin diqqətinə çatdırdım… Təşəkkürlərlə bildirirəm ki, hörmətli cənab nazir dərhal aidiyyəti üzrə tapşırıqlar verdi və bildirdi ki, bəhs etdiyim əməli törətmiş İlkin Şükürovun barəsində obyektiv qanuni tədbir görülməklə, cinayət işinin materialları tamamlanıb tezliklə məhkəməyə göndərilsin… Lakin təəssüflə bildirirəm ki, 8 aydan çoxdur ki, Nərimanov RPİ-nin istintaq şöbəsinin rəisi Bəkir Qarayev cənab nazir Vilayət Eyvazovun göstərişlərinin icrasını təmin etmir. Hansı ki, istintaqa İ.Şükürovun dələduzluğunu sübut edən videoçəkilişləri, səs yazılarını, SMS-ləri, 423 vatsap yazışmasını və s. təqdim etmişəm…».
Zərərçəkmişin sözlərindən o da bəlli oldu ki, İlkin Şükürov əvvəllər də dələduzluq əməlinə görə məsuliyyətə cəlb olunmuşdur, barəsində məhkəmə hökmü də var. Hazırda isə Ə.Əliyevdən başqa daha bir neçə nəfərə qarşı da oxşar əməli törətməyinə görə haqqında şikayətlər vardır, bu əməllərdə şübhəlidir. Çox maraqlıdır ki, Nərimanov RPİ-də cinayət işinin istiqtaqını aparan müstəntiq Şahmar Qurbanov və İstintaq Şöbəsinin rəisi Bəkir Qarayev isə bu qədər mötəbər maddi sübutlar olduğu halda, cinayət işinə əsassız olaraq xitam vermişlər. Zərərçəkmiş Ə.Əliyevin mütəmadi şikayətlərindən sonra Nərimanov rayon Prokurorluğu Şahmar Qurbanovun həmin qərarını ləğv etmişdir. Cinayət işi DİN-in Baş İstintaq və Təhqiqat İdarəsində araşdırılmış, Nərimanov RPİ-nin İstintaq Şöbəsinə müvafiq yazılı tapşırıqlar verilmişdir.
Zərərçəkmiş Ə.Əliyev onu da deyir ki, Nərimanov RPİ-nin İstintaq Şöbəsində bu cinayət işinin istintaqı başlanan gündən, sən demə, qanuni qərar qəbul etməli, cənab nazir Vilayət Eyvazovun göstərişlərini yerinə yetirməli olan istintaq şöbəsinin rəisi Bəkir Qarayevin mövqeyi belə olub: “Mənim İlkinin qardaşı Xəyal Şükürovla haqq-salamım var, vaxtilə burda bir idarədə işləmişik, mən onun qardaşı İlkin Şükürovu necə məsuliyyətə cəlb edim?”.
“İlkin və Xəyal Şükürov qardaşları Ramiz Mehdiyevlə deputat Əhliman Əmiraslanovun sayəsində müdafiə çəpəri ilə əhatələniblər…”
Təsəvvür edirsinizmi, bu necə istintaq şöbəsinin rəisidir ki, Prosessual Qanunvericiliyin tələblərini, cənab nazirin göstərişlərini bir kənara qoyaraq, vaxtilə bir yerdə çalışdığı iş yoldaşı ilə olan hansısa münasibətlərindən keçə bilmir!
İndi bir suala cavab tapmağa çalışaq: axı, necə olur ki, ortada bu qədər maddi sübutlar olduğu, hətta cənab nazir Vilayət Eyvazov İlkin Şükürov barəsində qanuni tədbirlər görülməsinə dair göstəriş verdiyi halda, axı, hansı gözəgörünməz qüvvədir ki, müstəntiqlərin ötür-ötür oyunu ilə bu cinayət işinin aqibətinə nöqtə qoyulmasına imkan vermir?
Araşdırdıq, görün ortaya nələr çıxır: məlum olur ki, İlkin və Xəyal Şükürov qardaşları Ramiz Mehdiyevlə deputat Əhliman Əmiraslanovun sayəsində müdafiə çəpəri ilə əhatələniblər. «Təzadlar» araşdırmalarında yanılmadı. O da məlum olur ki, İlkin Şükürovun qardaşı, Nizami RPİ-nin 23-cü polis bölməsinin rəisi Xəyal Şükürov Ramiz Mehdiyevin hələ əvvəllərdən məlum komandasında yer almış deputat, keçmiş rektor Əhliman Əmiraslanovun qardaşının kürəkənidir! Bu kürəkənin qardaşı İlkin Şükürov isə həmişə Ramiz Mehdiyevlə Əhliman Əmiraslanovun iş və əməl birliyindən bəhrələnən qardaşının bölmə rəisliyindən gen-bol, hətta qürurla danışırmış!
***
İndi gəl bu istintaq dolaşıqlığından, 1 ildir zərərçəkmiş Ə.Əliyevin pozulmuş əsəb gərginliyindən, mal-mülkündən, külli miqdarda pulundan olmasının əsas səbəbinin mahiyyətindən baş aç! Bizcə, əlavə suala yer qalmadı. Amma çox istərdik ki, nə qədər gec deyil, 1 ildir bu cinayət işini Ramiz Mehdiyev və Əhliman Əmiraslanovla olan dostluq-qohumluq əlaqələrinə güvənərək əsassız yerə uzadıb zərərçəkmişi çərlədən müstəntiqlər və istintaq şöbəsinin rəisi Bəkir Qarayev göydə Allahı, yerdə isə cənab nazir Vilayət Eyvazovun məlum göstərişini diqqətə alsınlar, ədalətin bərpasını təmin etsinlər! Çünki redaksiyamızda zərərçəkmiş Ə.Əliyevin cənab Prezident İlham Əliyevə “Açıq məktub”u və müraciəti də var! Daha ətraflı növbəti yazıda bəhs ediləcək.
Elçin Məmmədli, ("Tezadlar")
P.S.Beləliklə, indi bildinizmi ki, İlkin Şükürovun qanunsuz əməllərinə niyə nöqtə qoymaq mümkünsüz görünür?! Sual yaranır: əgər Ramiz Mehdiyevin məlum «dəstəsində» yer almış deputat Əhliman Əmiraslanovun adı hələ də istintaq qaydalarından və cənab nazirin tapşırıqlarından üstündürsə, daha sözümüz yoxdur…