Bakının “dəyənək və kökə” taktikası -Azərbaycan barıtı “quru” saxlayacaq!..
Prezidentin sərhəddən Ermənistana göndərdiyi xəbərdarlıq mesajındakı hədəf; Rusiyanın nüfuzlu nəşri: “Hərbi qələbə Azərbaycanın ”Qafqazın İsveçrəsi" statusunu möhkəmlədib"; bəs məğlub ölkəni nə gözləyir?..
Yenixeber.org: Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan azad edilən ərazilərimizə ötən həftəsonu etdiyi növbəti səfər də, gözlənildiyi kimi, Ermənistanda diqqətlə izləndi. Prezidentin xüsusən qonşu ölkə ilə sərhəd bölgədən (bu da rəmzi anlam daşıyır) - Laçından Ermənistandakı revanşist qüvvələrə xəbərdarlıq eləməsi kritik mesaj kimi qiymətləndirilir. Həmin çıxışda İlham Əliyev erməni faşizminin bir daha dirçəlməsinə imkan verilməyəcəyini aydın şəkildə bildirib.
Sitat: “Bu, eyni zamanda ona görə önəmlidir ki, bu gün də Ermənistanda revanşist qüvvələr baş qaldırmağa çalışır. Azərbaycanı növbəti təxribatlarla, növbəti müharibə ilə hədələməyə çalışırlar. Onlar anlamalıdırlar ki, biz hər şeyə diqqət yetiririk, hər şeyə nəzarət edirik və heç vaxt imkan verə bilmərik ki, erməni faşizmi bir daha başını qaldırsın”.
*****
Şübhə yox ki, belə bir xəbərdarlıq eyni zamanda revanşistlərin xaricdəki havadarlarına ünvanlanıb. Müşahidələr də göstərir ki, kapitulyasiya edən ölkədə bu qəbildən avantürist çıxışlar məhz xaricdəki anti-türk, anti-Azərbaycan çevrələrinə arxayın olaraq edilir. Həmin sıraya varlı erməni lobbisi də daxildir, hansı ki, bir əsrdən çoxdur öz xalqının qonşularla, Ermənistanın Azərbaycan və Türkiyə ilə barışığına imkan vermir, bölgədə daima müharibə, qarşıdurma abı-havasının qalmasına çalışır və bu məqsədlə böyük paralar xərcləməkdən belə çəkinmir. Halbuki hazırda sülh və sabitlik tam iflas ərəfəsində olan Ermənistana hamıdan çox lazımdır.
Sözsüz ki, sülh Azərbaycana da gərəkdir. O səbəbdən müharibə carçılarının hərəkətləri diqqətimizdədir və uzun müddət də diqqətimizdə olacaq. Bu xüsusda maraqlı bir məqam: son vaxtlar Ermənistanda irad və etirazlar səslənir ki, “Azərbaycan rəhbəri bir yandan Ermənistanı hədələməyə davam edir, digər yandan isə regional əməkdaşlıqdan, kommunikasiyaların acılmasından danışır, İrəvana əməkdaşlıq platforması təklif edir”. Yəni rəsmi Bakının mövqeyində ziddiyyət axtarılır.
Əslində isə heç bir ziddiyyətdən söhbət getmir. Sadəcə olaraq, “Sülh istəyirsənsə, müharibəyə hazır ol!” klassik deyimini Azərbaycan xalqı qədər öz üzərində təcrübədən keçirən, onun acı nəticələrini yaşayan ikinci xalq yəqin ki, yoxdur. Odur ki, Azərbaycan Ermənistana qarşı hələ uzun müddət “qamçı və kökə” taktikasına üstünlük verəcək.
Amma bizim heç bir xalqa qarşı ədavətimiz, heç bir ölkəyə qarşı ərazi iddiamız yoxdur. Bunu Azərbaycan Prezidenti dəfələrlə, ən yüksək tribunalardan bəyan edib. Eyni münasibəti Azərbaycan özünə qarşı da görmək istəyir - özəlliklə regiondakı “Ermənistan” adlı saxta dövlət tərəfindən. Azərbaycanla bağlı şübhələrə, narahatlığa son qoymağın yolu isə bəlli: Ermənistanın ərazi bütövlüyümüzü qeyd-şərtsiz tanıması. Eləcə də Türkiyəyə qarşı eyni mövqenin sərgilənməsi və iki qonşu dövlətlə sülh müqavilələrinin imzalanması.
Bu, baş verməyincə, Bakı və Ankara İrəvanın səmimiliyinə inanmayacaq və onu sülhün yox, müharibənin tərəfdarı kimi qəbul edəcək. Demək, o zamanadək bölgədən barıt qoxusu çəkilməyəcək, erməni xalqı inkişaf yoluna çıxa bilməyəcək. Bu variantda aydındır ki, Azərbaycan və Türkiyə həmişə “barıtı quru saxlamaq” zorundadır.
*****
Əfsus ki, məğlub ölkədə sülhə, barışığa çağıranların səsi hələ ki zəif gəlir. Revanşistlərin, faşist qüvvələrin miskin qalıqları yenə erməni xalqını cinayətkarcasına aldatmağa, onu yanlış səmtə yönəltməyə, bu xalqın heç vaxt mövcud olmamış imkanlarını, olmayan potensialını şişirtməyə, müharibənin guya hələ bitmədiyinə onu inandırmağa səy edir, bununla da erməni xalqını növbəti və daha böyük fəlakətə sürükləyir.
Lakin qeyd edildiyi kimi, bu gün sülh və sabitliyə, qonşu xalqlarla əməkdaşlığa ən çox məğlub xalqın ehtiyacı var. Buna nail olmaq üçün isə öncə ermənilər özlərini məhz məğlub tərəf kimi aparmalı, yeni reallığı qəbul eləməli, başlarından yekə iddialarla yaşamağa son verməlidirlər. Ələlxüsus indi - 44 günlük qalibiyyətli müharibədən sonra Azərbaycanın bölgənin açar dövləti kimi öz statusunu möhkəmlətdiyi, Güney Qafqazda şəriksiz olaraq, əsas söz sahibinə, əsas oyunçuya çevrildiyi məqamda.
“Qarabağ müharibəsində qalib gəlməklə özünü bölgənin nüfuzlu dövlətlərindən biri kimi göstərmiş Azərbaycan, nəhayət, həm Rusiya, həm Türkiyə, həm də bölgənin digər dövlətlərindən bərabər məsafədə dayanan ən vacib, əsas tərəfdaş statusunu qəti olaraq təsbit eləməyə, ”Cənubi Qafqazın İsveçrəsi" olmağa çalışır. Bu, bir ardıcıl taktikadır: Bakıda Rusiyanın və NATO-nun ən yüksək hərbi rəsmilərinin görüşlərinin məhz Azərbaycanın paytaxtında keçirildiyini xatırlatmaqdan xoşlanırlar. İndiyədək bu taktika həm diplomatik, həm də real meyvələrini verib, o cümlədən torpaqların qaytarılması şəklində".
Bu sitat Rusiyanın “Kommersant” nəşrinin müharibədən sonrakı Azərbaycana həsr elədiyi dünənki böyük məqaləsindəndir...
*****
Əlbəttə ki, Azərbaycan 120 dövləti birləşdirən və BMT-dən sonra ən böyük beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatının dönəm sədri kimi, hələ ki uğur gətirən bu taktikanı, balans siyasətini milli maraqlarımızın diktə edəcəyi müddətdə davam etdirəcək. Bəs Ermənistanı nə gözləyir, əgər o, regionda var olmağı hədəf götürübsə? Sualın cavabı şübhəsiz ki, erməni xalqının nə istədiyinə bağlıdır. Sülh istəyirsə, sülhü alacaq. Yox, yenə ürəyindən müharibə keçirsə, onda özündən küssün. Barıtımız quru, “dəmir yumruğ”umuz hazır vəziyyətdə...
“Müsavat”