“Erməni kartı” ilə Bakı və Ankaraya verilən siqnallar -Ərdoğanın kritik Şuşa səfəri
Fransa və Rusiyanın yeni “Qarabağ təşəbbüsü”ndə məkrli hədəf - iki paytaxtın Türkiyə xofu; məğlub Ermənistan kimə qarşı hərbiləşdirilir? Politoloq: “Qarabağda Türkiyə hərbi bazasının qurulmasını sürətləndirməliyik...”
Yenixeber.org: Bir neçə gün sonra Rusiya sülhməramlılarının nəzarəti altındakı Xocalı aeroportunda 9 mayla bağlı hərbi parad keçiriləcək. Bakı ilə razılaşdırılmayan və sülhməramlı missiya ilə uzlaşmayan belə bir tədbir Azərbaycanda haqlı olaraq, ölkəmizə qarşı xoş olmayan hərəkət, sayğısızlıq kimi qiymətləndırir. Bunu müəyyən mənada həm də Rusiyanın ərazidə kimin söz sahibi olmasını qabartmağa yönəlik “güc nümayişi”, yad torpaqlarda özünü ev yiyəsi kimi göstərmək cəhdi də saymaq olar.
Demək ki, Azərbaycanın şimal qonşumuza münasibətdə öz yanaşmasına korektələr eləməsinə lüzum yaranıb. Əks halda, belə özbaşınalıqların davamı daha pis ola bilər. Unutmaq lazım deyil ki, Rusiya tərəfi “İsgəndər M” qalmaqalı ilə bağlı rəsmi Bakının sorğusuna hələ də məntiqli cavab verməyib. Versiyalardan biri budur ki, adıçəkilən operativ-taktiki raket kompleksindən Şuşaya zərbələr Gümrüdəki 102 saylı Rusiya hərbi bazasından endirilib.
Yeri gəlmişkən, az öncə məlum olub ki, Azərbaycan və İranla sərhəddə - Zəngəzurda (Sünik) Gümrüdəki 102 saylı Rusiya hərbi bazasının iki dayaq bazası yaradılıb. Bu da ölkəmizə, eyni zamanda qardaş Türkiyəyə qarşı Rusiyanın xoşməramlı olmayan başqa jesti, addımı hesab oluna bilər.
Bu arada isə Fransanın Ermənistandakı səfiri Conatan Lakott bəyan edib ki, Putin və Makron Qarabağla bağlı yeni ortaq təşəbbüs irəli sürməyə hazırlaşır. Fransanın, onun prezidenti və parlamentinin Azərbaycana düşmən münasibəti çoxdan bəllidir. Sülhməramlılarını ərazimizə dəvət elədiyimiz (!) Rusiyanın ərazimizdə və Ermənistanla sərhəddəki son davranışları da ortada. O halda, görəsən, bizim də faydamıza olacaq hansı “yeni təşəbbüs”dən söhbət gedir?..
*****
“Makron və Putinin ”yeni təşəbbüsü" Azərbaycana yaxşı heç nə vəd eləmir. Hərçənd Rusiya dəfələrlə məsələnin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli vacibliyini vurğulayıb. Amma Fransa Senatının qərarı və Makronun açıqlamalar göstərir ki, hər iki tərəf Qarabağ probleminin həlli ilə bağlı yekun siyasi qərarın verilməsindən məmnun deyil".
Bunu politoloq Elşən Manafov Teleqraf.com-a müsahibəsində deyib. “Hesab edirəm ki, tərəflər münaqişənin həllini Dağlıq Qarabağa Azərbaycan daxilində hansısa statusun verilməsində görür. Yəni Qarabağdakı erməni icmasının maraqlarının təmin edilməsi ampluasından çıxış edirlər”, - deyə o qeyd edib.
Onun sözlərinə görə, görünür, Azərbaycan və Türkiyənin bölgədə getdikcə güclənməsi bu iki dövlətin məlum siyasi dairələrini narahat edir: “Buna görə deyirəm ki, Makron və Putinin ”yeni təşəbbüsü" Azərbaycanın maraqlarına uyğun olmayacaq".
Lakin politoloqa görə, Bakının danışıqlara gedərək manevr etmək imkanları əvvəlki dövrlərlə müqayisədə hazırda yetəri qədərdir: “Ona görə ki, işğalçı qoşunları ərazilərimizdən çıxardıqdan sonra bizə göstərilən təzyiq və təhdidlər əvvəlki illərə nisbətdə müqayisəolunmaz qədər azalıb. Ümumiyyətlə, Azərbaycan təhdid və təzyiqlərlə danışılacaq dövlət deyil. Çünki yanımızda Türkiyə, o cümlədən Azərbaycanın haqq işini hər vəchlə müdafiə edən Pakistan kimi müttəfiqlərimiz var”.
*****
Öz növbəsində Atlas Siyasi Araşdırmalar Mərkəzinin (ASAM) rəhbəri Elxan Şahinoğlu hesab edir ki, Bakı Rusiya ilə münasibətlər məsələsinə dair siyasi konsepsiya hazırlamalıdır, çünki 44 günlük Vətən müharibəsi bitdikdən sonra Rusiyaya çoxlu sualımız yaranıb.
“Yeni Müsavat” xəbər verir ki, bu barədə o, Minval.az saytına Zəngəzur (Sünik) bölgəsində Azərbaycan və İranla həmsərhəd 102-ci Rusiya hərbi bazasının iki dayaq bazası yaradılması haqda məlumatı şərh edərkən bildirib və xatırladıb ki, Moskva hələ də Şuşada raket qalıqları tapılan “İsgəndər” sistemləri ilə bağlı məsələyə aydınlıq gətirməyib.
“Həmçinin separatçılar hələ də tərk-silah olunmayıb. Bir neçə gündən sonra isə Xocalı hava limanında bizimlə razılaşdırılmamış hərbi parad keçiriləcək. Bütün bu məsələləri nəzərə alaraq bu sənədi hazırlamalıyıq. Rusiya Azərbaycanı ”strateji tərəfdaş" adlandırsa da, bu münasibətləri bir pillə aşağı salmaq və adi əməkdaşlıq formasına gətirmək lazımdır", - politoloq vurğulayıb.
E.Şahinoğlu diqqəti bir daha Moskva ilə İrəvan arasında neçə vaxtdır gedən danışıqların məğzinə yönəldərək deyib: “Moskva və İrəvan iki istiqamətdə danışıqlar aparır: Rusiyanın Ermənistandakı 102 hərbi bazasının genişləndirilməsi və Zəngəzurda (Sünik) yeni bir hərbi bazanın yaradılması. İrəvan bu istiqamətdə bütün səyləri göstərdi. Ermənistanın müdafiə naziri tez-tez Moskvaya gedirdi. Göründüyü kimi, erməni tərəfi Zəngəzurdakı 102-ci Rusiya hərbi bazasının iki dayaq bazası yaratmaq üçün Moskvanın razılığını almağa nail olub. Digər yandan, bu, Azərbaycan üçün xoşagəlməz mesajdır. Həmişə olduğu kimi, indi ön planda bir sual durur: Moskva Türkiyəni tərəfdaş, Azərbaycanı isə strateji tərəfdaş adlandırırsa, Gümrü bazasının və onun Zəngəzurda iki məntəqəsinin fəaliyyəti kimlərə qarşı yönəldilir? Görünür, Moskva Ermənistanı müdafiə etməyi öz qarşısına məqsəd qoyub. Bütün bunların fonunda, üstəlik, Rusiyanın Qarabağda üzərinə götürdüyü müqavilələri yerinə yetirmədiyini açıq şəkildə etiraf etmək lazımdır. Erməni separatçıları hələ də tərk-silah olunmayıb, təxribatların sayı artır. Bunun qarşılığında isə biz Rusiyanın Ermənistandakı hərbi mövcudluğunu necə genişləndirdiyini görürük”.
Son gəlişmələrdən çıxış edən analitik o qənaətdir ki, Türkiyə hərbi bazalarının Azərbaycanda yerləşdirilməsi sürətləndirilməlidir: “Bu bazalardan biri Gəncədə, Hərbi Hava Qüvvələri bazası isə Abşeron yarımadasında yerləşə bilər. Türkiyənin əsas hərbi bazası Şuşada və ya Laçında və ya Kəlbəcərdə yerləşməlidir”.
Şahinoğlunun fikrincə, Zəngəzurdakı 102-ci Rusiya hərbi bazasının iki əlavə dayaq bazasının yaradılması Azərbaycanın manevr imkanlarını artırır. “Bundan əlavə, Rusiyanın Azərbaycan ərazisindəki Türkiyə bazalarının yerləşdirilməsinə görə bizə etiraz edəcək heç bir arqumenti olmayacaq. Əks halda, biz də Zəngəzurda 102-ci hərbi bazanın iki dayaq məntəqəsini niyə yaratdığını eynən Rusiyadan soruşa bilərik”, - deyə politoloq vurğulayıb və əlavə edib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın yaxın günlərdə Azərbaycana (Şuşaya) səfəri planlaşdırılır və həm Azərbaycan, həm də Türkiyə bu səfərə ciddi şəkildə hazırlaşmalıdır.
Heç şübhəsiz, Ərdoğanın Şuşa səfəri, Şuşadan iki prezidentin dünyaya verəcəyi mesajlar Moskva və Parisin “qazını” əməllicə alacaq. Elə vaxtaşırı “erməni kartına” ehtiyac duyan Vaşinqtonun da...
“Müsavat”