Xankəndində sülhməramlıların paradına kimlər qatılacaq? -Ermənilər üçün şans
Ötən gün Rusiya Müdafiə Nazirliyi Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşdirilən Rusiya sülhməramlılarının 1941-1945-ci il Böyük Vətən müharibəsində Qələbəyə həsr olunan təntənəli keçid üçün məşqlərə başladığına dair yayılan məlumatı Azərbaycanda birmənalı qarşılanmadı.
Yenixeber.org: Hərbi ekspert Heydər Mirzə deyib ki, rusiyalı sülhməramlılar öz kazarmalarının ərazisində hansı bayramı keçirir keçirsinlər:
"Amma 9 May tarixində Azərbaycan ərazisində Azərbaycan hakimiyyəti ilə razılaşdırılmadan hər hansı bir yürüş keçitmək, orada yaşayan erməni əhalisi ilə bir yerdə bunu tədbir şəklinə gətirmək suallar yaradır və mən açığı başa düşmürəm ki, Rusiya tərəfi bunu nə üçün edir. Bunun bir adı var, qıcıqlandırmaq, tərəfkeşlik - başqa cür yozmaq mümkün deyil. Rusiyalı sülhməramlı öz kazarmasında nə istəyir edə bilər, ora kimi istəyir dəvət edə bilər, orada hansı bayramı istəyir keçirə bilər. Məsəl üçün, 9 May-ı Ağdamda Monitorinq Mərkəzində istəsələr türkiyəli zabitlərlə bir yerdə keçirə bilərlər, onlara kim nə deyir?! Amma söhbət ondan gedir ki, küçə nümayişi, yürüş, yerli erməni əhalisi ilə bir yerdə...
Biz bilirik ki, orada şüarlar da səsləndiriləcək, bayraqlar da qaldırılacaq. Ola bilsin ki, elə bir nitqlər söyləniləcək ki, sabah tərəfimizdən sərt şərt tələb olunacaq. Bu, təxribat xarakterli addımdır, mən bunu başqa cür qiymətləndirə bilmərəm".
Polkovnik Nazim Bayram isə Milli.Az-a açıqlamasında deyib ki, bu, artıq indiyə kimi dözdüyümüz postmünaqişə problemlərindən fərqli siyasi məsələdir:
"Rüstəm Muradov Rusiyada 15-ci əlahiddə motoatıcı briqadanın komandiridir. Qarabağda isə o, sülhməramlı statuslu hərbi kontingentin komandanıdır. O, burada tərəflərə gücünü və varlığını nümayiş üçün deyil, atəşkəs razılaşmasının şərtlərini yerinə yetirmək üçündür. Bu, artıq indiyə kimi dözdüyümüz postmünaqişə problemlərindən deyil, fərqli siyasi məsələdir. Azərbaycan Qarabağda sülhməramlı kontingentin paradının, eləcə də bundan ruhlanıb, erməni tulaların hərbi parad keçirmək cəhdinin qarşısını almalıdır. Variantlardan biri kimi, Azərbaycan 9 May faşizm üzərində Qələbənin ildönümünə həsr edilmiş paradı Şuşada keçirə və paradda iştirak üçün sülhməramlı kontingenti dəvət edə bilər. Azərbaycan ordu bölmələri Moskvada bu paradlarda iştirak edib, presedent var.
Rusiya kontingenti Xankəndində parad keçirmək fikrindən daşınmasa, bu onun sülhməramlı statusunun sual altına alınması üçün ciddi əsas yaradır".
Xatırladaq ki, Xocalı hava limanında baş tutan məşqlərə təxminən 400-ə yaxın hərbçi cəlb olunub. Təntənəli keçid məşqlərinə Dağlıq Qarabağda Rusiya sülhməramlılarının əsas hissəsini təşkil edən 15-ci motoatıcı briqadasının şəxsi heyəti cəlb olunub.