Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Paşinyanın intihar tarixi

Paşinyanın intihar tarixi

BBC-nin “Hamı narazı olanda”. Nikol Paşinyan niyə "erməni Mandelası" ola bilmədi?” başlıqlı yazını təqdim edirik:

Yenixeber.org: Dekabrın 1-də Laçın rayonunun təhvil verilməsi ilə Qarabağda 2020-ci il müharibəsinin bitməsi şərtlərinin icrası başa çatdı. Azərbaycanda bu nəticə qələbə, Ermənistanda isə kapitulyasiya kimi qəbul edildi.

Müharibənin bitməsi və 9 noyabr axşamı erməni qüvvələrinin nəzarətində olan ərazilərin təslim edilməsi xəbəri Yerevanda xalqın qəzəbinin alovlanmasına səbəb oldu. Kütlə "Xain!" ittihamı qışqırtısı ilə Nikol Paşinyanın kabinetini dağıtdı və parlament sədrini döydü.

Deputatlar evlərini tərk etməkdən qorxurdular və baş nazir bir neçə gün ərzində ictimaiyyət qarşısına çıxmadı.

Yayda belə bir mənzərəni təsəvvür etmək belə mümkün deyildi. İyul ayında baş nazirin reytinqi 80 faizdən yuxarı idi - xalq dəstəyinin üçüncü ili müasir Ermənistan tarixində ən populyar siyasətçi statusuna iddia etmək hüququnu verirdi.

2018-ci ildə kütləvi etirazlar dalğasında hakimiyyətə gələn Paşinyan, korrupsiya və yoxsulluğun aradan qaldırıldığı "Yeni Ermənistan" quracağına və Qarabağla bağlı danışıqlarda birtərəfli güzəştlərdən imtina edəcəyinə söz verdi.

İki il sonra o, Dağlıq Qarabağın əhəmiyyətli bir hissəsini və ətraf yeddi rayonu Azərbaycana verdi, bunun əvəzində heç bir şey almadı və 44 gündə 2000-dən çox əsgər itirdi.

Ancaq Baş nazir istefa vermək barədə düşünmür. Məğlubiyyətə görə özünü və kabinetini deyil, sələflərini, Türkiyəni, cihadçıları və müxalifəti günahlandırır.

Paşinyan 2018-ci ilin yazında hakimiyyətə gələndə ölkənin əsas meydanında sevinən tərəfdarları ilə birgə mitinq keçirdi, axşam saatlarında isə Baş nazirin iqamətgahından Facebook-da canlı yayım təşkil etdi.

Xalqa müraciət edərək, bundan sonra ölkədəki hər şeyin şəffaf olacağına söz verdi və sübut olaraq ofisində virtual bir ekskursiya keçirdi.

Tezliklə bu ofis hər bir erməni tərəfindən tanınacaq: Paşinyanın xalqla ən sevimli ünsiyyət üsulu Facebook səhifəsində etdiyi yayımlar oldu.

Həftədə bir neçə dəfə o, millətə müraciət edərək islahatları dəstəkləməyə çağırırdı, opponentlərini hiylə qurmaqda günahlandırdı və konstitusiyaya dəyişiklərin ediləcəyinin anonsunu verirdi.

Sentyabrın 27-də Qarabağda başlayan müharibənin gedişatı barədə də o, xalqını həmin ofisdən məlumatlandırırdı.

10 noyabr gecəsi, Paşinyan Facebook-da erməniləri şoka salan şərtlərlə müharibənin bitdiyini elan edəndə, izdiham onun kabinetini darmadağın etdi.

Etirazçıların onun kabinetinə girib dağıtdığı anları xalq canlı yayımda izlədi.

Ertəsi gün Paşinyan ofisində bir kompüter, saat, ətir və sürücülük vəsiqəsinin oğurlandığını elan etdi. Ətir və saatla yanaşı Baş nazir həmin gecə xalqın dəstəyini də itirdi.

İyul ayında iki rəy sorğusu Paşinyanın reytinqinin 85 faiz (MPG) və 84 faiz (IRI) olduğunu göstərmişdi.

Müharibə bitdikdən üç gün sonra isə Baş nazirə dəstək səviyyəsi "30% -dən aşağı" düşdü, sorğu keçirənlər dəqiq rəqəmi açıqlamayıb.

Ancaq ekspertlər itirilmiş populyarlığına baxmayaraq, Paşinyanın tərəfdarlarının sayca indi küçə etirazlarını təşkil edən əvvəlki hökumətin nümayəndələrinin tərəfdarlarından daha çox olduğunu söyləyirlər.

Baş nazir elitaların dəstəyini itirsə də, "dərin xalq" onu hələ də dəstəkləyir, hakim fraksiyadan olan bir deputat BBC ilə söhbətində deyib.

BBC-nin Yerevanda həmsöhbətlərinin təbirincə, Paşinyanı indi yalnız iki nəfər "vəzifəsindən ata bilər" - Putin və onun özü. Burada iki ssenari nəzərdə tutulur: Rusiyadan müxalifətə dəstəyin verilməsi və ya Baş nazirin olan-qalan populyarlığını məhv edəcək hərəkətlər və bəyanatlar.

Moskva müxalifəti dəstəkləmir. Rusiya Prezidenti bir daha "küçə vasitəsi ilə" hakimiyyətə gəlmə üsulunu pisləsə də, Paşinyanla "kifayət qədər etibarlı və konstruktiv münasibətlər qurulduğunu" söyləyib.

Paşinyan özü isə daha az proqnozlaşdırılan tərzdə hərəkət edir. Müharibədəki məğlubiyyətdən sonrakı ilk bazar günü üçün ölkədəki vəziyyət bir qədər sakitləşməyə başlayanda, Baş nazir cəbhədki əsgərləri "divarın altında ulayanların məsələsini həll etməyə" çağırdı.

Tənqidçilər bunu vətəndaş müharibəsinə çağırış kimi qəbul etdilər və Baş nazirin həmin çağırışının ardınca bəzi nazirlər hökumət tərkibindən, bəzi deputatlar isə Paşinyanın parlament fraksiyasından çıxdıqlarını elan etdilər.

Ertəsi gün isə ölkə prezidenti Baş nazirin istefasına və erkən seçkilərin keçirilməsinə çağırış etdi.

Paşinyan onun düzgün başa düşülmədiyini bildirərək istefa verməkdən imtina etdi, lakin qalmaqal etirazlara yeni impuls vermis oldu.

Hakimiyyət mitinqləri dağıtmaq üçün hələ qüvvədə qalan hərbi vəziyyətdən istifadə edir.

Paşinyan hakimiyyətə gəldikdən bir müddət sonra BMT tribunasından demokratiya uğrunda mübarizədə Nelson Mandelanın onun üçün örnək olduğunu söyləyib.

Erməni liderin sözlərinə görə, həbsxanada olduğu müddətdə Mandelanın həyatını və taleyini xatırlayıb, onun fikirlərindən ilham alıb.

Cənubi Afrikanın keçmiş prezidenti kimi, Paşinyan da siyasi məhbusluqdan ölkə lideri səviyyəsinədək yol keçib. Müxalifətçi jurnalist və qəzet redaktoru, 2008-ci ildə əvvəllər Ermənistanın prezidenti olmuş Levon Ter-Petrosyanın seçki kampaniyasında iştirak edib.

Müxalifət həmin seçkilərin nəticələrini tanımadı və 2008-ci il 1 mart gecəsi Yerevanda etirazlar sərt şəkildə dağıdıldı, nəticədə, qan töküldü, 10 nəfər (səkkiz etirazçı və iki polis əməkdaşı) öldürüldü.

İğtişaşları təşkil etməkdə günahlandırılan Paşinyan, təxminən il yarım həbsxanada saxlandı və 2011-ci ildə amnistiya ilə sərbəst buraxıldı.

Növbəti altı il ərzində Paşinyan siyasi kapital topladı, parlament üzvü oldu və özünün "Vətəndaş müqaviləsi" adlı partiyasını qurdu.

Paşinyan, parlament və bələdiyyə seçkilərində iştirak etdi və ətrafına gənc fəallardan və təcrübəli müxalifət siyasətçilərindən ibarət koalisiya topladı.

Məqam 2018-ci ilin yazında yarandı, Ermənistan prezidenti Serj Sarkisyanın iki müddəti bitdikdən sonra ölkənin başında qalmaq üçün Baş nazir kürsüsünə konstitusiya quruluşunda dəyişiklik etməklə keçmək qərarına gəldi.

Paşinyan, komandası ilə bu ssenariyə hazır idi - onlar Mahatma Qandidən tutmuş İstanbulda 2013-cü il Gezi parkı etirazlarına qədər qeyri-zorakı hərəkat təcrübələrini öyrənmişdilər.

Sarkisyan hakimiyyətdə qalmaq niyyətini bildirəndə, müxalifət şəhərdəki əsas magistral yolları bloklayaraq "məhəbbət və həmrəylik qeyri-zorakı məxməri inqilabının" başlandığını elan etdi.

Hərəkatın əsas strateqiyaçısı, siması və danışıq aparanı Nikol Paşinyan oldu. Və bütün proqnozların əksinə olaraq, hərəkət qısa müddətdə ümummilli xarakter aldı.

"Yeni Ermənistan" qurulacağı vədinə cəmiyyətdə yaranmış inam, rejimin dəyişməsinə və Paşinyanın yeni Baş nazir olmasına gətirib çıxardı.

Ancaq Mandela hakimiyyətə gəldikdən sonra Cənubi Afrikanın ağdərili və qaradərili vətəndaşlarını barışdırmağa başlamış və sələfini vitse-prezident vəzifəsinə təyin etmişdisə, Paşinyan iki sələfinə və onların yaxınlarına, mühafizəçilərinə, nazirlərinə və deputatlarına qarşı cinayət işləri açdırdı.

Onun tərəfdaşları isə siyasi məkanı "ağ və qara" qüvvələrə bölməyə başladılar.

Paşinyan Qarabağı dərhal administrasiyası üçün bir prioritet kimi seçdi - Baş nazir vəzifəsinin icraçısı qismində onun ilk səfəri məhz Stepanakertə edildi.

Daxili siyasətdə olduğu kimi, bu məsələdə də Paşinyan oyunun qaydalarını yenidən yazmağa və Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədrlərini tanınmamış DQR nümayəndələrini danışıqlar masasına qaytarmağa inandırmağa çalışdı.

Ermənistanın ikinci prezidenti Robert Koçəryanın təşəbbüsü ilə bu danışıqların formatı çoxdan dəyişmişdi və əvvəlki qaydaya qayıtmaq rəsmi Bakı üçün son dərəcə əlverişsiz olardı və orada bu, dərhal bildirildi.

Üstəlik rəsmi Yerevan hələ də DQR-in müstəqilliyini tanımırdı.

Minsk qrupunun həmsədrləri olan Rusiya, Fransa və ABŞ bu təklifə maraq göstərmədilər və formatı dəyişdirmək niyyətində olmadıqlarını təsdiqlədilər. Ancaq Paşinyan israr etməkdə idi.

Amma bu, Azərbaycan prezidenti İlham Əliyevlə dialoqa mane olmadı. Ermənistanda rejim dəyişikliyindən sonrakı ilk il ərzində Paşinyan və Əliyev iki dəfə - hər iki dəfə də "ayaq üstə" - görüşdülər.

Həmin görüşlərdən sonra iki ölkənin hərbi nazirlikləri arasında birbaşa əlaqə quruldu, təmas xəttində isə snayper duellərinin və atəşkəs pozuntularının sayı rekord həddə azaldı. Bunu beynəlxalq ekspertlər və müşahidəçilər qeyd edirdi.

İki ölkənin xarici işlər nazirləri hətta "əhalini sülhə hazırlamaq" zərurəti barədə razılığa da gəldilər və çoxdan unudulan, jurnalistlərin qarşılıqlı səfərləri praktikasını bərpa etdirdilər.

Sonda nə isə öz yolunda getmədi.

Bakıda deyirlər ki, əsas qıcıqlandırıcı amil Paşinyanın 2019-cu ilin yayında Stepanakrtə səfər etməsi və Qarabağın erməni toponimindən istifadə edərək "Artsax Ermənistandır və nöqtə!" deməsi və təkrar-təkrar "Miatsum!" (Birləşmək - Qarabağın Ermənistana) şüarını qışqırması olub.

Azərbaycanda Paşinyanın sözləri danışıqlardan imtina kimi yozuldu.

Paşinyan və Əliyev arasında sonuncu görüş 2020-ci ilin fevralında Münhen təhlükəsizlik konfransında oldu, həmin görüşdə hansı millətin daha qədim olması barədə mübahisə yarandı - heç də səlis olmayan ingilis dilində.

Düşənbədə Paşinyan və Əliyev arasında söhbətdən sonra münaqişə zonasında gərginlik azaldı.

Paşinyanın açıqlaması Moskvanı da razı salmadı. "Bu [Rusiya XİN rəhbərliyini] məmnun etmədi. Bu, diplomatik deyildi," - bir rusiyalı diplomat BBC-yə deyib. Qarabağ münaqişəsi ilə bağlı şərh vermək səlahiyyətinə malik olmadığından həmin diplomat adının açıqlanmaması şərti ilə danışıb.

"Belə bir açıqlamadan sonra Ermənistanla Azərbaycan arasında hər hansı bir danışıqdan söhbət gedə bilməzdi."

BBC-nin Ermənistan XİN-dəki mənbəyi isə hesab edir ki, danışıqların məhz Paşinyanın sözlərinə görə baş tutmamasını söyləmək mübaliğədir.

Yerevanlı diplomat xatırladıb ki, Paşinyanın sələfi də "Qarabağ heç vaxt Azərbaycanın tərkibində olmayacaq" bəyan etmişdi.

Diplomat xatırladıb ki, Əliyev də dəfələrlə az təxribat kəsb etməyən bəyanatlar verib - Yerevanın qədim Azərbaycan şəhəri, ermənilərin isə bu torpaqda "gəlmə" olduqlarını deyib. 

Ermənistanının müharibədə məğlub olması və Qarabağdakı ərazilərin itirilməsi erməni tarixində Paşinyan dövründə baş verən hadisələr kimi qalacaq. Ancaq indi qütbləşmiş bir cəmiyyətdə liderin şəxsi məsuliyyəti məsələsində yekdil fikir yoxdur.

Bəziləri deyirlər ki, hər şeyə görə şəxsən Baş nazir və onun komandası məsuliyyət daşıyır. Digərləri ondan az şeyin asılı olduğuna əmindirlər.

Müxalifət Paşinyanı xain adlandırır və hesab edir ki, məhz onun hərəkətləri bu cür nəticəyə gətirib çıxarıb. Kimsə xəyanətdən məcazi mənada danışır, yəni komandasının səriştəsizliyi, nəyin bahasına olursa olsun hakimiyyəti əlində saxlamaq arzusu və ya ordudakı korrupsiyanı nəzərdə tutur.

Digərləri bu ifadəni hərfi mənada istifadə edirlər - dövlətə xəyanət, şəxsi qazanc və ya qəsd planına eyham vururlar. Erməni siyasətində bu cür sübutsuz iddialar nadir hal deyil.

Ancaq hakimiyyətə gəlməyə çalışan müxalifət bütün günahları Baş nazirdə görürsə, hökumətdəkilər daha böyük həvəslə erməni məğlubiyyətinin geosiyasi amillərindən danışır.

"Bu, nə bizim, nə də onların müharibəsidir," - BBC-nin Ermənistan XİN-dəki həmsöhbəti Ermənistan və Azərbaycanı nəzərdə tutaraq deyib.

Paşinyan müxalifətçi millət vəkili olduğu dövrdə Ermənistanın rusiyapərəst yönümünü tənqid edirdi və Avrasiya İqtisadi Birliyinə qoşulmağın faydalarını şübhə altına alırdı.

Lakin etiraz hərəkatının liderinə çevrildikdən sonra Moskva ilə münasibətlərini yaxşılaşdırmağa çalışdı. Paşinyan inqilabının xarici siyasətlə bağlı olmadığını və müttəfiq qarşısında götürülmüş bütün öhdəliklərə əməl ediləcəyini vurğulayırdı.

Öz növbəsində, Rusiya bitərəfliyini nümayiş etdirərək rejimin dəyişməsini kənardan müşahidə edir və əvvəlki rejimi dəstəkləmirdi.

Paşinyan bunu qiymətləndirdi və Baş nazir olduqdan sonra erməni etirazları zamanı tutduğu mövqeyinə görə Moskvaya açıq şəkildə təşəkkür etdi.

Ermənistanın yeni lideri əvvəlkilərdən heç də daha az rusiyapərəst olmadığını nümayiş etdirməyə çalışırdı. Onun ilk xarici səfəri Soçiyə oldu və bir qayda olaraq ildə bir neçə dəfə Moskvaya baş çəkirdi.

Məhz Paşinyanın dövründə Ermənistan hakimiyyəti Rusiya ordusunun Suriyadakı əməliyyatını açıq şəkildə dəstəklədi və öz minaxtaranlarını Rusiyanın nəzarəti altında olan əraziləri minalardan təmizləməyə göndərdi.

BMT-də də, erməni diplomatlar, Moskvanın siyasi iradəsinə uyğun olaraq səs verirdilər.

Beynəlxalq arenada Ermənistan Rusiya orbitindən çıxmasa da, Paşinyanın ölkə daxilindəki hərəkətləri Rusiyada qıcıq doğurub.

Moskvada KTMT-nin Baş katibi vəzifəsində işləyən general Yuri Xaçaturovun və keçmiş prezident Robert Köçaryanın həbsi Lavrovdan kəskin bir qınağa səbəb oldu, Putin isə keçmiş Ermənistan lideri ilə şəxsi dostluğunu xatırlatdı. 10 illik fasilədən sonra Kreml yenidən Köçəryanın ad günü münasibətilə təbrikləri dərc etməyə başladı.

Hər iki həbs xarici siyasətlə deyil, sırf erməni işləri ilə əlaqəli idi, daha doğrusu, bir işlə - 1 Mart 2008-ci ildə keçirilmiş etiraz iştirakçılarının qətlə yetirilməsi ilə.

Hakimiyyətə gəldikdən sonra Paşinyan bu məsələni onun nəzarətində olan xüsusi xidmət orqanlarına həvalə etdi.

"Bütün qatillər həbs olunacaq!" - sevinc ifadə edən izdiham qarşısında o, vəd verdi.

Köçəryan və onun müttəfiqləri bunu Paşinyanın şəxsi "vendettası" kimi qəbul etdilər.

"Bəli, çoxlarının düşündüyü kimi, rusiyapərəst bir siyasətçi olan Köçəryanın həbsi ilə bağlı fikir ayrılıqları var idi," - BBC-nin Rusiya XİN-dəki həmsöhbəti etiraf edib.

Keçmiş prezidentin taleyi həqiqətən bir müddət ikitərəfli münasibətlərin mərkəzi mövzusu idi, ancaq "Paşinyan fikrini çatdırmağa çalışdı və onu başa düşdülər," - diplomat deyir.

O, 2019-cu il Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda Rusiya elitalarının Ermənistan lideri ilə tanış olduğunu xatırlayır.

"Əgər əvvəllər onun barəsində bir qəti fikir yox idisə, onunla təmaslardan sonra çoxlarının fikri dəyişdi," - rusiyalı diplomat qeyd edir.

Diplomatın sözlərinə görə, Paşinyan Peterburq forumunda özünün fərqli cəhətini nümayiş etdirdi, ona verilən suallara tarazlaşdırılmış cavablar verirdi.

Diplomat hətta Baş nazirin sözlərini özünün qeyd kitabçasına da daxil edib: "Hamı narazı olanda, elə etmək lazımdır ki, hamı razı qalsın."

Həmin sözləri öz Facebook səhifəsində Rusiya XİN sözçüsü Mariya Zaxarova da iqtibas edərək yazıb ki, Paşinyan demək istədiyini "yığcam, pozitiv və əla" ifadə edib.

Ancaq həbslərdən başqa digər qıcıqlandırıcılar da var idi - məsələn, Rusiya Dəmir Yollarının Yerevandakı ofisində axtarışların aparılması və Soros Fondu ilə əlaqəli olan və Moskvanın nifrət etdiyi QHT-lərin filiallarında təcrübə toplamış fəalların yüksək vəzifələrə təyin edilməsi.

Paşinyanın əleyhdarları hər bir belə addımı onun qərbpərəst olmasının təsdiqi kimi qələmə verirdilər. Moskvadakı hökumətyönlü publisistlər belə versiyalara diqqət verirdi.

Rusiya ictimaiyyətinin daha rahat qavraması üçün məqalələrdə Paşinyanın erməni Navalnısı kimi qələmə verilməsi və Aleksey Navalnının öz dilindən erməni inqilabının təriflənməsi də Paşinyana xeyir gətirmədi.

Sentyabrın 27-də Qarabağda müharibə başlayanda Rusiya uzun bir müddət narahatlıq bildirməklə və atəşkəs çağırışları etməklə kifayətlənirdi.

Belə bir neytral mövqe həm Azərbaycanın tərəfindəki Türkiyənin aktiv müdaxiləsi ilə, həm də tarixlə ziddiyyət təşkil edirdi: 2016-cı ildə Rusiyanın müdaxiləsi və o vaxtkı Baş nazir Dmitri Medvedevin hər iki paytaxta səfəri sayəsində dörd gündən sonra döyüşlər dayandırılmışdı.

2020-ci ildə isə açıq-aşkar hərəkətsizlik siyasi texnoloqlar və publisistlər arasında spekulyasiyaların dolaşmasına səbəb oldu: iddia edilirdi ki, Kreml guya Paşinyanı cəzalandırmaq istəyir və onun istefasına və ya heç olmasa Amerika QHT-ləri ofislərinin bağlanmasına nail olmaq istəyir.

Müharibədən sonra Paşinyan bu söz-söhbətlərin ona çatdığını etiraf edərək parlamentdəki çıxışı zamanı Putinə bu barədə birbaşa sual verdiyinə eyham vurdu. Putinin buna necə reaksiya verməsini danışmasa da, Paşinyan anladıb ki, Rusiya prezidentinin cavabı mənfi olub.

Şaiyələrin əsassızlığını Ermənistanın müharibə zamanı Rusiyadan silah alması da təsdiqləyir. Bunu Rusiya hərbi təyyarələrinin uçuşlarına dair açıq məlumatlar sübut edir və həmin məlumatları BBC-nin Ermənistan parlamentindəki və prezident administrasiyasındakı mənbələri də təsdiqləyib.

Müharibədən sonra Ermənistan ordusunun generalı Rusiyanın Ermənistana "xəyallarına gətirmədiklərini belə" verdiyini söyləyib.

O, xüsusi silah növlərinin adını da açıqlayıb - məsələn, onun dediyinə görə, dörd gün ərzində Qarabağ səmasında Azərbaycana üstünlük qazandıran Türkiyənin Bayraktar TB2 dronlarını neytrallaşdıra bilən bilən "Pole-21" radio-elektron hərbi sistemləri.

BBC-nin Ermənistan XİN-dəki həmsöhbəti, Rusiyadan təcili ehtiyac duyulan hava hücumu əleyhinə və radioelektron hərbi avadanlığının Ermənistana göndərildiyini təsdiq edib.

Müharibə zamanı Ermənistan prezidentinə yaxın bir mənbə bildirmişdi ki, Rusiya müttəfiqlik öhdəliklərini tam yerinə yetirir, ayrı-ayrı siyasətçiləri cəzalandırmaq cəhdləri ilə bağlı fərziyyələr isə yersizdir.

"Bizimkilər təhlükəsizlikdən danışanda Qarabağı nəzərdə tuturlar. Ruslar isə bunu eşidəndə Ermənistanı düşünürlər, " - BBC-nin mənbəyi bildirib.

"Bu, semantik anlama problemidir. Bizə elə gəlirdi ki, ruslar bizi başa düşürlər. "

O, əlavə edib ki, ilk Qarabağ müharibəsində qələbədən sonrakı 26 il ərzində erməni tərəfi Rusiyanın yalnız Ermənistan ərazisini deyil, Qarabağı da müdafiə etməyi öz vəzifəsi hesab etməsi üçün qanuni bir zəmin yaratmayıb.

Müharibədən sonra bu sözləri Putin təsdiqləyərək, vurğulayıb ki, Ermənistanın özü DQR-in müstəqilliyini tanımayıb.

"Özün yazdığın planın yoxdursa, başqa kimsə onu sənin əvəzinə yazacaq," - Ermənistan prezidentinə yaxın bir mənbə deyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam