VƏTƏN MÜHARİBƏSİNİN ZƏFƏR DOLU BIR AYI –Dizi yerə gətirilən düşmənin təslim olmaqdan başqa çıxış yolu qalmayıb!
Bu gün Vətən Müharibəsinin bir ayı tamam olur. Sentyabrın 27-də səhər erkən saatlarda düşmənin hücumuna əks hücumla cavab verən Azərbaycan Ordusu işğalçıya ağır zərbələr endirdi və irimiqyaslı hərbi əməliyyatlara başladı.
Yenixeber.org: Silahlı Qüvvələrin qarşısına yalnız bir məqsəd qoyulmuşdu: işğalda olan bütün torpaqların azad olunması! Ötən bir ayın nəticələri göstərir ki, Azərbaycan Ordusu bu vəzifənin öhdəsindən layiqincə gəlir.
İlk növbədə düşmənin haqqında fəxrlə danışdığı, alınmaz qala hesab etdikləri “Ohanyan müdafiə xətti” qısa müddətdə darmadağın edildi və döyüşlərin birinci günü Füzuli rayonunun 20-dən artıq kəndi işğaldan azad olundu.
Ordumuzun bu uğuru düşmənin müqavimətinin sındırılmasında həlledici rol oynadı. Onlar inana bilmirdilər ki, Azərbaycan artilleriyası, aviasiyası cəmi bir neçə saat ərzində möhkəmləndirilmiş mövqeləri darmadağın edə bilər.
İki istiqamətdən – Şimaldan və Cənub Şərqdən irəliləyən qoşunlarımız cəmi bir ay ərzində 160-a yaxın kənd, 3 qəsəbə və 4 şəhəri düşməndən azad edib. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı şəhərləri, Mincivan, Hadrut, Suqovuşan qəsəbələri və hərbi əhəmiyyətli strateji yüksəkliklər ordumuzun nəzarətindədir.
Laçın rayonunun bir neçə kəndini azad etməyə müvəffəq olmuş hərbi birləşmələr düşmən ordusu üçün həyati əhəmiyyət daşıyan Laçın dəhlizinə nəzarəti təmin etməyə yaxındır. Hərbi ekspertlərin qiymətləndirmələrinə görə, Laçın dəhlizinə nəzarət təmin olunduqdan sonra Qarabağ ərazisində olan işğalçı ordunun qalıqları mühasirə vəziyyətinə düşür. Çünki arxa ilə əlaqəni təmin edən bütün yollar qapanır.
Bundan əvvəl Kəlbəcər rayonundan keçən iki hərbi yol da ordumuzun nəzarətinə keçmişdi.
Azərbaycan Silahlı Qüvvələrinin ildırım sürətli qələbələri dünyanın müxtəlif ölkələrində, hərbi mərkəzlərdə ciddi təhlil olunur. Ordunun malik olduğu müasir dəqiq silahlar, yüksək texnoloji üstünlüyə malik olan dronlar, şəxsi heyətin döyüş hazırlığı uğurların əsas səbəbi kimi qeyd olunur.
Müharibənin ilk ayı Azərbaycan xalqının Orduya, dövlətə və Ali Baş Komandan İlham Əliyevə birmənalı dəstəyi ilə yadda qaldı. Bütün siyasi qüvvələr fəaliyyətini dayandırıb Vətən Müharibəsinə kökləndi, hər kəs qələbə üçün əlindən gələni etməyə başladı. Ölkədə bu günə qədər müşahidə olunmayan milli birlik, həmrəylik yarandı, küçələr, xiyabanlar, binalar, maşınlar Azərbaycan bayrağına büründü. Silahlı Qüvvələrə Yardım Fonduna hərbçilərin ehtiyacları üçün yüz milyonlarla manat toplandı, zəruri olan dava-dərman, isti paltar və s. ləvazimatlar alınıb hərbi hissələrə göndərildi. Azərbaycan əsgəri arxasında Vətənin bütün gücünü, dəstəyini hiss edib düşmənə daha sarsıdıcı zərbələr vurmağa başladı.
Bu günlərdə şəhidlərimizin qarşılanması, dəfni, onların ailələrinə, yaxınlarına dövlətin, cəmiyyətin verdiyi misilsiz dəstəyi sözlə ifadə etmək çətindir. Bu dayanışma, birlik ağırların paylaşılması, qarşıda gözləyən böyük qələbə cəmiyyətin mübarizə ovqatını daha da gücləndirir.
Ötən bir ay Azərbaycan diplomatiyası üçün də sınaq oldu. Dörd bir yandan düşmən havadarları ilə mübarizə aparmaq, Azərbaycanın beynəlxalq hüquqa uyğun olan haqq işini dünyaya çatdırmaq,ona dəstək qazanmaq son dərəcə çətin idi. Amma bu günə olan nəticələr ondan xəbər verir ki, Azərbaycan düşmənin çalışdığı mühasirə vəziyyətinə düşmədi.
Əksinə, böyük dövlətlər ordumuzun işğalda olan ərazilərində əməliyyatlar aparmaq hüququnu etiraf etməyə məcbur oldular. Bu işdə prezident İlham Əliyevin şəxsən özünün fəaliyyəti xüsusi ilə rol oynadı. Prezident dünyanın aparıcı media orqanlarına silsilə müsahibələr verib Azərbaycanın haqq işini izah etdi, eyni zamanda Ermənistanın işğalçılıq siyasətini, terrorçu mahiyyətini dünya ictimaiyyətinə çatdırdı.
Bəzi KİV-lərin qərəzli suallarına sərrast cümlələrlə darmadağın etməsi cəmiyyətdə böyük rəğbətlə qarşılandı.
Bir məqamı qeyd etmək lazımdır ki, Azərbaycanın hədsiz təzyiqlərə rəğmən geri çəkilməməsi, güclü dövlətlərin aşkar-gizlin hədə-qorxularına əhəmiyyət verməməsi, qardaş Türkiyə ilə birgə irəli addımlaması çox hesabları yanlış çıxardı. Bu da Azərbaycana cəbhə ilə bərabər diplomatiya da uğurlar qazanmasına gətirib çıxardı.
Düşmənin düşdüyü biabırçı vəziyyəti təsvir etməyə bir kitab yetməz. Qısaca olaraq onu qeyd edək ki, işğalda olan ərazilərdən vurulub çıxarılan düşmən ordusunun minlərlə hərbçisi öldürülüb, yaralıları isə hospitallar tutmur. Döyüş meydanında tökülüb qalan meyitlərin sayı-hesabı yoxdur, Ermənistan rəhbərliyi onları itkin kimi qələmə verməyə məcbur olub. Çünki bu sayda ölünün Ermənistana aparılması Paşinyan hakimiyyətinin sonunu gətirə bilər.
Döyüş meydanında vurulub qalan hərbi texnikanın sayı isə ortabab bir ölkənin bütün arsenalına bərabərdir. Rusiyadan pulsuz verilən silah-sursat, hərbi texnikanın yarıdan çoxu Azərbaycan ordusu tərəfindən sıradan çıxarılıb. Prezident İlham Əliyev xalqa müraciətində onların sayını açıqlamışdı:
305 tank, 79 piyadaların döyüş maşını, 275 müxtəlif çaplı toplar, 106 minatan, 53 tank əleyhinə vasitə, 82 "Qrad” qurğusu, 2"Uraqan”, 2 YARS (Yaylım Atəş Raket Sistemi), 1 TOS, 4 TOR zenit-raket kompleksi, 40-a yaxın OSA zenit-raket kompleksi, 4 KUB və bir KRUQ zenit-raket kompleksi, iki "S-125” zenit-raket kompleksi məhv edilib.
Ən bahalı qurğulardan olan 6 "S-300” zenit-raket kompleksi, bir aşkaretmə stansiyası, bir lokatr, 2 əməliyyat-taktiki raket kompleksi - "Elbrus” və 1 "Toçka-U” raketi darmadağın edilib. Düşmənin toplam 404 yük avtomobilindən məhrum edilib ki, onun 20-si sursatla dolu olub.
Qeyd edək ki, statistikada qeyd olunan hərbi texnikanın bir hissəsi hərbi qənimət kimi götürülüb.
Döyüş meydanında düşmən ordusunun pərən-pərən salınması Ermənistanda siyasi böhran yaradıb. Baş nazir Paşinyan gülünc, xaotik hərəkətləri ilə özünü gülünc vəziyyətə salıb. Bütün rəqibləri, keçmiş hərbçilər məğlubiyyətin məsuliyyətini onun üzərinə yükləyib geri qaçmağa imkan vermirlər.
Hər gün artan itkilər cəmiyyətdə hiddət doğurur, döyüşən orduda fərarilik baş alıb gedir, gəncləri silah gücünə cəbhəyə aparmaq artıq mümkün olmur. Ermənistanda yaxşı başa düşürlər ki, faciəli sonluğa çox az qalıb, ona görə böyük dövlətlərə yalvar-yaxar etməklə Azərbaycanı dayandırmağa çalışırlar. Amma məğlubiyyət erməni diplomatiyasını da əvvəlki silahlardan məhrum edib. Əvvəl taybatay açılan qapılar getdikcə onların üzünə bağlanır. Paşinyan dünya liderlərinə aramsız zəngləri ilə gülüş, məsxərə obyektinə çevrilib.
Cəmi bir ay kifayət etdi ki, bir əsrdən çoxdur aparılan erməni siyasəti, “Böyük Ermənistan” xülyası Azərbaycan əsgərinin çəkmələri altında əzilib yox olsun. Vaxtı ilə dünyada əsdirilən o “möhtəşəm erməni ruzigarından” cəhənnəm çığırtılarını xatırladan qara-qışqırıq qalıb. Onun da kəsilməsinə çox az qalıb...
(azpolitika)