DÖYÜŞ ƏMRİN İSTƏYİRƏM - Laçına getməyim gəlir...
Kiminləsə, Laçın rayonunun təbii gözəllikləri, təkrarsız mənzərələri, laçın qayaları, ağğappaq qarını illərlə sinəsində qoruyan uca dağları haqqında söhbətləşəndə, o yerlərdə olmadığıma, o dağları-qayaları, meşələri gəzmədiyimə, o buz bulaqlardan su içmədiyimə görə çox heyfslənirəm.
Bütün rayonlarımız cənnətdi, bütün bölgələrimiz ürəyimizin bir parçasıdır. Şuşanın da, Kəlbəcərin də, Ağdamın da, Qubadlının da və digər işğal edilmiş rayonlarımızın hamısının özünəməxsus gözəllikləri var. Hər rayonun özünə görə möhürünü vurduğu bir cəlalı var.Şuşa bir başqa cür könül oxşayır, Kəlbəcər tam başqa əsrarəngizliyə bürünüb, Deyilənə görə, Laçındakı gözəlliklərin isə heç bir rayonda bənzəri olmayıb. Elə ən soyuq iqlim qurşağı da məhz bu dilbər guşədədir. Vaxtılə Minkənd kəndinə gələn turistlər buranı Azərbaycanın Sibiri adlandırıblar. Biz sözlə, cənnət guşələrimizdən biri olan Laçının işğalından 27 il ötdü. Bu gün bu rayonun sadə camaatı, yurdu üçün darıxan həsrətliləri ilə görüşüb söhbətləşəcəyik.
İlk həmsöhbətim Aminə xala rayonun Sadınlar kəndindən məcburi köçkündür. Hazırda Bakıda məskunlaşıblar. Böyük ailəsi, oğlanları, qızları, gəlinləri, nəvələri ilə çox xoşbəxt olduğunu deyir. Həm də, elə deyir ki, titrək səsilə bir dünya kədəri, bir aləm qəmi ifadə edir. Elə cümləsinin başında “yaxaladım” Aminə Zamanovanı. Özünə xoşbəxt deyən kəsin səsi bu qədər kədərli olarmı, bu qədər qəhər dolu olarmı, gözləri bəndi-bərəsini zorla tutan göləmi bənzəyər?
O danışır, danışdıqca zarafatcıl, gülərüz bir insan kimi tanıdığım Aminə xala dəyişir, başqalaşır gözlərimdə. İlahi nə qədər ağrı olar insanın daxilində və nə qədər mətin ola bilər o insan ki, bu qədər kədəri-ağrını sıxıb-büküb saxlaya bilər?O isə artıq susmaq iqtidarında olmadığını asta –asta, cümlə-cümlə təsdiqləyir:
-Ömrümün çoxu kəndimizdə keçib. Kəndin düz ortasında qədimlərdən qalmış bir məbəd vardı, balaca vaxtı onun ətrafında gizlənpaç, qaçdı-tutdu oynayardıq. Camaatımız ona "Xaç" deyirdilər. Içərisinə girəndə adamı qəribə bir qoxu vururdu. O qoxuya heç yerdə rast gəlməmişəm. "Xaç"ın divarları da, divarlardakı şəkillər də, daşları da o qoxu kimi müəmmalıydı. Sirliydi. Gündüz orada ne qədər atılıb düşsəkdə, toran düşməmiş oradan uzaqlaşardıq. İndi fikirləşirəm ki, o vaxt anlaya bilmirdim, amma hiss edirdim ki, divarlar da, o şəkillər də, o qoxu da şər qarışanda adamı ürküdürdü. Nə bilim, uşaq ağlım elə kəsirdi. Hələ "Sulu Kaha" mağarasını demirəm. Kənddən bir az aralıda yerləşirdi. Həm içərisinə iri qaya parçaları uçulub-töküldüyündən, həm də insan və heyvan sümükləri ilə dolu olduğundan ora da adamda qəribə hisslər yaradırdı. Ehh, heç nəyi unutmamışam. Hələ qarış-qarış gəzdiyim binələr-Qara quzey, Səfilərin güneyi, Cülü əlik vuran, İmanların bulağı, Həcətkə dərəsi, Ağ yar, Ağ qayanın meşəsi, Dik daş, Qalacıq, Atlıgəzən dağı, Gözətin arası, Sultan bəy səngərləri, Mehralı ölən, Məminin yerləri, Dik yurd, Bərənin dərəsi, Allahverdinin meşəsi, Qaranlıq dərə, Şirinin meşəsi, Pənahın yurdu, Fətilərin çiməni, Qəysəfə, Orta çimən, yadıma düşəndə ürəyimin başı parçalanır.
Aminə xala qəflətən sözünü kəsib, üzümə baxır:
-Bizə yaşamaq üçün verilən bu rahat evin, yaraşıqlı qəsəbənin yaxınlığında böyük bir çöllü-biyaban var. Yaz gələndə çox vaxt gedib orda, o yamyaşıl , kövrək otların üstündə oturub xəyalən kəndə gedirəm. Gəl, gedək söhbətimizin davamını orda edək.
Həyətə düşürük. Yan-yövrəmizdən keçən hər kəslə mehribancasına hal xoş edən müsahibim onlar haqda da məlumat verməkdən qalmır:”O, kəlbəcərlidi, yazıqlar. gələndə evlərindən bir qatma da çıxarmamışdılar. Indi şükür yaxşı dolanırlar. Bax, o ağsaçlı qadın zəngilanlıdı, yeganə oğlu Vasif müharibədə şəhid olub.İndi Şəhidlər Xiyabanına gedir. Oğlunu görməyə. Bax, divarın dibində oturacaqda oturan o yaşlı kişi Cəbrayldandı.Həmişə deyir ki, yurduma qayıtmayınca ölmərəm”
-Bir də bizim kəndin qadınları, xüsusən, nənələr axşam olanda bir yerə yığışardılar, yun didərdilər, əyirərdilər, ip edərdilər . Sonra da həmin ipdən palaz, cecim, fərməş, xurcun, çuval toxuyardılar. Bax, həmin qadınlar respublikada tanınırdılar. Tamaşa Məmmədovanın, Gilə İbrahimovanın, Xanpəri nənənin toxuduqlarının hamısı sərgilərdə göstərilirdi.Heyf bizim yurdumuzdan! Bu gün dava başlasın, Allah haqqı 3 oğlumun üçünüdə- Cənnəti də, Bünyadı da, Şöhləti də döyüşə yola salaram.
-Aminə xala fikrinizcə, hamı sizin kimi düşünürmü?
-Booy, qadan alım, mənim kimi düşünməyənlərin mənim həndəvərimdə nə işi var? Mənim qudalarım var. Kəndimizi məndən də çox sevirlər.Qudam Ceyranın həyat yoldaşı Qaçay Fərhad oğlu Allahverənov Laçın uğrunda döyüşlərdə şəhid olub.oğlanlarıda hərbi xidmət keçib. Döyüşə yaralıdır. Vallah Ceyrandan olsa, günü bu gün balalarını da başına yığıb müharibəyə gedər. Arabir zarafat edirəm ki, ay Ceyran, day sənin-mənim müharibədə bir işimiz yoxdu. Deyir ki, niyə elə deyirsən, yəni bir kartofdamı soya bilməyəcəyik, bir yaralıyadamı baxa bilməyəcəyik? Allah hökümətimizin könlünə insaf salsın! Müharibə əmrini versin!Mən inanıram eyyy, inanıram ki, burda-Bakıda yox, öz kəndimizdə basdırılacağam, öz torpağıma qarışacağam... Səbirsizliklə o günü gözləyirəm...
-İndi anlayıram, İlahi bizim nə boyda itkimiz varmış?! Bu azmış kimi bəzən sosial şəbəkələrdə soydaşlarımın paylaşımlarını oxuyuram, inanın ki, bir müddət özümə gələ, özümü ələ ala bilmirəm. O gün biri yazıb ki, köçkünlər yurdlarını atıb qaçıb,indi də geriyə dönmək istəmir, Bakıda qalmağı, burada rahat yaşamağı üstün tuturlar. Necə əsəbləşdimsə “Yalançıya Allah lənət eləsin” kəlməsindən başqa bir söz tapıb yaza bilmədim. Laçınlılar, eləcə də, bütün qarabağlılar erməni-rus birləşmiş qoşunlarına qarşı döyüşəndə, şəhid olanda, girov düşəndə, şikəst qalanda hardaydı bu “dil pəhləvanları”? Bütün laçınlılar bilir, Laçında nadir təbiət hadisələri baş verirdi ki, hələ bu qədər bölgədə olmuşam, o hadisələrin birinə də rast gəlməmişəm. Məsələn, qarın yağa-yağa gəlməsini gözümüzlə görmüşük ki, iki dağın arasından qar yağa-yağa gəlir. Üç dəqiqədən sonra o qar bizim yanımıza çatardı.Vallah elə bil möcüzə idi.Belə yurdu atıb qaçmaqmı olardı? Doğmalarımızı güllə-mərmi yağışında basdırırdıq, amma kəndimizi tərk eləmirdik. Əsgərlərimizin döyüş əzminə o qədər inanırdıq ki, kəndlərimiz ermənilər tərəfindən mühasirəyə alınana qədər yurdumuzu tərk etmirdik. Yadımdadı, atam Bəhmən babamı aldadaraq kənddən çıxartdı. Dedi ki, bizim əsgərlər buradan durub erməniləri iri çaplı silahlardan atəşə tutacaq, ona görə çıxırıq ki, mərmilərin qurbanı olmayaq. Sabah döyüş dayansa, yenə evimizə qayıdacağıq. Babam 1999-cu ildə dünyasını dəyişənə qədər atamdan incik qaldı. Neynəyədi yazıq atam? Babam həmin gün kəndi tərk etməsəydi ermənilərə girov düşəcəkdi. Babam “Şəlvə” deyə-deyə can verdi.İnanın ki, can verə bilmirdi. Ay mənim soydaşlarım, ay mənim saf insanlarım, 27 ildə hansı işğaldakı rayonumuz qüdrətli ordumuz tərəfindən alındı, biz köçkünlər ora qayıtmadıq?Yəni bizi bu qədərmi nankor hesab edirsiniz?Niyə bu kobud, yonulmamış fikirlərinizlə yaralı ürəyimizə bir yara da siz vurursunuz? Bu dəqiqə səfərbərlik olsun, bu dəqiqə müharibə başlasın, getməyən nakişidir! Mövzu vətəni müdafiə etmək olunca, heç 3 övladımı da önəmsəmirəm! Mən yağılarla döyüşmək istəyirəm!Ay məni mənasız ittihamlarla töhmətləndirən söydaşlarım, mənə silah-sursat verin, geyim verin, tank verin, bu gün ermənilərin üstünə hücuma keçim! Verə biləcəksiniz? YOX! O zaman heç olmazsa, yaralı qəlbimin qərtməyini qoparmayın, yaramı qanatmayın!Bu gün mən Şəlvəyə gedə bilmirəmsə, deməli burda siz də mənim qədər günahkarsınız...
Laçın rayon Vağazin kənd sakini Babək Mürsəlov uzun illərdi Ağcabədi rayonu Taxtakörpü qəsəbəsində məskunlaşıb. Özünün dediyinə görə, burada yaşadığı hər ili, hər günü, hər saatı ömrünə yazılmasını istəmir:
-Kəndimiz Ərdəşəvi çayının sahilində, Qarabağ silsiləsinin yamacında, Qırxqız dağının ətəyində yerləşir . O vaxt tarix müəllimimiz söyləyirdi ki, kəndin digər adı Şorcur (Şorsu) olub. Deyilənə görə, keçmişdə kəndin ətrafı o qədər sıx meşəlik olub ki, əhali həmin meşəliklərdən yaşı ötmüş ağacları kəsib kömür düzəldib başqa yad ellərdən gələnlərə satır, gündəlik çörək pulunu çıxararmışlar. Elə ona görə də, kəndimizin indiki adı irandillilərin sözlərindən yaradılıb. “Vaqa” kömür, “zin” isə məkan- yer bildirir. Yəni Vağazin “kömürçü kəndi” deməkdi. İndi bir anlıq bizim kəndimizin gözəlliklərini təsəvvür edin: sıx meşəliklər, uca dağlar, çağlayan çay…14 yaşım vardı kəndimiz işğal olunanda…O torpaqlardan, o havadan, o sudan sonra başqa bir yerdə yaşamaq, günü –gün etmək olduqca ağır bir dərddi. Bu illərdə xüsusən, yaşlılar, ağsaqqal- ağbirçəklərimiz “vətənim” deyə-deyə dünyalarını deyişdi. Mənim anamın yetmişə yaxın yaşı var. Hərdən soruşuram ki, ana, müharibə başlasa, döyüşə getməyimə əngəl olmazsanki? Deyir ki, bala , bizi yaradana and olsun, razıyam, 4 qardaşınla birgə get, döyüş-vuruş, yurdumu azad elə, mən gedim Vağazində torpağa tapşırılım.İndi mən anamın bir arzusunu həyata keçirmək iqtidarında deyiləmsə, onu bu arzusuna qovuşdura bilmirəmsə day məndən nə oğul oldu, day mənə niyə “düşmən çəpəri” deyilsin! Dövlətimdən, hökümətimdən xahiş edirəm, tələb edirəm mənə şərait yaradın, mən yurdumu yağılardan təmizləyim.! “
Bir köçkün olaraq məndə müsahiblərimə qoşulmaq, uca səslə yurdumu istədiyimi, o yerlər üçün darıxdığımı izhar etmək istədim.Amma elə burdaca gənc şair Kamil Vüsalın misraları harayıma, səssiz üsyanımı bəyan etməyə kömək oldu:
DÖYÜŞ ƏMRİN İSTƏYİRƏM
Bu gecənin sabahı yox. Ya ölümdür ya qurtuluş...
Daha səbir istəmirəm, Səbir kasam şəhid vermiş anaların göz yaşıyla doldu artıq.
Əntiqə Rəşid