“ŞIĞORTA MAMED” ŞƏHİD AİLƏLƏRİNİN HAQQINI NİYƏ VERMİR? –Deputatlardan “Azərsığorta”ya ittihamlar
“Ölkə prezidenti İlham Əliyev tərəfindən böyük addım atılaraq şəhid ailələrinə 11 min manat birdəfəlik yardımın verilməsi nəzərdə tutulub. Bu, şəhid ailələri tərəfindən yüksək qiymətləndirlir. Lakin elə şəhid ailələri var ki, onları bu hüquqlarından yararlana bilmirlər”.
Yenixeber.org: Məlumata görə, bunu Milli Məclisin deputatı Fazil Mustafa parlamentin iclasda deyib.
O bildirib ki, müharibə aparan dövlətdə şəhid ailələrinin hüquqları, haqları qorunmalıdır: “Bəzi şəhid ailələri “Azərsığorta”ya müraciət edir. Lakin onlara deyirlər ki, siz vaxtilə 50 min manat aldığınıza görə, indiki ödənişi ala bilməzsiniz. Vətəndaşlar həmin pulu almadıqlarını söyləsələr də, vətəndaşın üzərinə bunu sübut etmək kimi öhdəlik qoyulur. Belə çıxır ki, onlar almadıqlarını sübut etməlidirlər. Şəhid ailələrinin bu hüququ əlindən alınırsa, bu yanlış yanaşmadır. Dövlət qurumları öz fəaliyyətlərini düzgün qurmur, insanları Milli Məclisə göndərirlər”.
F.Mustafa deyib ki, söhbət 2 min vətəndaşdan gedir: “Bəzi vətəndaşlar öz hüquqlarını bilmirlər. Lakin bu məsələyə ciddi yanaşmalıyıq. 5 ildən bir arxiv yoxa çıxır və ya yandırılır. Bu sənədlər elektronlaşmalıdır ki, onlar itməsin”.
Deputat söyləyib ki, vaxtilə Daxili İşlər Nazirliyində xidmət göstərib şəhid olanların ailələrinin ölkə başçısının sərəncamı ilə ayrılan yardımdan istifadə etmək hüquqlarının olmadığı deyilir: “Vaxtilə DİN-də çalışıb, şəhid olanlara bütün güzəştlərdən istifadə etmək hüquqi verilib. Lakin onlara deyilir ki, sən gərək polis deyil, hərbiçi olmalıydın ki, bu güzəştdən istifadə edə biləsən. Bu, düzgün deyil. Problemi həll etmək üçün dövlət səviyyəsində qrup yaradılmalıdır. Haqlı tələb irəli sürməyənlər də ola bilər. Bunları araşdırmaq lazımdır. Bu ailələrin problemlərinin həlli istiqamətində addım atılmalıdır. Hər bir şəhid ailəsi ayrı-ayrılıqda qəbul olunaraq, onlara bu yardımın niyə düşmədiyi izah edilməlidir”.
“Cənab prezident İlham Əliyev tərəfindən böyük addım atılaraq şəhid ailələrinə 11 min manat birdəfəlik yardımın verilməsi nəzərdə tutulub”. Bunu isə Milli Məclisin bu gün keçirilən iclasında deputat Zahid Oruc deyib.
O bildirib ki, konkret bu ailələrin sayı 4800 nəfərdir:“Bu qədər şəhid ailəsinə yox cavabı verilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də bundan narahatdır. Cənab prezident seçkilərdən sonra şəhid ailələri ilə bağlı ilahi, müqəddəs bir sərəncam verdi. Bununla göstərdi ki, şəhid və şəhid ailəsi onun üçün, dövlət üçün nə qədər müqəddəsdir. Yəni, onlar məhək daşıdır. Şəhid ailəsi bir daha ayağa qalxıb dövlət, torpaq üçün vuruşacaq.
Ona görə sığorta təşkilatı tərəfindən yaradılan bu problem aradan qaldırılmalıdır. Onların bunu etməyə haqları yoxdur. Bunun üçün millət vəkillərindən, sığorta qurumundan və adıçəkilən nazirlikdən ibarət bir komissiya formalaşdırılsın və problem aradan qaldırılsın”.
Qeyd edək ki, “Azərsığorta» Dövlət Şirkətinin rəhbəri Məmməd Məmmədovdur. 13 yanvar 1993-cü ildəndir Dövlət Sığorta Şirkətinin İdarə Heyətinin sədri vəzifəsində işləyir. «Sığorta Mamed» kimi tanınan şirkət rəhbəri Azərbaycanın ən varlı şəxslərindən biri hesab olunur. Mətbuata yayılan məlumatlarda «Sığorta Mamed»in Türkiyədə, Çexiyada əmlaklarının olduğu bildirilub. Həta şirkət rəhbərinin Çexiyanın Karlovı Varı şəhərində özünə dəyəri bir neçə milyon dollarla ölçülən villia inşa etdirdiyi iddia olunub.
Məmməd Məmmədovun belə böyük pulları necə qazanmasına dair də mediada məlumatlar yayılıb. Belə ki, mətbuatda çıxan xəbərlərə görə, şirkətin sığorta fəaliyyətində saxtakarlıqlara yol verilir. Sitat: «Hər il aztəminatlı ailələrin evlərinin sığortası adı altında Maliyyə Nazirliyindən on milyonlarla manat vəsait alınır. Amma heç bir ailəyə sığorta şəhadətnaməsi verilmir. Ayrılmış pullar isə ayrı yolla şirkət rəhbərinin cibinə axır. Həmin ailələrin bundan xəbəri yoxdur. Ona görə də, evləri yanıb kül olsa belə, yenə də onlara hər hansı bir sığorta pulu ödənilmir. Halbuki Məmməd Məmmədov həmin pulları öz adına yazdıraraq, götürməklə məşğuldur».
Bu məlumatlar nə qədər doğrudur deyə bilmərik. Ancaq deputatların şəhid ailələri ilə bağlı qaldırdığı problemlər göstərir ki, “Azərsığorta» Dövlət Şirkətinin fəaliyyətinin ciddi yoxlanılmasına ehtiyac var. “Azərsığorta»da hətta Prezidentin verdiyi qərarların icrasına belə yanışırsa, şəhid ailələrinə çatası vəsaitləri ünvanına çatdırılmırsa, onda sadə vətəndaşların sığorta haqlarının məmimsənilmədiyinə necə inanmaq olar?
Deputatların qaldırdığı problemlərlə bağlı “Azərsığorta»nın da mövqeyini işıqlandırmağa hazırıq.(azpolitika)
Vaqif