Məharət Mustafayevi Qüdrət Şükürovun aqibəti gözləyir
Gəncə Şəhər İcra HakimiyyətiMemarlıq və Şəhərsalma İdarəsinin sabiq rəisi Məharət Mustafayev Bakı Liftlər İdarəsinin keçmiş direktoru Qüdrət Şükürovun taleyini yaşaya bilər
Yenixeber.org: Hər iki sabiq məmur haqda başlanmış cinayət işinin istintaqı davam edir. M.Mustafayevxeyli vətəndaşa saxta sənəd verib, onlarla adamın torpaq satmaq adı ilə pulunumənimsəyib.


Elmar Vəliyevin icra başçısı vəzifəsindən çıxarılması isə ona ölümcül zərbə oldu və ayaqları yerdən üzüldü. Ardınca barəsində cinayət işi başlandı və indi Q.Şükürov kimi M.Mustafayevə də türmə qapıları görünməkdədir. Daha əvvəllər (2011-2014-cü illər) Gəncə şəhər Nizami rayonunun icra başçısı olmuş Məharət Mustafayev həmin vaxtlardan yerli əhaliyə, habelə onlarla sahibkara qan uddurub. O, nəhayət, Göygöl rayonunun bələdiyyə sədrini döydükdən sonra vəzifəsindən azad edilmişdi.

Bir müddət sonra - daha dəqiqi, 2016-cı ildə isə M.Mustafayev Gəncə Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinin sabiq rəisi vəzifəsinə təyin edilib. Bu vəzifədə olduğu müddət ərzində Gəncə şəhərində mülkiyyət, torpaq satışı məsələləri yalnız Məharət Mustafayevin “monopoliyasında” olub.

M.Mustafayev Gəncədə bir sıra parkları, binaları dövlət layihəsi üzrə abadlaşdıran iş adamına - “Kolani MMC”nin rəhbərinə 1 milyon 538 min manat pul “atıb”. Dövlət büdcəsindən abadlıq işi üçün ayrılan pullar işləri görən şirkətə ödənməyib, M.Mustafayev tərəfindən mənimsənilib. Şirkətə bu qədər borcu olduğunu icra hakimiyyətinin möhürü ilə də təsdiqləyib, amma bu günədək ödəməyib.

Gəncə Şəhər İcra Hakimiyyətinin yeni başçısı Niyazi Bayramov tərəfindən işdən azad olunmuş Məharət Mustafayevin artıq vəzifə səlahiyyətlərindən sui-istifadə edərək vətəndaşlardan müxtəlif məbləğlərdə pul toplaması və digər əməlləri ilə bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət edilib.

Müraciətlərə görə idarəyə çağırılan sabiq memara cinayət işi açılıb, ondan başqa yerə getməmə haqda iltizam alınaraq müvəqqəti azadlığa buraxılıb.

Məlum olub ki, cinayət işi Tutu Əhmədova, Eynulla Kərimov, Asim Kazımov və digərlərinin şikayəti əsasında açılıb və cinayət işi üzrə müəyyən istintaq hərəkətləri də aparılıb, M.Mustafayev bir neçə dəfə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə çağırılıb.

Elmar Vəliyevin yoxluğu M.Mustafayevin arxa-dayaqsız qalmasına gətirib çıxarıb. Onun həbsə göndərilməsi istisna edilmir. Lakin ilk növbədə mənimsədiyi pullar geri alınacaq, əmlaklarına, biznesinə əl qoyularaq müsadirə ediləcək.

Şikayətçilər iddialarında qeyd ediblər ki, M.Mustafayev onlara torpaq sahəsi ayıracağı adı altında müxtəlif məbləğlərdə pul alıb, lakin nə vəd olunmuş torpaq verilib, nə də pul geri qaytarılıb. Şikayətçilərdən T.Əhmədova Rusiya vətəndaşıdır və Baş Prokurorluğa yazdığı şikayətdə M.Mustafayevin ondan 100 min dollar aldığını bildirib.

Komissiyanın araşdırmaları zamanı Məharət Mustafayevin ağlasığmaz qanunsuzluqlar etdiyi bəlli olub. Məlum olub ki, Gəncənin keçmiş rəhbərliyi şəhərdə müxtəlif obyektlər inşa edib, həmin mülkləri ayrı-ayrı şəxslərin adına rəsmiləşdiriblər. Məqsəd isə bankları xortumlamaq olub!

Bütün bu prosesi isə Məharət Mustafayev koordinasiya və icra edib, tapşırıqları, göstərişləri bilavasitə o verirmiş. M.Mustafayev onu iş başına keçirmiş Elmar Vəliyevin özünü də dəfələrlə aldadıb, gizli şəkildə şəxsi maraqlarını təmin etməyə çalışıb. “Məharət Mustafayev xaraktercə fırıldağa meyilli adamdır. Gördüyü işlərin demək olar ki, hamısında bu və ya digər formada problemlər üzə çıxır. O şəhərdə görünəndə şikayətçilər ətrafına toplaşırdı. Hər dəfə də müxtəlif bəhanələrlə aradan çıxırdı” – deyə, Gəncə sakinləri bildirir. M.Mustafayevin rəhbərlik etdiyi idarənin əməkdaşlarının da müxtəlif dərəcələrdə qanunsuz torpaq alverində iştirak etdiklərini deyirlər:

“Memarlıq və Şəhərsalma İdarəsi Məharət Mustafayevin şəxsi kontoru kimi fəaliyyət göstərirdi. O, işçilərini məcbur edirdi ki, gedib torpaq alan müştərilər tapsınlar. Hətta onlara öhdəlik də qoyurdu. Əməkdaşları şirnikləndirdiyindən onlar da tədricən qanunsuzluqlara sürükləndilər.

İdarənin demək olar ki, bütün əməkdaşları torpaq alverçisinə çevrilmişdilər. Hərəsinin bir dəftəri var idi. Kimdən nə qədər pul aldıqlarını və nə qədər torpaq yeri ayrılacağını qeyd edir, ayda bir dəfə isə Məharət Mustafayevlə “sverkaya” gedirdilər.

Mustafayevin qanunsuz torpaq alverinin bir çoxunda Ramin adlı əməkdaşı yaxından iştirak edib. Ramin onun ən yaxın işçilərindən hesab olunurdu və daha çox pul gətirdiyindən xüsusi hörmətə malik idi.

Araşdırma aparılarsa, Raminin özünün nə qədər qanundan kənar addımlar atdığı müəyyən olunar. Bu adamlar satdıqları torpaqlara görə lazımi sənədləri də verməyiblər. Verəndə də məlum olub ki, ciddi texniki xətalar var və ya bir sənəd bir neçə nəfərə verilib.

Elə sərəncamlar var idi ki, nömrələri də üst-üstə düşürdü. Sonra Məharət Mustafayev hansı yollarlasa həmin sənədləri dəyişirdi. Verdikləri sərəncamlarda isə Elmar Vəliyevin deyil, Gəncə şəhər Nizami və Kəpəz rayonları icra başçılarının imzası dayanır. Əsasən isə Nizami rayonundan verilmiş sənədlərdir”.(cahan.info)