Elmar Vəliyev Prezidentin işdən qovduğu daha bir kadra vəzifə verdi
Bir müddət əvvəl Göygöl rayonunun bələdiyyə sədrini döydüyünə görə, barəsində Cinayət Məcəlləsinin 309.2 (vəzifə səlahiyyətlərini aşma) və 221.1-ci (xuliqanlıq) maddələri ilə cinayət işi açılan Gəncənin Nizami rayon icra hakimiyyətinin sabiq başçısı Məharət Mustafayevə yeni vəzifə verilib.
Xeberinfo.com: Gununsesi.info-nun Gəncədəki mənbələrdən əldə etdiyi məlumata görə, Məharət Mustafayev bu yaxınlarda Gəncə Şəhər Memarlıq və şəhərsalma idarəsinin rəisi təyin olunub. Qalmaqallı hərəkətləri ilə ad çıxaran Məharət Mustafayevin birdən-birə belə vəzifəyə gətirilməsi təəccübə səbəb olub. Onu da qeyd edək ki, icra başçısı vəzifəsini itirsə də Məharət Mustafayev qeyri-rəsmi şəhərin baş memarı vəzifəsini icra edirdi. Onun təyinatı isə bu günlərdə rəsmiləşdirilib.
Xatırladaq ki, Məharət Mustafayev hələ RİH başçısı vəzifəsində çalışarkən Göygöl rayon bələdiyyəsinin sədri ilə dalaşıb (bu barədə mətbuatda da kifayət qədər yazılıb). Münaqişə zəminində bələdiyyə sədrinə bədən xəsarətləri yetirmiş M.Mustafayev barəsində polis şöbəsinə və prokurorluğa şikayət olunub.
Daha sonra məsələ böyüyüb, olayla bağlı baş prokuror Zakir Qaralova məlumat verilib. Hadisə daha yuxarı instansiyalara məruzə olunduqdan dərhal sonra M.Mustafayev tutduğu vəzifədən azad olunub.
Qeyd edək ki, M.Mustafayevin adı bu tipli insidentlərdə ilk dəfə hallanmır. Sabiq başçının hələ ötən ilin iyun ayında Gəncə Dövlət Universitetinin müəllim və tələbə kollektivini zorla iməciliyə çıxarıb, onların ünvanlarına nalayiq kəlmələr işlədib təhqir etməsi barədə xəbərlər yayılmışdı. Həmin hadisədən sonra Gəncə Dövlət Universitetinin müəllim kollektivi isə M.Mustafayevin onlardan üzr istəməsini tələb etmişdi.
Bundan başqa, M.Mustafayevi adı avtobus sürücüsünün burnunu qırmaqda, polis əməkdaşını döyməkdə də hallanırdı.
Xatırladaq ki, M.Mustafayev Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyətinin başçısı təyin olunmamışdan əvvəl Yevlax rayon torpaq şöbəsinin müdiri vəzifəsində çalışıb.