BAKININ MƏNZİL OĞRULARI:ONLARDAN NECƏ XİLAS OLMALI? - ARAŞDIRMA
Yenixeber.org: Son illərdə paytaxt Bakı və Bakıətrafı qəsəbələrin sürətlə genişlənməsi, əhali məskunlaşmasının yüksək tempi özüylə yeni problemlər də gətirməkdədir. İndi dövlətin qarşısında təkcə yeni yolların, su, qaz, işıq, kanalizasiya xətlərinin çəkilməsi, məktəblərin, xəstəxanaların və digər zəruri infrastruktur obyektlərinin tikintisi yox, həm də və ən vacib istiqamətlərdən biri olaraq, yerləşmiş əhalinin və onların əmlaklarının təhlükəsizliyinin effektli təmin edilməsi durur.
Bu yöndə dövlətin müvafiq qurumları, o cümlədən ictimai qaydanın və təhlükəsizliyin təminində, cinayətlərin qarşısının alınmasında üzərinə ən böyük vəzifə düşən Daxili İşlər Nazirliyi (DİN) müntəzəm olaraq zəruri tədbirlər planı hazırlayıb həyata keçirsə də, əməliyyat mühiti və şəraitinin davamlı yenilənməsi müasir texnologiyaların inkişafına uyğun şəkildə intensiv qaydada yeni yanaşmaların, metod və üsulların tətbiqini də qaçılmaz reallığa çevirib.
Üstəlik, mütəxəssislərin sözlərinə görə, Daxili İşlər Nazirliyinin hər il ictimaiyyət üçün açıqlanan hesabatlarının əvvəlki illərlə müqayisəli təhlili və yekun qiymətləndirilməsi üzə çıxarıb ki, hazırda Bakı və Bakıətrafı qəsəbələrdə artım tendensiyası müşahidə edilən əsas cinayət növü məhz mülkiyyət əleyhinə törədilən cinayətlərdir.
Rəsmi statistikaya görə, 2017-ci il ərzində bütün respublika üzrə törədilən cinayətlərin əksər hissəsi – düz 47%-i mülkiyyət əleyhinə yönəlmiş cinayətlər olub. Üstəlik, mülkiyyət əleyhinə cinayətlərin 60,8%-i, bu sırada da mənzil oğurluqlarının 55,3%-i məhz paytaxt ərazisində – Bakıda törədilib.
Doğrudur, ötən il Bakıda 104 mənzildə oğurluq törətmiş 163 nəfərdən ibarət 68 cinayətkar qrup zərərsizləşdirilib və ümumiyyətlə, cinayətlərin açılma faizinə, həmçinin hər 100 min nəfər əhaliyə düşən cinayətlərin sayına görə Azərbaycan MDB və Şərqi Avropa ölkələri sırasında ən yaxşı göstəricilərə malikdir. Ancaq buna baxmayaraq, mülkiyyət əleyhinə yönəlmiş cinayətlərin və bu sırada da mənzil oğurluqlarının dinamikasındakı artım narahatedicidir və həm aidiyyəti strukturlar, həm də ictimaiyyət üçün ciddi siqnal olmalıdır.
Digər yandan, ona da xüsusi diqqət yetirilməlidir ki, mülkiyyət əleyhinə törədilən cinayətlərin açılma faizinin yüksək olmasına baxmayaraq, bu, nəticə etibarilə heç də vətəndaş məmnunluğunun əldə edildiyi, onun probleminin həllinə nail olunduğu mənasına gəlmir. Çünki mülkiyyət əleyhinə yönlmiş cinayətlər zamanı mənimsənilən pul və ya əmlakın dərhal “əridilməsinə” üstünlük verilir ki, cinayətkar yaxalansa belə, vətəndaşa dəymiş zərərin ödənməsi bəzi hallarda mümkün olmur.
Bu sahə üzrə mütəxəssislərin dediklərinə görə, təcrübə göstərir ki, vətəndaş üçün cinayətin açılmasından və cinayətkarın cəzalandırılmasından da vacib oğurlanan, talanan və ya mənimsənilən əmlakının (pulunun, qızılının, digər qiymətli əşyalarının və s.) taleyidir. Hətta bir çox hallarda zərərçəkənlər yalnız əmlaklarının və ya pulunun qaytarıla biləcəyinə tam əmin olduqdan sonra hüquq-mühafizə orqanlarına şikayətə üstünlük verir, yaxud da “şikayət mənlik deyil, əmlakım qayıtsın, vəssalam”düşüncəsiylə istintaqa köməkdən yayınaraq, cinayətkara humanist yanaşma sərgiləyirlər.
Sözsüz ki, bu cür vəziyyət həm baş vermiş cinayətlərin vaxtında qeydə alınmasına və deməli, həm də operativ əməliyyat imkanlarına mənfi təsir edir, həm də bu sayaq cinayət etmiş şəxsləri təkrar cinayətə daha da həvəsləndirir.Təsadüfi deyil ki, mülkiyyət əleyhinə törədilmiş cinayətlərin böyük əksəriyyəti, xüsusən də mənzil oğurluğu, soyğunçuluq və dələduzluq daha çox əvvəllər bu cinayətləri törətmiş şəxslər tərəfindən təkrar törədilir…
Mənzil və obyekt oğurluqlarının qarşısını almaq mümkündürmü?
Hazırda mülkiyyət əleyhinə cinayətlərin, xüsusən də mənzil və digər obyekt oğurluqlarının dinamikasındakı artımı əhalinin sosial-iqtisadi durumundan tutmuş, Bakının getdikcə əhalinin sıx yaşadığı və gəlib-getdiyi beynəlxalq turistik məkana çevrilməsinədək, çoxsaylı amillərlə izah edən və bu səbəbdən fərqli və kompleks mübarizə üsulları təkilf edən mütəxəssislər bir məsələdə həmrəy, yekdildirlər: belə cinayətlərin qarşısını almağın əsas və ən effektiv yolu cinayət hədəfi ola biləcək obyektin zamanında doğru-düzgün mühafizəsini, qorunmasını təşkil etməkdədir.
Yəni, mütəxəssislərin rəyinə görə, mənzil oğurluqları daha çox məhz “nəzarətsiz” və ya nəzarətin hədsiz zəif təşkil edildiyi bölgə və obyektlərdə həyata keçirilir. Bunu cinayətlərin baş vermə yerlərindən və açılma statistikasından da görmək mümkündür. Məsələn, rəsmi statistikaya görə, DİN-in Baş Mühafizə İdarəsi tərəfindən mühafizəyə götürülmüş 21 min 558 mənzil və obyektdən 2017-ci il ərzində 210 cinayətin qarşısı alınıb, 108 nəfər isə elə hadisə yerindəcə yaxalanıb.
Bu statistikanın təhlili göstərir ki, kameralaşma, siqnalizasiya sistemlərinin qurulduğu bina, mənzil və ya obyektlərdə belə cinayətlər ya baş vermir, ya da çox nadir hallarda baş verir və hətta baş verdiyi zaman isə üstü dərhal açılır.
Ancaq çox təəssüf ki, vətəndaşlarımız geyim, əxlaq, lüks həyat qurmaq məsələlərində Avropa, Qərb həyat tərzinə hədsiz meyl göstərsələr də, nədənsə, Qərbin cinayətkarlığa qarşı mübarizənin təşkilində tətbiq etdiyi müasir nailiyyətlərindən istifadəyə tamamilə laqeyd, biganə yanaşır, yalnız cinayət baş verdikdən sonra nələrsə etməyə təşəbbüs göstərirlər ki, bu da həm özlərinin şəxsi həyatını, həm də əmlaklarının taleyini təhlükəyə atır. Halbuki zamanında görülən mühafizə tədbirləri həm vətəndaşın, həm də onun əmlakının təhülkəsizliyinin öncədən zəmanət altına alınması deməkdir.
Yeri gəlmişkən, son illərdə DİN tərəfindən mənzil və obyektlərin mühafizəsinin təmini məqsədiylə vətəndaşlar üçün kifayət qədər əlverişli şərtlərlə – mənzildəki ən sadə əşyanın dəyəriylə müqayisədə belə, qat-qat ucuz başa gələcək mühafizə xidməti təklif etsə də, hələlik vətəndaşlarımız bu xidmətdən yararlanmağa bir o qədər də maraq göstərmirlər. 10 milyon əhalisi olan bir ölkə üçün mənzil və obyektlərin mühafizəsi üçün DİN-in müvafiq strukturlarına müraciətlərin sayı, demək olar ki, hədsiz dərəcədə azdır.
Onu da qeyd edək ki, yerli vətəndaşlardan fərqli olaraq, DİN-in bu xidmətinə xüsusən ölkəyə gələn xaricilər daha çox maraq göstərirlər. Statistik məlumatların təhlili göstərir ki, ölkəmizə gələn və burada müvəqqəti yaşamaq üçün yer seçən əcnəbilərin əksəriyyəti, demək olar, ilk növbədə seçdikləri ünvanların polis tərəfindən mühafizə olunub-olunmamasıyla maraqlanır, üstünlüyü də məhz polisin mühafizə etdiyi ünvanlara verirlər.
Xarici ölkələrdə mənzil oğurluqlarına qarşı necə mübarizə aparılır?
Qeyd edək ki, hazırda dünyanın ən iri şəhərlərində də bu cinayətdən qorunmağn ən effektiv üsulu kimi, mənzil və obyektlərin siqnalizasiya sistemləriylə təchiz olunmasına və bu işin polisin nəzarətində həyata keçirilməsinə önəm verirlər.
Məsələn, Almaniya DİN-nin məlumatına görə, son illər bu ölkədə də mənzil oğurluğu kəskin şəkildə artıb və təkcə 2016-cı ildə 2008-ci illə müqayisədə 50% çox – 167 min məzil oğurluğu və yaxud mənzil yarmağa cəhd baş verib. Alman polisi mənzil oğurluğunun artmasını ölkəyə miqrant axınının güclənməsi və xüsusilə də Şərqi və Cənub-Şərqi Avropa ölkələrindən gələn cinayətkar qrupların aktivliyilə izah edərək, onlara qarşı mübarizə metodlarını da yeniləyib və sərtləşdirib. Məsələn,Bavariyada polis “Schleierfahndung” (“Şəbəkə vasitəsilə yaxalama”) metoduna üstünlük verir. Bu metodun əsasında polis patrulları tərəfindən mütəmadi və təsadüfi yoxlamaların keçirilməsi praktikası durur. Bu zaman hətta şübhə doğurmayan şəxslər və obyektlər belə, yoxlamaya məruz qalır.
Düselldorfda polis mənzil oğurluğunun baş verdiyi ünvanları şəhərin xəritəsi üzərindən mütəmadi çap edir, hər bir oğurluq faktı barədə ətraflı informasiya verilir ki, vətəndaşlar məlumatlı olsunlar.
Münhen polisi isə növbəti mənzil oğurluqlarının harada olacağını ehtimal etməyə imkan verən kompüter proqramı tətbiq edir. Proqrama mənzil oğurluğunun statistikası daxil edilib.
İsveçdə – Sürix şəhərində də bu proqram uzun müddətdir tətbiq edilir.
Moskvada 2012-ci ildən tətbiq edilən “Təhlükəsiz şəhər” proqramı sayəsində 86 min yaşayış binasının girşinə qoyulmuş videokameraların sayı artırılıb, müxtəlif qurumlara məxsus videomüşahidə vasitələrindən toplanan məlumatların bir mərkəzdə emalı və analizinə nail olunub ki, bu da nəinki mənzil oğurluqlarının qarşısının alınmasında, həmçinin digər cinayətlərin də üstünün açılmasında və ya önlənməsində əhəmiyyətli nəticələrə gətirib çıxarıb…
Qeyd edək ki, mülkiyyət əleyhinə cinayətlərin, o cümlədən mənzil oğurluqlarının qarşısını almaq üçün qanunvericilikdə nə kimi dəyişiklik və əlavələrin edilməsinin gərəkli olduğundan tutmuş praktikada hansı metod və üsulların tətbiqinin effekt verdiyi haqda mütəxəssis rəyləri də alınıb və onları yaxın günlərdə saytımızın oxucularına təqdim edəcəyik…
Strateq.az