QİYMƏTLƏR DURMADAN ARTIR, NƏ ALAN RAZIDIR, NƏ DƏ SATAN... -“Maşın bazarı”ndan reportaj + FOTOLAR
Azərbaycana idxal olunan avtomobillərin aksiz vergilərinin və qeydiyyat rüsumlarının artırılacağı xəbəri, habelə alqı-satqıda nağdsız ödənişə keçiləcəyi barədə Vergi Məcəlləsinə təklif olunan dəyişiklik ölkənin avtomobil bazarında qiymətlərə təsir edib.
Yenixeber.org: Ekspertlər bahalaşmanın həm satıcılara, həm də alıcılara mənfi təsir göstərəcəyini, avtomobil bazarında durğunluğa səbəb olacağını proqnozlaşdırırlar. Məlumdur ki, devalvasiyadan ötən 5 ildə avtomobillərin qiyməti iki dəfəyə qədər artıb. Nəticədə ölkəyə xaricdən ucuz və orta keyfiyyətli “ikinci əl” avtomobillərin idxalı kəskin çoxalıb.
Bazardakı vəziyyəti necə deyərlər, canlı şəkildə müşahidə etmək üçün yollandığımız Badamdar qəsəbəsində yerləşən “Bakı Avtomobil Mərkəzi”ndə, şənbə günü olmasına baxmayaraq, sıxlıq müşahidə olunmasa da, satıcılar səhər erkəndən maşınlarını təmizləyib satışa hazırlayırdılar.
Bu bazarda minə yaxın müxtəlif markalı avtomobillər alıcılara təklif olunur. Qiymətlər isə 7 min-200 min manat aralığında dəyişir. Bazarda daha çox Almaniya, Yaponiya və Rusiya istehsalı olan “Mercedes”, “BMW”, “Toyota”, “Niva” markalı avtomobillər satılır.
Qeyd edək ki, rayonlardan bazara üz tutan satıcılar kifayət qədər çox idi. Burada kreditlə də avtomobil təklif edən satıcılar var. Müşahidələrimizə əsasən, alıcılar qiymətlərin baha, satıcılar isə alıcılıq qabiliyyətinin zəif olmasından narazı görünürdülər. Alıcılar qeyd edirlər ki, keyfiyyət və qiymət baxımından Almaniya istehsalı olan maşınlar daha əlverişlidir.
Paytaxt sakini Əhməd Əliyev avtomobillərin baha qiymətə təklif olunmasından gileyləndi: “”Toyota Corolla” markalı avtomobilin Azərbaycana gətirilmə xərci 9 min manatdır. Bazardakı qiyməti isə 12-14 min manat aralığında dəyişir. Satıcılar 3-4 min xeyir götürmək üçün, baha satmağa çalışırlar, sonra da alıcının olmamasından şikayətlnirlər”.
Rəşad Eyyubov isə qeyd edir ki, büdcəsi az olduğundan 10 min manatadək qiyməti olan avtomobillərlə maraqlanır: "İki-üç gündür ki, bazara gəlirik. Pulun az olanda məcbursan ki, ili köhnə və keyfiyyəti aşağı maşın alasan. Bazarda on minə yaxşı maşın tapmaq çətindir".
Satıcı Ramiz Hüseynov isə deyir ki, qiymətlərin baha olmasına səbəb gömrük rüsumlarının yüksək olmasıdır: “Əvvəl qısa müddətdə maşınımı satıb rayona qayıdırdım. Amma indi 1 aydır, hər həftə gəlirəm, amma sata bilmirəm".
Oruc Quliyev isə bildirir ki, artıq avtomobil satanların çoxu bazara gəlmir: "Əksəriyyəti avtomobilini elan saytlarında satmağa çalışır. Bu ərazidən parking meydançası kimi istifadə edənlər də az deyil. Elələri var ki, aylarla maşınını burda saxlayır və onunla maraqlanmır".
Teymur Əliyev qeyd edir ki, hazırda insanlar daha az yanacaq işlədən və mühhərik həcmi kiçik olan avtomobillərə üstünlük verirlər: "Mühhərik həcmi böyük olan avtomobillərin alıcısı çox azdır. Həm də belə maşınların ölkəyə gətirilməsi olduqca baha başa gəlir".
Dövlər Statistika Komitəsinin(DSK) məlumatına əsasən, ölkədə hər 100 avtomobildən 77-nin istismar müddəti 10 ildən artıqdır. Vətəndaşların köhnə maşınlara maraq göstərməsinin səbəbi isə onların ehtiyat hissələrinin ucuz olması, asan tapılması və qiymətinin nisbətən əlçatan olması ilə bağlıdır.
İqtisadçı ekspert Xalid Kərimli mövzu ilə bağlı bildirib ki, avtomobillərin idxalına tətbiq olunan gömrük rüsumu və aksizlərin artırılması qiymətləri bahalaşdıracaq: “Eyni zamanda, bu artımlar “ikinci əl” avtomobillərə də təsir göstərəcək. Ölkəyə gətirilən yeni avtomobillərin idxal xərcinin artması, tədricən “ikinci əl” maşınların da bahalaşmasına səbəb olacaq”.
Ekspert qeyd edir ki, idxalın bir hissəsini ikinci əl avtomobillər təşkil edir. “Çünki qiymət baxımından vətəndaşların “ikinci əl” maşınlara təlabatı xeyli çoxdur. Yeni rüsumların tətbiqi həm təzə, həm də nisbətən köhnə avtomobillərin qiymətininin bahalaşmasına səbəb olacaq”, - deyə ekspert vurğulayıb.
DSK-nın məlumatına görə, 2021-ci ilin birinci yarısında xarici ölkələrdən Azərbaycana 313 milyon 789 min dollar dəyərində 31794 ədəd avtomobil gətirilib. Avtomobil idxalının böyük hissəsi isə Gürcüstanın payına düşür. Gürcüstan Statistika Komitəsinin məlumatında isə qeyd olunur ki, bu ölkədən 2021-ci ilin ilk 8 ayı ərzində Azərbaycana 163 milyon dollar dəyərində, 24508 ədəd minik avtomobili idxal olunub.
Qeyd edək ki, ölkəyə idxal olunan avtomobilin buraxılış tarixi bir ili ötübsə, istismar olunmuş avtonəqliyyat vasitəsi kimi gömrük rüsumuna tabe tutulur. Həmçinin 7 ildən artıq istehsal tarixi olan maşınların idxalı zamanı aksiz vergisinə əlavə əmsalın tətbiqi nəzərdə tutulur. Bu rüsum isə avtomobilin mühərrik həcminə uyğun hesablanır. Onu da xatırladaq ki, İstehsal tarixi 3 il, mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışı 2022-ci il yanvarın 1-dən(3 il müddətində olmaqla) vergidən azad ediləcək.
Yeni rüsumların tətbiqindən sonra qiymətlərin bu formada olacağı gözlənilir. Mühərrik həcmi 4000 kubsantimetrədək olduqda 5600 manat + mühərrik həcminin 3001-4000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə - 15 manat ( əvvəl 13 manat idi), mühərrikinin həcmi 5000 kubsantimetrədək olduqda 20 600 manat + mühərrikin həcminin 4001-5000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə - 40 manat (hazırda 18600 manat + hər kubsantimetrə görə 35 manatdır), mühərrikin həcmi 5000 kubsantimetrdən çox olduqda 60 600 manat + mühərrikin həcminin 5000 kubsantimetrdən çox hissəsi üçün hər kubsantimetrə görə - 80 manat (hazırda bu məbləğ 53 600 manat + hər kubsantimetrə görə 70 manatdır).
Avtonəqliyyat vasitələri üçün verilən dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin və ya hərflərin kombinasiyası üzrə rüsumlarda artırılıb. Belə ki, müxtəlif seriyalı 001, 002, 003, 004, 005, 006, 007,008, 009 nömrəli avtomobillərin qiyməti 1500 manatdan 2000 manata, eyni seriyalı - 2500 manatdan 3000 manata, 100, 200, 300, 400, 500, 600, 700, 800, 900 üçün müxtəlif seriyalı 1000 manatdan 1500 manata, eyni seriyalı 1500 manatdan 2000 manata, 111, 222, 333, 444, 555, 666, 777, 888, 999 üçün müxtəlif seriyalı 500 manatdan 1000 manata, eyni seriyalı 1000 manatdan 1500 manata qaldırılıb. Avtonəqliyyat vasitələri üçün dövlət qeydiyyat nişanının təkrar verilməsinə görə isə 30 manat rüsum müəyyənləşdirilib. Xatırladaq ki, əvvəl bu məbləğ 22 manat idi.(azpolitika)