"Azərbaycanı bu günə salan hazırkı hakimiyyətdir"
"O yerdə ki, hakimiyyət gəlir mənbəyinə çevrilib, orada iqtidarda təmsil olunanların ən böyük düşməni elə onlar özləridir"
Hüquqşünas Aslan Ismayılov “Azadlıq” qəzetinə ölkədaxili gündəmlə bağlı maraqlı müsahibə verib."xeberinfo.com" məlum müsahibəni oxuculara təqdim edir.
Regionumuzda baş verən hadisələr Azərbaycanın da önləyici tədbirlər görməsini zəruri edir. Ukraynada baş verənlərin fonunda Milli Şuranın fəxri sədri Rüstəm Ibrahimbəyov mətbuata açıqlamasında Rusiyanın Azərbaycana qarşı mümkün aqressiyasına qarşı ölkə daxilində milli birliyə nail olmağın vacibliyini dilə gətirib. Amma Azərbaycandakı siyasi durum nəzərə alınarsa, burada məsuliyyətin böyük hissəsi məhz hakimiyyətin üzərinə düşür. Çünki hazırkı iqtidarın apardığı siyasət ölkədə milli birlik ideyasının gerçəkləşməsini mümkünsüz edib. Hüquqşünas Aslan Ismayılovla müsahibəyə bu suala cavab almaqla başladıq.
- Rüstəm bəyin təşəbbüsündən əvvəl də oxşar təkliflərlə çıxış ediblər. “Azadlıq” qəzetinin 21 fevral sayında müsahibəmdə Ukrayna və Türkiyədə baş verənlərdən çıxarılmalı olan dərslər barədə fikrimi bildirmişəm. Həmin müsahibəmdə Azərbaycan üçün durumun çox gərgin olduğunu demişəm. Ukraynada baş verən hadisələr bizdə təkrarlanarsa, Azərbaycan buna tab gətirə bilməz. Bir ölkə kimi Azərbaycan məhv ola bilər. SSRI dağılanda Ukraynanın bütöv qalmasında bütün güc mərkəzləri maraqlı idi. Azərbaycanın isə bütöv qalmasında maraqlı qüvvələr, demək olar, yox idi. Ona görə ki, bizim bu gün güvəndiyimiz Qərb, həm də Rusiya Qarabağın Ermənistana verilməsini istəyirdi. Ukraynanın ərazi bütövlüyü problemi yoxdur. Azərbaycanın isə ərazisinə iddialı ölkələr var. Bu sırada Ermənistan və Rusiyanın adını çəkmək olar. Iranın da Azərbaycana münasibəti bəllidir. Ukraynada insanlar iki hissəyə bölünüb. Rusiya və Qərbyönümlü. Azərbaycanda isə həm Qərb, həm Rusiya, həm Türkiyə, həm Iran meylli qüvvələr var. Son zamanlar vəhabilərin timsalında ərəbmeylilər də meydana gəlib. Bundan başqa, Ukraynada pis-yaxşı məhkəmə sistemi var idi, qanun işləyirdi. Azərbaycanda isə məhkəmə sistemi yoxdur və qanun da işləmir. Ukraynada eyni zamanda hakimiyyətdən asılı olmayan böyük iş adamlarının mövcudluğu və onların sabitlikdə maraqlı olması situasiyaya təsir edən faktor idi. Azərbaycanda isə yalnız məmur-oliqarxlar var. Ukraynada isə məhz bu iş adamlarına görə güclü müxalifət partiyaları formalaşıb və onlar lazımi anda hamısı birləşdi. Azərbaycan hakimiyyəti isə nəinki müxalifət partiyalarını, ictimai sektoru, vətəndaş cəmiyyətini də məhv edib. Bu təhlükəli haldır. Bunun məsuliyyətini ilk növbədə hakimiyyət dərk etməlidir. Azərbaycanda inqilabın hansı dəhşətli fəsadlar törədəcəyini, hakimiyyətli-müxalifətli, hamı göz önünə gətirməlidir. Bəlkə, 1920-ci ildən sonra ilk dəfə hamımızı bir fikir cəm etməlidir. Bu fikir isə ondan ibarətdir ki. Vətən təhlükədədir!
“Hakimiyyət müxalifətə qarşı olan basqıları dayandırmalıdır”
- Bəs, yaranmış situasiyadan çıxış yolu nədədir?
- Bu sualın cavabını ilk növbədə hakimiyyət axtarmalıdır. Ona görə ki, Azərbaycanı bu günə salan hazırkı hakimiyyətdir. Hakimiyyət özündən başqa olacaq bütün güc mərkəzlərini məhv edib. Ona görə də hakimiyyət də bundan çıxış yolu axtarmalıdır. İlk növbədə hakimiyyət ölkədə milli birliyə nail olmalıdır. Hakimiyyət ilk növbədə müxalifətə, vətəndaş cəmiyyətinə, ölkədə nüfuz sahibi, müstəqil olan şəxslərə qarşı olan basqıları dayandırmalıdır. AXCP kimi bir partiyanı adi ofis üzünə həsrət etməyin özü birinci növbədə hakimiyyət üçün faciədir. AXCP bundan uduzmur, əksinə, udur. Çünki bütün cəmiyyət görür ki, hakimiyyət AXCP-nin üzərinə gedir. Gənclərə qarşı təzyiqlər dayandırılmalıdır. Bütün dünyada xalqlar gələcəyini gənclərlə bağlayır. Amma Azərbaycan hakimiyyəti gəncləri məhv etmək yolu tutub. Bütün gənc fəallara, Rəşad Ramazanlıdan tutmuş “Nida”çılara, cəbhəçi gənclərə qarşı təqiblər mütləq dayandırılmalıdır. Siyasi baxışlarına görə həbsdə olan bütün gənclər azad edilməlidir. Siyasi baxışlarına görə həbs olunmuş Ilqar Məmmədov, Tofiq Yaqublu və başqa siyasi məhbuslar azad edilməlidir. Hakimiyyətdə belə bir fikir yarana bilər ki, yaxşı, mən bu məhbusları azad etsəm, müxalifət əksinə, güclənər və iqtidarı yıxmaq istəyənlərin sayı artar. Mən demək istəyirəm ki, insanın daxilində həmişə minnətdarlıq hissi olur. Insan yaxşılığa həmişə yaxşılıqla cavab verir. Ona görə hakimiyyət narahat olmasın. Iqtidar bu yolu tutsa, bütün qüvvələr, o cümlədən AXCP də anlayacaq ki, hakimiyyət milli birliyə getmək istəyir. Əgər bu yolda, Vətən təhlükədə olan məqamda, hakimiyyətə dəstək olmasalar, cəmiyyət onları anlamaz. Azərbaycanın əsas bəlası məhkəmə sistemi və hüquq mühafizə orqanlarıdır. Bunların saflaşdırılması prosesi getməlidir. Bu günləri hüquq mühafizə orqanları, məhkəmə sistemi vətəndaşlara qarşı yumuşalmaqdansa, tam saymamazlıq yoluna qədəm qoyublar. Özümün apardığım işlərdən danışım. Masallı rayonundan iş adamı Abbasəli Məmmədov mənə müraciət edib ki, qonşusu saxta sənədlə onun əmlakını ələ keçirib. Biz müəyyən etmişik ki, Nağıyev Faiq adlı birisi vəzifəli havadarlarından istifadə etməklə rayon icra hakimiyyətinin başçısı, rayonun baş memarı və digər işçilərin imzalarını saxtalaşdırıb. Eyni zamanda bu şəxs rayon icra hakimiyyətinin blankını, möhürünü saxtalaşdıraraq məhkəməyə sənəd təqdim edib. Biz bütün bunları müəyyən edərək Masallı Rayon Prokurorluğuna ərizə ilə müraciət etmişik. Ərizə məhkəməyə göndərilib. Mən şəxsən prokurora deyirəm ki, onlara təqdim olunan materiallar saxta sənədləşdirmə ilə bağlıdır. Ona görə də bu faktla bağlı cinayət işi qaldırılmalıdır. Amma bu edilmir. Baş prokuror Zakir Qaralova bu ilin fevralın əvvəlindən başlayaraq dörd dəfə məktubla müraciət etmişəm. İlk sətirlərdə yazmışam ki, Masallı Rayon Prokurorluğu qanunsuzluq edir. Ona görə bu, həmin instansiyaya göndərilə bilməz. Amma müraciətim dörd dəfə Baş Prokurorluqdan elə Masallı Rayon Prokurorluğuna göndərilib. Və yaxud Zülfüqarlılarla bağlı 7 məhkəmə işi var. Amma bizim işə baxan yoxdur. Bütün hakimlər deyir ki, bilirik əmlak qanunsuz alınıb. Amma heç bir qərar qəbul edən yoxdur. Baş verənlərin arxasında Rasim Məmmədovun dayandığı məlum idi. Amma onun yerinə indi yeni şəxs gəlib. Azərbaycan Polad Istehsalat Kompleksi yaradılaraq onun başçısı Heydər Əliyev Fondunun Türkiyədəki təmsilçisi Samir Cəfərov təyin edildi. Yaxşı, yeni gələn gözəl bilir ki, bu problem var. Nəyə görə həll etmir? Azərbaycanda bir balaca vəzifəsi və ya pulu olan şəxslə bağlı işin heç bir halda həlli yoxdur. Hətta adam öldürsə belə. Vüsal Şilderlə bağlı baş verən hadisə. Bu şəxs keçən il mayın 2-də vəhşicəsinə evinin qarşısında qətlə yetirilib. Bu işin arxasında Prezidentin keçmiş köməkçisi Taryel Ağayevin durduğu məlumdur. Qətli sifariş edən Taryel Ağayevin Xəyal Əlizadə adlı kürəkəni hazırda Dubaydadır. Biz həmin şəxsin ölkəyə qaytarılmasını tələb edirik. Bizə deyirlər axtarış vermişik. Mən Interpolun rəsmi internet səhifəsinə daxil oluram. Həmin səhifədə Azərbaycandan 150 nəfərə yaxın adam axtarışda olsa da, Xəyal Əlizadə orada yoxdur. Bu barədə də dəfələrlə Zakir Qaralova müraciət etmişəm. Heç bir cavab yoxdur. Belə olan halda bu vətəndaşlarla hansı milli birlik yaratmaqdan söhbət gedə bilər.
“Islahatlara getməyin vaxtını bilmək lazımdır”
- Dünyada bir qlobal hadisə baş verəndə Azərbaycan hakimiyyəti ona reaksiya verməkdən yayınır və əvəzində ölkə daxilində demokratik düşərgəyə qarşı təzyiqləri artırır. Bunun səbəbi nədir?
- Bu günə qədər dünyada gedən proseslər ondan xəbər verir ki, öz xalqına arxalanmayan heç bir hakimiyyət, bütün dünya onu müdafiə etsə də, ayaq üstə dayana bilməz. Bunun geci-tezi var. Nə qədər gec olsa da o qədər qanlı, fəsadlı başa çatır. Ağlı başında olan hakimiyyət dərhal islahatlara gedir. Məsələn, “ərəb baharı” başlayanda Küveyt əmiri yeni Nazirlər Kabineti təyin etdi. Məqsəd insanların narazılığının qarşısını almaq idi. Necə olur ki, Afrikada olan ərəb hakimiyyəti bunu başa düşür, amma Avropada yerləşən Azərbaycan hakimiyyəti bunu anlamır. Azərbaycan hakimiyyəti hər dəfə bəyan edir ki, dünyada baş verən demokratik dəyişikliklər bizdə ola bilməz. Axı burada olanda artıq gec olacaqdır.
- Daha bir aktual məsələ son zamanlar hakimiyyət daxilində “nurçu”lara və başqa təriqətlərə qarşı aparılan mübarizədir. Bu mübarizənin konturların görməmək olmur. Bu nəyin görsənişidir?
- “Nurçu”lara bağlı məsələni digər təriqətlərlə qarışdırmağın əleyhinəyəm. Mən “nurçu” deyiləm və onlarla da yaxınlığım yoxdur. Amma proseslərə diqqətlə fikir verən adam kimi gördüyüm budur ki, Ərdoğan və onun komandasının rüşvət almasını məhz “nurçu”lar müəyyən edib. Bəli, bunu müəyyən edəndə qanunsuzluğa yol verilib. Amma onlar Ərdoğanın komandasının evinə gətirib pul qoymayıb axı? Azərbaycanda gəldikdə isə, mənim Elnur Aslanovla münasibətim yaxşı olmayıb. Amma istər-istəməz bu gün hakimiyyətdə təmsil olunanların içərisində elə savadlı olanları adı “nurçu”luqda halananlardır. Şəxsi təriqətə, siyasi mənsubiyyətə görə təqib etmək ən böyük qanun pozuntusudur. Elnur Aslanov işdən azad olunsa da, bunun izahatı verilmədi. Məgər Elnur Aslanovun günahı Əli Həsənovdan çoxdur? Əli Həsənov daha çox qanunsuzluğa yol verib, nəinki Elnur Aslanov. Bundan başqa, adı “nurçu”larla bağlı hallanan türk liseylərinin məzunları ali məktəbə qəbulda öncülük edirlər. Hakimiyyət bu liseylərdən daha yaxşı məktəb yaratsın, qoy bu məktəblər gündəmdə olsun. Əgər yeni yaranan məktəblər türk liseylərindən güclü olacaqsa, qoy Ramiz Mehdiyev adına lisey yaradılsın. Özüm çağırış edərəm ki, uşaqlarınızı həmin məktəbə qoyun. Bu tendensiyanın başqa fəsadları da ola bilər. Çünki hakimiyyətdə kim kimdən qisas almaq istəyəcək, onu “nurçu”luqda ittiham edəcək. O yerdə ki hakimiyyət gəlir mənbəyinə çevrilib, orada iqtidarda təmsil olunanların ən böyük düşməni onlar elə özüdür. Ona görə hakimiyyət özünə nə AXCP-ni, nə də Aslan Ismayılov kimilər qismində düşmən axtarmasın. Onların ən böyük düşmənləri öz içlərindədir.
“Korrupsiya ilə mübarizə ilə xalqı təhqir edirlər”
- Dövlət başçısı keçirdiyi müşavirələrdə məmurları dəbdəbəli həyat tərzindən uzaq olmağa, sadə həyat tərzi sürməyə çağırsa da, tam əksi müşahidə olunur. Bu nəyin görsənişidir? Məmurlar dövlət başçısını saymır, yoxsa deyilənlər sadəcə olaraq görüntü xatirinədir?
- Ya dövlət başçısı çıxışlarında qeyri-səmimidir, ya da Ilham Əliyev çıxışlarında səmimidir, amma məmurlar onunla hesablaşmır. Belə olmasaydı Ziya Məmmədovun, Nazim Ibrahimovun qohumlarının özbaşınalığı barədə mətbuatda xəbərlər yayılanda tədbir görülərdi. Elmar Vəliyevin oğlunun avtomobil korteci barədə də bir tədbir görülərdi. Məgər Elmar Vəliyev və ya Nazim Ibrahimov o qədər istedadlı kadrdır ki, onları işdən azad edə bilmirlər. Mən dövlət başçısı ilə bir neçə dəfə görüşmüşəm. Hər halda onun səmimi olmasına inanıram. Ancaq heç bir siyasi iddiamız olmasa da məni vəkillikdən çıxartdılar, Vətən üçün dəyərli olan Mehman Əliyev və onun kimi heç bir siyasi partiya ilə əlaqələri olmayanlar təqib olunur. Səbəb vətəndaş mövqeyinin nümayiş etdirilməsidir. Hərçənd ki, normal cəmiyyətdə siyasi iddianın olması da qəbahət deyil.
- Korrupsiyaya qarşı aparılan “mübarizənin” gedişini necə dəyərləndirirsiniz?
- Bu mübarizə imitasiyası ilə xalqı bundan artıq təhqir etmək olmaz. Müəllimi, həkimi həbs etməklə iş bitirmi? Nazir Füzüli Ələkbərov milyardaları oğurladı, heç bir məsuliyyət daşımadı. Amma Füzuli Ələkbərova həmin yığılan pulları çatdıranı həbs etdilər, budurmu mübarizə? Baş Prokurorluq hər şeylə məşğul olur, bircə korrupsiyaya qarşı mübarizədən başqa. Məgər onlar bilmirlər harada nə baş verir? Hazırda “Asan” Xidmət müsbət fəaliyyət göstərir. Amma bu cür davam edərsə, o da dəyərini itirəcək. Çünki tədbirlər kompleks xarakterli olmalıdır. Milli Məclis baş verənlərə reaksiya verməkdənsə, Sahib Alıyev kabab çəkilməsi üçün şiş istehsalına başlanmasını istəyir. Və ya Zeynəb Xanlarova düz olaraq bəyan edir ki, dəniz kənarı zəbt olunub. Amma Elmira Axundova deyir ki, bu addım düzdür. Ukrayna hadisələri də parlamentdə müzakirə olunmadı. Halbuki bu müzakirələr təşkil olunaraq vurğulanmalı idi ki, birinci dəfə Rusiya aqressiyasını məhz Qarabağda göstərib. Məhz buna görə Almaniya kansleri Merkeldən tutmuş bütün siyasilər bəyan etdilər ki, Rusiya Moldovada, Gürcüstanda da Krıma oxşar əməllər törədib. Çünki Krım hadisələri baş verəndə Moldova və Gürcüstan rəhbərləri bəyan etdi ki, Rusiya bizə qarşı da bu addımları atıb. Amma bizim hakimiyyət susdu.
“Məhkəmələrdə ədalət yoxdur”
- Abbas Abbasov bəyan edir ki, hakimiyyətdən ona qarşı təzyiqlər var. Amma Abbas Abbasov vəzifəsində olanda belə tendensiya yox idi. Abbas Abbasovun timsalında baş verənlər hakimiyyətinin hansı mahiyyətinin üstünü açır?
- Abbas Abbasov bu hakimiyyətin vuran əli olub. Sadəcə olaraq Abbas Abbasova qarşı münasibət onun vəzifədən çıxmasıyla bağlı deyil. Çünki Abbas Abbasov vəzifəsindən çıxandan sonra ona “Istiqlal” ordeni verdilər. Abbas Abbasovun problemləri “milyarderlər ittifaqı” ilə bağlıdır.
- Vətəndaşların məhkəmələrə müraciətləri faizlə deyil, bir neçə dəfələrlə artıb. Bu artımın səbəbi nədir?
- Əli Hüseynov bu statistikanı onunla izah edir ki, bu, Azərbaycanda vətəndaşların haqları uğrunda mübarizələrinin göstəricisidir. Tamamilə yanlış, deyərəm ki, yalan məlumatdır. Bu hamısı məhkəmə sistemindəki özbaşınalığın nəticəsidir. Rayon məhkəmələrində baxılan yüz işin doxsanından şikayət var. Ona görə ədalət yoxdur. Tərəflər bilir ki, pul verib istənilən qərarı ala bilərsən. Rayon məhkəməsində alınmadısa, apelyasiya, yaxud Ali Məhkəmədə bunu edə bilərsən.