Zəfər Quliyev Cəmil Həsənlini qınadı
"xeberinfo.com": “Xoşagəlməz münasibətlərin dərinləşməsində maraqlı deyiləm. Adi siyasi diskussiyanın bu həddə çatmasına təəssüflənirəm. Ötən ay Eldar Namazov istefasının səbəblərini açıqlayarkən, Milli Şurada gedən proseslər barədə danışıb. Faktiki olaraq, bu, siyasi təhlil idi. Ola bilər, Eldar bəyin yanaşması Cəmil bəyin xoşuna gəlməyib. Bunu normal qarşılamaq lazımdır. Əgər bununla razı deyildilərsə, siyasi diskussiyanı korrekt formada davam etdirmək olardı”.
Bunu “El” Hərəkatının sədr müavini Zəfər Quliyev Cəmil Həsənlinin hərəkat funksionerləri barəsində dediklərinə münasibət bildirərkən deyib. O bildirib ki, Eldar Namazovla Cəmil Həsənli ziyalılar forumunun təsisçiləridir: “Bu forumda mədəni formada diskussiyalar olub. Siyasi diskussiyanın indiki səviyyəyə enməsi məni çox təəccübləndirdi. Cəmil Həsənlinin müsahibəsini oxudum, elə bildim, müsahibəni başqa adam verib. Çünki Cəmil müəllimə böyük hörmətim var, onun belə müsahibə verməsinə inanmadım. Burada, artıq ziyalıya məxsus formadan söhbət getmir. Mətbuatda xırdaçılığa varmaq olmaz. Nə ziyalılar, nə də siyasətçilər arasında belə söhbətlər getməməlidir”.
Z.Quliyev Cəmil Həsənlinin regionçuluqla bağlı dediklərini xatalı məsələ adlandırıb: “Bu mövzunun özü Azərbaycan üçün xatalıdır. Nə Cəmil Həsənli, nə də onunla polemikaya girən adamlar bu mövzuya toxunmamalı idilər. Məni tanıyanlar bilir ki, belə şeylərlə maraqlanmıram. Eldar Namazov bu məsələlərə toxunmayıb. O deyirdi ki, Milli Şura niyə bu vəziyyətə düşdü? Bu suala cavab tapmaq üçün diskussiyalara getmək lazımdır. Amma diskussiyalardan bir-birlərinə qarşı “atəş” məqsədilə istifadə etmək olmaz”.
“El” funksioneri qeyd edib ki, Rüstəm İbrahimbəyovu “rus projesi” adlandıranlar Milli Şurada rəhbər vəzifələrdə təmsil olunurlar. Amma demək olmaz ki, Milli Şuranın Koordinasiya Şurası bu adamlardan ibarətdir: “Təəssüf doğuran odur ki, Milli Şuranın yaradılmasında heç bir iş görməyən adamlar rəhbərlikdə təmsil olunurlar. Bu, naratahatedici məqamdır”.
Qeyd edək ki, Milli Şuranın sədri Cəmil Həsənli müsahibəsində “El” Hərəkatının sədri Eldar Namazovu və sədr müavini Köçəri Nağıbəylini sərt ittiham edib.