
Lənkəranın dərin küçələrindən birində, illərini alova qarşı mübarizəyə həsr etmiş bir adam var — Pərviz Yusubov. O, 2004-cü ildən bu yana Fövqəladə Hallar Nazirliyinin (FHN) Lənkəran Şəhər Dövlət Yanğından Mühafizə Xidmətində çalışıb. Yanğınlar içindən qorxmadan keçən, insanların həyatını xilas etməkdən çəkinməyən, peşəsini qürurla daşıyan bir yanğınsöndürən kimi tanınıb.
Yenixeber.org: Amma bu dəfə alov onu binada yox, öz xidməti otağında, öz iş yoldaşlarının içində yandırdı.
“Məni boğmağa çalışdı, telefonumu sındırdı…”
2025-ci ilin 25 iyun tarixində Pərvizin həyatında dəhşət yaşanır. O gün bölməyə yeni təyin olunmuş zabit Hüseynağa Hüseynzadə ilə arasında mübahisə düşür. Qısa zamanda söhbət fiziki qarşıdurmaya çevrilir.
“O, məni boğmağa çalışdı. Bədənimdə xəsarətlər var idi. Telefonumu da sındırdı. Mən sadəcə işimi görürdüm, heç kimə pislik etmirdim”, — deyə, Pərviz hadisəni göz yaşları ilə xatırlayır.
Pərviz o gün xidmətdə idi. Lakin ona qarşı zorakılıq edən zabit nə cəzalandırılır, nə də sorğu-suala tutulur. Əksinə, hadisəni ictimailəşdirməyə çalışan Yusubovun özü susdurulur.
“Məni dinləmədilər, ərizə yazmağa məcbur etdilər”
Hadisədən sonra Pərviz Nazirliyin şəxsi heyət üzrə rəisi Sənan müəllimə müraciət edir. Deyir, haqsızlığa uğramışam, araşdırma istəyirəm. Amma cavab gözlədiyindən fərqli olur:
“Məni dinləmək istəmədilər. Əksinə, təzyiq göstərib dedilər, ‘ərizə yaz, çıx’. Mənə haqsızlıq edən qaldı, mən getdim”.
Yusubov iddia edir ki, zabit Hüseynzadə həm Sənan müəllim, həm də hissə rəisi Seymur Baxşiyev tərəfindən himayə olunur.
“Hüseynağa özü demişdi ki, bölməyə gəlmək üçün Seymur Baxşıyevə 6 min manat vermişəm. Mən inanmamışdım, amma indi hər şey yerinə oturur”, — deyə, o bildirir.
“Üç dəfə töhmət alıb, amma yenə qorunur”
Yusubovun sözlərinə görə, Hüseynzadənin intizam tarixi heç də təmiz deyil. O, FHN Akademiyasında işlədiyi üç il ərzində üç dəfə töhmət alıb.
“Belə bir adam indi bizdə zabit kimi işləyir. Sürücülük vəsiqəsi olmamasına baxmayaraq, idarəyə məxsus avtomobillərlə avtoşluq edir. Mən isə sadəcə həqiqəti dediyim üçün işdən çıxarılıram”, — deyə, Pərviz acı-acı gülümsəyir.
O, bu günə qədər aldığı həkim rəylərini, bədənindəki xəsarət izlərini belə qoruyur. Amma nə bu sənədlər, nə də illərin xidməti onu qoruyub.
“Cənab nazir, bəlkə siz eşidərsiniz”
Pərviz Yusubov indi tək bir ümidə söykənir — nazir Kəmaləddin Heydərovun ədalətinə.
“Cənab nazirin bu hadisədən xəbəri yoxdur. Əgər bilsə, mütləq tədbir görər. Mən artıq başqa heç kimə güvənmirəm. Bu qurumda ədalət varsa, onu yalnız o bərpa edə bilər”.
Onun səsi titrəyir, baxışları uzaqlara yönəlir. Həyatını xilas etdiyi insanların evlərində indi sakitlik var, amma onun içində haqsızlığın alovu sönmür.
“Yeni gələnlər vəzifə alır, təcrübəlilər isə kənarda qalır”
Yusubov deyir ki, FHN-də bu cür hallar artıq tək-tük deyil. Yeni gələnlər vəzifə alır, amma illərini xidmətə vermiş əməkdaşlar sistemdən sıxışdırılır:
“Bu, tək mənim başıma gəlmir. Təcrübəli kadrlar kənara atılır, tanışlıqla gələnlər isə baş tacı edilir”.
Onun sözlərinə görə, Lənkəranda və digər şəhərlərdə də oxşar hallar var, amma çoxları qorxudan danışmır.
“Mən qorxmuram. Mən yanğından da keçmişəm. Amma ədalətsizlik alovundan yanmaq daha ağırdır”.
Susqunluq davam edir
Hadisə ilə bağlı hələlik Fövqəladə Hallar Nazirliyindən heç bir rəsmi açıqlama verilməyib.
Arazpress.com məsələ ilə bağlı rəsmi mövqe öyrənmək üçün sorğu göndərib.
Pərviz Yusubov bu gün işsizdir, amma içində bir qərarlılıq var — “əgər səsini çıxartmazsansa, belə bir təhlükə sabah başqasının da başına gələcək”.
Onun səsi indi təkcə bir əməkdaşın fəryadı deyil, FHN-dəki sistemli özbaşınalıqlara qarşı bir xəbərdarlıqdır.