"Rüşvət bataqlığı”ında daha kimlər “boğula” bilər: Siyahı DTX-nın “maskalı oğlanlar”ındadır
Mədəniyyət nazirinin rəhbəri olduğu qurumdakı biabırçılıqlardan xəbərdar olması da, xəbərsiz olmaması da eyni səviyyədə suç xarakteri daşıyır...
Son hadisələr rüşvət və korrupsiyaya qarşı mübarizənin daha da intensivləşərək, genişlənə biləcəyini göstərir...
Ölkədə maraqlı proseslər cərəyan edir. Amma bu proseslərin bütün dünyanı öz təsiri altına almış koronavirusla heç bir əlaqəsi yoxdur. Yəni bu epidemiya Azərbaycana təsir göstərsə də, ölkə və onun gündəmi qətiyyən bu virusa təslim olmayıb.
Əksinə, hazırda ölkədə bu epidemiyanın ilk günlərdə yaratdığı qorxu və xof artıq demək olar ki, hiss olunmur. İnsanlar virusun diqtə etdiyi yeni yaşam şərtlərinə uyğunlaşmağa başlayıblar. Amma ölkə isə fərqli hədəflərə doğru irəliləməkdədir.
Əlbəttə ki, bu, qətiyyən pis deyil. Çünki həyatın yalnız bir virus üzərində kilidlənməsi onun dolğunluğunu heçə endirə bilərdi. Hər nə olursa-olsun, həyatın öz axarı ilə davam etməsi vacibdir.
Maraqlıdır ki, Azərbaycanda da həyat normal axarına düşməyə başlayıb. Ən əsasısa, ölkədəki siyasi-ictimai proseslər yenidən virusa qədər olan keyfiyyətə dönməkdədir.
İslahatlar davam edir. Rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizə ön plana keçirilib. Hətta bu prosesin daha da intensivləşdiriləcəyi ehtimal olunur.
Çünki “rüşvət və korrupsiya bataqlığı”nda olan məmurların oradan çəkilib, çıxarılması prosesi yeni mərhələyə keçirilib. İlk olaraq bu proses rayon icra başcılarını hədəfə çıxartmışdı. DTX-nın maskalı əməkdaşları tərəfindən artıq beş rayonun icra başçısı qandallanıb.
Bir çoxlarının qandallanacaq növbəti icra başçısının kim ola biləcəyini ehtimal etməyə çalışdığı bir vaxtdasa, bu proses mərhələ adladı. Yəni proses daha yüksək mərhələyə keçirildi və “korrupsionerlərin həbs dalğası” rayonlardan paytaxt Bakıya sıçradı.
DTX-nın maskalı əməkdaşları bu dəfə gözlənilmədən Mədəniyyət Nazirliyində peyda oldular. Bu qurumun nazir müavinini və idarə rəisini aldıqları rüşvət paraları ilə birlikdə aldılar, götürdülər.
Əslində, paytaxt Bakıda da antikorrupsiya əməliyyatının ola biləcəyinin mesajı daha əvvəldən verilmişdi. Belə ki, DTX əməkdaşlarının Mədəniyyət Nazirliyinə təşrif buyurmalarından bir müddət öncə korrupsiyaya və korrupsionerlərə qarşı amansız mübarizə aparılacağını vurğulayan Prezident İlham Əliyev “Onu da bildirməliyəm ki, bu hallar təkcə yerli icra orqanlarında müşahidə edilmir, mərkəzi icra orqanlarında da belə hallar, belə siqnallar var və bu siqnallar araşdırılır” demişdi.
Belə anlaşılır ki, dövlət başçısının qərarı qətidir və o, korrupsiyaya qarşı mübarizədə sona qədər getmək niyyətindədir. O da hiss olunur ki, rüşvət və korrupsiyaya bulaşmış məmurların kimliyi və tutduğu vəzifə qətiyyən əhəmiyyət daşımır. Yəni, rüşvət alan, korrupsiyaya bulaşan hər bir məmur kimliyindən asılı olmayaraq, törətdiyi cinayətin qanunla müəyyənləşdirilən cəzası ilə baş-başa buraxılacaq.
Bəli, “korrupsiya svetoforu”nun qırmızı işiğına ilk ilişən mərkəzi icra orqanı Mədəniyyət Nazirliyi oldu. Və bu, çox təəssüfləndirici reallıqdır. Çünki bu nazirlik adından da göründüyü kimi, ölkə mədəniyyətinin və onun inkişafının keşiyində durmalı olan bir qurumdur. Bu, həmin qurumun mədəni missiyasıdır, üstəlik, örnək olmağa da borcludur.
Ancaq bu nazirlik yanlış örnəklə tarixə düşdü. Nazir müavini və idarə rəisinin korrupsiya əməlləri biabırçı situasiya yaratdı. Onların kabinetlərindən, avtomobillərindən tapılan rüşvət paralarının nümayiş olunduğu videokadrlar cəmiyyətdə ciddi rezonans doğurdu.
Əslində, bu, tamamilə başadüşüləndir. Çünki rüşvətə və korrupsiyaya qurşanmış, bunu özünün fəaliyyət standartına çevirmiş bir məmur ölkədə mədəniyyətin inkişafının keşiyində necə dayana bilər? Ümumiyyətlə, belə bir məmur mədəniyyətin inkişafında maraqlı olarmı?
Yəqin ki, bu sualların cavabı hər kəsə aydındır. Və son illərdə Mədəniyyət Nazirliyinin göstərdiyi fəaliyyət əslində, bu suallara ən dolğun cavabdır. Çünki bu fəaliyyəti daha çox fəaliyyətsizlik kimi dəyərləndirmək mümkündür.
Məsələ ondadır ki, indiyə qədər bu qurum tərəfindən ölkənin mədəniyyət sahəsində yadda qalan, diqqəti çəkən hansısa addımın atıldığına, cəmiyyətin mədəni səviyyəsinin yüksəldilməsinə töhfə verə biləcək hər hansı layihənin reallaşdırılmasına rast gəlinməyib. Hətta bu qurumun varlığı ilə yoxluğu da müzakirə mövzusu ola bilər.
Məsələn, bu nazirlik öz sahəsinə aid olan bir sıra şəxslərin qeyri-mədəni, etikadan kənar davaranışlarına belə, reaksiyasız qalmağı üstün tutub. Xalq artisti Afaq Bəşirqızı olayını xatırlayırsınızmı? Bu xanım əvvəlcə şəhərli-rayonlu ayrıseçkiliyi məzmunu daşıyan müsahibəsində ölkə vətəndaşlarını təhqir etdi. Ardınca isə, bir telekanalın canlı efirinə qatılaraq, kişilərin belə dilə gətirməsinin ədəbsizlik, qəbahət sayıldığı ifadələri söylədi və bunu hər kəs eşitdi.
Ancaq bu aktrisanın ədəbsiz davranışlarına Mədəniyyət Nazirliyi susqun qaldı. Halbuki bu qurum, bütün yaradıcılığı cəmisi bir obrazdan – Söylüdən ibarət olan həmin ədəbsiz aktrisanın xalq artısti statusundakı “xalq” sözünün geri alınması təşəbbüsü ilə çıxış edə bilərdi. Hər halda, həmin xanımın davranışları qətiyyən xalqın artistinə yaraşacaq qəbildən deyildi.
Əlbəttə ki, belə misalları çox gətirmək olar. Ancaq indi hər kəsi düşündürən əsas sualların içərisində nazir müavininin və idarə rəisinin əməllərindən nazirin özünün xəbərinin olub-olmadığı ön plana keçmiş kimi görünür.
Təbii ki, nə vaxtsa bu məsələ də aydınlaşacaq. Hələliksə, nazir özü də rəhbərlik etdiyi qurumdakı həbsləri alqışlayaraq deyib ki, “biz hüquqi dövlətdə yaşayırıq”.
Şübhəsiz ki, o, hüquqi dövlət məsələsində tamamilə haqlıdır. Sadəcə, sual doğuran məqam odur ki, necə olub, nazir bütün bu biabırçılıqlardan xəbər tuta bilməyib? Və hüquqi dövlətin onun rəhbərlik etdiyi önəmli bir qurumunda hüququn belə biabırçı səviyyədə pozulmasının qarşısını almaqda niyə belə aciz qalıb?
Yəqin ki, nazir hüquqi dövlətdən danışarkən bu suallara da aydınlıq gətirsəydi, daha doğru olardı. Çünki onun bu biabırçılıqlardan xəbərdar olması da, xəbərsiz olması da eyni səviyyədə suç xarakteri daşıyır.
Maraqlıdır ki, proses eyni intensivliklə davam edir və bir çox cavabsız suallara aydınlıq gətirilmə ehtimalı da kifayət qədər yüksəkdir. Hər halda, DTX-nın rüşvət və korrupsiyaya qarşı mübarizədə fasilə vermək niyyətinin olmadığı müşahidə edilir.
Məsələ ondadır ki, Mədəniyyət Nazirliyinin ardından DTX və Baş Prokurorluğun əməkdaşları bu dəfə Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinə baş çəkiblər. Verilən məlumata görə, əməliyyat zamanı Lənkəran, Neftçala və Xaçmaz rayonlarının Sahil Mühafizə idarələrinin rəisləri saxlanılıblar.
Belə anlaşılır ki, rüşvət və korrupsiyaya qarşı mübarizə prosesi artıq bir qədər də genişləndirilib. Dövlət başçısı bir müddət öncə vurğulamışdı ki, bəzi mərkəzi icra orqanlarında, bəzi nazirliklərdə vəzifəyə təyin olunmaq üçün insanlardan rüşvət tələb edilməsi barədə məlumatlar var.
Prezident onu da qeyd etmişdi ki, həmin məlumatlar hazırda ciddi şəkildə araşdırılmaqdadır. Eyni zamanda, dövlət başçısı “Bu, cinayətdir, bu, bizim cəmiyyətimizin əsaslarını sarsıdan çirkin addımlardır” deməklə, rüşvət və korrupsiya hallarına qarşı kəskin mövqeyini bəyan etmişdi.
Göründüyü kimi, Prezidentin mövqeyində və açıqlamalarında hər şey konkretdir. Dövlət başçısı rüşvət və korrupsiyanın hansı qurumlarda kök saldığı barədə məlumatlı olduğunu gizlətmir. Əksinə, bu barədə bütün məlumatların ciddi şəkildə araşdırıldığının mesajını verir.
Buradan belə nəticə çıxartmaq olar ki, əgər həmin məlumatlar hüquq-mühafizə orqanlarının araşdırmaları nəticəsində təsdiqlənərsə, yenə rüşvət və korrupsiyaya bulaşmış hansısa məmurlar həbs oluna bilərlər. Bu isə o deməkdir ki, həbs təhlükəsindən narahatlıq keçirtməli olan məmurlar yenə də var.
Sadəcə, həmin məmurların kimlər ola biləcəyini ehtimal etmək hələlik bir qədər çətindir. Çünki belə məmurların siyahısı böyük ehtimalla yalnız DTX-nin “maskalı oğlanlar”ında ola bilər.