Yenixeber.org: Bir neçə gün öncə İmişlinin deputatı Razi Nurullayevdən redaksiyamızın qaynar xəttinə şikayət daxil olmuşdu. İmişli rayon Nurulu kənd sakinləri bildirir ki, deputat Razi Nurullayev kəndin örüş sahələrini zəbt edərək ərazidə mal bazarı tikdirir.
Biz şikayəti işıqlandırdıqdan sonra İmişli Rayon İcra Hakimiyyətindən dərhal mövzu ilə bağlı reaksiya gəldi. İmişli Rayon İcra Hakimiyyəti öz açıqlaması ilə yaydığımız məlumatı bir daha təsdiq etmiş oldu. Bu açıqlama ilə sözügedən torpaq sahəsi deputat Razi Nurullayevin köməkçisinin atasının adına olması öz təsdiqini tapdı.
İcra Hakimiyyətindənbildirilib ki, sözügedən ərazi Qulubəyli kənd sakini Süleymanov Yavər Abduləli oğlunun icarəsindədir. Y. Süleymanov 09 aprel 2025-ci ildə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Beyləqan ərazi şöbəsi tərəfindən keçirilmiş hərracda qalib gələrək Muradalılı bələdiyyəsinə məxsus 20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini illik icarəyə götürmüş, 12 aprel 2025-ci ildə 3M-78 nömrəli icarə müqaviləsi bağlamış və 02 may 2025-ci il tarixli çıxarış almışdır. Bundan sonra ərazidə təmizlik işləri apararkən bir neçə yulğun ağacını çıxardığı üçün, 17 iyul 2025-ci il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən akt tərtib olunmuş, MN № 2364384 nömrəli İnzibati Xəta haqqında protokol yazılmış və Y. Süleymanovun 2000 manat məbləğində cərimə edilməsi, habelə 3760 manat dəymiş ziyanın ödənilməsi barədə qərar qəbul edilmişdir.
Süleymanov Yavər Abduləli oğlu ilə aparılmış izahi söhbət zamanı məlum olmuşdur ki, o, həmin ərazidə yerli əhalinin gündəlik tələbat mallarına çıxışını təmin etmək və kənd təsərrüfatı heyvanlarının alqı-satqısını həyata keçirmək məqsədilə bazar təşkil etmək niyyətindədir. Bu səbəbdən Y. Süleymanova mövcud qanunvericiliyin tələbləri izah edilərək bildirilmişdir ki, icarəyə götürdüyü 20 ha torpaq sahəsi yalnız heyvanların örüşü məqsədilə ona verilmişdir. Həmin ərazidə tikinti-quraşdırma işləri isə yalnız torpağın təyinatı “Sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar” kateqoriyasına dəyişdirildikdən və qanunvericiliyə uyğun tikintiyə icazə alındıqdan sonra aparıla bilər. Hazırda ərazi aidiyyəti dövlət qurumları tərəfindən nəzarətə götürülmüşdür.(Ajans.az)