DÜNYANIN GÖZÜ ALYASKADA: SÜLH OLACAQMI? –Əksəriyyət Putinin Trampı “sığallayacağını” gözləyir...

Bu gün bütün dünyanın diqqəti buna qədər adı dünya mediasında olduqca nadir hallarda çəkilən Alyaskadadır. Burada Putinlə Tramp arasında keçiriləcək görüş, həmin görüş ərəfəsində Sergey Lavrovun üzərində “SSSR” yazılan “mayka”da görünməsinə baxmayaraq, qətiyyən keçmiş SSRİ ilə ABŞ liderləri arasında baş tutmuş görüşlərlə müqayisə oluna bilməz. Çünki ABŞ həmin ABŞ olsa da, Rusiya qətiyyən SSRİ deyil...
Yenixeber.org: Bu görüş daha çox Ukraynadakı savaşı bitirmək və Trampın Nobel mükafatı arzusunu nə yolla olursa-olsun gerçəkləşdirmək xatirinə ABŞ-nin oturduğu ən yüksək nöqtədən müvəqqəti olaraq bir neçə pillə düşməsinə, Rusiyanın isə yenə müvəqqəti olaraq “qulağından çəkilib” bir neçə pillə yuxarı, əslində layiq olmadığı pilləyə qədər qaldırılmasına bənzəyir. Tərəflərin görüşəcəyi pillənin adı isə Alyaskadır...
Bəs bu görüşə dair gözləntilər özünü doğruldacaqmı?
Qərb mediasında Alyaska sammiti ilə bağlı müxtəlif proqnozlar və “etibarlı mənbələrə” əsaslanan xəbərlər dərc edilir. Onların hər birində “ana xətt” olaraq yenə Vladimir Putinin Trampa “kələk gəlmək” və vaxt udmaq planı keçir.
Məsələn, “Reuters” yazır ki, artıq Alyaska görüşündən öncə tərəflər arasında hansısa razılaşmalar əldə edilib. Agentlik qeyd edir ki, ABŞ Prezidentinin Ukraynada atəşkəslə bağlı ümidlərinin konkret nədən ibarət olduğu və nəyə söykəndiyi bəlli deyil. Lakin Putin artıq görüşdən əvvəl Ukrayna mövzusundakı mümkün uğursuzluğu “malalamaq” üçün hər iki liderin simasını xilas etməyə kömək edə biləcək nüvə razılaşması təklifini irəli sürüb.
Kremlə yaxın mənbə “Reuters”-ə deyib ki, hər iki tərəf əvvəlcədən müəyyən məsələlərdə “ortaq dil” tapıb: "Görünür, cümə günü bəzi şərtlər razılaşdırılacaq, çünki Trampa imtina etmək olmaz və biz də (sanksiya təzyiqinə görə) imtina edə bilmərik".
“Reuters”-in məlumatına görə, Putin tam atəşkəs üçün sərt şərtlər qoyub. Lakin bir kompromis variantı var ki, bu da raket və PUA hücumlarından ibarət olan qarşılıqlı hava müharibəsinə mərhələli şəkildə son qoyulması ola bilər. Yeri gəlmişkən qeyd edək ki, Ukrayna Prezident Ofisinin müşaviri Mixail Podolyak daha öncə rəsmi Kiyevin “hava atəşkəsi”nin əleyhinə olmadığını bəyan etmişdi. Bu, o deməkdir ki, Alyaskada Ukrayna mövzusu ilə bağlı ən azından “hava atəşkəsi”lə bağlı ilkin razılaşma əldə edilməsi perspektivini istisna etmək olmaz.
Eyni zamanda, analitiklər deyirlər ki, Putin Trampa onun istədiyini verirmiş kimi görüntü yaratmağa, bununla yanaşı, Ukraynada istədiyi vaxt eskalasiyanı yüksəltmək imkanlarını özündə saxlamağa çalışacaq.
“Əgər onlar (ruslar) bir növ atəşkəsi təmin edən, lakin eskalasiyaya nəzarəti Rusiyanın ixtiyarına buraxan və onlar üçün Ukrayna üzərində quruda və ya hava məkanında heç bir real maneə yaratmayan bir razılaşma əldə edə bilsələr... bu, Putinin nöqteyi-nəzərindən əla nəticə olardı”. Bunu tanınmış ekspert, Avropa Siyasətinin Analizi Mərkəzinin Demokratik Dayanıqlıq üzrə direktoru Sem Qrin bildirib.
“Sky News” da hesab edir ki, Putin Alyaskada Donald Trampla görüşəndə özünü ABŞ liderinə güzəştə gedirmiş kimi göstərməli olacaq. Çünki o, Tramp üçün sifətinin saxlanmasının vacibliyini dərk edir. “Sky News”-un şərhçisi Ivor Bennettin yazdığı kimi, Putin nə istədiyini və buna necə nail olacağını bilən birisidir: "O, bütün detallardan, tarixdən və hüquqi arqumentlərdən xəbərdar olduğu halda, rəqibinin o qədər də məlumatlı olmadığını bilir. Onun strategiyası bundan istifadə etmək olacaq".
Analitikin fikrincə, Putinin son məqsədi sülh üçün tələsən Trampı buna aparan ən sürətli yolun Rusiyanın şərtlərinin əksəriyyəti ilə razılaşmaq olduğuna inandırmaqdır. Buna nail olmaq üçün Putin sammitdə güzəştlər görüntüsü yaratmalı və Trampa nəsə təklif etməli olacaq: "Bu, Trampın bir daha gündəmə gətirdiyi Volodimir Zelenski ilə üçtərəfli görüş vədi ola bilər. Amma bunun qeyri-müəyyən, yayğın bir vəd olacağından şübhələnirəm. Nəticədə Ağ Ev irəliləyiş olduğunu iddia edə, lakin reallıqda buna nail olunmaya bilər”.
Hesab olunur ki, Putin bu görüşdə Trampın münaqişənin tez bir zamanda həlli və buna görə uğuru öz adına yazmaq istəyi üzərində oynamağa çalışacaq. Buna görə də Putin görüşdən əvvəl Trampı “sığallayaraq”, onun sülhə nail olmaq üçün “enerjili və səmimi” səylərini yüksək qiymətləndirib.
Şərhdə həmçinin qeyd olunur ki, Putin Trampın biznesmen mahiyyətini nəzərə alaraq, onu müxtəlif layihələrlə şirnikləndirməyə çalışacaq: “Bu, nadir torpaq metalları ilə bağlı sövdələşmələr və Arktikada birgə layihələr kimi şeyləri əhatə edə bilər. Buna görə də Rusiya nümayəndə heyətinə Maliyyə naziri Anton Siluanov və Kremlin investisiyalar üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev daxildir".
Bundan əlavə, nümayəndə heyətində Müdafiə naziri Andrey Belousovun olması Putinin nüvə silahlarına nəzarət sazişi bağlamaqda ciddi olduğunu göstərə bilər. Belə bir razılaşma, demək olar ki, Amerika Prezidentinin arzuladığı nəticə olardı.
Bir sözlə, Putinin Ukrayna məsələsində istədiyi nəticələri əldə etmək üçün digər müxtəlif “meydançalarda oynamağa” və Trampn qarşısında güzəştə getməyə hazır olduğunu göstərməyə çalışacağı gözlənilir. Əksər Qərb KİV-lərinin də yazdığı kimi, nəticəsindən asılı olmayaraq, Alyaskadakı görüşün özü artıq Putin üçün qələbədir, çünki bu onu diplomatik böhrandan çıxarır və ona Trampa şəxsən təsir etmək, onu hansısa şərtlərə razı salmaq imkanı verir.
Bu arada ABŞ-nin Maliyyə naziri Skot Bessent Alyaska görüşü ilə bağlı narahatlığını ifadə edən və ABŞ-ni Rusiyaya qarşı sanksiyalara çağıran Avropa liderlərinə “ağızlarını yummağı” və susmağı təklif edib: "Demək istəyirəm ki, avropalı tərəfdaşların ya nəsə etmək, ya da susmaq vaxtıdır. Onlar yenə deyirlər ki, ABŞ bunu etməlidir, onu etməlidir..." Bessent deyib ki, Donald Tramp Ukraynadakı münaqişənin həlli məsələsində öz strategiyasına uyğun hərəkət edir və Putinlə Alyaska görüşü danışıqların növbəti raundularının təşkilinə xidmət edəcək.
Əlbəttə ki, Avropa liderlərilə bu danışıq tonu, eləcə də Ukraynanın və Avropanın Kremllə danışıqlardan kənarda saxlanması o qədər də ürəkaçan mənzərə yaratmır. Nəticədə Trampın “küyə getməyə” və tez-tez mövqeyini, hətta sifətini dəyişməyə meylli olduğunu nəzərə alsaq, Putinlə hansısa razılaşma əldə edəndən sonra ABŞ-nin indiki Prezidentinin Volodimir Zelenskiyə Ağ Evin Oval Kabinetindəki məşhur görüşdəki sifətini təkrar göstərəcəyini qətiyyən istisna etmək olmaz...(Azpolitika)
Cəlal Məmmədli