Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan “Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti” publik hüquqi şəxsi “Astara şəhərinin su təchizatı və kanalizasiya sisteminin yaradılması” layihəsi çərçivəsində kanalizasiya sisteminin tikintisi üzrə 03.06.2025-ci ildə başladığı açıq tenderə yekun vurub. Müsabiqənin qalibi “T.T.Ş.-İNŞAAT” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və tərəflər arasında 41.495.129,27 manat dəyərində satınalma müqaviləsinin bağlanılması planlaşdırılır. Məlumat satınalmaların portlında 07.08.2025-ci ildə dərc edilib.
Yenixeber.org: Satınalmaların portalı üzərindən apardığımız araşdırmada məlum oldu ki, “Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti” Böyükşor hövzəsi üzrə gətirici kanalizasiya kollektorunun tikintisi işlərinin satın alınması üzrə “T.T.Ş.-İNŞAAT” MMC ilə bir mənbədən satınalma metodu tətbiq etməklə 56.500.000 manat dəyərində müqavilə bağlayıb. Məlumat portlda 13.05.2025-ci ildə dərc edilib.
Göründüyü kimi Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan “Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti” üç ay ərzində “T.T.Ş.-İNŞAAT” MMC-yə 97 995 129 manat dəyərində dövlət sifarişi verib.
Bundan əlavə “Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti” ötən il də “T.T.Ş.-İNŞAAT” MMC ilə “İşğaldan azad olunmuş ərazilərdə su təchizatı ilə bağlı təxirəsalınmaz işlərin icrası” işlərinin satın alınması üzrə 1.974.000 manat, “Cəbrayıl şəhərinin, Cəbrayıl rayonunun Horovlu və Şükürbəyli kəndlərinin xarici su təchizatı və kanalizasiya sisteminin yaradılması” işlərinin satın alınması üzrə isə 27.545.800 manat dəyərində iki satınalma müqaviləsi bağlayıb.
Göründüyü kimi Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan “Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti” 09.10.2024-cü ildən 07.08.2025-ci ilə qədər, yəni 10 ay ərzində “T.T.Ş.-İNŞAAT” MMC ilə ümumi dəyəri 127 514 929 manat olan dörd satınalma müqaviləsi bağlayıb. Bəs 10 ay ərzində yüz milyonluq dövlət sifarişi almış bu şirkət haqqında nə kimi məlumatlar var.
Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “T.T.Ş.-İNŞAAT” (VÖEN: 1600121371) Məhdud Məsuliyyətli Cəmiyyətinin 09.10.2004-cü il tarixdə Bakı şəhəri Milli Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 27 411 149.86 manat olan MMC-nin hüquqi ünvanının, BAKI ŞƏHƏRİ, NİZAMİ RAYONU, BABƏK PR., ev.53, qanuni təmsilçisi kimi isə Məmmədov Xalıqverdi Malça oğlu qeyd olunub.
Reyestrə edilmiş dəyişikliklərdə MMC-nin Eldarov Tərlan Salman oğlu tərəfindən təsis edildiyi göstərilir. Vergi öhdəlikləri üzrə 2012- 2024-cü illərdə Vergi Məcəlləsinə uyğun olaraq vergi hesabatını və ya onu əvəz edən arayışı vaxtında təqdim etməməyə görə dəfələrlə maliyyə sanksiyası tətbiq edilmişdir
Şirkətin adıçəkilən qanuni təmsilçiləri haqqında açıq mənbələrdə məlumat yoxdur. Mediada yer alan məlumatlara görə şirkətin prezidenti Qorxmaz Paşayevdir. O, eyni zamanda “Alıbəyli” Kooperativinin, “Alıbəyli” Kiçik Müəssisəsinin və “Alıbəyli Şirkəti” MMC-nin prezidentidir. Bu barədə “T.T.Ş.-İnşaat” MMC-nin saytında qeyd olunub. Qorxmaz Paşayevin adı zaman-zaman baş nazirin keçmiş müavini Əli Həsənovun yaxın adamı kimi çəkilib. “T.T.Ş.-İnşaat” MMC-nin daha çox “Qaçqınkom”un tenderlərində qalib seçilməsi bu iddiaların əsassız olmadığına şübhələri artırır. Əli Həsənov işdən çıxarılandan sonra isə Qorxmaz Paşayevin də biznesini xaricə köçürdüyü barədə məlumatlar yayılmışdı. Bu məlumatların təkzib olunmasına rast gəlinmir.
Əsasən iri məbləğli tenderlərin qalibi seçilən “T.T.Ş.-İnşaat” MMC haqqında media resurslarında tənqidi yazılara daha çox rast gəlinir. Bu yazılarada “T.T.Ş.-İnşaat” MMC “şübhəli şirkət” kimi təqdim olunur.
Qeyd edək ki, “T.T.Ş.-İnşaat” MMC-nin rəsmi veb saytında keçmiş “AZƏRSU” ASC, hazırkı Dövlət Su Ehtiyatları Agentliyinin əsas müştərilərindən biri olduğu açıqlanır. Əsas müştəri nə deməkdir? Yəni daim işbirliyində, rəsmi şəxslərinin daim təmasda, münasibətdə olması anlamına gəlir. “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu belə hallara yol verirmi? Maraqlıdır?
Burada daha bir maraqlı bir məqam da var. “T.T.Ş.-İnşaat” MMC-nin qalib olduğu tenderlərdən göründüyü kimi dövlət sifarişlərinin hər biri ayrı-ayrı rayonlarda həyayata keçirilir. Görəsən “T.T.Ş.-İnşaat” MMC-nin eyni zamanda həm Cəbrayıl rayonunun Horovlu və Şükürbəyli kəndlərində, həm Astara şəhərində, həm də Bakıda bu işləri həyata keçirməsi üçün mütəxəsisləri, mühəndisələri, işçi qüvvəsi varmı?
Xatırlatmaq istərdik ki,Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan “Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti” publik hüquqi şəxsi vaxtı ilə “Meliorasiya və Su Təsərrüfatı” ASC-yə tabeli Tikilməkdə olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti olub. Bu müəssisəyə respublika ərazisində, meliorasiya, iriqasiya və suvarma sistemlərinin fəaliyyətini yaxşılaşdırılması məqsədi ilə son illər yüz milyonlarla manat dövlət vəsaitləri ayrılıb. Amma qurumun gördüyü işlərin səmərəli olmadığını Prezident İlham Əliyev də 2020-ci ilin iyulun 23-də su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatda keçirilən müşavirədə açıqlamışdı.
Struktur islahatlrı aparıldıqdan sonra Dövlət Su Ehtiyatları Agentliyinin Tikilməkdə Olan Obyektlərin Müdiriyyətin yeni direktoru Məmmədov Samir Teymur oğludur. O, 2022-ci ilin yanvar ayında Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin tabeliyində yaradılmış “Satınalmaların Təşkili və Müqavilələrin İcrasına Nəzarət” MMC-nin direktoru olub. Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovun kadrıdır, ən yaxın adamlarından biri hesab edilir.(aktualinfo.org)