ABŞ-TÜRKİYƏ MÜNASİBƏTLƏRİNDƏ “F-35” DÜYÜNÜ:Vaşinqton Ankaradan asılı durumdaymış - TƏHLİL
Sərdar Turqut,
“Habertürk”ün Vaşinqton təmsilçisi, 04 aprel 2019-cu il
Türkiyə ilə ABŞ arasındakı problemlərlə bağlı müxtəlif agentliklərin verdiyi xəbərlərin əksəriyyəti amerikan qaynaqlarının nəzarətində olur.
Yenixeber.org: Bu üzdən xəbərlər arasında obyektiv və tərəfsiz olanları xeyli azdır. Dünya mediasında, xüsusilə ABŞ qaynaqlı mediada gedən xəbərlərə çox da tənqidi yanaşmadan istifadə adəti olduğundan, gəlinən nəticə həqiqət deyil, yalnış ola bilər.
ABŞ-ın şantaj məqsədilə istifadə etdiyi F-35 proqramının həqiqi durumu
ABŞ-la Türkiyə arasındakı S-400 böhranı və amerikan tərəfinin bununla əlaqədar çıxardığı F-35 böhranıməsələsində də məhz belə olur.
Bu məsələ ilə bağlı rəsmi ifadə edilən mövqe belədir: “Əgər Türkiyə Rusiyadan S-400 raket sistemi alıb öz torpaqlarında yerləşdirərsə, ABŞ qəti olaraq F-35-ləri verməyəcək və Türkiyəni onların istehsal prosesindən də çıxaracaq”.
Hər bir görüşdə, ABŞ qaynaqlı hər bir xəbərdə təkrar edilən baxış budur. Həqiqətən, Vaşinqtondakı bəzi qurumlar bu baxış yönündə bəzi addımlar atmağa da başlayıblar.
F-35-lərlə bağlı Türkiyəyə edilən təchizatın və türk pilotlarına burada verilən təlimin durdurulması haqqında açıqlamalar verilir. Ancaq bəyan edilən bu addımların həqiqətən icra olunub-olunmaması qəti aydın deyil. Doğrusu, əks açıqlamalar da gəlir, nəticədə “Görüşlər davam edir” də deyilir.
Buradakı hərbi qaynaqlarımla və hakimiyyətə yaxın mütəxəssislərlə görüşdüm. İndi bu məsələ ilə əlaqədar əldə etdiyim həqiqətləri sizə çatdırmaq istəyirəm.
Həqiqətlər nələrdir?
Öncə qeyd edək ki, Türkiyə F-35 proqramında sadəcə təyyarələri satın alan bir ölkə deyil, bu təyyarələrin istehsal prosesində həyati mövqedə olan bir ölkədir.
Hətta F-35-lərin önəmli təmir işlərinin görüldüyü yer də Türkiyə olacaq.
Türkiyə yerinə başqa bir ölkə həmən tapıla bilməzsə, ABŞ-ın çox önəm verdiyi F-35-lərin yerdə belə yol alması mümkün deyil.
F-35 proqramının həyata keçirilməsi təxmin edildiyi kimi getmir. Sual verdiyim bir hərbi qaynaq bu proqramın mövcud durumunu “bərbad” (it is really a mess) olaraq qiymətləndirib.
Vaşinqtonda Hökumət Hesabatlılıq Ofisi (Government Accountability Office ) adlı bir dövlət qurumu da var. Bu qurumun hesabatlarına görə, hazırda F-35-lərdə həmən düzəldilməli olan 966 xəta mövcuddur.
Onu da qeyd edək ki, F-35 proqramı hazırda təyyarələrin “Əməliyyat sınaq dövrü”ndədir (operational testing period). Əməliyyat sınaqları sentyabr ayının sonunadək bitirilməli idi. Ancaq Pentaqonun “Əməliyyat testi və qiymətləndirilməsi” (“Operational Test and Evaluation”) qurumuna (direktoru Robert Behlerdir) yaxın qaynaqlarla söhbət edərkən, onlar sınaq dövrünün müəyyən edilmiş zaman içində tamamlanmasının, demək olar ki, imkansız olduğunu söyləyirlər.
Proqram xərcləri çox böyükdür
Edilən təsbitlərə görə, proqramın müəyyən edilmiş xərc səviyyəsi – 150 milyard dollar artıq aşılıb və əlavə xərclər hər gün artır.
Bunlar sadəcə texniki problemlər deyil, eyni zamanda ABŞ baxımından bir milli təhlükəsizlik məsələsidir. Çünki ABŞ qarşıdan gələn 12 il içində hər il, biri 80 milyon dollar olmaqla, 100 ədəd F-35 almağı planlaşdırırdı. İstehsal prosesindəki çatışmazlıqlar ortadan qaldırılmazsa, hazırda bu tələbin qarşılanması belə şübhə altındadır.
Türkiyənin də kozırları vardır
Bəli, ABŞ-ın Türkiyənin Rusiyadan almaq istədiyi S-400 raketlərinə qarşı şantaj olaraq istifadə etməyə çalışdığı F-35 proqramındakı həqiqi mövcud durum belədir.
Dediyim kimi, təyyarələrin istehsal prosesində Türkiyə həyati rol oynayır. ABŞ-ın təhdid etdiyi kimi, Türkiyə bu proqramdan kənarlaşdırılarsa, doğrusu, sarsılmaqda olan nəhəng layihənin tamamilə çökməsi ehtimalı belə var.
Ona görə ABŞ tərəfi məsələ ilə bağlı hələ də Türkiyə ilə danışmaq və bir uzlaşma yolu tapmaq istəyir. ABŞ Müdafiə nazirinin son açıqlaması da bu yöndədir.
Bunları bilək ki, məsələ ilə bağlı mövqe müəyyən edərkən daha məlumatlı və dəqiq ola bilək.Tərcümə: Strateq.az