Binəsib xanımın zərif çiynindəki dörd çuvallıq duz yükü – O, qəhrəman anadır!
Ananın göz yaşları qarşısında nə qədər dik dura bilərsiniz? Yəqin ki, bir çoxumuz ilk olaraq insanı ağlamağa vadar edən səbəblə maraqlanar, daha sonra həll yolu tapmağa çalışarıq. Mən də inanıram ki, bugünkü qəhrəmanımın göz yaşlarına biganə qalmayan xeyirxah insanlar tapılacaq.
5 uşağı ilə kiçik bir daxmada yaşamağa məcbur olan Rəsmiyyə Səfərovanın mərhəmətli insanların yardımına ehtiyacı var. Əvvəl Rəsmiyyə xanımın iş yerinə yollandıq. “Sədərək” ticarət mərkəzində, iki insanın zorla sığışa biləcəyi bir yerdə çayçılıq edir. Heç kəsə əl açmır, namusuyla balalarına ruzi qazanır.
Daha sonra bu böyük ailənin yaşadığı kiçik evə baş çəkdik. Daxmanı xatırladan evə daxil olduqda gələn kif qoxusu, uçuq-sökük divarlar burada yaşamağın necə çətin olduğundan xəbər verir.
Məhrumiyyətlərlə böyüyən Rəsmiyyə xanım 20 yaşında sevib-seçdiyi şəxslə ailə qursa da, həyat onun üçün daha başqa “sürpriz”lər hazırlayıb. Əri sonralar əhatəsindəki insanların təsirinə düşərək, içki aludəçisi olub.
Masallıdan maddi çətinlik ucbatından son ümid kimi Bakıya köçüblər. Həyat yoldaşına hər işində yardım etməyə çalışan bu xanım heç gözləmədiyi sonluqla qarşılaşır. Ailə başçısı Rəsmiyyə xanımı və beş övladını taleyin ümidinə atıb gedir.
Artıq 10 ildir ki, həyat yoldaşından ayrılan qəhrəman ana (müasir standartlarla beş övlada təkbaşına baxan ananı qəhrəman adlandırmaq yəqin ki, şişirtmə olmaz – M.A) illərdir ki, fəhləlik edərək övladlarını böyüdür. “Övladlarımı nə zülmlə böyütmüşəm, bir Allah bilir” – deyən xanım oğlunun iflic olmasını və onu müalicə etdirmək iqtidarında olmadığını da dilə gətirir:
“Mən məktəb görməmişəm, özümü tanıyandan əlimin zəhməti ilə ailəmə pul qazanmağa çalışmışam. Əvvəl ərim 50-100 manat aliment verirdi, oğlumu həkimə apara bilirdim. Artıq uzun müddətdir ki, alimenti də kəsib”.
Başına gələnləri gözyaşı ilə danışan bu mərd qadının fədakarlığı insanı heyrətə gətirməyə bilməz. Xanımın üzünə süzülən göz yaşlarının fonunda 11 yaşlı oğlunun bütün məhdudiyyətlərə rəğmən kameraya gülümsəməsi gözümdən qaçmadı. Çox çətinliklə yeriməsinə rəğmən sanki səliqəli nitqi və güləş siması ilə həyata necə bağlı olduğunu və sağalmaq istədiyini israrla sübut etməyə çalışırdı.
Xanımın 20 və 23 yaşlı qızları ibtidai sinfə qədər oxuya bilsə də, onları oxutmağa maddi çətinlik yarandığı üçün məktəbi buraxmalı olublar. İndi isə ailə qurmağa hazırlaşsalar da, maddi çətinlik buna da imkan vermir. 14 yaşlı digər qız isə mövcud problemə görə məktəbə gedə bilmir.
Bu qədər problemin içində Rəsmiyyə xanımın 15 yaşlı qızı gələcəyə ümid vəd edən istedada malikdir, amma yenə də maddiyyat onun əlini-qolunu bağlayıb. Xumar adlı bu zərif qızcığaz məktəb görməsə belə, çox gözəl əl qabiliyyətinə malikdir.
Günlərini 4 divar arasında keçirən Xumarın istedadı bu kiçik daxmanın sərhədlərini aşıb. “Rəsm çəkməkdən başqa bir şey bilmirəm, çox istəyərdim ki, heç olmasa mən arzuma çatım və rəssam olum” – deyən Xumar yardımsevər insanların onun səsinə səs verməsini gözləyir.
Çarəsiz durumda olan ana, “Qızımın 20 Yanvarla bağlı çəkdiyi rəsm keçən il birinci yerə layiq görülüb. Hətta bunu təşkil edən məktəbin rəsm müəlliməsi də qızıma pulsuz köməklik də etdi. Ona bir neçə ay rəsmlə bağlı dərs verən müəllimə artıq Türkiyədə yaşayır. Həmin müəllimə qızımın çox gözəl əl qabiliyyəti olduğunu söyləyirdi” – deyir və qəhərlənir.
Sosial müavinətlə bağlı lazımı qurumlara müraciət etsə də, onun səsinə səs verən tapılmayıb: “Həyat yoldaşım indi evlidir və bizim ortaq adımıza olan torpağın pulunu da övladlarıma çox görür”.
Rəsmiyyə xanım yeganə ümidinin media olduğunu dilə gətirir:
“Çox şükür, xeyirxah insanların vasitəsi ilə bu günə qədər gəlmişəm. Lakin vəziyyətimi görürsünüz. Oğlum köməksiz yeriyə, heç bir ehtiyacını ödəyə bilmir. Üzümü tuturam mərhəmətli insanlara, mənim balama kömək edin”.
Nə qədər ki, uşaqlar kiçik idi, onların problemləri də kiçik olub. Uşaqlar böyüdükcə, qayğıları da böyüyüb və artıq bəxt sarıdan yarımamış ananın zərif çiyinlərindən basacaq qədər ağır yükə çevrilib.
“Qız yükü, duz yükü” deyərlər, bax, o duz yükündən bu qadının çiynində dörd çuval var, üstəlik, xəstə oğul dərdi, üstəlik, az maaşlı iş, üstəlik… daha nələr…
Şair Nəriman Həsənzadənin “Kimin sualı var” poemasında belə bir misralar var:
Dünyada ən mahir istedad belə
Bir sığal görməsə yüksələ bilməz.
Qoy xeyirxah insanlar bu bəxtsiz xanımın istedadlı balasına yardımçı olsunlar, xəstə oğluna mərhəmət göstərsinlər.
Dünya yaxşı insanlardan xali deyil. Onlar həmişə olublar, olacaqlar. Biz də inanırıq ki, bu ailənin səsinə səs verəcək mərhəmətli insanlardan bir neçəsi bu yazını oxuyacaq və içlərindəki sarı sim oyanacaq.(minval)
Məleykə Ağasoy