Cənubi Qafqazda ABŞ və Qərbin Rusiya ilə geopolitik qarşıdurması Ermənistan cəmiyyətinə də sıçramağa başlayıb, Kremlin hərəkətə gətirdiyi erməni revanşistlər növbəti dəfə Paşinyan hakimiyyətini hədəfə alıb... Baş nazir Nikol Paşinyan isə Rusiyanın "5-ci kolon"una sülh sazişinə yeganə alternativin Ermənistanın mövcudluğu ilə vidalaşmaq olduğunu anlatmağa çalışır...
Yenixeber.org: Ermənistanda siyasi ehtiraslar yenidən qızışmağa başlayıb. Rusiyanın dəstəyinə arxalanan revanşist erməni müxalifəti Paşinyan hakimiyyətini Ermənistanın maraqlarını satmaqda suçlayır. Son vaxtlar sülh sazişinin "Vaşinqton variantı" ilə bağlı iddiaları gündəmə çıxararaq, Rusiya prezidenti Vladimir Putinin məlum tezislərinin eynilə təkrarlanması da bu prosesin tərkib hissəsi hesab oluna bilər.
Ümumiyyətlə, revanşist erməni siyasi qüvvələri ABŞ və Qərbin təşəbbüsü ilə aparılan sülh danışıqlarını birmənalı şəkildə şübhə altına almağa çalışırlar. Əsas tezisləri ondan ibarətdir ki, Paşinyan hakimiyyəti ABŞ və Avropa Birliyini sülh prosesinə qatmaqla, Ermənistanın gələcək taleyini ciddi təhlükə altına atıb. Və bu prosesin Rusiyanın vasitəçilik missiyasından kənarda perspektivi yoxdur.
Belə təsəvvür yaranır ki, erməni radikal-revanşistlər Kremlin təlimatları əsasında hərəkət edirlər. Son vaxtlar Rusiya siyasi dairələrinin ABŞ və Qərbin vasitəçilik təşəbbüslərinə isterik yanaşması da Kremlin Ermənistandakı "5-ci kolonu" ön plana çıxartmaqda maraqlı olduğunu göstərir. Hətta Ermənistan parlamentinin spikeri Alen Simonyan da Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakı səfəri zamanı verdiyi açıqlamalara cavab olaraq, Kremli Qərbin vasitəçilik təşəbbüslərinə ifrat şəkildə qıcıqla reaksiya göstərməkdə qalmamışdı. Və bildirmişdi ki, Kremlin davranışlarına baxmayaraq, rəsmi İrəvan məhz Ermənistanın maraqları çərçivəsində hərəkət edəcək.
Maraqlıdır ki, Ermənistan baş naziri Nikol Paşinyan da bu məsələyə təmas etməkdən özünü saxlaya bilməyib. O, Almaniya səfəri zamanı keçirdiyi görüşlərdə bildirib ki, "Qarabağ mövzusu" Ermənistanı nəzarət saxlamaq məqsədilə istifadə olunan mexanizmlərdən biridir. Onun fikrincə, bu məsələ həm də Ermənistanda hakimiyyət uğrunda mübarizənin də əsas predmetidir. Yeni, erməni baş nazir demək istəyir ki, Rusiya və Ermənistandakı revanşist siyasi qüvvələr bu mövzunu öz maraqları üçün istismar edirlər.
Belə anlaşılır ki, əslində, Paşinyan hakimiyyəti üçün "Qarabağ mövzusu" indiki situasiyada əsas siyasi yükə çevrilib. Ancaq rəsmi İrəvan hələlik bu yükü Ermənistanın çiynindən atmağa nail ola bilmir. Eyni zamanda, Ermənistan bu yükü uzun müddət daşımaq imkanlarına da sahib deyil. Və bu səbəbdən də Paşinyan hakimiyyəti Ermənistanın inkişaf perspektivlərini bloklayan "Qarabağ mövzusu"ndan birdəfəlik xilas yollarını axtarır.
Erməni radikallar rəsmi İrəvanın "Qarabağ məsələsi"ni özəl siyasi maraqlara qurban verdiyini də iddia edirlər. Onların fikrincə, Paşinyan hakimiyyəti bu məsələ ilə bağlı məhz rəsmi Bakının tezislərini təkrarlayır. Buna misal olaraq isə parlamentin spikeri Alen Simonyanın "Azərbaycan-Ermənistan sülh sazişində Qarabağ məsələsi ilə bağlı hər hansı maddənin qeyd olunması mümkün deyil. Bu sənəd yalnız iki ölkə arasındakı problemləri əks etdirməlidir" məzmunlu açıqlamasını göstərirlər.
Digər tərəfdən, erməni revanşistlər Avropa Birliyi təmsilçilərinə istinadən sülh danışıqlarının məhz Azərbaycanın irəli sürdüyü beş baza prinsipi üzrə aparıldığını da xüsusi olaraq, qabardırlar. Onlar iddia edirlər ki, sülh sazişinin bütün şərtləri məhz rəsmi Bakı tərəfdən diqtə olunur. Ona görə də, sülh sazişində Avropa Birliyi vasitəçi olsa da, yekun sənəd Azərbaycan variantı kimi hazırlanacaq və imzalanacaq.
Maraqlıdır ki, bəzi erməni politoloqlar da rəsmi Bakının prinsipial mövqeyini sülh sazişinin imzalanmasında əsas baryerlərdən biri kimi təqdim etməyə çalışırlar. Politoloq Qrant Mikaelyanın fikrincə, "Ermənistan ciddi güzəştlər etsə də", rəsmi Bakının sərt və maksimalist mövqeyi vəziyyəti qəlizləşdirir.
Digər tərəfdən, erməni politoloq hesab edir ki, sülh prosesində Rusiya və ABŞ arasında intensivləşən amansız rəqabət də ciddi problem yaradır. Çünki hər iki tərəf vasitəçilik təşəbbüsünü bir-birinin əlindən almağa çalışır: "Rəsmi İrəvandan fərqli olaraq, Azərbaycan çox dəqiq və konkret mövqeyə malikdir. Üstəlik, Ermənistan resursların müqayisəsində də Azərbaycana ciddi şəkildə uduzur. Ona görə də, rəsmi İrəvan Azərbaycanın sülh sazişi üzrə beş prinsipini qəbul etmək məcburiyyətində qalıb. Bu baxımdan, sülh danışıqları məhz Azərbaycan platformasında gedir".
Nə qədər qəribə də olsa, Ermənistan baş naziri Nikol Paşinyan da bu reallığı dolayısı ilə etiraf edib. Erməni baş nazir Ermənistanın imkanların məmnunedici səviyyədə olmadığına eyham vurub. Onun fikrincə, sülh danışıqlarında mövcud reallıqlar çərçivəsində atılan bütün addımlar Ermənistan cəmiyyətində onun "Azərbaycan tərəfdarı" olması barədə rəylərə yol açır: "Bəziləri hətta sülh danışıqları ucbatından məni türk olmaqda suçlayırlar".
Erməni baş nazir ona da eyham vurub ki, indiki situasiyada sülh danışıqlarında Ermənistanın təhlükəsizliyinə yönəlik mövqe tutmaq əsas xətt olmalıdır: "Ermənistanın təhlükəsizliyini artıq tam təmin edə bildiyimizə əmin deyiləm. Xüsusilə də, geopolitik sarsıntıların yaşandığı indiki situasiyada bu, çox çətindir. Ona görə də, Ermənistan hazırda olduqca təhlükəli vəziyyətlə üzləşib. Bu baxımdan, sülh gündəliyinin inkişaf etdirilməsi çox vacibdir".
Baş nazir Nikol Paşinyan radikal siyasi qüvvələrin ittihamlarına cavab olaraq, bildirib ki, Ermənistan üçün hazırda çoxsaylı risklərin aktuallığını unutmaq olmaz. Çünki indi Ermənistan çox qəliz və təhlükəli mərhələdən keçir. Ona görə də, beynəlxalq ictimaiyyətin əsas diqqətini Cənubi Qafqazda uzunmüddətli regional sülhün bərqərar olmasına yönəlik prosesə yönəltmək lazımdır.
Göründüyü kimi, ABŞ və Qərbin Rusiya ilə geopolitik qarşıdurması Ermənistan cəmiyyətinə də sıçramağa başlayıb. Hər halda, Rusiya yönümlü erməni radikallar ABŞ və Qərbi Ermənistana yerləşdirməyə çalışan Paşinyan hakimiyyətini qarşı növbəti dəfə hədəfə alıb. Baş nazir Nikol Paşinyan isə Kremlin hərəkətə gətirdiyi revanşistlərə Ermənistanın düşdüyü durumu, üzləşdiyi təhlükə risklərini anlatmağa çalışır. Erməni baş nazirin açıqlamalarında sülh sazişinin alternativinin Ermənistan üçün mövcudluğun riskə atılması olduğuna yönəlik üstüörtülü eyhamlar nəzərə çarpır.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert