Paşinyanı devirmək planı iflasa uğraya bilər: Çevriliş ssenarisinin arxasında hansı dövlət var...
Cənubi Qafqazda önəmli hədəflərə malik bir beynəlxalq gücün dəstəyi olmadan erməni diasporunun Paşinyan hakimiyyətini devirə biləcəyi o qədər də inandırıcı görünmür; Ermənistanda dövlət çevrilişinə cəhd edilərsə, ABŞ-Rusiya qarşıdurması bu regiona da sıçraya bilər...
Yenixeber.org: Cənubi Qafqazda mövcud situasiyanın dəyişib, yeni geopolitik şərtlərin formalaşdırılması üçün cəhdlər davam edir. Bəllidir ki, indiki geopolitik şərtlərdən məmnun olmayan kənar güclər mövcuddur. Və onlar əllərindən gələn hər şeyi etməyə çalışırlar.
Onu da qeyd edək ki, mövcud regional şərtlərin qüvvədən salınması üçün ilk növbədə bölgə dövlətlərindən birində mütləq sosial-siyasi xaosun yaradılması vacibdir. Əks halda, geopolitik şituasiyanı regionda əsas söz sahibi olan üç dövlətin - Azərbaycan, Türkiyə və Rusiyanın nəzarətindən çıxartmaq mümkün deyil. Bu faktor Cənubi Qafqazda maraqları olan və ancaq nisbətən oyundankənar vəziyyətə salınmış beynəlxalq güclərin qarşısında önəmli əngəl törədir.
Təbii ki, geopolitik xaosun yaradılması üçün yalnız Ermənistan Cənubi Qafqazda "zəif bənd" rolunu oynaya bilər. Çünki Ermənistan son savaşda biabırçı məğlubiyyətə uğrayıb. Bu, Ermənistan cəmiyyətində natamamlıq kompleksi və məğlub xalq sindromu yaradıb, ümummilli şoka yol açıb. Üstəlik, bu ölkənin daxilində sosial-iqtisadi narazılıq da ən yüksək səviyyədədir. Və çıxış yolu isə hələlik görünmür.
Deməli, geopolitik xaosun təməlini atmaq üçün Ermənistan ən uyğun region ölkəsidir. İndi məğlub xalq sindromundan xilas olmağa can atan Ermənistan cəmiyyətini istənilən avantürist ssenarilərə inandırmaq mümkündür. Ona görə də, siyasi idarəçilik sistemi iflic olmuş Ermənistanın daxili xaosa sürüklənməsi daha əlverişli hədəf təsiri bağışlayır.
Maraqlıdır ki, son vaxtlar Ermənistanda dövlət çevrilişinə hazırlığın olduğu barədə müxtəlif məlumatlar yayılmağa başlayıb. Üstəlik, dövlət çevrilişinə cəhdin göstəriləcəyi vaxt da elan edilib. Və həmin vaxt artıq sona çatmaq üzrədir.
Məsələ ondadır ki, iddialara görə, 20 fevralda Ermənistanda kütləvi iğtişaşlar törədiləcək və Paşinyan hakimiyyəti devriləcək. Kifayət qədər ciddi iddialardır. İnandırıcı olmamış da deyil.
Məsələ ondadır ki, bu iddiaların müəllifləri sırasında tanınmış rusiyalı hərbi ekspert İqor Korotçenko da var. Onun məlumatlı hərbi ekspert olduğu isə şübhə doğurmur. Əgər, belə bir hərbi ekspert həmin iddiaya müəlliflik edirsə, deməli, diqqətə layiqdir.
Maraqlıdır ki, rusiyalı hərbi ekspert "Əldə olunan məlumatların təhlilinə əsasən, fevralın 20-də Ermənistanda dövlət çevrilişinə cəhd göstəriləcəyini iddia etmək olar. Hətta kütləvi iğtişaşlar zamanı baş nazir Nikol Paşinyanın fiziki cəhətdən aradan götürülməsinə yönəlik planların olduğu barədə də məlumatlar var" demişdi.
Digər məlumatlardasa, dövlət çevrilişinə erməni diasporunun önəmli oliqarxlarının maliyyə dəstəyi verdiyi də vurğulanır. Guya Paşinyan hakimiyyətinin devrilməsinə cəmisi 30 milyon dollarlıq bir büdcə ayrılıb. Yəni, Ermənistanda bir hakimiyyətin devrilib, yenisi ilə əvəzlənməsinin xərci cəmisi 30 milyon dollara başa gəlir.
Əlbəttə, bu məsələ yalnız Ermənistanın özünə aid olsa, tamamilə inandırıcı görünə bilər. Çünki, balaca, başıpoz bir ölkədir. İstənilən siyasi ssenari qarşısında immunitetsizdir. Ancaq bu ssenarinin həm reallaşmasının mümkünlüyünü, həm də real olmadığını dəstəkləyən arqumentlər kifayət qədərdir və bir-birinə paralellik təşkil edir.
Əvvəlcə ondan başlayaq ki, erməni xalqı müasir geopolitik şərtlərdə özünə siyasi lider seçmək şansına sahib deyil. Çünki, Ermənistan kimi zəif və xarici müdaxilələrə immunitetsiz ölkələrdə xalq faktoru müəyyənləşdirici amil sayılmır. Xalq, xarici müdaxilənin reallaşdırılmasında sadəcə, ssenariləri quranların əlində legitimlik üçün istifadə edilən vasitədir.
Elə baş nazir N.Paşinyanın hakimiyyətə gətirilməsi prosesi də buna misaldır. ABŞ-ın rəngli inqilablar ixrac edən "Soros" Fondu onu o qədər də ciddi əziyyət çəkmədən Ermənistanda iqtidara gətirə bilmişdi. Ermənistan cəmiyyətinin uzun illər hakimiyyətdə olan Qarabağ klanına nifrəti də “Soros”un işini asanlaşdırırdı.
Üstəlik, Ermənistan cəmiyyətini öz soyğunçuluğu ilə bezdirmiş Qarabağ klanı da Rusiyanın sayəsində uzun illər hakimiyyətdə qala bilmişdi. Kremlin dəstəyi neytrallaşdırıldıqdan dərhal sonra da hakimiyyəti itirmişdi.
Deməli, bu önəmli məqam da Ermənistanda hakimiyyət dəyişikliyinə cəhdin hərəkətverici qüvvəsinin məhz ölkə xaricində ola biləcəyini təsdiqləyir. Bu baxımdan, Ermənistanda hakimiyyət çevrilişində hansı ölkənin maraqlı ola biləcəyi də hazırda ən önəmli suallardandır. Və bu suala cavabın tapılması çevriliş ssenarisi müəlliflərinin əsas hədəflərini təxmin etməyə imkan verə bilər.
Onu da qeyd edək ki, hazırda Ermənistandakı daxili şituasiyaya birbaşa və ya dolayısı ilə müdaxilə etmək mexanizmləri olan bir neçə ölkə var. İndi Ermənistanı "Soros" Fondunun "inqilab əsəri" olan Paşinyan hakimiyyəti idarə etdiyindən ABŞ da həmin ölkələrin sırasında yer alır.
Ancaq savaşda məğlubiyyət Paşinyan hakimiyyətini "Soros"un nəzarətindən çıxarıb. Çünki, Paşinyan hakimiyyəti 10 noyabr və 11 yanvar anlaşmalarına imza atmaqla, Rusiyanın təsir dairəsinə düşüb.
İndi daxili etiraz dalğası qarşısında Paşinyan hakimiyyəti həm imza atdığı sənədlərin tələblərinə riayət etmək, həm də Rusiyanın ən xırda təlimatına belə, boyun əymək məcburiyyətindədir. Və bu baxımdan, hazırda Paşinyan hakimiyyətinin Rusiyanın himayəsi altında olduğunu da düşünmək olar.
Hesab etmək olar ki, Kreml əslində, Paşinyan hakimiyyətinin devrilməsində maraqlı tərəf kimi görünmür. Hər halda, Paşinyan hakimiyyəti Rusiyanın maraqlarına cavab verən hər iki anlaşmanın icrasında həssas davranmağa çalışır. Elə revanşist erməni dairələrinin onun devrilməsinə can atmasının əsas səbəblərindən biri də məhz budur.
Eyni zamanda, Paşinyan hakimiyyətinin anlaşmaların icrasına əngəl törətməməsi Cənubi Qafqazda digər iki önəmli söz sahibinin - Azərbaycan və Türkiyənin də maraqlarına cavab verir. Yəni, Ermənistana kənar təsir imkanları olan bu iki dövlət üçün baş nazir Nikol Paşinyanın hakimiyyətdə qalması hələlik sərfəlidir.
Belə olan təqdirdə, "Ermənistanda dövlət çevrilişinə cəhdi hansı dövlət ssenariləşdirə bilər" sualı istər-istəməz aktuallığını qoruyub, saxlayır. Çünki, regionda maraqları olan ölkələrdən hansınınsa razılığı, hətta müdaxilə səviyyəsində iştirakı olmadan belə bir ssenarinin reallaşma ehtimalı inandırıcı görünmür.
Təbii ki, bu baxımdan, iki dövlətin imkanları ön plana çıxır. Belə ki, Ermənistana müdaxilə üçün həm daxili, həm də xarici mexanizmlərə yalnız Rusiya və ABŞ sahibdir. Və ssenari müəlliflərinin arxasında məhz bu iki dövlətdən birinin "sehirli çubuğunun" ola biləcəyi qətiyyən istisna deyil.
Məsələ ondadır ki, çevrilmiş ssenarisində rol ala biləcək qüvvələr məhz Kremlin təsir dairəsindədir. Paşinyan hakimiyyəti isə formal da olsa, ABŞ-a bağlı siyasi qüvvədir. Ancaq Paşinyan hakimiyyəti Kremlin bütün təlimatlarına qeyri-şərtsiz əməl etdiyindən Rusiyanın yeni “geopolitik məcarə”yə həvəs göstərməsi bir qədər məntiqsiz görünür.
Üstəlik, son vaxtlar Qarabağ klanının, keçmiş prezident Robert Köçəryanın timsalında, Kreml ilə təmas qurmaq cəhdlərinin uğursuz olması barədə də məlumatlar var. Yəni Rusiya üçün Ermənistanda indiki situasiyada çevriliş cəhdi o qədər də sərfəli görünmür.
ABŞ-a gəldikdəsə, "Soros"un hakimiyyətə gətirdiyi baş nazir Nikol Paşinyan artıq nəzarətindən çıxaraq, Rusiyanın himayəsi altına keçib. Onun çevriliş ssenarisi barədə məlumatlar yayıldıqdan dərhal sonra Rusiya prezidenti Vladimir Putin ilə telefon əlaqəsi qurması da maraqlı məqamdır. Həmin söhbət zamanı erməni baş nazirin Kreml sahibindən dəstək istəyə biləcəyi də qətiyyən istisna deyil.
Çevriliş ssenarisinin erməni diasporu tərəfindən maliyyələşdirilməsi ilə bağlı məlumat isə olduqca maraqlı ehtimallara əsas verir. Belə ki, ABŞ-ın erməni diasporuna təsir imkanları inkaredilməz reallıqdır.
Üstəlik, çevriliş planının bütün dünyada vahid mexanizm kimi fəaliyyət göstərən erməni diasporunun Rusiya qolu tərəfindən maliyyələşdirilməsi isə sadəcə, “iz itirmək” niyyəti də daşıya bilər. Yəni, bütün baş verənlərə görə məsuliyyətin Rusiyanın üzərinə atılmasına cəhd göstərilə biləcəyi də qətiyyən istisna deyil.
Əlbəttə ki, Rusiya kəşfiyyatının bütün bunlardan məlumatlı olduğu şübhə doğurmur. Çünki bütün MDB məkanında baş verənlərdən rus kəşfiyyatının dərhal xəbər tutmaq imkanları bir reallıqdır.
Bütün bunları nəzərə aldıqda, 20 fevralda Paşinyan hakimiyyətinin devrilməsinə yönəlik hər hansı bir ssenari varsa, onun iflasa uğrama ehtimalı da kifayət qədər yüksəkdir. Hər halda, Kremlin Rusiyanın maraqlarına cavab verməyən çevriliş ssenarisinin baş tutmasına seyrçi qalacağı inandırıcı görünmür. Və Kreml yəqin ki, Rusiyanın maraqlarının cəmisi 30 milyon dollarlıq xərclə təhlükə altına düşməsinə imkan verməz.
Ancaq istənilən halda, baş tutub-tutmayacağından asılı olmayaraq, cəhd göstəriləcəyi təqdirdə, ABŞ-Rusiya qarşıdurmasının bu regiona da sıçraması ilə yanaşı, çevriliş ssenarisinin arxasında olan beynəlxalq gücün ünvanı da aydınlaşmağa başlayacaq.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert