Yenixeber.org: Rusiya sülhməramlılarının təsir bölgəsində olan qondarma rejimin başçısı özünün növbəti “dövlət naziri”ni təyin edib. Ruben Vardanyanın yerinə təyinat alan Qurgen Nersisyan bu vaxta qədər qondarma rejimdə baş prokuror vəzifəsini tutub. Erməni mətbuatının yaydığı məlumata görə Araik Arutunyan son toplantıda Vardanyana göstərdiyi xidmətlərə görə təşəkkür edib və bildirib ki, onun məsuliyyətini şüurla dərk etdiyi üçün minnətdardır. Bundan sonra o, qondarma rejimin silahlı qüvvələri və xarici siyasətindən başqa bütün strukturları koordinasiya edən nazir postuna Narsisyanı təyin edib. Bu istefaya göndərmə və yeni təyinatın BMT-də Azərbaycan əleyhinə çıxan bir qərarla ardıcıl xronikaya düşməsi diqqəti çəkməyə bilmir. Bu hadisələrin arasında hər hansı bir əlaqə varmı? Bu barədə yəqin ki, biz Lavrovun Azərbaycana səfərindən sonra daha aydın fikirlər yürüdə biləcəyik. Bununla belə, prosesin məzmun, yoxsa forma dəyişdirdiyinə dair suallar da aktual olaraq qalır. Məsələn, Qurgen Nersisyanın bioqrafiyasına dair məlumatlar internet resurslarında əlçatan deyil. Bu məlumat nə üçün aktualdır?
Kim haradan gəlib?
Azərbaycan belə hesab edir ki, Azərbaycan vətəndaşı olan və ya Azərbaycan vətəndaşlarının varisləri olan erməni əsilli şəxslər Azərbaycan ərazisində yaşaya və ya hansısa ictimai işlə məşğul ola bilərlər. Əslində bu prinsip belə daha dəqiq ifadə olunmalıdır. 1989-cu ilə kimi Azərbaycanda yaşamış və son siyahıyaalmada Azərbaycan vətəndaşı kimi qeydiyyatdan keçmiş şəxslər və ya onların varislərinin Azərbaycan ərazisində yaşamaq və onun qanunlarına əsasən bu və ya digər fəaliyyət göstərmək hüququ var. Bu prinsip həm ədalətlidir, həm də süni şəkildə Azərbaycan ərazilərində demoqrafik vəziyyətin dəyişdirilməsinin qarşısını ala bilər. Bununla da Ruben Vardanyanı əvəz edən Qurgen Nersisyanın ondan fərqli statusda olmadığı ortaya çıxar. Aydındır ki, Ruben Vardanyan həm də Kremlə bağlı olduğu üçün onun ətrafında xüsusi gərginlik yaranır. Amma Nersisyanın da İrəvana bağlı olduğu artıq yazılıb, deyilməkdədir. Bu baxımdan, hər kəs üçün bir kriteriya müəyyənləşdirməkdənsə, vahid bir kriteriya üzrə prosesə təsir etmək daha doğru ola bilər. Üstəlik, Azərbaycan tərəfi kiminlə “danışıq aparmaq” məsələsində son dərəcə naşı diplomatiya sərgiləməkdədir.
Azərbaycan dövlətinin vətəndaşları qarşısındakı vəzifələri həm konstitusion əsasa, həm də beynəlxalq öhdəliklərə dayanan hüquq və vəzifələrdir. Bunun yerinə yetirilməsində vətəndaşlardan hansısa bir qrupunun xüsusi statusda çıxış etməsi yolverilməzdir. Bu halda, Azərbaycanın əlini zəiflədən məsələ vətəndaş hüquq və azadlıqları məsələsində ölkənin beynəlxalq reytinqlərdə uğursuz səviyyələrdə bərqərar olmasıdır. Yəni azlığa özünütəmsil iddiası verən məsələ daha çox siyasi məsələdir, nəinki hüquqi. Bu baxımdan, “kiminlə danışıq aparmaq” dilemması son dərəcə yersizdir. Ölkə özünün imicini düzəltmədən bu problem həll edilə bilməz. Daxili hüquqi problemlər həll edilən zaman isə burada yalnız üz tərəf qalır. Qarant rolundakı beynəlxalq birlik təmsilçiləri, Azərbaycan və sülh sazişinə imza atacaq Ermənistan. Başqa halda, bu məsələ heç vaxt dəqiq bir sonluqla və ədalətli sülhlə nəticələnə bilməz.
Daha bir 9 noyabr çatışmazlığı
Araik Arutunyan imzaladığı “sərəncam”da açıq şəkildə yeni “nazir”inə səlahiyyət çərçivəsi cızaraq yazır ki, o, xarici işlər və silahlı qüvvələr xaric, bütün strukturları koordinasiya edəcək. Yaxşı, bəs, 9 noyabr 2020-ci il sazişinə əsasən Azərbaycanın Rusiya sülhməramlıları təsirində qalacaq bölgəsində erməni silahlıları qalmamalı idi. Necə oldu bu? Araik Arutunyanın bu sərəncamının izahını Lavrovdan soruşan olacaqmı? Üstəlik, onu da soruşmaq lazımdır ki, bu nə dövlətsiz “dövlət naziri” oyunudur? Azərbaycan gec-tez beynəlxalq birliklə yeni xalq və icmalar diplomatiyasına keçməsə, Kremlin oyunları qarşısında, yumşaq desək, çox baş sındırmalı olacaq.
Seymur Həzi