Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Xalq artisti Ramiz Həsənoğlu:"Sanki dəyərlər qəsdən öldürülür"

Azərbaycanın Əməkdar incəsənət xadimi, Xalq artisti, tanınmış teatr, kino və televiziya rejissoru Ramiz Həsənoğlu Bizimyol.info saytının baş redaktoru Bahəddin Həziyevə müsahibə verib. Yenixeber.org saytı müsahibəni oxuculara təqdim edir:

– Bir dəfə demisiniz ki, indiki dövrdə hər şey ifrat dərəcədə pula bağlanıb. Bəs onda yüksək sənət necə olacaq? Belə çıxır ki, pul yoxdursa, sənət də yoxdur?

– Yüksək sənət barədə yeganə təsəllimiz budur ki, sənət və onun bütün sahələrində nə zamansa çox gözəl örnəklər olub. Ümid onadır ki, həmin örnəklər əsasında yeni əsərlər yaranacaq. Mənə elə gəlir ki, indiki gənclərin maraq və meyarları tamam fərqlidir. Onları öyrənmək üçün nə istədiklərini müəyyənləşdirməliyik. Söhbət yaşlı və orta nəsil sənət adamlarından gedir. Başqa bir problem isə gənclərin sənətə gəlməməsidir. Çox şey insanın səviyyəsindən, tərbiyəsindən, aldığı savaddan asılıdır.

– Bu baxımdan necədir, indi sənətə gələn gənclər?

– Müsahibələrimdən birində də vurğulamışdım ki, təxminən 7-8 il öncə mən və bir neçə nəfər Məleykə xanımın (Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin – red.) tapşırığı ilə İncəsənət Universitetində keçirilən qabiliyyət imtahanında müşahidəçi olaraq iştirak edirdik. O zaman Universitetin rektoru tamam başqa adam idi. İmtahan İncəsənət Universitetinin konfrans zalında keçirilirdi. Müşahidəçi olsam da, mənim sual vermək hüququm var idi. Komissiyanın gözü önündən səhv etmirəmsə, 20-22 abituriyent gəlib keçdi. İndi olduğu kimi o vaxt da qabiliyyət imtahanlarının keçirildiyi konfrans zalında məşhur sənətkarların – Hüseyn Ərəblinski, Mirzə Fətəli Axundov, Cahangir Zeynalov və başqalarının şəkilləri asılmışdı. TV rejissoru fakültəsinin tələbələrinə həmin şəxslərin kimliyi barədə sual verdim. Çünki bu, vizual sənət növüdür. Ancaq abituriyentlərin heç biri cavab verə bilmədi. Həmin hadisənin üstündən illər keçib. Mən son 2-3 ildə İncəsənət Universitetinin kino və tv rejissor fakültələrinin müxtəlif imtahanlarında, diplom işlərində iştirak edirəm. Ötən illərə nisbətən Universitetdə çox böyük dəyişikliklər var. Mən buna çox sevindim.

– Dəyişimə səbəb nə olmuşdu?

– Rektor dəyişmişdi, yeni şəxs gəlmişdi…

– Yeni gələn rektor Fərəh Əliyeva olub.

– Bütün atmosfer dəyişib. Mən Leninqradda (indiki Sankt Peterburq-red.) institutda oxuduğum müddətdəki ab-havanı, sərbəstliyi, azadlığı burda hiss etdim. Məni maraqlandıran əsas nüanslardan biri də aktyor kurslarının işləri idi. Orada gözəl aktyorumuz Məmməd Səfanın diplom işini gördüm, Mirzə Cəlilin “Ölülər”ini”, 1-2 ay öncə isə Nəcəf Bəy Vəzirovun “Yeyərsən qaz ətini, görərsən ləzzətini” əsərini çox gözəl, heyrətamiz şəkildə tamaşaya qoymuşdular. Tamaşada oynayan 15 nəfər tələbənin içində 3-4 potensiallı, parlaq gələcəyi olan uşaqlar gördüm. Onlar həqiqətən teatr üçün yaranmışdılar. Mən buna çox sevindim. Çox istərdim ki, İncəsənət Universitetində yaranan o mühit, atmosfer bizim başqa sənət ocaqlarımızda, teatrlarda, başqa universitetlərdə də olsun. Dünya çox sürətlə dəyişir, biz gecikirik. Əgər irəli addımlar atılmasa, biz çox geridə qalacayıq.

– Doğrudan da, yaradıcılıq azadlığı sevən bir sənət növüdür. Maddi tərəfi var. Ancaq başlıca şərt azadlıqdır.

– Bu sualı bir müdrik şəxsin kəlamı ilə cavablandıracağam. Riyaziyyat alimi Əl- Xarəzmi insanın qiyməti haqqında soruşduqda o belə bir cavab verir: “ Əgər insanın əxlaqı varsa, bu, 1 rəqəmi deməkdir; əgər insan həm də gözəldirsə, bu, 1-in yanına sıfır da artır=10; əgər insanın həm də pulu varsa, bura daha bir sıfır artır=100; əgər insan həm də əsl-nəcabətlidirsə, daha bir sıfır artır=1000; Alınan rəqəmdən 1 (yəni, əxlaq) getsə, insanın qiyməti yerdə qalan sıfırlara bərabər olacaq. Deməli, hər şey insanın əxlaqından asılıdır. Sənətdə də yaradıcı əxlaq birinci şərtdir.

– Çox qiymətli kəlamdır. Maraqlıdır ki, indiki informasiya bolluğu keçmişdə yox idi, ancaq o zamanın insanı daha müdrik imiş…

– Ramizin (böyük şairimiz Ramiz Rövşəni nəzərdə tutur-red) bununla bağlı çox maraqlı bir deyimi var ki: “İnformasiya bollaşdıqca heyvərəlik də artır”. Bu, çox dəqiq ifadədir. Çünki buna hər addımda rast gəlirsən. İnsan bilmir ki, bunun qarşısını necə alsın. Mənə elə gəlir ki, hər şey ailədən gələn tərbiyədən, mühitdən asılıdır. İnsanların normal mühitdə yaşaması üçünsə gərək əmin-amanlıq, sülh olsun. Dünyanın bir çox ölkələrində bu yoxdur. Ölkəmiz də müharibə şəraitindədir. Təzadlı mənzərələrlə rastlaşırıq.

– Təzadları nədə görürsünüz?

– Bu yaxınlarda dostum Cavanşirlə şəhəri gəzməyə çıxmışdıq…

– Hamı deyir, Bakı çox dəyişib.

– Bakı, doğrudan da, çox dəyişib, Hər 10 nəfərdən 7-si ərəb idi. Bir anlıq özümü əcnəbi ölkədə hiss etdim. Onların çoxu ailəsi ilə idi, davranışları isə heç də ürəkaçan deyildi. Bakını turist şəhərinə çevirmək iqtisadiyyatımız üçün sərfəlidir, ancaq onların gətirdiyi ziyan da gərək nəzərə alınsın.

– Mənim də Sizin kimi şəhərin gözəlliyinə öz baxışım var. Şəhər yalnızca binalardan ibarət deyil. İnsanlar bu şəhərin ruhudur. Əgər insanların davranışı, geyimi, ruhu gözəldirsə, şəhər də gözəldir. Şəhərin gözəlliyi yalnızca onun zahiri ilə ölçülməməlidir.

– Əlbəttə, insan doğulub boya-başa çatdığı yerə hər zaman xiffət edir. Ətraf mühit dəyişib gözəlləşdikcə içindəki nostalji hissi səni keçmişə aparır. İndiki dövrdə insanlar bir-birindən təcrid olub. Kənardan müşahidə edib görürsən ki, insanlar birgə vaxt keçirmək üçün oturub masa arxasında, ancaq hər birinin əlində planşet, telefon. Bir- birlərinə baxmırlar. Hər kəsin öz dünyası var, hər kəs düymələrə yerləşdirdiyi dünyasındadır. Onlar düşünür ki, bu yolla dünya ilə kontaktdadırlar. Bunun qabağını almaq mümkün deyil. Elm və texnika o dərəcədə inkişaf edib ki, artıq insanların davranışını, həyat tərzini diktə etməyə başlayıb. Bəzən, mən özüm də həddindən çox virtual dünyada oluram, ancaq bu mənim tək yaşamam və sənətimlə əlaqədardır. FB hesabıma da daxil olsanız, görərainiz ki, 100 materialdan 95-i sənətlə, filmlərlə bağlıdır. Bunun qarşısını almaq mümkün deyil.

– Ancaq böyük alimimiz Azad Mirzəcanzadə elmin tarixi ilə bağlı yazırdı ki, telefon olmayanda da insanlar bir-biri ilə xəbərləşə bilirdi. Çünki insanın ünsiyyət yaratmaq gücü özündədir, telefon insandan kənardakı gücdür. Məsələn, əgər bir ananın qəflətən ürəyi narahat olurdusa, demək, onun uzaqda yaşayan övladı həmin an çətinlik yaşayır. Zamanla elm də öz yolundan saparaq insandan kənarda güclər yaratdı. Hissiyatın gücü və rolu azalmağa başladı. Bu dövrümüzdə isə tamamilə itmək üzrədir.

– Bilirsinizmi, artıq biz bu gerçəkliylə barışmalıyıq. Biz bir şeydən qorxmalıyıq ki, gələcəkdə yaradıla bilinəcək robotlar insanlara qarşı müharibə etməsin. İnsan öz şüuru ilə mübarizə aparmalıdır. Əgər o robotlarda süni intellekt bizim intellektimizdən güclü olsa və onların qərar qəbul etmək hüququ olsa, bütün bəşəriyyət məhv ola bilər. Biz artıq o dövrlərə gəlib çıxmışıq. Bu gün, səhər xəbərlərdə dedilər ki, Bakıya robot gətirilir. Həmin robot insan simasındadır, əzələlərinin hamısı işləyir, hətta bizim üz cizgilərimiz, reaksiyalarımız, hər biri o robotda var. Baxın, əgər bu nəzarətdən çıxarsa, çox qorxuludur. Nəzərə alsaq ki, dünyada ölkələrin başına qeyri-adi, avantürist adamlar gəlirlər, bu, lap qorxuludur.

– Bu, həm də yaxşı bir film mövzusudur, deyilmi?…

– Hollivud bu mənada hər zaman hadisələri 20, 30, 40 il qabaqlayır. Məsələn, Hollivudda Amerikanın zənci prezidenti var idi – Barak Obama. O seçilməmişdən 30 il öncə Hollivudda belə bir situasiyanı ekranlara gətirmişdi ki, qara dərili gəlib Amerikanın prezidenti olur. Onlar bir sosioloji tədqiqat aparırlar və zamanla bu baş verir. Kimin ağlına gələrdi ki, zənci prezident ola bilər? Heç kəs onu deyə bilməzdi. Zaman elə sürətlə dəyişir ki, bəzən biz ona hazır deyilik. Dünyada indi də qlobal istiləşmə gedir. Dünya cəhənnəmə dönüb. Amerika dünyanın ən güclü sənaye ölkəsi olsa belə, o, Kioto sazişindən çıxdı. Əgər onlar qlobal istiləşmə əleyhinə paktdan çıxırlarsa, deməli, dünya öz faciəsinə daha sürətlə yanaşır. Deyəcəyim odur ki, bu dünyada hər şey qarşılıqlı və qarışıqdır. Və mən bu məsələlərə o qədər də optimist baxmıram.

– “Bunlar realıqlardır, barışmalıyıq”dediniz. Yüksək sənətin gücü və təsiri reallıqları əks etdirməklə yanaşı, həm də gələcək reallıqları görmək imkanı yaradır.

– Bir ifadə var. Deyir: sənət bilirsiniz nədir? Sənət geriyə dönüb baxarkən dəli olmamaq üçün bir vasitədir. Sənətin gücü budur. İnsanları vahiməli gələcəkdən, keçmişdən qoruyan sənətdir.

– Reallıqdan qaçmaq anlamında?

– Yox qorunmaq anlamında.

– Ancaq müəyyən dövrlərdə sənətin müxtəlif missiyaları olub. Bu, ölkəyə, ölkədəki siyasi sistemə görə dəyişir. Məsələn, zamanından bolşeviklərin sənətə baxışı hər birimizə məlumdur. O zaman nəzəriyyələr mübarizə aparırdı. Bizdə sənətə yanaşmada Avropadan gəlmə meyillər vardı. Cəmiyyətimizdə yüksək sənətin xiridarı çox olmasa da, hər kəs yüksək sənətə, onun nümayəndələrinə böyük sevgi, həsədlə baxırdı. Əgər bir insan yüksək sənət nümunəsinə baxırsa, bu onun özünün özünə hörmətidir. Ramiz Rövşəndən bir iqtibas da mən gətirim. O deyir ki, bir kəs Füzulini oxuyursa, bu, onun Füzuliyə deyil, öncə özünə verdiyi dəyərdir. İndi biz müşahidə edirik ki, insanlar zamanla sanki özünə hörməti itirir. Məsələnin faciəli tərəfi də budur ki, insanlar daha çox bayağı şeylərə maraq göstərir, baxır. Nə bilim, bəlkə də bu, heç sual deyil, sadəcə səsli düşünürəm…

– Mən yenə də vurğulamaq istəyirəm ki, bu, gerçəklikdir və bundan qaçmaq olmaz. Doğrudan da, indiki dövrdə dünyanı daha çox dərk etmək, informasiya bolluğunun içindəki yolları tapmaq üçün çox yüksək imkanlar var. O ki qaldı heyvərəlik məsələsinə, bizim bəzi telekanallardakı proqramlar məni çox qorxudur. Sanki dəyərlər qəsdən öldürülür, bəlkə də qəsdən deyil, ancaq biz o yolla gedirik. Dəyərləri qorumaq, dəyərlərə qarşı çıxmaq anlayışlarını özümüz üçün müəyyənləşdirməliyik. Bütün bunlar mənə çox təhlükəli görünür.

– Sizcə, bunun qarşısını almaq ümumiyyətlə mümkün deyil?

– Bayaq universitet barədə danışarkən vurğuladım ki, bəzən, bir adamın gəlişi ilə böyük bir sahədə yaxşı mənada qayda-qanun yaratmaq olar. Məncə, düzgün insanlar, sənəti, KİV-i hərəkətə gətirməyi bacaran adamlar öz yerlərində olsalar, bu proseslərdə xeyli dəyişiklik ola bilər.

– İndi elə bil yanaşma belədir ki, televiziyaları, hətta teatrları idarə edən adamlar o sənətin nümayəndəsi olmaya da bilər. Mənim fikrimcə, bu heç də müsbət nəticələrə gətirib çıxarmır. Çünki yaradıcı kollektivi idarə edən adamlar o sənətin nümayəndəsi olmalıdır və sənətdə avtoritet olmalıdır. Siz bu haqda nə düşünürsünüz?

– Teatr mövzusu üzərində danışacam. Teatr bir məktəbdir, onun başında duran adam onu istiqamətləndirən adamdır. Moskvanın bir çox teatrları var. O teatrların, demək olar ki, hər birinin başında sahəsində yüksək avtoritet qazanmış şəxslər dayanır. Təsəvvür edin ki, Moskva bədii teatrının rəhbəri Tabakov həyatdan gedir. Rusiyanın mədəniyyət naziri Medinski bütün teatr kollektivini, rəhbərləyini yığaraq sual qoyur: “Kimi seçək?”
Nəticədə hamı bir səslə bir nəfərin adını çəkir. Həmin şəxs təyin olundu və artıq o işə baxır. Təbii ki, hər bir bədii kollektivin başında duran adama yaradıcı işi qurmağa imkan yaradılırsa, o teatrın özünün istədiyi adam olmalıdır. Ümumiyyətlə sənət adamlarının başının üstündə yumruq olmamalıdır. Yumruq olanda bu, kazarma rejiminə bənzəyir. “Rəis gəlir, çəkilin qırağa” (gülür).

– Hazırda teatrlarda bu baxımdan vəziyyət necədir?

– Mən deməzdim ki, bizdə vəziyyət elədir, mən bizim teatrlarımızın heç birindən misal gətirmək istəmirəm. Çünki hər teatrın öz atmosferi, tarixi, ənənəsi və rəhbərliyi var. Məsələn, mən sənət adamıyam və teatrda hansısa bir tamaşa qoya bilərəm. Bəziləri ilə razılaşmaya da bilərsən, fikirlər üst-üstə gəlməyə də bilər. Xoşbəxtlikdən, mən o teatrların işçisi deyiləm, heç kəsdən də asılı deyiləm. Yəni əgər material varsa, təklifimi verə bilərəm. Qəbul etsələr də, etməsələr də sağ olsunlar. Hər halda teatr azad adamları sevir. Azadlıqla bərabər, bayaq vurğuladığım kimi əxlaq da yerində olmalıdır. Sənətin başında olan insanın əxlaqlı olması çox vacib bir amildir. Özündən müştəbeh olan adam, sənətdə heç kimə yol göstərə bilməz. O, yalnız özünə istinad edə bilər.

– Ramiz müəllim, qoyduğunuz son tamaşaya iki dəfə baxmışam. “Sonuncu…” Çox maraqlı idi. Bu tamaşa həqiqətən də sonuncu idi?

– Bu, bilirsiniz, nədir? Rusların bir ifadəsi var – “предупреждение” -“xəbərdarlıq” mənasında işlənir. Yəni baxın, bu, bizi gözləyir. Biz bura gedib çıxa bilərik. İki qütb var ki, həmin qütblərin arasında olan təbəllüdatlar hər bir teatrda çox aktual bir şeydir. Həmin təbəllüdatları bütün sənət sahələrinə aid etmək olar.

– Bu yaxınlarda Milli Kino Günü oldu. Kinoda vəziyyət necədir? Nələr baş verir və yaxud da nələr baş vermir?

– Kinoda nəyin baş verməsini tamaşaçıya çatdırmaq daha asandır. Çünki kinoteatrlar var və onlar hamısı filmləri göstərirlər. Özünüz də bilirsiniz ki, kassa hansı filmlərə daha çox açıqdır, tamaşaçı hansı filmlərə baxmaq istəyir. Kassa filmləri mövcuddur ki, onların məqsədi sənət deyil, sadəcə, kommersiya məqsədi daşıyır. Aralarında az sayda istisnalar ola bilər. Ancaq cəm halında pul qazanmaqla məşğuldurlar. Sənət yaratmaqdan söhbət belə gedə bilməz. Qısa bir zamanda yığışmaq, bir az pul tapmaq, bəzən necə gəldi çəkmək, bir həftə göstərmək, bir az pul qazanmaq , borcları qaytarmaq, aktyorlara da bir az pul vermək filan… Vəssalam, budur, başqa məqsəd yoxdur.

– Sözünüzə qüvvət, xatırlayıram ki, “Nizami” Kino Mərkəzində baş tutmuş bir film təqdimatında idim. O filmdə çox mənasız dialoqlar var idi. Biri havadan danışır, biri sudan. Həmin dialoqlarda heç bir məntiq görə bilmədim. Siz bunu nə ilə əlaqələndirirsiniz ?

– Bilirsinizmi, hər şey professionallıqdan başlayır. Əgər peşəkarlıq səviyyəsi yoxdursa, bu işi görmək istəyən adamlar peşəkarlığa yiyələnməyibsə, təbii ki, sonluq belə olacaq. Qaçmaqla, istəməklə iş bitmir. Peşəkarlığa necə deyərlər, yiyələnmək lazımdır. Bunun üçün də örnəklər, tədris müəssisələri olmalıdır.

– Bəs sizin üçün bu örnəklər kim idi?

– Mən Azərbaycan televiziyasına gələndə 20 yaşım var idi. O zamanlar televiziyada çox qüdrətli rejissorlar var idi. Bunlardan Rauf Kazımovski, Arif Babayev, Kamil Rüstəmbəyov, Ağəli Dadaşov və.s Onlar hamısı teatrdan gələrək bu sənətə yiyələnmişdilər, sənətin sirlərini bizə də ötürürdülər. Biz də bir az təcrübə topladıqdan sonra çalışdıq ki, ətrafımızdakı gəncləri toplayaq, onlarla iş görək. Bu məqsədlə 25 il öncə “Sabah” Yaradıcılıq Birliyini yaratdıq. Nəticədə bir neçə cavan ortaya çıxıb işlər görə bildilər. Onların içində Şərif Qurbanəliyevi, Elxan Cəfərovu misal gətirmək olar. Yəni, dünya gör-götür dünyasıdır, ancaq fikir vermək lazımdır ki, kimdən görüb, nəyi götürürsən. İndiki gənclər professionallara üz tutmurlarsa, başqalarının yaratdığı bir günlük, kəpənək kimi yaşayan sənətə xidmət edirlərsə, onların yaratdıqları nə olacaq? Onlar filmlərini göstərirlər və üç gün sonra hər şey unudulur.

– Örnəklərdən söz düşmüşkən, son illərdə bir çox böyük sənətkarlar, şəxsiyyətlər itirmişik. Bu yaxınlarda da Xəyyam Mirzəzadəni itirdik. Mən də onun yas mərasimində iştirak edirdim. Bir çox sənət adamları, məsələn Vaqif Səmədoğlu sağ olsaydı, o da yas mərasimində iştirak edəcəkdi… Təbiətdə səhralaşma getdiyi kimi cəmiyyətdə də sanki səhralaşma var. O sənət adamlarından daha çox kimin üçün darıxırsınız?

– Bizim sənətimizin üstün cəhəti ondan ibarətdir ki, çəkdiklərimiz qalır, ona görə də əsərlər özü-özlüyündə canlıdır. Mən o əsərlərə baxıram. Orada Fuad da var, Vaqif də var, Hamletlər də var (Fuad Poladovu, Vaqif Səmədoğlunu, Hamlet Xanızadəni, Hamlet Qurbanovu nəzərdə tutur-red). Onlar heç biri mənim aləmimdə dünyadan getməyib, mən onlarla vaxtaşırı ünsiyyətdə oluram. Məsələn, Vaqiflə çox yaxın olmuşam. Onun üçün darıxanda kitablarına üz tuturam. O dövrün, o mühitin formalaşdırdığı adamlar bir daha həyata gəlməyəcəklər. Başqa adamlar gələcək, onlar da maraqlı olacaqlar kimlər üçünsə, ancaq mənim üçün əvvəlkilərin yerini heç kəs verməyəcək. Allah qalanlarının canını sağ etsin, gedənlərə isə rəhmət etsin. Hər birinin qəlbimdə böyük yeri var.

– Hamlet Xanzadənin adını çəkdiniz. O, 20 yanvar hadisələri zamanı ürək tutması nəticəsində vəfat etdi. Mən buna təəccüblənmədim. Başa düşdüm ki, Hamlet Xanzadənin o olaylara, o qırğına reaksiyası belə də olmalı idi.

-Bəli, Hamlet çox emosional adam idi və emosiyalarını cilovlaya bilmirdi. Elə aktyorlar var ki, çox sakitdir. Mən hər zaman təəccüblənirəm ki, bəzi aktyorlar həyatda sakitdən sakit, Arkadi Raykin kimidirlər. Ancaq yaratdığı obrazlar onun tam əksi idi. Ancaq bəziləri həyatda qaynayırlar, səhnəyə çıxıb heç nə yarada bilmirlər. 40 il öncə Rusiya teleiziyasında bir verilişdə Arkadi Raykin yerində dura bilməyən Xazanova demişdi: “”Sənətin əsas qanunu emosiyaları, enerjini qoruyub saxlamaq qanunudur”. Həyatda enerjini qoruyub cəmləyirsən, sonra onu səhnədə sənətə verirsən. Bu dolayı yolla sənətlə məşğul olan adam üçün düsturdur.

– Deyirlər ki, Lütfəli Abdullayev də həyatda çox qaraqabaq adam olub. Onu necə xatırlayırsınız?

– Mən onu uşaq olarkən görmüşdüm. Atam (tanınmış aktyor və rejissor Həsənağa Mirzəyev-red) Musiqili Komediya Teatrında bədii hissə müdiri çalışırdı. Mən də teatra gedib-gəlirdim. Xatırlayıram ki, Lütfəli Abdullayev çox ciddi adam olsa da, onu görən adamlar istər-istəməz gülməyə başlayırdı. İçinə qapanmış, ağır xasiyyətli bir adam idi. Ancaq onun oynadığı rollar insanda tam fərqli təəssüratlar yaradır.

– Ən maraqlısı da budur ki, dəfn mərasimində iştirak edən adamlar gülürdülər. O insan sənəti canına hopdurmuşdu. İndi də belə aktyorlarımız varmı?

– Adam var ki, həyatda nə qədər ciddidirsə, sənətdə də bir o qədər ciddidir. Məsələn, Fuad Poladov kimi. Müxtəlif janrlarda olan əsərlərdə çıxış etməyinə baxmayaraq, o yeni səhnəyə gələn də “İstintaq davam edir” kimi filmlərdə, romantik aşiq səhnələrində oynayırdı. Zaman keçdikcə içinə qapandı və içinə qapanmış obrazları da səhnəyə gətirdi. Mənim heç vaxt yadımdan çıxmaz ki, biz onu “Fatehlərin divanı”na çəkəndə Fuad Poladov Teymurləngin kostyumunu geyinib, qrimini vurduqdan sonra onu hamı Teymurləngin özü kimi qəbul edirdi və hamı özünü yığışdırırdı. O, məğul olduğu sənətə başucalığı gətirirdi. Nə yaxşı ki, Fuad haqqında təsəvvürlər yaradacaq çoxlu filmlər var. O nədən yapışırdısa, o işlə çox ciddi məşğul olurdu. Yaratdığı hər şey yeni idi.

 – Bu yerdə soruşum: Sizdə də növbəti yeni bir iş varmı? Hazırda hansısa çəkiliş üzərində çalışırsınızmı? Planda varmı?

– Təbii ki, həm ekran üçün, həm də kiçik ekran üçün planlarım, ideyalarım var. Müəlliflərlə vaxtaşırı görüşüb bu barədə ətraflı söhbət edirik. Teatrla bağlı da müəyyən ideyalarım var, lakin qabaqcadan deməyə ehtiyat edirəm. Çünki dəqiq bilmirəm, bu, hansı teatrda baş tutacaq. Ola bilsin ki, yaxın 6 ayda biz yeni bir ideya ilə ortaya çıxaq. Çox istərdim ki, yeni bir işlə ortaya çıxaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam