Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Moskva İstanbul razılaşmasını pozacaqmı? –TƏHLİL

            Qara dənizdəki “taxıl dəhlizi” Rusiyaya daha çox lazımdır

Yenixeber.org: Son həftələr diqqətlər Ukraynadan kənd təsərrüfatı məhsullarının daşındığı “Taxıl dəhlizi” ilə bağlı BMT, Türkiyə, Rusiya və Ukrayna arasında gedən müzakirələrə yönəlib. İyulun 22-də İstanbulda imzalanan dördtərəfli razılaşmanın müddəti noyabrın 19-da bitir. Rəsmi məlumatlara əsasən indiyədək “Taxıl dəhlizi” ilə Ukrayna limanlarından 8 milyon 87 665 ton ərzaq məhsulu daşınıb. Bu məhsulların mühüm bir qismi Avropada kiçik emal prosesindən keçməklə Afrika və Asiyanın kasıb ölkələrinə göndərilib.

Türkiyənin bilavasitə təşəbbüsü və çalışmaları sayəsində işə başlayan “Taxıl dəhlizi” qlobal bazarlarda taxıl, xüsusilə də buğda qiymətlərinin ciddi ucuzlaşmasına səbəb olub. Dəhliz fəaliyyətə başladıqdan sonrakı bir neçə həftə ərzində buğdanın qiyməti 450 dollardan 340 dollara qədər düşdü. Daha sonra isə bir sıra ərazilərdə, o cümlədən Rusiya və Qazaxıstanda rekord həcmdə taxıl əldə olunmasının təsiri ilə qiymətlər 310 dollara qədər ucuzlaşdı.

İstanbul razılaşmasında Ukrayna məhsullarının Qara dənizlə daşınması müqabilində Rusiya taxılı və gübrələrinin ixracına yaranan maneələrin aradan qaldırılması qərara alınıb. Sentyabr ayının əvvəllərindən Rusiya tərəfi razılaşmanın bununla bağlı hissəsinin icra olunmadığına dair açıqlamalar verməyə başlayıb. Müxtəlif ranqlı məmurlar, o cümlədən Rusiya xarici işlər naziri Sergey Lavrov razılaşmanın bu bəndləri icra olunmazsa, onun müddətinin uzadılmasının mümkün olmayacağına açıq işarə vurublar.

Qeyd edək ki, Qərb dövlətlərinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar ərzaq və tibbi məhsullar, gübrələri əhatə etməsə də, digər istiqamətlər üzrə məhdudiyyətlər onların ixracı və idxalına problem yaradır. Belə ki, Avropa İttifaqı Rusiya gəmilərini öz limanlarına buraxmır, Rusiyaya yük daşıyan gəmilərin öz şirkətləri tərəfindən sığortalanmasını, Rusiya ilə ticarət əməliyyatlarının maliyyələşdirilməsini qadağan edib. Bu isə daşıma şirkətlərinin, bank və sığorta şirkətlərinin Rusiya mənşəli məhsullarla ticarətdə iştirakdan yayınmasına səbəb olub: belə əməliyyatlar sanksiya risklərinə görə uzunmüddətli yoxlamalardan keçirilir. Buna görə də Rusiya kənd təsərrüfatı məhsulları və gübrələrin ixracı ilə bağlı xüsusi şərtlər tələb edir.

Oktyabrın ortalarında BMT Baş katibinin müavini Martin Qriffits, BMT Ticarət və İnkişaf Konfransının(UNCTAD) baş katibi Rebekka Qrinspen Moskvaya gedərək Rusiya xarici işlər nazirinin müavini Sergey Verşaninlə görüşüb, İstanbul razılaşmasının müddətinin uzadılması, həmçinin Rusiya taxılı və gübrələrinin ixracının asanlaşdırılması məsələlərini müzakirə ediblər.

Oktyabrın əvvəlində Rusiyanın Cenevrədəki beynəlxalq təşkilatlat yanında daimi nümayəndəsi Gennadiy Qatilov ölkəsinin BMT Baş katibinə şikayət məktubu unvanlayıb. Məktubda bəyan edilib ki, əgər İstanbul razılaşmasının Rusiya ilə bağlı hissəsi icra olunmasa, müddət uzadılmayacaq.

Lakin Türkiyə tərəfinin fəallığı nəticəsində Rusiyanın “Taxıl dəhlizi”nin işinə mane olmayacağı ehtimalı böyükdür. Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğanın Azərbaycan səfərindən dönərkən mətbuata verdiyi məlumata əsasən dəhlizlə 363 gəmi, 8 milyon ton taxıl və digər ərzaq məhsulları dünya bazarlarına çıxarılıb. O qeyd edib ki, Ukrayna limanlarından yola düşən yüklərin 62 faizi Avropaya, 19,5 faizi Asiyaya, 13 faizi Afrikaya, 5,3 faizi isə Yaxın Şərq ölkələrinə çatıb. Ərdoğanın sözlərinə görə, digər tərəfdən, ən az inkişaf etmiş ölkələrə 454 min 626 ton buğda göndərilib və bu, ümumi həcmin cəmi 5,7 faizini təşkil edir.

Türkiyə Prezidenti həmçinin Taxıl sazişinin uzadılmasında heç bir maneənin olmadığını vurğulayıb: “Mən bunu Zelenski ilə telefon danışığımda və cənab Putinlə də müzakirədə bir daha anladım. Amma bu arada hər hansı tıxanma varsa, onu aradan qaldırmaq üçün bizim üçün heç bir maneə yoxdur”.

Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın isə “A-Haber” kanalına müsahibəsində bildirib ki, Rusiya Prezidenti Vladimir Putin İstanbulda imzalanan “Taxıl daşınması” sazişinin uzadılması məsələsində Türkiyə tərəfinə müsbət fikir bildirib".

O qeyd edib ki, Türkiyə tərəfi bu sazişin 1 ilə qədər müddətə uzadılmasını istəyir.

Qeyd edək ki, Ukrayna tərəfi də Prezident Volodimir Zelenskinin timsalında İstanbul razılaşmasının müddətinin uzadılmasına razılığını ifadə edib. Bu isə o deməkdir ki, cavab növbəsi Rusiyanındır. Moskvadan bu və ya digər ranqlı məmurların səsləndirdikləri fikirlərə rəğmən, İstanbul razılaşmasının davam etməsi bu ölkə üçün də vacibdir.

Rusiya kənd təsərrüfatı nazirini müavini Oksana Lutun verdiyi məlumata əsasən 2022-2023-cü il mövsümündə Rusiyanın ixraclıq taxıl potensialı 50-60 milyon ton təşkil edir. Uzaq xaricə ixracda yaranan problemlər Rusiyanın Qazaxıstana taxıl ixracına qadağa qoymasına imkan vermir: “Qazaxıstana ixracı hələlik məhdudlaşdırmayacağıq. Əslində planımız beləydi ki, Qazaxıstana ixracı qadağan edək. Çünki onlar bizim taxılımızı üçüncü ölkələrə satıb qazanc əldə edirlər. Lakin bu il Sibirdə bol məhsul əldə olunub, onu Qazaxıstana ixrac etmək daha sərfəlidir. Buna görə də Qazaxıstana ixracı dayandırmırıq, lakin onlara xəbərdarlıq etmişik ki, bizə qarşı qeyri-dostluq münasibəti göstərsələr, onlarla danışmalı olacağıq”.

Rusiya Taxıl İttifaqının rəhbəri Arkadi Zloçevskinin sözlərinə görə, bu mövsüm ölkədə təmiz çəkidə taxıl istehsalı 140 milyon tondan yuxarıdır ki, bunun da 100 milyon tona yaxını buğdadır. Bol məhsul Rusiyanın aqrar istehsalçıları üçün ciddi problemlər yaradır: “Ölkə daxilində qiymətlər qəbuledilməz səviyyədə aşağı düşüb, hazırda məhsulun maya dəyərinə bərabərdir. Buna görə də fermerlər məhsulu satmaqda maraqlı deyillər. Onu mümkün olan bütün boş yerlərə doldurub daha yaxşı qiymət şərtlərinin formalaşmasını gözləyirlər. Daxildə qiymətlərin düşməsinin bir sıra səbəbləri var: ixracın azalması, daxildə tələbatın düşməsi və sair”.

A.Zloçevskinin fikrincə, vəziyyəti dəyişməyin əsas yolu ixracı genişləndirməkdir, lakin bu proses çox ləng gedir: “1 iyul-15 okytabr aralığında Rusiyadan xaricə 16,8 milyon ton taxıl ixrac olunub ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 13 faiz azdır. Biz 60 milyon ton civarında taxıl ixrac etməliyik. Lakin indiki templərlər buna nail olunması mümkün deyil. İxracın belə az olması daxildə təklifi artırmaqla qiymətləri minimum səviyyəyə, Volqaboyu və Sibirdə hətta maya dəyərindən aşağı salır. Bu vəziyyət payızlıq əkinlərə mənfi təsir göstərir: indiyədək aparılmış əkinlər 2021-ci ildəkindən azdır. Mövcud iqtisadi şərtlər optimistliyə əsas vermir. Bu bədbinliyin bizim istehsal potensialımıza və məhsulumuza təsiri isə zaman məsələsidir”.

İttifaq rəhbəri bildirib ki, Rusiyada ümumi taxıl saxlama potensialı 150 milyon ton civarındadır: “Lakin bunların yalnız üçdə biri uzunmüddətli – 1 ildən artıq dövrdə saxlama üçündür. Qalan yerlər yarım illik dövr üçün taxıl saxlanmasına imkan verir, bu zaman keyfiyyətin yaxşı qalacağına zəmanət yoxdur. Digər tərəfdən, bu saxlama potensialı da ölkə üzrə qeyri-bərabər paylanıb. Elə ərazilər var ki, məhsulun yarısını belə saxlamağa yer yoxdur. Əvvəllər saxlama anbarları istehsalçılara deyil, istehlakçılara yaxın ərazilərdə yaradılırdı”.

A.Zloçevski də bildirir ki, İstanbul razılaşmasının Rusiyadan taxıl və gübrə ixracına maneələrin aradan qaldırılmasına dair bəndləri icra olunmur: “Rusiya ixracatçıları əvvəlki kimi yük gəmilərinin icarəsi, ödənişlər və sığorta ilə bağlı çətinliklər çəkirlər. Bütün bunlar bizim rəqabət qabiliyyətimizi azaldır. Bizim şərtlər icra olunmursa, digər oyunçunun bazarda nüfuzunun artmasına niyə şərait yaratmalıyıq ki? Əgər razılaşmanın müddəti uzadılmasa, bu, bazarda qıtlıq yaratmasa belə, psixoloji təsirlə qiymətlərin bahalaşmasını şərtləndirəcək. Bu isə bizim üçün daha əlverişlidir. Onsuz da bu razılmaşma Rusiya ixracatçılarına yaxşı heç nə vermədi: Türkiyə alışlarını Ukraynaya cəmləyib. Halbuki əvvəl ağırlıq Rusiyada idi”.

Rəsmi məlumatlara əsasən sentyabr ayında Rusiyanın taxıl ixracı illik ifadədə 3,9 faiz azalmaqla 8,92 milyon ton təşkil edib. Bu zaman buğdada azsalma 2,6 faiz təşkil edib və xaricə 6,511 milyon ton məhsul satılıb.

Rusiya Statistika Komitəsinin məlumatına əsasən sentyabrda Rusiyada taxıl və paxlalıların ehtiyatları 45,914 milyon ton təşkil edib ki, bu da 2021-ci ildəkindən 42,5 faiz yüksəkdir. Bu zaman buğda ehtiyatları illik ifadədə 53,9 faiz artmaqla 32,959 milyon tona çatıb, qarğıdalı ehtiyatları isə 29,8 faiz azalmaqla 1,162 milyon ton olub. Yanvar-sentyabrda taxıl satışının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 3,4 faiz azalmaqla 40,258 milyon ton təşkil edib. O cümlədən buğda satışı 2,9 faiz azalaraq 27,213 milyon ton olub.

Əgər Qərbin sanksiyalarının yaratdığı maneələr aradan qaldırılmasa, Rusiyada bu il rekord həcmdə əldə olunan taxıl məhsullarının mühüm bir hissəsi uzunmüddətli saxlama üçün yaramayan anbarlarda məhv ola bilər.

Nəzərə almaq lazımdır ki, Ukraynanın yaxın aylarda taxıl icracı imkanları kəskin azalacaq. Azalan həcmlərin hətta gələn mövsümdə belə bərpası mümkün olmayacaq. Çünki əkin sahələri kəskin azalır. Ukraynanın aqrar siyasət naziri Nikolay Solskinin sözlərinə görə, bu mövsümdə müharibə üzündən ölkədə buğda əkinlərinin sahəsi 20 faiz, arpa əkinləri isə 30 faiz azalacaq. Bu isə o deməkdir ki, Rusiyanın əlində BMT və Qərbə qarşı təsir aləti kimi İstanbul razılaşmasının ömrü elə də uzun olmayacaq. Bu halda Rusiyanın onu tam dayandırması deyil, ondan istifadə etməklə öz məhsullarının ixracını təmin etməsi daha səmərəli ola bilər...(musavat)

Dünya SAKİT


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam