Taxıl müəmması: istehsal da artır, idxal da…
Ucuzlaşan neft dövründə qeyri-neft sektorunun inkişafı baxımından kənd təsərrüfatı Azərbaycanda da strateji sahədir.
Xeberinfo.com: Məlum olduğu kimi prezident İlham Əliyev hökumətin qarşısında kənd təsərrüfatının inkişafına dair konkret vəzifələr qoyub. Bu vəzifələrə əsasən ölkədə vaxtilə kənd təsərrüfatının aparıcı sahələrindən olan pambıqçılıq, tütünçülük, barama istehsalı kimi sahələr yenidən dirçəldiləcək.
Habelə ərzaq təhlükəsizliyi baxımından strateji sahə olan taxılçılıq sahəsində istehsalın artırılması, ölkənin ərzaq buğdasına olan tələbatının tamamilə yerli istehsal hesabına təmin edilməsi vəzifəsi də müəyyən edilib.
Hazırda taxıl yığımı mövsümü başa çatmaq üzrədir. Bəs bu il Azərbaycanda taxıl yığımı ilə bağlı vəziyyət necədir, havaların aylarla qeyri-sabit keçdiyi bir vaxtda istehsalla bağlı proqnozlar özünü doğruldacaqmı? Bəzi istehsalçıların çörəyi bahalaşdırdığı haqda xəbərlərin yayıldığı bir vaxtda Azərbaycanda isthsal olunan taxıl çörək istehsalı üçün nə dərəcədə yararlıdır?
Xatırladaq ki, kənd təsərrüfatı naziri Heydər Əsədov Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan iclasında bu il 3 milyon ton taxıl istehsal olunacağının proqnozlaşdırıldığını demişdi. Nazir ölkənin taxıla olan təlabatının yerli istehsal hesabına ödəniləcəyini də vəd etmişdi. Artıq taxıl biçini mövsümü bitmək üzrədir. İndiyədək 2 milyon 800 min tondan artıq taxıl yığılıb. Bu il buğda istehsalı ötən ilin göstəricisindən 100 min ton artıq olub.
Digər tərəfdən Dövlət Gömrük Komitəsi bu ilin birinci yarısında ölkəyə idxal olunan taxıl, xüsusilə də ərzaq buğdası ilə bağlı statistikanı açıqlayıb. Maraqlıdır ki, ölkəyə idxal olunan taxılın həcmi artıb. Azərbaycanda əhalinin ərzaq buğdasına olan tələbatı 1,7 milyon tondur. Bəs 3 milyon ton taxıl istehsal olunduğu halda xaricdən taxıl alınmasına nə ehtiyac var? Yerli istehsal təlabatın neçə faizini ödəyə bilir? Yerli buğdanın keyfiyyəti necədir? Virtualaz.org saytı bu və digər sullara cavab axtarıb.
“Təlabatın 70 faizini ödəyə bilirik”
Hazırda taxıla olan təlabatın 70 faizi yerli istehsal hesabına ödənilir. Bu il buğda istehsalının artdığını nəzərə alsaq, deməli faiz nisbətən yüksələcək.
Bunu Kənd Təsərrüfatı Nazirliyinin bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdov deyir.
Şöbə müdiri virtualaz.org saytına açıqlamasında taxıl istehsalı ilə bağlı proqnozun tam yerinə yetiriləcəyini də bildirib. “Bu il 962 min hektara yaxın ərazidə taxıl əkilib. Avqustun 1-dək 2,8 milyon tondan artıq taxıl biçilib. 2015-ci il üçün 540 min hektar ərazidə buğda əkilmişdisə, bu il üçün əkin sahəsi 586 min hektara çatdırılıb. Buğda biçini 98,4 faiz yerinə yetirilib. Ötən il 1,7 milyon ton buğda yığılıb. Bu il buğda istehsalı 1,8 milyon ton olacaq. Bu il buğda istehsalı ötən ilə nisbətən 100 min ton çoxdur”,-deyə İ.Cümşüdov söyləyib.
Şöbə müdirinin açıqlamasına inansaq, deməli, təlabatın yalnız 30 faizi idxal hesabına ödənilir. Bəs, ölkəyə nə qədər taxıl idxal olunur?
Hər ay 100 min ton taxıl?!
Rəsmi statistikaya görə, bu ilin 6 ayında ölkəyə 683 min ton ərzaq buğdası gətirilib. Başqa sözlə, hər ay 100 min tondan artıq buğda alınıb. Bu isə ölkənin ərzaq buğdasına olan aylıq təlabatı qədərdir. Bir yandan təlabatın 70 faizinin daxili istehsal hesabına ödənildiyi iddia edilir, digər yandan isə idxalın həcmi artıb. Deməli ölkənin əsas un istehsalçıları idxal taxılı ilə işləməyə üstünlük verirlər. Belə olduğu halda yerli buğdanın keyfiyyəti ilə bağlı sual yaranır. Nəzərə alaq ki, xaricdən buğda alınmasına hər il təxminən 250 milyon dollardan çox vəsait sərf edilir.
Ekspertlər yerli istehsalın keyfiyyət göstəricisinin aşağı olduğunu və məhz buna görə də ərzaq buğdasının xaricdən alındığını iddia edilər.
İ.Cümşüdov isə bu iddialarla razılaşmır: “Buğdanın keyfiyyəti ilə bağlı deyilənlər yanlışdır. Dünyada olan 11 iqlim qurşağının 9-u Azərbycandadır. Belə olduğu halda buğdanın keyfiyyəti necə pis ola bilər? Dəyirmanlar buyurub tədarükçülərə müraciət etsinlər”.
Təbii ki, buğdanın keyfiyyəti ilə ittihamlara birmənalı cavab almaq olmaz. Çünki Dövlət Taxıl Fondu da əsasən idxal məhsuluna üstünlük verir. Nazirlik isə ittihamlarla razılaşmasa da, il ərzində nə qədər birinci sinif, nə qədər ikinci sinif və ya nə qədər beşinci sinif buğda istehsal olunduğu, bu buğdaların hansı emal müəssisələrinə verildiyini açıqlamır.
İri istehsal müəssisələrinin xammal kimi istifadə etdiyi buğda…
Belə məlum olur ki, İri un istehsalçıları həm yerli, həm də idxal olunan buğdalardan istifadə edirlər. Məsələn, “Karmen” MMC Rusiyadan idxal olunan buğdalara üstünlük verir. “Biz yerli buğda alırıq, amma daha çox Rusiyadan gətirilən buğdadan istifadə edirik”, müəssisədən sorğumuza belə cavab verirlər. “İl ərzində istifadə olunan buğdanın neçə faizi yerli istehsalın payına düşür” sualına müəssisədən “daha çox Rusiya buğdaları ilə işləyirik” deməklə kifayətləniblər. “Xırman” firmasından isə yalnız keyfiyyətli buğdaya üstünlük verirdiyini deməklə suallara cavab vermək istəməyiblər.
Bəs Dövlət Taxıl Fondu necə?
Dövlət Taxıl Fondu yerli buğda istehsalçılarından qiyməti bir ton üçün 250 manat olmaqla taxıl alır. Amma taxılın keyfiyyət göstəricilər tələb olunan norma daxilində olmalıdır.
Belə ki, Nazirlər Kabinetinin 7 iyul, 2009-cu il tarixli, 105 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları”nın 1 nömrəli əlavəsi ilə müəyyən edilmiş Dövlət Taxıl Fonduna tədarük olunan taxıl üçün qəbul edilmiş keyfiyyət göstəricilərinə cavab verən buğda alınır.
Azərbaycanda əsasən şoranlaşmış ərazilərdə yetişdirilən buğdanın göstəriciləri normativlərə uyğun gəlmir. Mütəxəssislər isə iddia edirlər ki, artıq 500 min hektar sahədə şoranlama müşahidə edilir. Buna görə də ehtiyat kimi əsasən idxal buğdalara üstünlük verilir.
Ekspertlər hesab edirlər ki…
Kənd Təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov taxıl istehsalı ilə bağlı rəqəmlərin şişirdildiyini iddia edir: “Dövlət Gömrük Komitəsinin taxıl idxalı ilə bağlı hesabatı reallığa uyğundur. Lakin Kənd Təsərrüfatı Nazirliyin istehsalla bağlı göstəriciləri olduqca şişirdilib. Taxıl istehsalı ilə birgə ət, süd istehsalı da artmalı idi”.
Dövlət Statistika Komitəsinin məlumatlarına görə, il ərzində 1,2 milyon ton şörək istehsal olunur. V.Məhərrəmov deyir ki, çörək istehsalı üçün təxminən 900 min ton buğda kifayət edir.
“Dəyirmanlar əsasən xaricdən gətirilən buğdadan istifadə edir. Fermerlərə imkan vermirlər ki, buğdanın keyfiyyət göstəricilərinə görə bölsünlər. Çünki belə olduğu halda buğda fermerdən ucuz qiymətə alınır. “Nazirlik 3 milyon tona yaxın taxıl istehsal olunduğunu açıqlayırsa, taxılın saxlanıldığı anbarları da göstərsin. Bu qədər məhsulu saxlamağa anbar da yoxdur. Dünya təcrübəsində taxıl və çəltik istehsalı adambaşına 300 kiloqram təşkil edir. Bunun da 90 kiloqramı buğdadan ibarətdir. Ərzaq buğdası və mal-qara üçün nəzərdə tutulan yem ehtiyacı daxili istehsal hesabına ödənməlidir”,-deyə ekspert əlavə edir.
Onun sözlərinə görə, ölkəyə gətirilən idxal məhsullarının həcmi təlabatın idxal hesabına ödənildiyini söyləməyə əsas verir: “Ölkəyə hər il 1,3, milyon tondan artıq ərzaq buğdası idxal olunur. Bu isə ölkənin ərzaq buğdasına olan ehtiyacının tamamilə idxal hesabına ödəndiyini deməyə əsas verir. Mən İl ərzində təxminən 1 milyon 200, 1 milyon 300 min ton taxıl istehsal olunduğunu düşünürəm”.
Xatırladaq ki, ötən il dövlət büdcəsindən kənd təsərrüfatına 597 milyon manat subsidiya ayrılıb. Vəsaitin əsas hissəsi taxılçılığın inkişafına yönəldilib. Lakin göründüyü kimi taxıl idxalında azalma yox, artım var. Hərçənd ki, dünya bazarlarında taxılın qiyməti də ucuzlaşıb və ola bilsin bəzi un istehsalçıları idxal taxılı ilə işləməyi kommersiya baxımından daha sərfəli hesab edir.
Beləliklə taxılla bağlı mübahisələr davam edir. Kənd Təsərrüfatı Nazirliyinin hesabatına inansaq, bu il taxıl istehsalı rekord həddə çatacaq. Taxıla olan təlabatın yerli, yoxsa idxal hesabına ödənildiyini isə il sonu statistikadan bəlli olacaq. Hələlik isə il ərzində milyonlarla dollar xaricdən taxıl idxalına axıdılır.