İRƏVANIN QURBANLIQ KEÇİSİ... -Və ya Arzumanyanı niyə həbs ediblər?
Yenixeber.org: Arzumanyanı həbs edən Ermənistan İstintaq Komitəsinin bununla bağlı açıqlamasında deyilir: “2020-ci il 30 oktyabrdan 9 noyabra qədər Şuşa və ətraf rayonların müdafiəsini təşkil edərkən general-leytenant Mikael Arzumanyan öz vəzifə borcuna qarşı səhlənkar münasibət göstərib. Vəzifələrini ya lazımi qaydada, ya da ümumiyyətlə yerinə yetirməməsi ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olub. Nəticədə düşmən silahlı qüvvələr Şuşanı və onun ətraf ərazilərini tam nəzarətə götürüb, “müdafiə ordusu”nun bölmələri itkilər verib və yaralılar olub”.
Yəni, Ermənistan İstintaq Komitəsi belə qənaətə gəlib ki, sadəcə, qondarma qurumun “müdafiə naziri”nin “ehtiyatsızlığı” səbəbindən Şuşa Azərbaycan Ordusu tərəfindən azad edilib.
Arzumanyana qarşı ittihamda qeyd olunur ki, guya o, ixtiyarında olan 650 nəfərlik və 365 nəfərlik erməni hərbi bölmələrini Şuşanın müdafiəsinə vaxtında və düzgün şəkildə cəlb etməyib. Nəticədə Şuşanın müdafiəsində sağ cinah açıq qalıb, onun Daşaltı istiqamətində yerləşdirdiyi bütöv bir batalyon isə Azərbaycan Ordusunun mühasirəsinə düşüb və böyük itkilər verib. Bir sözlə, bu və açıqlanmayan digər səbəblər əsas gətirilərək, Arzumanyan “səhlənkarlıqda” ittiham olunub və həbs edilib.
Məlumat üçün bildirək ki, 1973-cü ildə Xankəndində doğulmuş Arzumanyan 1999-cu ildə İrəvan Universitetini bitirib və 2000-2004-cü illərdə Rusiyada hərbi təhsil alıb. O, 2019-cu ildə qondarma qurumun “müdafiə naziri”nin müavini təyin olunsa da, 44 günlük müharibədən az əvvəl – 21 iyun 2020-ci il tarixdə bu “vəzifə”dən azad edilib. Lakin “nazir” Calal Arutunyan Azərbaycan Ordusu tərəfindən öz maşınında partladıldıqdan və sıradan çıxarıldıqdan sonra oktyabrın 27-də Arzumanyan onun yerinə təyin olunub və “general-leytenant” rütbəsi alıb.
Əslində, Ermənistan İstintaq Komitəsinin bu qərarı bir neçə sual doğurur. Məsələn, Ermənistan hər zaman Qarabağdakı qondarma rejimi az qala müstəqil qurum kimi təqdim edib və ona status tələb edib. Arzumanyan isə həmin bu qurumun “müdafiə naziri” olub. Belə olan halda həmin bu “müstəqil” qurumun “generalı”nı niyə Ermənistan mühakimə etməlidir?
Digər yandan, erməni cəmiyyəti, müxalifəti, revanşistləri və s. bir ağızdan həyasızcasına deyirdilər ki, Şuşa guya xəyanət nəticəsində Azərbaycanın əlinə keçib və az qala şəhərdə ümumiyyətlə döyüş getməyib. Belə olan təqdirdə İstintaq Komitəsi hansı itkilərdən və yaralılardan, hansı döyüşlərdən danışır? Əgər belə idisə, niyə Arzumanyan xəyanətdə, satqınlıqda yox, səhlənkarlıqda və “ehtiyatsızlıqda” ittiham olunur?
Əlbəttə ki, Şuşanın “müdafiəsi” bu gün qurbanlıq keçi rolu oynayan Arzumanyana yox, qəbirdən çıxarılıb gətirilmiş Napoleona da tapşırılsaydı, bunun heç bir əhəmiyyəti olmayacaqdı. Azərbaycan Ordusu Şuşaya qədər də öz sözünü döyüş meydanında demişdi və vətənimizin göz bəbəyi olan Şuşanı nə yolla olursa olsun azad edəcəkdi.
Arzumanyanın, yaxud başqa birisinin Şuşanın itirilməsinə görə günahlandırılaraq həbsə atılması sadəcə, Ermənistandakı hakimiyyət çəkişməsinin, siyasi oyunların tərkib hissəsidir. Əslində isə onu və onun kimi hərbi caniləri mühakimə etməyə hüququ çatan və bunu etməli olan yeganə dövlət Azərbaycandır!
“Azpolitika”