Rusiyanın gizli “müsəlləh əsgər” toplanışı –“dahi sərkərdə”lərin sınanmış taktikası
Açıq-aşkar hiss olunur ki, Rusiya Ukraynadan geri çəkilmək fikrində deyil, müharibəni nəinki məğlubiyyətlə, hətta heç-heçə ilə də bitirmək istəmir.
Yenixeber.org: Özünü I Pyotrdan və II Aleksandrdan daha güclü tarixi şəxsiyyət sayan Vladimir Putin qələbə qazanmaq üçün son vasitələrə əl atmağa belə hazır görünür.
Bundan ötrü o, artıq “rus hərb sənəti”nin ən sınanmış taktikasına, qələbəni böyük qurbanlar hesabına qazanmaq yoluna müraciət edib.
Gələn informasiyalar bu yöndədir. Bildirilir ki, Rusiya komandanlığı Ukraynadakı müharibədə öz qoşunlarının itkilərinin yerini doldurmaq üçün gizli səfərbərlik aparır, yeni-yeni qoşun birləşmələri yaradır, “dar gün” üçün toplanan ehtiyatlardan istifadə edir.
Rusiyanın, Putinin başqa yolu yoxdur. Dövlət ağlı tam olaraq “ya qələbə, ya ölüm”ə köklənib. Qarşılıqlı güzəştlərə getmək, “ziyanın yarısından qayıtmaq”, Avropa ilə körpüləri tam yandırmamaq kimi söhbətlər arxa plana keçib.
Rusiya başbilənləri müharibəni böyük qurbanlar hesabına davam etdirmək planını ona görə belə asanlıqla seçiblər ki, hərb meydanında qırılanlar arasında əzizləri yoxdur və yarıda qırılan gənc ömürlər onların vicdanını sızlatmır.
İndi Stalin zamanı deyil ki, özünün və dövlətə rəhbərlik edən digərlərinin hərbi mükəlləfiyyətli övladlarını ön cəbhəyə, alman nasistlərinin gülləsinin qabağına göndərsinlər. Hazırkı rəhbərlərin övladları tam təhlükəsizlikdədir. Ukraynada müharibəyə isə Kalininqraddan Saxalinə qədər uzanan hüdudsuz ölkənin kasıb vətəndaşları cəlb edilib.
Rusiya dövlət kimi təşəkkül tapandan üzü bəri onun ərazisini böyüdən məhz o milyonlarla “hüququndan keçən əsgər”lərdir. Çarın marşal, general və polkovnikləri onları Krımda türklərlə döyüşdürüblər, Uzaq Şərqdə yaponlarla ölüm-dirim savaşına atıblar, Qafqazda, Təbrizdə İran xanədanlığının sərbazları ilə çarpışdırıblar, Polşada, Avstriyada, Fransada polyaklarla, almanlarla, fransızlarla toqquşdurublar, sözün əsl mənasında qırğına veriblər, amma dövlətin ərazisini də böyütməyə nail olublar.
Ona görə də Rusiyanın indiki rəhbərliyi üçün “böyük itki verə bilərik, bu əməliyyat planı məqbul deyil” deyilən çəkindirici amil yoxdur. Məsələ belədir: əgər ruslar bir şəhəri işğal etmək üçün 10 min əsgərin yetərli olmadığını görsələr, həmin şəhərə 20 min əsgər göndərəcəklər, 20 yetmədisə, 40 min döyüşçü göndərmək fikrinə düşəcəklər.
II dünya müharibəsində qazanılan qələbədən söz düşəndə adətən Jukov, Konyev, Çuykov, Vasilevski, Malinovski, Rokossovski kimi komandanların hərb dühası olduğunu iddia edirlər. Ancaq alternativ rəy bildirən tarixçilər bu məşhur sərkərdələrin qazandıqları qələbənin sirrinin çox bəsit olduğunu yazırlar. Onlar sadəcə ona görə qələbə qazana biliblər ki, əllərinin altında saysız-hesabsız insan resursu, ehtiyat diviziyalar olub, öndə gedənlər qırıldıqca, arxadan gələnləri qabağa göndəriblər.
Bu fikirlər əsassız deyil. Təkcə Azərbaycandan əli silah tutan 600 mindən artıq adam səfərbər olunaraq müharibəyə göndərilib. Təsəvvür edin, 1941-45-də Azərbaycanın əhalisi 3,5 milyon olub. Bunun tən yarısının qadınlar olduğunu nəzərə alsaq, yerdə qalan kişi qisminin bir xeylisini də yaşı 18-ə çatmamış oğlan uşaqlarına və yaşı 50-ni aşmış qocalara, eləcə də hərbi xidmətə yararlı olmayanlara aid etsək, o deməkdir ki, ölkədə səfərbərlikdən kənarda qalan sağlam kişi olmayıb. Hətta müharibənin son illərində 17 yaşlıları da səfərbərliyə alıblar.
İndi Kreml Ukraynada apardığı müharibəyə aşağı-yuxarı eyni cür yanaşır.
Ancaq bu, qələbə üçün yetərli olacaqmı? İndi müharibənin taleyinin həll olunmasında piyada əsgərin rolu Çingiz xanın, Napoleonun, Hitlerin vaxtındakı ilə eyni deyil.
Çingiz xanın vaxtında əsgərin qələbədəki rolu 100 faiz idisə və sayca üstün olan ordu qalib gəlirdisə, Napoleonun vaxtında səhra topları, artilleriya əsgərlərin rolunu yarıbayarı azaltdı.
Hitlerin vaxtında isə bombardmançı təyyarələr, tanklar, döyüş gəmilərinin müharibənin qədərini dəyişməkdə rolu əsgərlərinkini daha çox üstələdi.
Hazırkı müharibədə isə qırğın silahları daha çox təkmilləşdirildiyindən yüngül silahlı döyüşçülərin müharibədə həlledici faktor olmasından danışmaq, buna güvənmək ağılsızlıqdır. Bu sadəcə, itkilərin artmasına, faciəvi statistikanın şişməsinə səbəb ola bilər.
Müharibəyə cəlb olunmuş müasir hərbi texnologiyalar sarıdan Ukraynanın tərəfində olan və öz arsenalını bu dövlətlə bölüşən NATO-nun qüvvəsi Rusiyadan qat-qat üstündür. Ruslar 3 aydır davam edən müharibədə bu fərqi aydın şəkildə görməliydilər və ukraynalıların fenomenal dirənişinin təkcə milli hünərlə, döyüş əzmkarlığı ilə bağlı olmadığını anlamalıydılar. Düzdür, ukraynalılar rəşadətlə döyüşürlər, amma əllərində döyüşmək üçün yaxşı silahları da var və bunları onlara kənardan veriblər. Hələ verəcəklər də.
Bu baxımdan rus dövlətini idarə edənlər xalqın genefonduna böyük zərbə ola biləcək addımlardan, kütləvi və gizli səfərbərlikdən əl çəkib müharibəni bitirsələr, ziyanın yarısından qayıtmış olarlar.(musavat)