Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

“Kim bu ölünü diriltmək istəyirsə…” –Müharibənin ili çıxdı

Azərbaycan xalqı şəhidlərini anır, Prezident yeni mesajlar verdi, Ermənistan isə məyusdur…

Yenixeber.org: Bu gün – sentyabrın 27-də Qarabağda erməni təxribatına qarşı əks-hücum əməliyyatı ilə başlamış Vətən Müharibəsinin birinci ildönümüdür. Azərbaycan Prezidentinin 2020-ci il 2 dekabr tarixli sərəncamı ilə 27 sentyabr şəhidlərin Anım Günü elan olunub. 

Azərbaycan xalqı 44 gün davam etmiş müharibədə həlak olmuş şəhidlərin xatirəsini ehtiramla yad edir. Paytaxtda təşkil edilən anım törənlərinə görə dünən axşamdan şəhərin mərkəzi hissəsində bütün yollar bağlanıb. Minlərlə insan Şəhidlər Xiyabanına və Fəxri Xiyabana axışır, şəhid məzarlarına gül çələngləri qoyur. Eləcə də bütün ölkə boyu şəhidlər xiyabanlarında, məscidlərdə anım mərasimləri keçirilib, şəhidlərin ruhuna dualar oxunub.

44 günlük müharibə Azərbaycan Ordusunun böyük zəfəri ilə başa çatıb; qısa müddətdə Ermənistanın 30 ilə yaxın işğalda saxladığı 5 rayon, habelə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin üçdə bir hissəsi, strateji əhəmiyyətli, Azərbaycan üçün ciddi mənəvi əhəmiyyəti olan Şuşa şəhəri işğaldan azad edilib. Xüsusi Təyinatlı Qüvvələrin çətin dağlıq şəraitdə, mürəkkəb reylefləri aşaraq, az itki ilə həyata keçirdiyi bu əməliyyat hərb tarixinə qızıl hərflərlə yazılıb. 

2020-ci il noyabrın 10-da Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs bəyanatına uyğun olaraq, erməni ordusu daha 3 rayondan – Ağdam, Kəlbəcər və Laçından çıxarılıb. Həmin gecə Rusiya sülhməramlıları Xankəndinə daxil olaraq, Laçın dəhlizi və Azərbaycan Ordsunun nəzarət etmədiyi ərazilərdə mövqe tutub. Hazırda Xocalı, Xocavənd rayonunun bir hissəsi, Şuşa rayonunun 35 kəndi, Ağdərə, Əsgəran rayonları erməni silahlı birləşmələrinin nəzarəti altındadır. Qarabağda zəiflədilmiş separatçı rejimin dirçəldilməsinə Rusiyanın hərbi, siyasi, maddi, humanitar dəstəyi açıq hiss olunur.

Müharibə zamanı silah arsenalını İsrail və Türkiyənin yeni nəsil silahları, pilotsuz uçuş aparatları, zərbə dronları ilə daha da gücləndirmiş Azərbaycan Silahlı Qüvvələri erməni ordusuna sarsıdıcı zərbə vurub. Müxtəlif hərbi qaynaqların təsdiq etdiyi məlumata görə, düşmən malik olduğu hərbi texnikanın, artilleriya və Hava Hücumundan Müdafiə vasitələrinin üçdə ikisini itirib. Bu zaman Ermənistan ordusunun arsenalını zənginləşdirən Rusiya hərbi sənayesinin ən məşhur hücum və müdafiə vasitələri də sıradan çıxarılıb. 44 gün ərzində Ermənistan ordusu 4 minə yaxın canlı qüvvə itirib, 20 min nəfərdən artıq hərbçi yaralanıb. İtkinlərin sayı isə 300-ə yaxındır. Məğlubiyyət erməni ordusuna ciddi sarsıntı yaşadıb, yerli vətəndaş cəmiyyətinin yaydığı məlumata görə, müharibədən sonra 200 nəfərdən artıq hərbi qulluqçu intihar edib.

Müharibədən dərhal sonra Ermənistanda siyasi böhran başlayıb. Keçmiş hərbi-siyasi elitanın rəhbərlik etdiyi müxalifət aylarla davam edən mitinqlər keçirərək, Paşinyan iqtidarının istefasını tələb edib. Daxili və xarici təzyiqlərin (əsasən Rusiya- red.) nəticəsi olaraq, bu il aprelin 20-də Baş nazir Nikol Paşinyan növbədənkənar parlament seçkisi elan edib. İyunun 20-də keçirilən seçkidə Paşinyanın liderlik etdiyi “Mənim addımım” bloku böyük səs fərqi ilə qalib gəlib. Eks-prezidentlər Koçaryan və Sarkisyanın rəhbərlik etdiyi siyasi qüvvələr 29 mantdala kifayətlənib. Bu hadisə Ermənistan cəmiyyətinin ənənəvi militarist, işğalçı siyasətə qarşı çıxdığını, məğlub Paşinyanın vəd etdiyi Rusiyadan tədricən qopma və Qərbə inteqrasiya xəttini dəstəklədiyini nümayiş etdirdi. 

Azərbaycan 44 günlük müharibədə 2907 şəhid verib, 7 hərbi qulluqçu itkin sayılır, 12 minə yaxın əsgər və zabit isə yaralanıb. Bu qalibiyyət Azərbaycan xalqında ruh yüksəkiliyi yaradıb, özünə inamı bərpa edib, eyni zamanda, dünyada böyük rezonans doğurub. Xüsusən, yeni nəsil silahların geniş miqyasda uğurlu tətbiqi araşdırılmağa, öyrənilməyə başlanıb.

Müharibənin ən böyük nailiyyətlərindən biri Türkiyə-Azərbaycan birliyinin uğurla sınaqdan çıxması və daha da möhkəmlənərək, hərbi-siyasi müttəfqiliyə çevrilməsidir. Ankaranın verdiyi əhəmiyyətli dəstək döyüşlərin gedişində mühüm rol oynayıb, eyni zamanda, 100 ildən sonra Türkiyənin Cənubi Qafqazda hərbi-siyasi iştirakına yenidən şərait yaradıb. Hazırda iki ölkə arasında ordu quruculuğu, xarici təcavüzdən birgə müdafiə istiqamətində, həmçinin siyasi, iqtisadi əlaqələrin daha da möhkəmləndirilməsi istiqamətində ciddi addımlar atılır. 

***

Şəhidlərin Anım Günündə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev xalqa müraciət edib. Ölkə başçısı tarixi qələbənin əhəmiyyətini qeyd etməklə bərabər, mühüm mesajlar da verib. 

“Biz müharibəni hərbi-siyasi yollarla həll etdik, müharibə arxada qaldı, Dağlıq Qarabağ münaqişəsi də tarixdə qaldı. Azərbaycanda “Dağlıq Qarabağ” adlı inzibati ərazi mövcud deyil və əgər kimsə “Dağlıq Qarabağ” adlı ölünü diriltmək istəyirsə, onu öz ərazisində diriltsin, öz ərazisində “Dağlıq Qarabağ” adlı qurum yaratsın, respublika yaratsın, cəmiyyət yaratsın. Biz də onu tanıyarıq, ancaq Azərbaycanda yox! Bu məsələ öz həllini tapdı. Bunu mən deyirəm – Azərbaycanın Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı. Hər kəs bu sözlərlə hesablaşmalıdır və hesablaşacaqdır”, – deyə İlham Əliyev vurğulayıb.

Prezident İlham Əliyev həmçinin Türkiyəyənin verdiyi dəstəyin əhəmiyyətini bildirib və qardaş ölkəyə dərin təşəkkürünü ifadə edib: 

“Qardaş Türkiyə və qardaş türk xalqı müharibənin ilk saatlarından Azərbaycanla həmrəy oldular, Azərbaycana öz dəstəyini göstərdilər. Türkiyə rəhbərliyi və əziz qardaşım, Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən verilən açıqlamalar bizə çox böyük siyasi dəstək oldu, bizə əlavə güc verdi və biz bunu heç vaxt unutmayacağıq. 44 günlük Vətən müharibəsi bütün dünyaya Türkiyə-Azərbaycan birliyini bir daha göstərdi”.

Dövlət başçısı daha sonra çıxışında Ermənistana, separatçılara və onları dəstəkləyən qüvvələrə mesajlar göndərib: 

“Erməni faşizmi məhv edilib, ancaq onun təzahürləri görünməkdədir. Bu, çox təhlükəli tendensiyadır, ilk növbədə, Ermənistan dövləti üçün. Mən bunu demişəm, bu gün Anım Günündə şəhidlərimizin əziz xatirəsi önündə bir daha deyirəm, əgər biz görsək ki, erməni faşizmi baş qaldırır, əgər biz görsək ki, xalqımıza, dövlətimizə yeni təhlükə mənbəyi yaranır, heç tərəddüd etmədən erməni faşizminin başını bir daha əzəcəyik. Bunu hər kəs bilsin! Müharibənin və Qələbənin rəmzi olan “Dəmir yumruq” yerindədir, bunu heç kim unutmasın!”

***

Bu gün Ermənistanda da müharibənin başlamasının bir ili qeyd edilir. Prezident Armen Sarkisyan əhaliyə ünvanladığı mesajında təxribatçı və yeni müharibəyə təhrik edən ifadələrə yer verib. “Başımızı dik tutaraq və belimizi düzəldərək bu vəziyyətdən çıxa bilməliyik və heç olmasa, yavaş addımlarla irəliləməyi bacarmalıyıq. Bu gün əsirləri geri qaytarmaq, yaralıları sağaltmaq, itkin düşənləri tapmaq üçün hər zamankındən daha çox səy göstərməliyik. Güclü Ermənistan və güclü “Artsax” adına”, – deyə o, qeyd edib.

Baş nazir Nikol Paşinyan isə bu gün səhər Xankəndidəki qondarma qurumun başçısı Arayik Arutunyanla telefonla danışıb. Onlar 44 günlük müharibənin nəticələrinin aradan qaldırılması üzrə işlərin gedişatını müzakirə ediblər. “Xüsusilə, erməni əsirlərin geri qaytarılmasının təmin edilməsi, təhlükəsizlik problemlərinin həlli, Qarabağda infrastrukturun yaxşılaşdırılması və mənzil tikintisi mövzusuna toxunublar. Paşinyan və Arutunyan vurğulayıblar ki, Ermənistan və “Qarabağ hökumətləri” “Artsaxı” canlandırmaq və daha da inkişaf etdirmək üçün hər cür səy göstərəcəklər”…(pressklub)

Turqut


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam