Yenixeber.org: ABŞ və Fransa Qarabağda yaranmış yeni status-kvodan narazıdır və bunu diplomatik-siyasi kanallarla Azərbaycana çatdırırlar. ATƏT-in Minsk Qrupunun üzvü olan hər iki ölkə 44 günlük müharibədən sonra prosesdən kənarda qalıblar, digər həmsədr Rusiya isə regionda mövqelərini daha da gücləndirib. Beləliklə, məsələ təkcə Qarabağ probleminin gündəmdən çıxması, Ermənistanın zəifləməsi və ya erməni azlığın qeyri-rəsmi statusunu itirməsi deyil. Məsələ həm də Cənubi Qafqazda Qərbin mövqeyinin daha da zəifləməsidir.
Ermənistan Qərbin bu təşəbbüsünü tam dəstəkləyir, itirilmiş mövqelərini Azərbaycana beynəlxalq təzyiqlər hesabına qismən bərpa edəcəyinə ümid bəsləyir. Məsələn, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib ki, “Qarabağın statusu bizim üçün əsas məsələ olaraq qalır”. O, Azərbaycan prezidenti İlham Əliyevin “status” barədə fikirlərinə münasibət bildirərkən deyib ki, Qarabağ problemi həll olunmayıb və ATƏT-in Minsk Qrupu danışıqlar üçün yeganə platforma olaraq qalır. Qriqoryanın sözlərinə görə, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri danışıqları bərpa etməyin zəruriliyini dəfələrlə bəyan ediblər və bu danışıqlarda əsas məsələlərdən biri Dağlıq Qarabağın statusu məsələsidir: “Dağlıq Qarabağın statusu məsələsi həll edilməlidir. Biz bu qərarı ATƏT-in Minsk Qrupu çərçivəsində görürük. Bunu nəzərə alaraq Azərbaycan tərəfinin açıqlamaları bizim üçün anlaşılmazdır”.
Paşinyan hökuməti Ermənistanın Rusiyadan ifrat asılılığını Qərbin dəstəyi ilə müəyyən qədər balanslaşdırmağa da çalışır.
Bu gün BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Rusiya və Fransa xarici işlər nazirlərinin görüşündə də Qarabağla bağlı müzakirə aparılıb. Bundan əvvəl də hər iki ölkənin dialoqunda bu məsələ bir neçə dəfə gündəmə gətirilib. Rəsmi şəkildə ifadə olunmasa da, Vaşinqton və Paris Rusiyanın Qarabağdakı erməni azlığı himayəyə götürməsindən əslində məmnundur. Paradoks odur ki, geosiyasi rəqabət içində olan bu güclər erməni məsələsində ortaq nöqtələr tapmaqda çətinlik çəkmirlər.
Sentyabrın 22-də – Ermənistanın müstəqilliyinin 30-cü ildönümü ilə bağlı ABŞ prezidenti Co Bayden və Fransa prezidenti Emmanuel Makronun baş nazir Nikol Paşinyana təbrik məktublarında da Qarabağ mövzusu ön planda təqdim olunub. “ATƏT-in Minsk Qrupu çərçivəsində və digər regional formatlarda hökumətinizlə əl-ələ verərək, regional sabitliyi təmin etmək və münaqişəni həll etmək üçün çalışacağıq”, – deyə Bayden yazıb. Makron isə bildirib ki, Fransa Ermənistanın suverenliyinə hörmət edərək Qarabağdakı münaqişənin nəticələrinin aradan qaldırılmasına kömək edəcək: “Minsk Qrupunun həmsədri kimi Fransanın Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli həllinə dair səylərini bir daha təsdiqləmək istərdim”.
Beləliklə, həm ABŞ, həm də Fransa Minsk Qrupunun yenidən aktivləşməsində maraqlı olduqlarını nümayiş etdiriblər. Bu siyasət təkcə bəyanatlar şəkilində ifadə olunmur, son günlər baş verən bəzi hadisələr göstərir ki, Qərbdə erməni diasporasına yaxın çevrələr Azərbaycana qarşı təzyiq mexanizmlərini də işə salmağa çalışır.
Məsələn, sentyabrın 23-də ABŞ Nümayəndələr Palatası Azərbaycandan “erməni hərbi əsirlər”in dərhal buraxılmasını tələb edən və “Azərbaycanın hərbi cinayətlərinə və erməni vətəndaşlara qarşı qanunsuz silahlardan istifadə edilməsi barədə” hesabatın hazırlanmasına çağıran qanun əlavəsini qəbul edib. ABŞ-ın milli müdafiə büdcəsi haqqında qanununa bu əlavə onu təklif edən konqresmenlərin adı ilə “Kardenas-Şiff-Şerman” əlavəsi adlanır. Sənəddə Qarabağ müharibəsində istifadə olunmuş Türkiyə dronlarında ABŞ texnologiyalarından istifadə edilib-edilmədiyinin araşdırılması da təklif edilir. ABŞ Müdafiə Nazirliyinin xarici maliyyə əməliyyatlarını tənzimləyən NDAA qanununun sentyabrın 23-də Nümayəndələr Palatasından keçmiş son variantında Azərbaycanla bağlı bir neçə başqa əlavə də nəzərdə tutulub. Respublikaçı konqresmen Devid Valadaonun əlavəsi “Dağlıq Qarabağ”a humanitar yardımları nəzərdə tutur. Bu qanuna əlavə təklifində dövlət katibindən “Dağlıq Qarabağ”a yardımlarla bağlı hesabat verməsi tələb olunur.
Azərbaycandan bu tendensiyaya ən yüksək səviyyədə reaksiya verilib. Prezident İlham Əliyev Rusiyanın “Natsionalnaya Oborona” jurnalına müsahibəsində təəssüflə deyib ki, hələ də “Dağlıq Qarabağın statusu” barədə məsələlər qaldırılır:
“Bu, tamamilə perspektivsiz və mənim fikrimcə, Ermənistanın hazırkı faciəvi vəziyyətində onun üçün zərərli və təhlükəlidir. Çünki onlar ikinci Qarabağ müharibəsinin dərslərini unutmamalıdırlar. Əgər Ermənistan Azərbaycana qarşı ərazi iddialarını davam etdirsə, Azərbaycanın Ermənistana qarşı ərazi iddialarından çəkinməsi çətin olacaq. Bundan ötrü elə həmin Zəngəzurun və elə həmin Göyçə gölü regionunun tarixi mənsubiyyəti baxımından bizim daha çox əsasımız, ərazi iddiaları üçün daha çox tarixi zəmin vardır. Biz ki, belə iddialar təqdim etmirik. Məğlub olmuş, kapitulyasiya haqqında akt imzalamış Ermənistan nəyə görə hesab edir ki, onun Dağlıq Qarabağ üçün hansısa status – mövcud olmayan şey üçün status barədə danışmağa haqqı var? Dağlıq Qarabağ yoxdur. Qarabağ iqtisadi rayonu var, Şərqi Zəngəzur iqtisadi rayonu var. Bunlar bizim ərazidir və bizdə hansı inzibati vahidlərin ola biləcəyini biz müəyyən etməliyik. Yalnız biz etməliyik, bizdən başqa heç kim, heç bir ölkə, xüsusən Ermənistan bunu edə bilməz. Buna görə düşünürəm ki, status barədə və Dağlıq Qarabağ barədə bu çeynənmiş sözlər Ermənistan üçün böyük təhlükə mənbəyidir və yaxşı olar ki, bizi qəzəbləndirməsinlər, qıcıqlandırmasınlar, nə qədər ki, bizim təklifimiz masa üzərindədir, onunla razılaşsınlar. Əks halda, müharibə dövründə olanlar təkrarlana bilər”.
Politoloq Elxan Şahinoğlu bildirdi ki, Azərbaycan həmsədrlərə Qarabağ münaqişəsinin bitdiyini çatdırıb:
“Deməli, müzakirə ediləsi mövzu yoxdur. İkincisi, Azərbaycan status məsələsini müzakirə etməyəcək, bu mövzu da rəsmi Bakı üçün müharibədən sonra bitib. Buna baxmayaraq, həmsədrlər dediklərindən dönmürlər və fəaliyyətlərinə qaldıqları yerdən davam etmək istəyirlər”.
Elxan Şahinoğlunun fikrincə, belə olan halda bizim iki yolumuz qalır:
“Ya onların səfərləri zamanı təkliflərini dinləyib, qeyri-müəyyən “dəyərləndirərik” cavabı ilə hər dəfə Bakıdan yola salmaq, ya da qəti addım ataraq Minsk Qrupunun fəaliyyətindən imtinamızı rəsmən bəyan etmək. İkinci qərarı verməyə hazırıqsa, bizə qarşı bir müddət təzyiqlərə hazır olmalıyıq”.(pressklub)
Turqut