Putin Paşinyana yenə "dərs" verdi: Rəsmi İrəvan Kremldən növbəti mesajı aldı
Rusiya prezidenti Putin telefon zənglərinə cavab verməməklə, erməni baş nazirə Kremlin dəstəyi olmadan heç bir problemi həll edə bilməyəcəyini növbəti dəfə anlatmağa çalışıb; Kreml sahibi bununla həm də Rusiyanın arxasından dolanmaq cəhdlərinin Ermənistana olduqca baha başa gələ biləcəyinin də mesajını verib...
Yenixeber.org: Ermənistanın aciz durumda olması zaman keçdikcə, daha aydın şəkildə ortaya çıxmaqdadır. Bu düşmən ölkədə sərbəst olaraq, demək olar ki, heç bir addım atılmır. Və bu, rəsmi İrəvanın Ermənistanın siyasi idarəçilik sistemindəki rolunun formal xarakter daşıdığını göstərir.
Ermənistan Rusiyanın təlimatları və dəstəyi olmadan regionda hər hansı real nəticələri ola biləcək addımların atılması imkanından məhrumdur. Ona görə də, hərbi-siyasi avantüralardan da imtina etməsələr də, hər dəfə çətin vəziyyətə düşən kimi dərhal Rusiyadan yardım istəyirlər. Və bu, son hadisələr zamanı da müşahidə olundu.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın son Moskva səfəri demək olar ki, bütövlükdə rəsmi İrəvanın şikayətləri üzərində qurulub. O, rusiyalı həmkarı Sergey Lavrova Azərbaycanla bağlı mümkün olan bütün mövzularda gileylənib. Hətta Ermənistanın hər addımda kobud şəkildə pozduğu üçtərəfli anlaşmaları belə, gündəmə gətirib.
Erməni nazir S.Lavrova məlumat verib ki, guya Azərbaycan üçtərəfli anlaşmaların müddəalarını yerinə yetirmir. Əslində, bu mövzuda Rusiya xarici işlər nazirinə hər hansı məlumatın verilməsinin özü belə, gülünc davranışdır. Çünki, Kreml regionda baş verənlərdən rəsmi İrəvandan daha dəqiq məlumatlıdır. Rusiyanın bölgədə baş verənlərlə bağlı erməni nazirdən məlumat almağa elə bir ciddi ehtiyacı yoxdur.
Məsələ ondadır ki, Kreml tam dəqiqliyi ilə bilir ki, Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti dislokasiya olunduğu Azərbaycan ərazilərindən Ermənistan ordusunun tör-töküntüləri hələ də çıxarılmayıb. Üstəlik, humanitar xarakterli Laçın dəhlizi üzərindən bölgəyə əlavə hərbi yüklər daşınıb. Və bu, üçtərəfli anlaşmaları hansı tərəfin pozduğunu açıq şəkildə ortaya çıxarır.
Belə anlaşılır ki, rəsmi İrəvan üçtərəfli anlaşmaları yalnız Azərbaycan tərəfindən yerinə yetirilməli olan sənəd kimi qəbul edir. Eyni zamanda, Ermənistanı bu anlaşmalarda bir də hərbi əsirlər ilə bağlı müddəalar maraqlandırır. Və bu, rəsmi İrəvanın ən böyük səhvlərindən birdir.
Məsələ ondadır ki, üçtərəfli anlaşmalar məhz onları imzalayanların ortaq şəkildə yerinə yetirməli olduğu sənəddir. Yəni, rəsmi İrəvan da həmin sənədlərin tələblərinə uyğun davranmalıdır. Və bu sənədlərin icrası onları imzalayanların içərisində ən çox Ermənistanın maraqlarına cavab verir.
Ancaq bütün bunlara baxmayaraq, erməni nazir Azərbaycanı Ermənistanın ərazi bütövlüyünü pozmaqda və hərbi əsirləri geri qaytarmaqdan yayınmaqda ittiham etməyə çalışır. Halbuki A.Mirzoyanın bu iki ittihamı heç əks arqumentə davamlı deyil. Azərbaycan-Ermənistan sərhədləri delimitasiya və demarkasiya olunmadığından rəsmi İrəvanın "suveren ərazi" iddiasının heç bir hüquqi əsası yoxdur. Əvvəlcə sərhədləri delimitasiya və demarkasiya etmək lazımdır ki, hansı ərazinin kimə aid olduğu dəqiqləşsin. Ermənistanın bu prosesdən yayınıb, hay-küy salmasına, kimsə, xüsusilə də, rəsmi Bakı qətiyyən əhəmiyyət verməz.
Əslində, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun erməni həmkarı ilə ortaq mətbuat konfransında dedikləri də bunu təsdiqləyir. Rus diplomat bildirib ki, Azərbaycan-Ermınistan sərhədlərində yaşanan gərginliklər yalnız delimitasiya və demarkasiya prosesinə başlamaqla, həll edilə bilər.
Erməni hərbi əsirləri ilə bağlı A.Mirzoyanın iddialarına gəldikdəsə, S.Lavrov üçtərəfli anlaşmalarda 10 noyabra qədər hərbi əsirlər nəzərdə tutulur. Həmin tarixdən sonra Azərbaycan ərazisində saxlanılan erməni diversantları bu anlaşmaya aid deyil. Bununla belə, rus diplomat Azərbaycanı heç bir şərt irəli sürmədən bütün hərbi əsirləri azad etməyə çağırmağı da unutmayıb. Onun fikrincə, bu, Azərbaycan tərəfindən humanist addım olardı.
Əlbəttə, humanizmə çağırış heç də yanlış addım deyil. Ancaq humanizm də hüquqa əsaslanmalıdır və qarşılıqlı olmalıdır. Birincisi Qarabağ müharibəsi dövründə Ermənistan 5 minə yaxın Azərbaycan vətəndaşını əsir və girov götürüb. Onların sonrakı taleyi barədə rəsmi İrəvan hələ də heç bir məlumat vermək istəmir. Rusiya isə bu 30 il ərzində 5 min nəfərə yaxın Azərbaycan vətəndaşı ilə bağlı Ermənistana heç vaxt humanizm çağırışı etməyib.
Digər tərəfdən, Ermənistan hələ də revanşist mövqeyindən imtina etməyib. Azərbaycan ərazisində qalan hərbi tör-töküntülərini çıxartmayıb. Xankəndi və ətraf bölgəyə humanitar xarakterli Laçın dəhlizi ilə hərbi yüklər daşıyır, sərhədlərin delimitasiya və demarkasiyasından yayınır. Yekun sülh sazişini imzalamaq istəmir, Azərbaycana qarşı ərazi iddialarını davam etdirir və s. Bütün bunların qarşılığında isə üçtərəfli anlaşmaları imzalamış Rusiya Azərbaycandan erməni terrorçu-diversantları ilə humanist addım güdür. Bu, olduqca qəribə yanaşmadır.
Təbii ki, Cənubi Qafqazda olan bütün geopolitik problemlər əvvəl-axır həll edilməlidir. Ancaq bu, Ermənistana edilən birtərəfli güzəştlər formasında baş verə bilməz. Regional problemlərin həlli humanizm prinsipləri əsasında deyil, məhz beynəlxalq hüquq normaları çərçivəsində nizamlana bilər. Və bu prinsipdən kənara çıxılması ilk növbədə Ermənistanı vərdiş etdiyi yeni hərbi-siyasi avantüralara həvəsləndirər.
Ona görə də, ilk növbədə üçtərəfli anlaşmaların gələcək taleyini müəyyən etməyə ehtiyac var. Birdəfəlik aydın olmalıdır ki, bu sənədlərin tələbləri icra olunacaq. Ya da rəsmi Bakı Azərbaycanın dövlət sərhədlərinin müəyyən olunması prosesini məhz beynəlxalq hüquq normaları çərçivəsində atacağı addımlar vasitəsilə davam etdirmək haqqına sahibdir.
Təbii ki, bu baxımdan, üçtərəfli anlaşmaları imzalamış Rusiya və Ermənistan Azərbaycanın müdafiə naziri Zakir Həsənovun son xəbərdarlığına ciddi yanaşmalıdır. Çünki Azərbaycanın müdafiə naziri Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti dislokasiya olunduğu ərazidə törədilən erməni təxribatlarına hərbi zərbə ilə cavab verilə biləcəyini gizlətməyib. Bu, Azərbaycanın səbrinin artıq tükənmək üzrə olduğunu təsdiqləyən bir mesajdır.
Bütün bunları nəzərə aldıqda, Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin daha bir dəfə ehtiyac yaranmış kimi görünür. Rusiya mətbuatına sızan məlumatlara görə, bu ilin sonuna qədər belə bir görüşün keçirilməsi qətiyyən istisna deyil. Və bu görüş olacaqsa, deməli, üçtərəfli anlaşmaların taleyi də böyük ölçüdə dəqiqləşməyə başlayacaq.
Kremldə onu da nəzərə almalıdırlar ki, Ermənistanın "kaprizləri", üçtərəfli anlaşmaların icra edilməməsi yalnız Azərbaycana problem yaratmır. Eyni zamanda, Rusiyanın vasitəçilik və sülhməramlı missiyanı da zərbə altında qoyur. Ona görə də, Rusiya üçtərəfli anlaşmaların icrasında ən çox maraqlı olan ölkədir.
Şübhəsiz ki, rəsmi İrəvanın "kaprizləri" Kremli də bezdirib. Azərbaycan Görus-Gafan yolunu qapatdıqdan sonra Rusiya prezidenti Vladimir Putinin iki gün ərzində Ermənistan baş naziri Nikol Paşinyanın telefon zənglərinə cavab verməməsi barədə məlumatlar da bunu təsdiqləyir.
Hər halda, Ermənistan mətbuatı iddia edir ki, baş nazir Nikol Paşinyan dərhal Kreml sahibi ilə əlaqə qurmağa çalışsa da buna nail olmayıb. Rusiya siyasi dairələrində isə hesab edirlər ki, Kreml bununla rəsmi İrəvana onun iştirakı olmadan heç bir problemi həll edə bilməyəcəyini növbəti dəfə anlatmağa çalışıb. Və Rusiyanın arxasından dolanmaq cəhdlərinin Ermənistana olduqca baha başa gələ biləcəyinin mesajını verib.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert