Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Paşinyan Ərdoğandan hansı işarəni alıb: Ermənistanı Rusiyadan qopara biləcək əsas faktorlar...

Kremlin himayəsi belə, Ermənistana Türkiyənin müttəfiqi olan Azərbaycan ilə hərbi-siyasi və maliyyə-iqtisadi rəqabət şansı yaratmır; Ona görə də, Rusiyanın qıcıqlanmasına baxmayaraq, rəsmi İrəvan üçün hərbi-siyasi rəqibin müttəfiqi ilə əməkdaşlıq daha cəlbedici alternativ varianta çevrilməyə başlayıb...

Yenixeber.org: Rusiyanın siyasi dairələrində ciddi narahatlıq hökm sürür. Ermənistanın son davranışları Kremldə çaşqınlıq yaradıb. Və hazırda Kremlə yaxın media qurumları Paşinyan hakimiyyətini ciddi şəkildə tənqid etməyə başlayıblar.

Rəsmi İrəvana yönəlik "tənqid atəşi"nin məzmunu əsasən bir sual üzərindən arqumentləşdirilir. Rus siyasi şərhçilər "Türkiyə Ermənistana niyə lazımdır" sualına cavab tapmağa çalışırlar. Və bu sualın cavabını da dərhal Ermənistanın baş naziri Nikol Paşinyanın etibarsız siyasətçi olmasına bağlayırlar.

baf4e1ba-af1f-4f6f-8707-e66d30974e65.jpg (19 KB)

Məsələ ondadır ki, rəsmi İrəvan hər dəfə Rusiyanı məyus edəndə erməni baş nazirin "Soros" Fondunun icadı olması dərhal xatırladılır. Hesab edilir ki, o, Kremlə münasibətdə qətiyyən səmimi deyil və heç vaxt da olmayacaq. Çünki onun hakimiyyətə gəlişi Kremlin geopolitik manevrlərinə bağlı deyil. Və bu səbəbdən də erməni baş nazir müxtəlif vaxtlarda hansı mövqeyə meyllənməsindən asılı olmayaraq, həmişə özünü icad edənlərə sadiq qalacaq.

Maraqlıdır ki, bu məsələdə rus şərhçilər müəyyən mənada, haqlı görünürlər. Çünki erməni baş nazir öz hakimiyyəti dövründə heç vaxt stabil siyasi kurs yürütməyib. 44 günlük savaş dönəmində demək olar ki, hər gün Rusiya prezidenti Vladimir Putinə zəng edərək, müharibənin dayandırılmasında yardım istəyib. Və buna nail olduqdan bir qədər sonra Kremli məyus edən açıqlamalar verib.

Məsələ ondadır ki, baş nazir N.Paşinyan savaşdan sonra Ermənistanın biabırçı məğlubiyyətinin əsas günahını məhz Rusiyanın üzərinə yükləməyə cəhd göstərirdi. O, bir tərəfdən Rusiyanı öz hərbi müttəfiqlik öhdəliklərini yerinə yetirməməkdə qınayırdı. Digər tərəfdən isə Rusiyanı Ermənistana köhnə və yararsız silahlar satmaqda ittiham edirdi.

Halbuki heç kəsə sirr deyil ki, Rusiya Ermənistana silah satmayın, hədiyyə edib. Onun böyük qalmaqala səbəb olmuş "İsgəndər partlamır" açıqlaması dünya silah bazarında Rusiya hərbi texnikasının imicinə vurulmuş ən ciddi zərbə hesab olunur.

685772a6f686fcd5fd6be7a9165c38a8.jpg (98 KB)

Sonrakı mərhələdə erməni baş nazir Rusiyanın "hərbi müttəfiqlik çətiri"ndən imtina edib, ABŞ və Fransaya sığınmağa cəhd göstərdi. Ancaq bu, kifayət qədər qəliz məsələ olduğundan çox tezliklə yenidən Kremlin orbitində daha məmnun olduğunu bəyan etdi. Rusiyanı Ermənistanın təhlükəsizlik sistemində əsas faktor kimi qabartdı. Və Kremldən həm Ermənistan ordusunun rekonstruksiyası, həm də növbəti dəfə "hərbi texnika hədiyyəsi" ilə bağlı təminatlar aldı.

Ancaq erməni baş nazirin Kreml ilə belə anlaşma mühiti içərisində uzun müddət qala bilməyəcəyi heç kəsdə şübhə doğurmur. Çünki bu, onun xarakterinə qətiyyən uyğun gəlmir. Üstəlik, rəsmi İrəvanın Kremlin "himayə çətiri" altından boylanaraq, yoluna davam etməsinə əngəl olan kifayət qədər ciddi faktorlar mövcuddur.

Birincisi, Rusiyanın rekonstruksiya edəcəyi Ermənistan ordusu ölkənin təhlükəsizliyinə təminat vermək qabiliyyətində olmayacaq. Bunu rəsmi İrəvan tam dəqiqliyi ilə anlayır. Çünki Ermənistanın hərbi-siyasi və maliyyə-iqtisadi cəhətdən Azərbaycan ilə rəqabət aparmaq şansları bundan sonra böyük ehtimalla heç vaxt olmayacaq. Üstəlik, Azərbaycanın arxasında NATO ölkəsi olan Türkiyə ilə müttəfiqlik faktoru da var. Bu faktor rəsmi İrəvanın güvənə biləcəyi Rusiya amilini neytrallaşdırmağa qadirdir.

ermeni-rus-silah1.PNG (123 KB)

Digər tərəfdən, rəsmi İrəvanın bu dəfə Rusiyadan daha müasir silahlar almaq ümidləri də özünü doğrultmur. Düzdür, Ermənistan müdafiə naziri Arşak Karapetyan məsələn, yeni rus avtomatlarını özü şəxsən sınaqdan çıxartmağa nail olub. Ancaq müasir rus silahlarının alınması əlçatmaz olaraq, qalır.

Çünki, heç bir ölkə özünün ən müasir silah növlərini başqa dövlətə pulsuz verməz. Ermənistanın isə yeni silahlar alacaq parası yoxdur. Deməli, yenə də Kremlin hədiyyə edəcəyi köhnə hərbi texnika ilə kifayətlənərək, Rusiyanın "silah zibilliyi" rolunu oynamaq taleyi ilə barışmalı olacaq.

Nəhayət, Rusiyanın orbitində qalmaq Ermənistana Kremlin təlimatları ilə idarə olunan for-post statusundan daha yaxşı heç nə vəd etmir. Üstəlik, Kreml Ermənistanın düşdüyü dərin sosial-iqtisadi böhrandan çıxması üçün rəsmi İrəvana hava-su kimi lazım olan maliyyə dəstəyi vermək imkanından da uzaqdır. Kreml nəinki buna həvəs göstərmir, hətta bu barədə eşitmək belə, istəmir.

Belə olan təqdirdə, Ermənistanın indiki ağır böhran vəziyyətindən çıxması qətiyyən mümkün deyil. Zaman isə gözləmir, hər ötən gün Ermənistanı fəlakətə daha da yaxınlaşdırır. Ona görə də, rəsmi İrəvan alternativ variantlar axtarmaq məcburiyyətində qalıb.  Və bu alternativ variantlar isə Rusiyanı məmnun etməyəcək istiqamətdədir.

Maraqlıdır ki, Paşinyan hakimiyyəti dolayısı manevrlər ilə alternativ inkişaf istiqamətlərinə yönəlməyə can atır. Rəsmi İrəvan "xilas pəncərəsi"nin o qədər də uzaqda deyil, lap yaxında olduğunu bilir.

a98805d17a6c544975d09e28d67a6909.jpg (197 KB)

Ancaq Ermənistanda hələ də güclü olan Rusiyameyilli Qarabağ klanı Paşinyan hakimiyyətini həmin "xilas pəncərəsi"ni açmağa imkan vermir. Bu istiqamətdə hər hansı addımın atılma cəhdini dərhal aqressiv reaksiya ilə qarşılayır. Və Ermənistanda vətəndaş qarşıdurması yaratmağa çalışır.

Bütün bunlara baxmayaraq, Paşinyan hakimiyyəti vaxtaşırı Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılmasının vacibliyini gündəmə gətirir. Ermənistan üçün bu iki dövlət ilə nəqliyyat-kommunikasiya xətlərinin açılmasının və iqtisadi-ticari əlaqələrin qurulmasının faydalı olduğunu arqumentləşdirməyə çalışır. Və bu baxımdan, rəsmi İrəvanın son davranışları yeni münasibətlər anlayışının ön plana keçməsinə yol aça bilər.

Məsələ ondadır ki, baş nazir Nikol Paşinyan bir müddət öncə Türkiyə ilə münasibətlərin bərpasına hazır olduğunu bəyan etmişdi. O, bu addımın Ermənistanın maraqlarına cavab verdiyini vurğulamışdı. Və Kremldə qıcıqla qarşılansa da, yaxın vaxtlarda bunun mümkün ola biləcəyinə eyham vurmuşdu.

Təbii ki, rəsmi Ankara erməni baş nazirin bu açıqlamasını reaksiyasız buraxmadı. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Cənubi Qafqazda sülhün və əmin-amanlığın hökm sürməsinə yol aça biləcək proseslərə töhvə verməyə hazır olduğunu bildirdi. Və rəsmi İrəvan dərhal bu açıqlamanı ümidverici eyham kimi qəbul etdi.

Məsələ ondadır ki, baş nazir Nikol Paşinyan bunu cavab olaraq, "Ermənistan regionda sülhün bərqərar olması ilə bağlı Türkiyədən bəzi açıq və müsbət işarələr almaqdadır" dedi. Erməni baş nazir bu müsbət işarələri dəyərləndirmək niyyətində olduğunu da qətiyyən gizlətmədi: "Biz Türkiyənin müsbət işarələrini eyni məzmunda cavablandıracağıq".

4542ba3fbf48ba11bfaf9821479fc68f.jpg (148 KB)

Təbii ki, bütün bunlar həm Ermənistan, həm də bütövlükdə region üçün inkişaf perspektivləri vəd edən əlamətlərdir. Halbuki, bu inkişaf perspektivlərini reallığa çevirmək üçün rəsmi İrəvanın daha ciddi siyasi iradə nümayiş etdirməsi də lazımdır. Və bu, rəsmi Ankaranı olduqca məmnun edə bilər.

Maraqlıdır ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu məsələ ilə bağlı növbəti mesajını verib: "Azərbaycan Ermənistanla hərtərəfli sülh sazişi üçün danışıqlara başlamağı təklif edib. Birtərəfli ittihamlar yerinə, gələcəyə baxan, realist yanaşmalar üstünlük təşkil etməlidir. Bu istiqamətdə hərəkət etməyə hazır olduğunu bəyan edən Ermənistan hökuməti ilə münasibətlərimizi tədricən normallaşdırmaq üçün çalışa bilərik".

Göründüyü kimi, rəsmi Ankaranın mövqeyi sabitdir. Paşinyan hakimiyyəti real addımlar atacağı təqdirdə, Ermənistanın mövqeyi cavabsız qalmayacaq. Rəsmi Ankara sadəcə, Ermənistana ilkin şərtini xatırlatmağı da qətiyyən unutmur. Yəni, Türkiyə ilə normal münasibətlər Ermənistanın Azərbaycanla yekun sülh sazişini imzalaması vacibdir. Bu, baş verərsə, digər problemlərin həlli daha da asanlaşa bilər.

Belə anlaşılır ki, Paşinyan hakimiyyəti Ermənistanı Rusiyadan uzaqlaşdırıb, Türkiyə üzərindən Qərbə yaxınlaşdırmaq baxımdan, olduqca real şans qazanmış kimi görünür. Bu şansdan yararlanmaq üçün isə rəsmi İrəvanın Rusiyadan gələcək təzyiqləri dəf etməyə hazır olması vacibdir.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam