Kreml Paşinyandan üz çevirir: Onu Rusiyanın maraqlarına zərbə vurmaqda suçlayır
Rəsmi İrəvana Rusiyanın maraqları ilə oynamağın yolverilməzliyini anlatmağa çalışırlar, hərbi müttəfiqliyin pozula biləcəyinə eyham vururlar; Seçki öncəsində Kreml ilə belə kəskin ziddiyyətlər erməni baş nazirin siyasi rəqiblərinin işinə yaraya bilər...
Yenixeber.org: Rusiya-Ermənistan münasibətləri gərginləmə istiqamətində inkişaf etməyə başlayıb. Bu iki müttəfiq ölkə arasında qarşılıqlı etimadın olmadığı açıq-aşkar nəzərə çarpır. Və böyük ehtimalla yaxın dövrlərdə bu vəziyyət ümumi geopolitik proseslərə də öz təsirini göstərməyə başlayacaq.
Bəzi məlumatlara görə, Kremldə rəsmi İrəvanın son davranışlarından ciddi narazılıq yaranıb. Rusiyanın siyasi rəhbərliyində Ermənistanın savaşdan öncə yürüdülən xarici siyasət kursuna geri dönmək cəhdlərinin olması barədə qənaət formalaşıb. Bu isə Kremli qıcıqlandıra biləcək ən önəmli məqamlardan biri sayılır.
Məsələ ondadır ki, 44 günlük savaşdan öncə rəsmi İrəvan ABŞ və Qərbin Ermənistana yerləşərək, möhkəmlənməsinə yönəlik manevrlər edirdi. Rusiya isə Ermənistanın bütün problemlərinin əsas günahkarı kimi təqdim olunurdu. Ermənistanın gələcək taleyinin məhz Qərbə inteqrasiya ilə bağlı olduğu iddia edilirdi.
Paşinyan hakimiyyəti birmənalı şəkildə Ermənistanı Rusiyanın nəzarətindən çıxartmaq siyasi kursunu inkişaf etdirməyə çalışırdı. Baş nazir Nikol Paşinyan bu kursa hakimiyyətə gəldiyi andan 44 günlük savaşda biabırçı məğlubiyyətə qədər sadiq qalmağa çalışdı. Və nəticədə Ermənistanın hərbi məğlubiyyəti Kremlin də maraqları sırasına yerləşmiş oldu.
Təbii ki, əzici hərbi məğlubiyyət rəsmi İrəvana Ermənistanın mövcudluğunda Rusiyanın əvəzolunmaz əhəmiyyətini yenidən xatırlatdı. Paşinyan hakimiyyəti özündən əvvəlki siyasi kursa dönüş etdi. Ermənistan dövlətçiliyinin qorunmasında Rusiyanın önəmli rol oynadığını bəyanladı.
Ardınca da bundan sonra əsas hədəf kimi, Rusiya ilə hərbi müttəfiqlik münasibətlərinə arxalanmaqla, Ermənistanın təhlükəsizliyinin təminat altına alınacağını vurğuladı. Və bütün bunlar Kremlin Paşinyan hakimiyyətinə kəskin münasibətini nisbətən yumşaltdı, hətta onun davamlı olmasına dəstək ehtimalını da artırdı.
Ancaq növbədənkənar parlament seçkiləri ilə bağlı qərar verildikdən dərhal sonra Paşinyan hakimiyyəti Rusiya ilə strateji müttəfiqlik ritorikasını tədricən dəyişməyə başladı. Rəsmi İrəvan yenidən üzünü Qərbə çevirdi, Rusiyanı isə hərbi müttəfiqlik öhdəliklərinə əməl etməyə çağırdı. Yəni, Paşinyan hakimiyyəti növbəti dəfə Kremli məyus etməyi bacardı.
Ermənistan baş naziri Nikol Paşinyanın son təklifləri isə ümumiyyətlə, Rusiyanın regiondakı rolunun inkar edilməsi anlamı daşıyır. Rusiyanın və KTMT-nın öz öhdəliklərini yerinə yetirmədiyinə eyham vuran erməni baş nazir Ermənistan-Azərbaycan sərhədində ABŞ və Fransanın sülhməramlı qüvvələrinin yerləşdirilməsini təklif edir. Və bu təklifinin əsl mənbəyini məhz "Minsk Qrupuna həmsədr ölkələr" ifadəsi altında gizlətməyə çalışır.
Təbii ki, Kremldə erməni baş nazirin təkliflərinin əsl müəlliflərini bilirlər. Bu planın Rusiyanın bölgədən sıxışdırılaraq, Minsk Qrupu adı altında ABŞ və Qərbin yenidən regiona dönüşünə hesablandığını da anlayırlar. Və böyük ehtimalla Rusiya belə cəhdlərə əvvəlcədən hazır idi.
Artıq Kremldən rəsmi İrəvana müəyyən xəbərdarlığın edildiyi barədə məlumatlar da mövcuddur. Bəzi iddialara görə, Rusiya "ikibaşlı oyunlar"dan məmnun olmadığını Ermənistanın siyasi rəhbərliyinin diqqətinə çatdırıb. Bunun mümkün nəticələri də rəsmi İrəvana üstüörtülü mesajlarla izah edilib.
Məsələ ondadır ki, Rusiya indiki şituasiyanı Ermənistan üçün fəlakətli durum kimi dəyərləndirmir. Ona görə də, Kremldə Paşinyan hakimiyyətinin Azərbaycana qarşı hərbi müdaxilə edilməsi ilə bağlı Rusiya və KTMT-ya müraciətlərini əsassız hesab edirlər. Və indiki mərhələdə Ermənistanın bütün mübahisəli məsələləri rəsmi Bakı ilə üçtərəfli siyasi proses çərçivəsində həll etməli olduğu qənaətindədirlər.
Belə anlaşılır ki, Kreml rəsmi İrəvanın son davranışlarından məmnun deyil və dəstəkləmir. Əksinə, rəsmi İrəvanın 10 noyabr və 11 yanvar anlaşmalarına zidd davranmasından da narahatdır. Azərbaycan və Ermənistan sərhədində yaranmış gərginliyin birmənalı şəkildə siyasi-diplomatik dialoqla həll edilməsini istəyir. Buna nail olmaq üçün isə ən qısa zamanda sərhədlərin demarkasiya prosesinə start verməyi təklif edir.
Göründüyü kimi, Kremlin mövqeyi indiki halda, bütün region üçün faydalı məzmun daşıyır. Halbuki rəsmi İrəvan bu mövqeni görməzliyə vuraraq, ABŞ və Qərbin regiona yerləşməsinə can atır. Kremldə Paşinyan hakimiyyətinin bu davranışları narazılıq doğurmaqla yanaşı, rəsmi İrəvanın ikibaşlı siyasətlə Rusiya və Qərb arasındakı kəskin ziddiyyətlərdən faydalanmaq cəhdləri kimi qəbul olunur.
Ona görə də, Kremldən N.Paşinyana qısa mesajın göndərildiyi bildirilir. Həmin mesajda Rusiyanın müttəfiqinin bu statusa uyğun davranmalı olduğu vurğulanıb. Bunun əksinə olaraq, müəmmalı siyasi oyunların və NATO dövlətləri ilə KTMT ölkələrinin maraqlarına zərbə vuran əməkdaşlığın yolverilməz olduğu qabardılıb.
Heç şübhəsiz ki, Kreml "KTMT ölkələrinin maraqlarına zərbə vuran əməkdaşlıq" deyərkən, ilk növbədə Rusiyanın mənafelərinə işarə edir. Paşinyan hakimiyyətinə Rusiyanın maraqları ilə oynamağın yolverilməz olduğunu anlatmağa çalışırlar. Və eyni siyasi kursun davam edəcəyi təqdirdə, Rusiyanın Ermənistanla hərbi müttəfiqlik məsələsinə düzəlişin qaçılmazlığına da eyham vururlar.
Bütün bunlar o deməkdir ki, Kreml tədricən Paşinyan hakimiyyətindən üz çevirməyə başlayıb. Seçki öncəsində Kreml ilə belə kəskin ziddiyyətlər isə yalnız erməni baş nazirin siyasi rəqiblərinin işinə yaraya bilər.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert