Paşinyan rəsmi Bakı ilə daha intensiv təmaslara can atır: Rusiya dəstəkdən imtina edə bilər
Kreml rəsmi İrəvana üçtərəfli anlaşmalara riayət etmək məcburiyyətini növbəti dəfə xatırlatdı; Əks halda, Azərbaycan qarşısında Ermənistanı müdafiəsiz buraxa biləcəyinə də eyham vurdu...
Yenixeber.org: Rusiyanın Cənubi Qafqazda yenidən fəallaşmağa başladığı müşahidə edilir. Böyük ehtimalla ABŞ-ın bu regiona yönəlik son manevrləri Kremli də hərəkətə gətirib. Və Rusiyanın əsas beynəlxalq rəqibinin bölgəyə girməsinin qarşısını almağa cəhd göstərir.
ABŞ prezidenti Co Baydenin "genosid" avantürası erməniləri yenidən ümidləndirmişdi. Rəsmi İrəvanın Rusiyaya növbəti xəyanətinin çox da uzaqda olmadığı hiss olunurdu. Kreml isə erməni xislətinə hər kəsdən daha yaxşı bələddir. Bu baxımdan, Ermənistana Cənubi Qafqazda hansı dövlətin sayəsində mövcud olduğu növbəti dəfə xatırladıldı.
Onu da qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun İrəvana səfəri zamanı bu, dəfələrlə müşahidə edildi. Rus nazirin səfər protokolu bir neçə dəfə kobud şəkildə pozuldu, Rusiyanın Ermənistan üzərində olan təsir gücü qabardıldı. Hətta Ermənistan KİV-ləri Kremlin məqsədyönlü şəkildə rəsmi İrəvanı aşağıladığını vurğulamaq məcburiyyətində qaldılar.
Əlbəttə, bağlı qapılar arxasında danışılanlar da yəqin ki, yaxın vaxtlarda tədricən məlum olmağa başlayacaq. Ancaq rus nazirin "Rusiya bundan sonra da Ermənistanın təhlükəsizliyini təmin edəcək" deməsi çoxmənalı məzmun daşıyır. S.Lavrov bununla rəsmi İrəvana Ermənistanın həmişə, o cümlədən, elə indi də mövcud olması Rusiyanın sayəsində mümkün olduğunu xatırlatmış olur. Eyni zamanda, onun sözlərini "Rusiyanın müdafiəsi olmazsa, Azərbaycan Ermənistanı xəritədən silər" kimi də anlamaq olar.
Bütün bunların ardınca isə Rusiya xarici işlər naziri S.Lavrovun Ermənistan baş naziri Nikol Paşinyana prezident Vladimir Putinin salamını yetirərkən, işlətdiyi ifadə isə əslində, üstüörtülü xəbərdarlıq kimi də anlaşıla bilər: "Prezident Vladimir Putin sizə ölkənizin inkişaf etdirilməsində və üçtərəfli anlaşmaların yerinə yetirilməsində uğurlar arzulayır".
Göründüyü kimi, Kreml Ermənistanın üçtərəfli anlaşmalara riayət etməsində birbaşa maraqlıdır. Bu məsələdə Azərbaycanın da mövqeyi Rusiya ilə uzlaşır. Sadəcə, Kreml ilə rəsmi Bakının yanaşma tərzində müəyyən fərqlər var.
Məsələ ondadır ki, rəsmi Bakı Ermənistanın üçtərəfli anlaşmalara riayət etməkdən yayınmasından qətiyyən narahat deyil. Çünki bu halda, həmin anlaşmalar öz əhəmiyyətini itirmiş olacaq. Nəticədə rəsmi Bakı Azərbaycanın suveren hüquqlarının təmin olunması istiqamətində hərbi əməliyyatları bərpa etmək imkanı qazanacaq.
Eyni zamanda, bu dəfə savaşın əsas ağırlıq mərkəzinin Ermənistan ərazisinə düşəcəyi də qətiyyən şübhə doğurmur. Üstəlik, Rusiya da Ermənistanı müdafiə etməkdə müəyyən siyasi-hüquqi problemlər ilə üzləşə bilər. Hər halda, Kremlin Ermənistan tərəfindən üçtərəfli anlaşmaların pozulmasına haqq qazandırmaq mümkün olmayacaq. Bu baxımdan, rəsmi Bakı özünü daha rahat hiss edə bilər.
Ancaq eyni fikirləri Rusiya haqqında demək olduqca çətindir. Çünki üçtərəfli anlaşmaların pozulması ilk növbədə Rusiyanın beynəlxalq imicinə sarsıdıcı zərbə vura bilər. Hər halda, Kreml özünü sülh prosesinin, eləcə də, həmin anlaşmaların icrasının əsas təminatçısı kimi təqdim edir. Onların pozulacağı təqdirdə, Rusiya sülhməramlı qüvvələrinin bölgədə mövcudluğu Kremlə əlavə başağrısı vəd edən problemə çevrilə bilər. Hətta Rusiyanın Cənubi Qafqazdakı mövcudluğu belə, təhlükə altında qalar.
Təbii ki, bütün bunları nəzərə alan Kreml ABŞ-ın "genosid manevri"ndən cəsarətlənən ermənilərin son davranışlarından narahatdır. Ona görə də, Rusiya xarici işlər naziri Sergey Lavrov erməni baş nazirə məhz prezident Vladimir Putinin adından xəbərdarlıq etmək məcburiyyətində qalmış kimi görünür. Və heç şübhəsiz ki, xəbərdarlığın qulaqardına vurulacağı təqdirdə, baş verə biləcək hadisələr də rəsmi İrəvana izah edilməmiş deyil.
Böyük ehtimalla Rusiya xarici işlər nazirinin Paşinyan hakimiyyətinə bağlı qapılar arxasında təvir etdiyi perspektivdə Ermənistanı gözləyə biləcək situasiya Paşinyan hakimiyyətini xoflandırmış olmalıdır. Hər halda, Rusiyanın müdaxilə etmədən seyirçi qalmaq məcburiyyətində qalacağı halda, Azərbaycanın Ermənistana necə bir "tarix yaza" biləcəyini Paşinyan hakimiyyəti anlamamış deyil. Paşinyan hakimiyyətinin "xəyallar"dan ayılması üçün isə deyəsən, Kremlin Azərbaycan faktorunu xatırladıb, əlavə olaraq da bu dəfə "biz qarışmayacağıq" eyhamını vurması tamamilə yetərli olub.
Rusiya xarici işlər naziri Sergey Lavrov qarşısında erməni baş nazirin az qala yalvararaq, söz verməsi Kremlin hədəfinə çatdığını göstərir. Hər halda, N.Paşinyanın pərt vəziyyətdə Ermənistanın üçtərəfli anlaşmalara sadiq qalacağını bir neçə dəfə təkrarlaması bağlı qapılar arxasında sıxışdırmanın nəticəsi də sayıla bilər: "Sizi əmin etmək istərdim ki, Ermənistan 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il üçtərəfli bəyanatlarda əldə edilmiş razılaşmaların həyata keçirilməsi üçün bundan sonra da bütün tədbirləri görəcək. Biz, həmçinin üçtərəfli formatda tərəflərin konstruktiv dialoqunu təmin etmək üçün maksimum səy göstərməyə də hazırıq".
Göründüyü kimi, hər şey açıq-aydın nəzərə çarpır. Rəsmi İrəvan xof içərisindədir. Hər iki üçtərəfli anlaşmanı yerinə yetirmək məcburiyyətində olduğunu anlayır. Əks halda, rəsmi Bakının "dəmir yumruğu"ndan xilas ola bilməyəcəyindən də əmindir. Hər halda, rəsmi Bakının Ermənistanın üçtərəfli anlaşmalara xoşluqla əməl etməyəcəyi təqdirdə, Azərbaycanın onu buna məcbur edəcəyini dəfələrlə bəyan etməsi önəmli məqamdır.
Üstəlik, son vaxtlar Azərbaycanın səbrinin tükənməyə başladığını rəsmi İrəvan da müşahidə etməmiş deyil. Xüsusilə də, rəsmi Bakının Rusiyaya qarşı sərt mövqe tutmasından Ermənistan da uyğun nəticə çıxartmağa başlamalıdır. Yalnız bu halda, Ermənistan Azərbaycan ordusunun növbəti dəfə hərəkətə gətirilməsinin doğura biləcəyi ağır nəticələrdən sığortalana bilər.
Ona görə də, artıq indidən ehtimal etmək olar ki, növbədənkənar parlament seçkilərindən sonra Paşinyan hakimiyyəti rəsmi Bakını qıcıqlandıran bütün problemləri həll etmək məcburiyyətində qalacaq. Erməni baş nazir "üçtərəfli konstruktiv dialoqa hazırıq" mesajı verməklə, rəsmi Bakı ilə daha intensiv təmaslara can atdığını sezdirmiş oldu. Və bu, Paşinyan hakimiyyətinin rəsmi Bakının bütün şərtlərini qəbul etməyə hazır olduğunu təsdiqləyən məqam hesab oluna bilər.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert