KREML NƏ QƏRAR VERƏCƏK?-"Ərdoğanın Azərbaycana verdiyi qətiyyətli dəstək Putini düşünməyə vadar etməlidir"
Azərbaycanla Ermənistan arasında günlərdir davam edən savaşda ən aktual suallardan biri də budur: Rusiya münaqişəyə müdaxilə edəcəkmi?
Yenixeber.org: Rusiyanın Dağlıq Qarabağ məsələsində fəallığı və vasitəçiliyi hər zaman Azərbaycanın əleyhinə olub. Vaxtilə erməniləri kütləvi surətdə Dağlıq Qarabağda yerləşdirən Rusiya imperiyası sonrakı onilliklərdə də əlindən gələni edib ki, bölgədəki erməniləri qorusun.
Vladimir Putin 2000-ci ildə prezident seçiləndə ilk xarici səfərini Azərbaycana reallaşdırdı. O zaman Putin Çeçenistanda müharibə aparırdı və çalışırdı ki, çeçen mücahidələrə müxtəlif yollarla verilən dəstək kəsilsin. Rəsmi Bakı Rusiyanın ərazi bütövlüyünün əleyhinə heç bir addım atmadı, azərbaycanlıların əksəriyyətinin çeçen mücahidlərə simpatiyası olsa da, Rusiyanın ərazi bütövlüyünə xələl gətirən hərəkətlərə yol verilmədi. Putinin Azərbaycana səfərindən sonra çeçenlərin Bakıdakı nümayəndəliyi qapadıldı. Bunun qarşlığına Putin Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycana yönəlik heç bir addım atmadı. Tam əksinə, Rusiyanın hərbi-sənaye kompleksi Ermənistanda müasir hərbi texnikalar və təyyarələr yerləşdirməkdə davam etdi.
Rusiya 2016-cl ilin aprelində də Azərbaycana mane olaraq, savaşın davam etdirilməsinə imkan verməyərək daha çox ərazinin işğaldan azad olunmasını əngəllədi.
Sərhəddəki son hadisələr Azərbaycana torpaqları işğaldan azad etmək üçün növbəti şans yaradır. Kreml bugünə qədər prosesə mane olmurdu, yalnız atəşkəs və sülh çağırışları edilirdi. Ancaq son iki gündə Kremlin prosesə müdaxiləyə hazırlaşdığına dair xəbərlərə rast gəlinir.
Vladimir Putin Rusiya qoşunlarının Cənubi və Qərbi hərbi dairələrin qoşunlarının qəfil yoxlanışını elan edib. Rusiya qoşunlarının cənub-qərbində təhlükəsizliyi təmin etmək qabiliyyətini və sentyabrda keçiriləcək “Qafqaz-2020” təlimlərinə hazırlıq səviyyəsini qiymətləndirmək planlaşdırılır.
Bundan başqa Vladimir Putin iyulun 17-də Təhlükəsizlik Şurasının daimi üzvləri ilə Ermənistan-Azərbaycan sərhədində vəziyyəti müzakirə edib. Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Təlhükəsizlik Şurasının ilasında Moskvanın vasitəçilik səylərinə hazır olduğu vurğulanıb: “Ermənistan-Azərbaycan sərhədində vəziyyətlə bağlı ətraflı fikir mübadiləsi aparılıb. Eskalasiyanın davam etməsindən narahatlıq ifadə olunub. Vasitəçilik fəaliyyətinə hazırlıq, tərəflərin atəşkəsi təmin etməsinə təcili ehtiyacın olması vurğulanıb”.
İndiki halda atəşkəs Azərbaycanın maraqlarına cavab vermir. Ona görə də rəsmi Bakı Moskvanın səylərini diplomatik tərzdə müsbət qiymətləndirilməklə yanaşı, Rusiyanın istənilən vasitəçiliyindən yayınmağa çalışmalıdır. Çünki, Rusiyanın təkbaşına vasitəçiliyinin Azərbaycana xeyri yoxdur, növbəti atəşkəs işğalın davamına xidmət edəcək.
Vladimir Putinin Ermənistanın baş naziri Nikol Paşinyana simpatiyası yoxdur. Ancaq bu o demək deyil ki, Kreml sahibi Ermənistandan imtina etməyə hazırdır. Rusiya döyüşlərin hansısa mərhələsində Azərbaycana və Ermənistana qəti şəkildə dayanmaq tələbini irəli sürə bilər.
Bundan necə qurtula bilərik?
Rəsmi Bakının Türkiyə ilə hərbi əməkdaşlığı üst səviyyəyə qaldırması Rusiyanın təzyiqlərini neytrallaşdırmağa xidmət edəcək. Kreml sahibinin Azərbaycan və Türkiyə prezidentləri ilə tərəfdaşlıq münasibətləri var. Bu mənada Kreml sahibinin sözçüsü Peksovun son açıqlaması da maraqlıdır: “Putin və Ərdoğan biri-birinə bənzəyirlər. Rusiya və Türkiyə prezidentləri çox çətin vəziyyətlərdə həll yolu tapmağı bacarırlar. Bu, Suriya probleminə də aiddir”.
Suriya probleminə aid olan Ermənistan-Azərbaycan münaqişəsinə niyə aid olmasın? Ərdoğanın son hadisələr fonunda Azərbaycana verdiyi qətiyyətli dəstək Putini düşünməyə vadar etməlidir. Kiçik və işğalçı Ermənistana görə Türkiyə və Azərbaycanla tərəfdaşlığı gərginləşdirməyə dəyərmi?
“Atlas” Araşdırmalar Mərkəzi