Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Qərbin çürük dişi -Fransa diplomatiyasından bizə nə mesajlar var? 

 

Yenixeber.org: Fransanın Ermənistandakı səfiri Conatan Lakotun “Azadlıq” radiosunun Ermənistan xidmətinə müsahibəsində diqqətçəkən açıqlamaları təhlil etməyə ehtiyac var. Görünür ki, Azərbayacan diplomatiyası və siyasət aparatı bir çox məsələləri  intriqalar kontekstində başa düşməkdə davam edir. Buna görə də Fransanın İrəvan elçisinin fikirlərini açıq şəkildə cəmiyyətimizə təqdim etmək zəruridir. 

Unutmaq olmaz ki, Fransa diplomatik işdə kifayət qədər ciddi ənənələri və təcrübəsi olan ölkələrdəndir. Hətta çağdaş siyasi dilin formalaşmasında fransız diplomatiyası xüsusi rola iddialıdır. Yəni səfirin açıqlamalarını daha diqqətlə oxumalı və “tərcümə” etməliyik.  

                   Ermənistana “hərbi blok” təklifi, ya?.. 

Jurnalistin “Fransanın Ermənistana hərbi dəstəyi” ilə bağlı sualına cavabında səfir deyir:  

Fransa Ermənistanın müdafiə sferası üzrə bütün müraciətlərini nəzərdən keçirməyə hazırdır. Əlbəttə, bir sıra reallıqları nəzərə almaq lazım gələcək: Fransa və Ermənistan eyni hərbi alyansın üzvü deyillər. Ümumilikdə bizim rolumuz gələcək müharibəyə hazırlıqda deyil. Bizim rolumuz yeni münaqişədən çəkinməkdə və bölgədəki bütün problemli məsələləri kökündən həll edəcək siyasi prosesdədir”. 

“Fransa… bütün müraciətləri nəzərdən keçirməyə hazırdır” deməklə, səfir bu ölkənin Ermənistanı hər cür dəstəyə hazır olduğunu ifadə edir. Həmin cümlə bəs edir ki, biz Fransanın qonşu ölkəyə hərbi dəstək vermək, bununla da regionun gələcəyində hərbi iştirakçı kimi rol almaq istədiyini əminliklə söyləyək. Çünki səfirin özü də gələcəkdən danışır və vurğulayır ki, hazırda bu ölkələr eyni alyansın üzvü deyillər. Beləliklə, o, gələcəkdə birlikdə olmaq planını kənara qoymur. 

                          Rusiyaya münasibət; niyyətin ifşası 

Ermənistan ictimai rəyində “Rusiya 44 günlük müharibədə Azərbaycana yardım etdi” və “Rusiya olmasaydı, Azərbaycan qalib gələ bilməzdi” barədə fikirlərə görün səfir necə şərh verir:

“İndiki reallıqlar belədir ki, Qarabağ ermənilərinin təhlükəsizliyini Rusiya təmin edir. Rusiya qüvvələri olmasaydı, daha Qarabağda ermənilər olmazdı. 9 noyabr bəyanatı, ümumən, hazırda da riayət olunan atəşkəslə nəticələnib. Eyni zamanda 8 aydan sonra biz görürük ki, 9 noyabr bəyanatı bütün məsələləri həll etmir. Bu bəyanatın bəzi müddəalarına, o cümlədən hərbi əsirlərin azad edilməsinə tam əməl olunmayıb. Bütövlükdə 9 noyabr bəyanatı Qarabağın gələcək statusu barədə heç nə demir. Beləliklə, 9 noyabr bəyanatı birinci mərhələ idi. Amma indi sülhü, atəşkəsi möhkəmləndirmək və ATƏT-in Minsk Qrupunun himayəsi altında Ermənistanla Azərbaycan arasında siyasi prosesə başlamaq lazımdır”.

Burada səfir: “özünüzü aldatmayın” – deyir, – “Rusiya olmasaydı, indi Qarabağda erməni yox idi”. Yəni Rusiya nəinki Azərbaycana kömək etməyib, hətta ermənilərin Qarabağda varlığını təmin edən səbəb rolunu oynayıb. Bununla Qərb blokunun aparıcı dövlətinin səfiri özünün və ölkəsinin niyyətini də ifşa edir. Fransız səfir açıq şəkildə ortaya qoyur ki, Rusiyanın Qarabağa qoşun yeritməsi nəinki onlarda narahatlıq doğurmur, əksinə, məmnunluq yaradır. O, 9 (10) noyabr bəyanatını “birinci addım” kimi mühüm hesab edir.  Deməli, Fransa üzvü olduğu hərbi alyansla heç də eyni cür düşünmür. Burada Qərbin çürük dişi ortaya çıxır. 

                                        Şuşa və Xankəndi müqayisəsi 

Bu yaxınlarda ABŞ, Rusiya və Fransanın diplomatik nümayəndələrinin Azərbaycanın təklifinə “yox” deyərək, Şuşaya səfər etməmələrinə səfir yenə diqqətçəkən cavab verib:  

“Reallıqlar var: Dağlıq Qarabağın statusu ATƏT-in Minsk Qrupu çərçivəsində aparılacaq danışıqlarda müəyyən olunmalıdır. Bu status müəyyən edilmədikcə Fransanın nə Bakıdakı, nə də Yerevandakı səfirləri Qarabağa gedə bilməzlər. Mənim Bakıdakı həmkarım Şuşaya səfər etmir, mən də Stepanakertə səfər etmirəm. Minsk Qrupunun həmsədri olan üç ölkənin hamısının mövqeyi belədir”.

Maraqlıdır, Fransa Şuşanı Azərbaycanın ərazisi kimi tanımırmı? BMT-nin ərazi bütövlüyü prinsipini əsas götürən sənədlərinə hörmət etmirmi? Nəhayət, Xankəndini hələ də Ermənistanın nəzarətində sayırmı? Qarabağın statusu məsələsinin müzakirə olunub-olunmaması Fransanın beynəlxalq universal qanunlara hörmət və əməl etməsinə niyə mane olur? Minsk Qrupunun həmsədr ölkələrinin səfirləri Şuşaya getməkdən imtina etməklə, əslində Azərbaycanın BMT-də tanınmış ərazilərini mübahisələndirirlər. Bununla da onlar obyektiv vasitəçi statusuna açıq kölgə salırlar. Azərbaycan tərəfi “status müzakirələri”ni rədd edir. Bu, baş tutsa belə, söhbət Qarabağ ermənilərinin özgə bir dövlətdə yox, məhz Azərbaycan ərazisində hansı statusla yaşamasından gedə bilər. O zaman həmsədr ölkələrin səfirləri məsələyə belə yanaşma tərzi ortaya qoymaqla,  burada “üçüncü dövlət”in yaradılması  ehtimalınamı işarə edirlər? Hər halda, Azərbaycan bu suala açıq cavab istəməlidir. 

Seymur Həzi


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam