Lovğa və qaba, amma hünərvər marşal –Doğma qızı MDU-ya qəbul zamanı Çuykovu pərt edib
Yenixeber.org: SSRİ-nin hərbi elitasında, xüsusilə də sovet-alman müharibəsi dövründə marşal Vasili Çuykovun özünəməxsus yeri olub. Müasirləri onu qorxmaz sərkərdə, hərb işinin mükəmməl təşkilatçısı kimi xarakterizə ediblər. Çuykov təkcə hərbçilər arasında deyil, yüksək ranqlı dövlət məmurları arasında da böyük nüfuza sahib olub. Təsadüfi deyil ki, 1942-ci ildə Dövlət Müdafiə Komitəsində Stalinqradın müdafiəsinin komandanlığının kimə həvalə edilməsi müzakirə olunanda İosif Stalin bütün namizədlərin üstündən xətt çəkərək bu çətin və mürəkkəb məsələni Vasili Çuykova həvalə edib.
Sovet dövrünün ən tanınmış sərkərdələri öz memuarlarında marşal Vasili Çuykov haqqında yüksək fikirlər söyləyiblər, onun döyüş yollarının, keçirdiyi hərbi əməliyyatların, xüsusilə Stalinqradın müdafiəsindəki xidmətlərinin hərb tarixində önəmli yer tutduğunu vurğulayıblar.
Böyük sərkərdə olmaqla yanaşı, Çuykovun şəxsi keyfiyyətləri, xarakteri də uzun illər müzakirə mövzusuna çevrilib. Həmkarları onu çox qaba, mübahisə etməyi xoşlayan bir şəxs kimi də xatırlayıblar.
Marşal Aleksandr Vasilevski öz xatirələrində Çuykovun xarakterindəki bu cizgilər haqqında yazıb:
“Müharibə dövründə marşal Çuykov məğlubedilməz bir sərkərdə kimi tanınıb. O, hərbi əməliyyatların keçirilməsində son dərəcə peşəkarlıq nümayiş etdirib. Amma bu müsbət göstəricilərlə yanaşı, onda çatışmayan cəhətlər də olub. Yerli-yeriz mübahisələrə girişməyi, kobudluq etməsi ilə Çuykov həmişə səbrsiz bir adam olduğunu mümayiş etdirib. Onun nəinki sıravi əsgərlərə, hətta zabitlərə əl qaldırması adi hala çevrilmişdi. Çuykovla mübahisə etmək mənasız bir iş idi. Döyüşlərdə məğlub olmadığı kimi, mübahisələrdə də məğlub olmaq istəmirdi. Marşal Çuykov müharibə başlandığı gündən lüğətindən məğlubiyyət sözünü silmişdi...”
Çuykov özündən həm rütbə, həm də vəzifəcə üstün olanlarla da kobud rəftar edib. O, bir çox hallarda qələbənin təmin olunmasında öz xidmətlərini hətta “Qələbə marşalı”ndan, Georgi Jukovdan da üstün tutub. Müharibədən sonrakı illərdə ən mötəbər tədbirlərdə Çuykov II dünya müharibəsində faşist Almaniyasının məğlubiyyətinin əsas səbəbini Stalinqrad döyüşlərində görüb və Stalinqradın müdafiəsindəki xidmətlərini hər dəfə dilə gətirib, Stalinqradın müdafiəsinin komandanı olduğunu dəfələrlə söyləyib. Ümumiyyətlə, Stalinqradın müdafiəsini Çuykov özünün vizit kartına çevirib. Hətta 1981-ci ildə, ölümündən bir il əvvəl Çuykov Mərkəzi Komitəyə məktub ünvanlayaraq xahiş edib ki, vəfat edəndə onu Volqaqradda (Stalinqradda) Mamayev kurqanında, “Ana Vətən çağırır” abidəsinin qarşısında dəfn etsinlər. Marşalın vəsiyyət-müraciəti yerinə yetirilib.
Kobudluğu sayəsində Çuykovun bir çox hərbi vəzifəlilərlə münasibətləri isti olmayıb. O cümlədən Jukovla Çuykovun da münasibətlərində soyuqluq hökm sürüb. Bu xarakterinə baxmayaraq, müharibə illərindən sonra da marşal Çuykov hərbi karyerasında uğurlar qazanıb, quru qoşunların komandanı, müdafiə nazirinin müavini vəzifəsinə qədər yüksəlib.
Yaşadığı illər ərzində özünü həmişə qalib sərkərdə sayan Çuykovu heç kim “susdura” bilməyib. Yeri gələndə o, Nikita Xruşova da öz fikirlərini yeridə bilib, Leonid Brejnevə də öz sözünü açıq deməyi bacarıb.
Marşal öz həyatında yalnız bir dəfə pərt vəziyyətə düşüb. Necə deyərlər, o, düşüdüyü vəziyyətdə bir neçə dəqiqə susmaq məcburiyyətində qalıb.
Çuykovun 1928-ci ildə anadan olan qızı Nelli Moskvanın “qızıl gəncliyinin” ən parlaq nümayəndələrindən biri sayılıb. Özündən son dərəcə razı olan və özünə güvənən Nelli orta məktəbi bitirdikdən sonra Moskvanın ən prestijli ali təhsil ocağnda, Moskva Dövlət Universitetinin tarix fakültəsində təhsilini davam etdirməyi arzulayıb. Beləliklə, həmin dövrdə ordu generalı olan Çuykovun qızı sənədlərini universitetin qəbul şöbəsinə verib. Nelli tarix fənnindən verdiyi ilk imtahanda qeyri-kafi qiymət alaraq universitetə qəbul oluna bilməyib. Həmin gün evə qayıdanda atası imtahanın nəticəsini soruşduqda qızı kəsildiyini bildirib.
Səhərisi gün Çuykov qızı ilə universitetə gedib. Universitet rəhbərliyi tarix fakültəsinin dekanlığına toplaşıb. İmtahan götürən professor dekanlığa dəvət olunub. Dekanlıqdakı kiçik söhbət böyük gərginlik içərisində keçib. Rektor professordan soruşub:
- Siz bilirsiniz kimin qızına qeyri-kafi yazmısınız?
Professor təmkinini pozmadan suala sualla cavab verib:
- Bəs siz bilirsininz o hansı suala necə cavab verib?
Çuykov söhbətə müdaxilə edib:
- Hansı suala?
Professor sualı səsləndirib:
- Stalinqradın müdafiəsinə kimin komandanlıq etdiyi barədə suala...
- Qızım bu suala hansı cavabı verib? – deyə Çuykov soruşub.
- Onu özündən soruşun.
Çuykov üzünü qızına tutub:
- Qızım, cavab ver, məgər sən bilmirsən, Stalinqradın müdafiəsinin komandanı kim olub?
- Bilirəm, Jukov olub.
Nellinin bu cavabından sonra dekanın kabinetində qulaq batıran sükut hökm sürüb. Cavabdan pərt olan Çuykov ani bir məqamda susduqdan sonra əsəblərinə hakim kəsilə bilməyib və səsinin tonunu qaldıraraq qızını kabinetdən qovub:
- Çıx burdan və birbaşa bağa yollan. Sən bundan sonra döşəmə yumaqla məşğul olacaqsan. Mən səni bir də buralarda görməyim.
Beləliklə, Çuykov müharibə illərində 62-ci orduya rəhbərlik etməklə Stalinqradın müdafiə komandanı vəzifəsindəki xidmətini qızının dilindən Jukovun adına çıxarılmasını çox ağrılı qəbul edib.
Qeyr edək ki, Nelli marşal Semyon Timoşenkonun oğlu Konstantinlə ailə həyatı qurub.
İlham Cəmiloğlu