Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Qəhrəman general “xain” kimi güllələnib –Qordovun gizli yazılan səsi Stalinə çatdırılıb və...

 


İosif Stalinin 30 illik siyasi fəaliyyətində diqqət çəkən məqamlardan biri də onun yüksəkçinli hərbçilərə qarşı fərqli münasibəti olub. İstər müharibədən əvvəlki, istərsə də sonrakı dövrdə Stalin hərbi vəzifəliləri gərginlik altında saxlayaraq onların təşəbbüskarlığının, öz sahələri üzrə müstəqil qərarlar çıxarmalarının qarşısına sədd çəkib.

Yenixeber.org: Ölkənin əsas güc strukturu olan ordunu tam nəzarətdə saxlamaq üçün Stalin ən sərt və gözlənilməz addımlar atıb. Sözsüz ki, marşal və generellara qarşı bu cür sərt münasibət səbəbsiz olmayıb. Yəqin ki, Stalini ilk növbədə narahat edən dünyanın bəzi dövlətlərində baş vermiş hərbi çevriliş praktikası olub, o, yaxşı anlayıb ki, ordunun hakimiyyəti ələ keçirmək imkanları real və mümkün variantdır.

Xarakter baxımından çox amansız olan Stalin heç kimə güzəştə getməyib, kifayət qədər böyük xidmətləri olan hərbçilər haqqında ona məxfi sənədlər təqdim olunanda çox rahatlıqla həmin sənədlərin üzərinə bir sözdən ibarət olan dərkənar qoyub: “Güllələnsin”. Mövcud dövrün məhkəmələri Stalinin tələbləri ilə işləyib, ittiham olunanlara sübutsuz, dəlilsiz “vətən xaini” damğası vurularaq hökm çıxarılıb. Hökmlərin icrası isə elə həmin gün icra edilib.

Müharibəyə qədərki dövrdə SSRİ-nin ilk marşalları olan Mixail Tuxaçevskinin, Vasili Blyuxerin, Aleksandr Yeqorovun, sonralar marşal Kulikin həbsi və güllələnməsi, müharibədən sonrakı dövrdə xalq arasında böyük nüfuza sahib olan marşal Jukovun və marşal Rokossovskinin Moskvadan uzaqlaşdırılması, “generallar işi” ilə bağlı neçə-çeçə hərbi vəzifəlilərin sürgünə göndərilməsi və ölüm hökmünə məhkum edilməsi kimi faktlar da sübut edir ki, Stalin hərbçilərdən qorxusunu dəf etmək üçün ən amansız vasitələrə əl atıb. Bir faktı da xatırlatmaq yerinə düşərdi, təkcə 1950-ci ilin avqustun 18-dən 30-dək Moskvadakı ayrı-ayrı həbsxanaların zirzəmilərində 20 nəfər general və marşal güllələnib. Bu məsələlərin icrasında isə “NKVD” və Dövlət Təhlükəsizliyi Nazirliyi xüsusi rol oynayıb.

Çox-çox sonralar “məxfi” qrifli qovluqlar açılanda hərbçilərlə bağlı “tədbir”lər haqqında Stalinlə müvafiq orqanların rəhbərlərinin yazışmaları üzə çıxıb. Bunlardan biri də dövlət təhlükəsizliyi naziri Viktor Abakumovun Stalinə ünvanladığı məxfi məktubdur. Nazir əvvəlcə Stalindən adlarını məktubda qeyd etdiyi generalların mənzillərində və iş kabinetlərində xüsusi səs yazan qurğuların yerləşdirilməsi üçün razılıq istəyib. Məktuba dərhal müsbət cavab verilib. Abakumovun hədəfinə ilk olaraq general-polkovnik Vasili Qordov düşüb.

Niyə məhz dörd il müharibənin ən ağır cəbhələrində döyüşən Qordov?

1896-cı ildə Ufada anadan olan Vasili Qordov ali və akademik hərbi təhsilə malik olub. Müharibəyə qədər o, Moskva, Kalinin, Volqa hərbi dairələrində hərbi hissə komandiri, qərargah rəisi vəzifələrində xidmət edib. 1941-ci ildən 1945-ci ilə qədər isə Bryanskda, Kurskda, Stalinqradda, Ukrayna cəbhəsində döyüşüb, Praqanın və Berlinin alınması əməliyyatlarında yaxından iştirak edib, bu illər ərzində o, ordu komandiri vəzifəsinə, general-polkovnik rütbəsinə qədər yüksəlib.

Müasirləri Vasili Qordov haqqında həmişə yüksək fikirlər söyləyiblər.

Marşal Konstantin Rokossovski: “General Qordov hərbi nəzəriyyəni dərindən bilən və onu praktikada tətbiq etməyi bacaran peşəkar hərbçi idi. Onun hərbçi kimi ən üstün cəhəti döyüş zamanı vəziyyəti düzgün qiymətləndirməyi, mürəkkəb əməliyyat şəraitində dəqiq qərarlar çıxarmağı idi. Qordov kobud adam idi, tabeliyində olanlara əl də qaldırırdı. Amma bu qəbul olunmuş hal sayılırdı. Ali Baş Komandan Stalin özü deyirdi ki, qorxaqları, satqınları yumruqla əzişdirmək lazımdır...”

Marşal İvan Konev: “Həyatda anadan hərbçi doğulan adamlar var. General Qordov da onlardan biri idi. O, hərb elminə incəsənət kimi yanaşırdı, bütün xırdalıqlarına qədər bu elmin sirlərini bilirdi. Komandirlər arasında Qordov mərdliyi, çevikliyi, qoçaqlığı, döyüş bacarığı ilə fərqlənirdi. Tabeliyində olanlardan da belə olmağı tələb edirdi. Onun şəxsi heyət qarşısında hər gün işlətdiyi bir ifadə müharibə illərində dillər əzbərinə çevrilmişdi: “Bizim hərəkət trayektoriyamızda arxaya dönüş yoxdur, lüğətimizdən isə geri çəkilmək ifadəsi pozulub, demək, bizim yalnız iki variantımız var, ya ölməliyik, ya da irəliləməliyik”. General Qordov öz döyüşçüləri ilə ön cəbhədə sərt, arxa cəbhədə mehriban idi...”

Qordov hərbi xidmət illərində ən yüksək dövlət təltifləri ilə mükafatlandırılıb. 1945-ci ildə isə Stalin onu Sovet İttifaqı Qəhrəmanı fəxri adl ilə təltif edib. Amma bu yüksək təltifdən bir neçə ay sonra generala xəstəliyi ilə bağlı hərbi xidmətdən getməyi “məsləhət” biliblər və onu da qeyd ediblər ki, bu Stalinin göstərişidir. Beləliklə, Vasili Qordov 1946-cı ildə 50 yaşında öz xahişi ilə hərbi xidmətinə son qoyub. Həmin vaxt Vasili Qordov Volqa hərbi dairəsinin komandanı vəzifəsində işləyib. Təbii ki, döyüşən general üçün bu ağır zərbə olub.

Stalin Qordov haqqında niyə belə qərar verib, səbəb nə olub?

Vasili Qordov hərbçi olmaqla yanaşı həm də ictimai işlərdə fəallıq göstərib. O, SSRİ Ali Sovetinin deputatı olub. Xidmət etdiyi yerlərdə tez-tez yerli sakinlərlə görüşüb. Xüsusilə də müharibədən sonra belə görüşlər daha tez-tez keçirilib. General təmkinlə sakinlərin problemlərinə qulaq asıb, onların həlli yollarını axtarıb, yerli hökumət orqanlarını sərt tənqid edib. Bir çox hallarda isə bu problemlərin mərkəzdən, Moskvadan gəldiyini də dilə gətirib, Stalini də yaranmış bu vəziyyətə görə açıq şəkildə tənqid atəşinə tutub. Qordovun bu fəaliyyəti ilə bağlı mütəmadi olaraq Stalinə məlumat verilib. Bax, elə bu səbəbdən də yuxarıda qeyd etdiyimiz kimi general-polkovnik Vasili Qordov təhlükəsizlik naziri Viktor Abakumovun hədəfinə düşüb.

Qordovun mənzilində gizli quraşdırılan səsyazan qurğular öz işini görüb. Abakumov həmin yazıları bir-bir Stalinə təqdim edib. Qordovun mənzilində həyat yoldaşı Tatyana Vladimirovna və Stalinqradda yanında işləyən qərargah rəisi Rıbalçenko ilə yazılmış səsi Stalini özündən çıxarıb. Bu yazılarda ölkədəki acınacaqlı sosial vəziyyət, insanların it, pişik, siçovul yeməsi, kolxozlardakı ağır vəziyyətdən söhbət gedib, Stalinin yarıtmaz işi kəskin tənqid olunub.

Bundan sonra Stalin Abakumovun Qordovu həbs etməklə bağlı təklif məktubuna razılıq dərkənarı qoyulub. General-polkovnik həyat yoldaşı ilə birgə həbs olunub. Məhkəmənin hökmü ilə Qordov ən ağır cəzaya, güllələnməyə məhkum edilib, həyat yoldaşı isə sürgünə göndərilib.

Vasili Qordov 24 avqust 1950-ci ildə, 53 yaşında Lefortovo həbsxanasında güllələnib.(müsavat)

İlham Cəmiloğlu


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam