Füzuli DAİM-i uçuruma aparan cütlük-FOTOLAR

Qurumun Orxan Xanlarov və Novruz adlı işçilərini nazir Məcnun Məmmədov zərərsizləşdirə biləcəkmi?
Yenixeber.org: Bildiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin olunması, bu məqsədlə torpaq və su resurslarından daha səmərəli istifadə edilməsi, yüksək məhsuldarlığın əldə olunması ilə bağlı mühüm tapşırıqlar qoyulub. Aqrar sahədə inkişafın davamlılığını təmin etmək üçün dövlət başçısının müəyyən etdiyi strateji kursa uyğun olaraq Kənd Təsərrüfatı Nazirliyi öz fəaliyyətini fermerlərə yaxınlıq, düzgün idarəçilik və innovasiyaların tətbiqi prinsiplərinə əsasən qurub.
Son illər ərzində aqrar sahədə əhəmiyyətli islahatlar həyata keçirilib. Bu islahatların bir istiqaməti Dövlət Aqrar İnkişaf Mərkəzlərinin (DAİM) fəaliyyəti ilə bağlı olub. Belə ki, aparılan institusional islahatlar nəticəsində kənd təsərrüfatı idarələri əsasında Dövlət Aqrar İnkişaf Mərkəzləri yaradılıb, yeni qurum xidmət strukturu kimi fəaliyyət göstərməyə başlayıb. Artıq DAİM-lər aqrar sahədə çalışan insanlara zəruri xidmətlərin göstərildiyi Mərkəz rolunu oynamaqdadır. Hazırda Mərkəzlər fermerlərə yaxınlıq prinsipi əsasında öz fəaliyyətini qurub və 70-dən artıq xidmətin göstərilməsini təmin edir.
Qeyd edək ki, DAİM-lər rayonlarda fermerlərlə işin sürətləndirilməsi, Dövlət Proqramları ilə əlaqədar işlərin koordinasiyalı şəkildə həyata keçirilməsi, fermerlərə göstərilən xidmətlərin təkmilləşdirilməsi istiqamətində fəaliyyətə xüsusi diqqət yetirməlidirlər. Lakin buna baxmayaraq bəzi rayonlarda fəaliyyət göstərən DAİM-lər öz fəaliyyətlərini qanunların tələbinə uyğun şəkildə qurmurlar. Bu barədə mediaya müraciətlə çıxış edən sahibkar, fermer Ruslan Novruzov Füzuli rayon DAİM-in bəzi məsul şəxslərinin özbaşına fəaliyyətlərindən şikayətini dilə gətirib. Fermerin sözlərinə görə, Füzuli DAİM-in iki məsul şəxsi-Orxan Xanlarov və Füzuli rayon Dilağarda kənd sakini Novruz adlı şəxs onun Füzuli rayonunda fəaliyyət göstərən fermer təsərrüfatının inkişafına əməlli-başlı maneə törətməklə məşğuldur: “Bu adam, yəni Orxan Xanlarov mənim şəxsi təsərrüfatımda çoban işləyən Səfiyarlı Fərhad Qubad oğlu və bibisi oğlu İntiqam Həsənovla (hazırda şərti olaraq azadlıqdadır- R.N) birlikdə mənim çobanımı ələ alaraq təsərrüfatımdan 50 baş ana qoyun, 70 baş çəpiş (ana keçi) və 100 baş yeni doğulan quzumu mənim fermamdan oğurlayıb özəlləşdiriblər. Baş vermis hadisə ilə bağlı bütün sübutları və şikayətimi Füzuli Rayon Polis Şöbəsinə etmişəm. Hazırda iş Füzuli rayon Prokurorluğunda araşdırılır. Mən hüquq-mühafizə orqanlarımıza tam güvənirəm. Bilirəm ki, günahı olanlar qanunlarımız çərçivəsində cəzalandırılacaq. Məni ən çox narahat edən Orxan Xanlarovun əndazəyə və qanuna sığmayan hədələridir. Bu adam Novruz adlı iş yoldaşı ilə əl-ələ verərək Füzuli rayon Dövlət Aqrar İnkişaf Mərkəzini uçuruma aparır. Yoxlama təyin olunsun, gəlib bu mərkəzin fəaliyyətini araşdırsınlar. Adını çəkdiyim şəxslər dövlət büdcəsini talamaqla məşğuldur. Füzulidə fermerlərə göstərilən xidmətlərin təkmilləşdirilməsi istiqamətində Kənd Təsərrüfatı Nazirliyi tərəfindən verilən tapşırıqlara qətiyyən əməl edilmir. Orxan və Novruz özlərini toxunulmaz hesab edirlər”.
Narazı sahibkar bildirir ki, Orxan Xanlarov hər vəchdə ona hədə-qorxu gələrək sahibi olduğu torpaq sahələrini onun əlindən alacağı ilə hədələyir: “Mən evimdə rahat yata bilmirəm. Bütün əsəblərim pozulub. Orxan Xanlarov deyir ki, get şikayətini geri götür, saytlara müraciət etmə, yoxsa sənin torpaqlarını əlindən alıb şəhid ailələrinə verəcəm, səni məhkəmələrdə süründərəcəm. Sual edirəm, o, qanuni sənədlə mənə məxsus olan torpaq sahələrini necə əlimdən ala bilər? Füzuli rayonunda əkinə yararlı torpaqların böyük hissəsi bu adamlar tərəfindən qeyri-qanuni şəkildə zəbt edilib. Həmçinin Orxan Xanlarov özü Füzuli DAİM-in işçisi olduğu halda camaata məxsus torpaq sahələrini icarəyə götürərək əkin-biçinlə məşğuldur. Hamımız bilirik ki, dövlət torpaqları icarəyə verilə bilməz. Orxan Xanlarov mənim çobanımla əlbir olub təsərrüfatımı talamaqla kifayətlənmir, üstəlik çobana deyir ki, mənim adımı çəkmə, səni prokurorluqdan qurtaracam. Deyir ki, pulum çoxdur, Ruslan kimiləri pul ilə alaram. Orxan Xanlarov müdiri sayılan Novruzun heyvanlarını öz fermasında saxlayır və lazım olanda onun da adından istifadə edir. Yəni Orxana Novruz himayadarlıq edir. Deməli, Orxan Xanlarov indiyə qədər bu tip işlərlə məşğul olub. Mən kənd təsərrüfatı naziri Məcnun Məmmədov cənablarına elektron müraciət etmişəm. Onun qəbuluna düşüb hər şeyi ona danışacam. Orxan Xanlarov və Novruz kimi işçilərin fəaliyyətini araşdırıb onları cəzalandırmaq lazımdır. Mən mətbuat vasitəsilə daxili işlər naziri cənab Vilayət Eyvazovdan, baş prokuror Kamran Əliyevdən, Füzuli rayonunun icra başçısı Alı Alıyevdən kömək istəyirəm. Xahiş edirəm günahkarlar layiq olduqları cəzanı alsınlar”. (Gundelikxeber.org)
Mövzu ilə bağlı qarşı tərəfləri də dinləməyə hazırıq.