Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Sülh müqaviləsi realdırmı? -ŞƏRH

Ekspert: “Sülh müqaviləsinin tezliklə bağlanacağı az inandırıcıdır və burada əsas maneə artıq Ermənistan yox, Cənubi Qafqazda təsirini saxlamaq istəyən Rusiyadır”

Yenixeber.org: Ötən həftə Bakı-Moskva-İrəvan-Ankara xəttində intensiv telefon diplomatiyası aparıldı. Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla danışdıqdan sonra prezidentlər İlham Əliyev və Valdimir Putin arasında telefon söhbəti oldu. Ardınca Putin Ermənistanın baş naziri Paşinyan və Türkiyə prezidenti Ərdoğanla danışdı. Bundan başqa, dövlət başçısı İlham Əliyev iyunun 25-də Avropa Birliyinin nümayəndə heyəti – Rumıniya, Avstriya və Litva xarici işlər nazirləri ilə görüşdü və bildirdi ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalanmasa, Cənubi Qafqazda sülh olmayacaq. 

Belə görünür ki, Azərbaycan rəhbərliyi yaxın gələcəkdə Ermənistanla sülh müqaviləsi imzalayaraq bu problemə birdəfəlik son qoymaq niyyətindədir. Bəs, iki dövlət arasında indiki zamanda sülh müqaviləsinin imzalanması nə dərəcədə realdır?

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl bildirdi ki, Şuşa Bəyannaməsindən sonra Türkiyə prezidenti Ərdoğan tezliklə Rusiya prezidenti Vladimir Putinlə görüşəcəyini, eyni zamanda Azərbaycan prezidenti İlham Əliyevin də tezliklə Putinlə görüşünün olacağını anons edib. Amma Moskva bu görüşlərin planlaşdırıldığını hələlik nə təsdiq, nə də təkzib edib. Ekspertin fikrincə, görünür, üzbəüz görüşlər reallaşanadək telefon danışıqlarının aparılmasına ehtiyac yaranıb. İ. İsmayılın sözlərinə görə, Ərdoğanın Şuşa səfəri və orada imzalanan bəyannamənin Kremlin ürəyincə olmadığı məlum məsələdir: 

“Rusiyanı hansısa şəkildə rahatlatmaq və bölgədə birgə fəaliyyətin perspektivindən söz açmaq diplomatik gedişlərdir. Təbii ki, Rusiyanın da maraqlarına uyğun olan Zəngəzur dəhlizinin reallaşması mövcud münasibətlərdə ortaq məxrəcə gəlməyin ən yaxşı vasitəsidir. Amma yalnız Zəngəzur dəhlizi məsələsi deyil. Nəzərə almaq lazımdır ki, bu dəhliz marşrutunda Qərb və Çinin qarşıdurması da mövcuddur”.

Ekspert vurğulayıb ki, Cənubi Qafqazda proseslər sürətlə yetişir və gərginlik əmsalı artır. O, ehtimal edir ki, Ermənistandakı seçkilərdən sonra bu proses sürətlənəcək: 

“Dəhliz, ümumiyyətlə, nəqliyyat infrastrukturu ilə bağlı bizim Ermənistana müraciət etməyimiz, sülh müqaviləsinin bağlanması ilə əlaqədar minnətçi olmağımız doğru deyil. Biz qalib dövlətik, qoy məğlub olub, böhrana düşmüş rəqib bizə yalvarsın. Dəhliz məsələsinə fokuslanmağımız hələ Qarabağ probleminin açarı deyil. Separatçı rejimi Moskvadan tam asılı vəziyyətə salmaq yolunda müxtəlif planlar üzərində işlənilir. Status-kvonu ilk beşillik müddətdən daha çox uzatmaq üçün Kreml müxtəlif variantlara baş vurur və əsas məqsədi hələ uzun müddət Qarabağda qalmaqdır. Əgər Azərbaycan və Türkiyə tezliklə Xankəndi və ətrafında ərazi bütövlüyümüzü reallaşdırmaq istiqamətində intensiv fəaliyyətə başlamasa, problem yenə uzun müddətə dondurulacaq, mənasız, nəticəsiz danışıqlarla baş qatılacaq. Belə vəziyyət Azərbaycanın maraqlarına uyğun deyil”.

Sülh müqaviləsinin mümkünlüyünə gəlincə, İ.İsmayıl dövlət başçısının bu barədə dediklərini doğru diplomatik addım hesab edir: 

“Qalib dövlət olaraq Avropa Birliyi nümayəndələri qarşısında yeni müharibəyə deyil, sülhə can atdığımızı nümayiş etdirmək beynəlxalq imicimizi müsbət mənada möhkəmləndirir və bu sazişdən imtina edən Ermənistanı dünya birliyinin qınaq hədəfinə çevirir. Sülh sazişində Qarabağın Azərbaycan ərazisi olmasını Ermənistanın qəbul etməsi problemi tam həll etməsə də, irəliyə doğru böyük addım ola bilər. Sadəcə olaraq, bu sülh sazişində imzalanacaq bəndlər o qədər ölçülü-biçili olmalıdır ki, Azərbaycanın ərazi bütövlüyü tam şəkildə öz əksini tapsın. Yəni separatçı rejimin Ermənistandan kənar, yalnız Rusiyaya arxalanaraq Qarabağda status-kvonu davam etdirməsinə də son qoyulmalıdır”. 

Bununla belə, İ.İsmayıl düşünür ki, sülh sazişinin tezliklə bağlanacağı az inandırıcıdır və burada əsas maneə artıq Ermənistan yox, Cənubi Qafqazda təsirini saxlamaq və qorumaq istəyən Rusiyadır: 

“Qarabağ məsələsi həll olunduqdan sonra Ermənistanın Qərbə inteqrasiyası sürətlənəcək, hətta Rusiya hərbi bazasının vaxtından əvvəl Gümrüdən çıxarılması məsələsi qaldırıla bilər. Ancaq qeyd etdiyimiz kimi, bu sazişin bağlanması ehtimalı tezliklə görünmür və Rusiya Zəngəzurda əlavə hərbi dayaq məntəqələri yaratmaqla öz hərbi iştirakını daha da möhkəmlətmək marağındadır, Ermənistan da buna ikiəlli razıdır. Ona görə də, biz Qarabağda 10 noyabr bəyanatından irəli gələn, amma indiyədək yerinə yetirilməyən müddəaların reallaşması istiqamətində aktiv siyasi fəaliyyətə başlamalıyıq. Bu, qaçqınların keçmiş Dağlıq Qarabağa qaytarılması, erməni silahlı birləşmələrinin Azərbaycan ərazisini tərk etməsi və Qarabağ daxilindəki yolların açılmasıdır”.

Siyasi şərhçi Rauf Mirqədirov isə bildirdi ki, burada hər tərəfin öz marağı var. Onun sözlərinə görə, Azərbaycan sülh müqaviləsinin imzalanmasını önə çəkir və bu, ilk baxışdan məntiqlidir: 

 

“Əgər iki dövlət arasında sülh müqaviləsi imzalanmayıbsa və münasibətlərin parametrləri müəyyənləşməyibsə, o zaman əməkdaşlığın da parametrləri qeyri-müəyyən olur, nəticədə əməkdaşlıq etmək çox çətinləşir. Rusiyanın bir neçə marağı var, birincisi, o, regionu tam nəzarətdə saxlamaq niyyətindədir. İkinci marağı Şuşa Bəyannaməsi ətrafında yaradılmış hay-küylə bağlıdır. Şuşa Bəyannaməsini bəzi ekpertlər hərbi müttəfiqlik sazişi kimi yozdular və bundan sonra Azərbaycanda Türkiyənin hərbi bazalarının yerləşdiriləcəyini önə çəkdilər. Bu isə Kreml tərəfindən çox ciddi etirazla qarşılandı, az qala bütün rəsmi şəxsləri danışdılar və hətta Azərbaycanın NATO üzvlüyünə hazırlaşdığını deyənlər də tapıldı. Rusiya gedişatı ciddi şəkildə izlədiyini ifadə etdi. Nikol Paşinyana gəldikdə, onun davranışını müəyyən edən trendlərdən sonra minnətdarlıq etdiyi şəxs Vladimir Putin idi. Paşinyan kimdən və nə dərəcədə asılı olduğunu seçkilərdən sonra açıqladı. Yəni Paşinyan Rusiyanın deyəcəyi bir çox şeyləri etməyə hazırdır, əsas məqsədi müəyyən dövr üçün hakimiyyətini müdafiə etmək, geniş mənada isə fiziki varlığını qorumaqdır”.

Ekspert hesab edir ki, Azərbaycan və Ermənistan arasında sülh sazişi kifayət qədər realdır. Amma sülh sazişi deyəndə nəyi nəzərdə tuturuq, bu suala aydınlıq gətirilməlidir: 

“Sülh sazişinin imzalanmasında Azərbaycan üçün vacib olan amil Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımasıdır. O zaman ciddi bir sual meydana gəlir, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması haqda sənəd razılaşdırılır, hətta ayrıca bənd də salınır ki, Dağlıq Qarabağı da Azərbaycanın tərkib hissəsi kimi tanıyır, amma bununla problem həll olunurmu və yaxud gündəmdən çıxırmı? Birmənalı şəkildə demək olar ki, yox. Çünki bugünkü reallıqları, xüsusilə bölgədə Rusiya qoşunlarının olduğunu nəzərə alsaq, söhbət sadə bir şeydən gedir: Dağlıq Qarabağ erməniləri Azərbaycanın tərkibində qalmaq istəyirlərmi? Ermənistan deyəcək ki, bu, Azərbaycanla Dağlıq Qarabağ əhalisinin problemidir, biz tanıyırıq, amma onlar Azərbaycanın tərkibində qalmaq istəmirlər. Beynəlxalq hüquq normalarının birmənalı olmadığını da nəzərə alaraq, burada bir neçə prinsip əsas götürülür: ərazi bütövlüyü, güc tətbiq etməmək və xalqların öz müqəddəratını təyin etməsi hüququ. Onlar sonradan çox sadə şəkildə deyəcəklər ki, Dağlıq Qarabağ erməniləri öz müqəddəratlarını təyin etmək hüququnu gerçəkləşdirmək istəyirlər”.

Bəs, bu zaman Azərbaycan ermənilərə hansı statusu verə bilər? Suala cavabında R. Mirqədirov dedi ki, bu məsələlər daha çox Rusiyanın mövqeyindən asılı olacaq: 

“Yəni Rusiya nə dərəcədə bu konfliktdən öz maraqları üçün istifadə edəcək? Hazırda həlledici rol nə Bakıdadır, nə də Yerevanda. Bölgədə situasiyaya Rusiya nəzarət edir”.(pressklub)

Turqut


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam