Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

 Azərbaycan-Ermənistan arasında sülh müqaviləsi reallığı-mövcud durum və ekspert rəyləri


Yenixceber.org: Artıq bir neçə gündür Ermənistan mediası və sosial şəbəkə istifadəçiləri Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin yol xəritəsinin müzakirələri başlayacağı barədə yazır.

İddia olunur ki, həmin danışıqlar çərçivəsində ilk görüş aprelin sonunda Kazan şəhərində baş tutacaq.

Rəsmi məlumata görə, aprelin 30-da Kazan şəhərində bir tədbirin keçirilməsi nəzərdə tutulub. Lakin bu, Avrasiya İqtisadi Birliyinin hökümətlərarası Şurasının iclasıdır.

Digər iddiaya görə, həmin iclasa Azərbaycan da dəvət alıb. Rusiya mətbuatı ekspertlərə istinadən bildirir ki, Azərbaycan sözügedən ittifaqda hələ ki, müşahidəçi qismində status ala bilər.

Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması gözlənilirmi? Azərbaycan Avrasiya İqtisadi İttifaqına üz tutacaqmı?

Azərbaycan rəsmiləri hər iki məsələ ilə bağlı şərh verməsə də, fevralın 26-da mətbuat konfransı zamanı prezident İlham Əliyev yerli və xarici media üçün mətbuat konfransı zamanı bildirib ki, sazişin imzalanmasını istisna etmir.

“Əgər hər şey məhz bu cür, bizim fikirləşdiyimiz kimi gedərsə, hansısa mərhələdə sülh sazişinin də imzalanmasını istisna etmirik. Çünki 10 noyabr tarixli Bəyanat mahiyyətcə elə de-fakto sülh sazişidir,” prezident qeyd edib.

Aprelin 13-də dövlət başçısı “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda da sülh razılaşması barədə söz açıb.

“Biz hətta Ermənistanla mümkün sülh razılaşması barədə danışa bilərik və mən bunu bir neçə dəfə demişəm. Bizim planlarımız budur. Lakin biz Ermənistan tərəfdən bu cür mesajlar almamışıq.”

Aprelin 15-də isə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan mətbuata bildirib ki, sülh sazişinin imzalanması üçün Ermənistan və Azərbaycan nümayəndələrinin görüşü planlaşdırılmır. Onun sözlərinə görə, sülh sazişinin imzalanması üçün ilk növbədə sülh prosesi lazımdır.

Bu arada Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə Mübarizə Komitəsinin üzvü Aqil Abbas Turana bildirib ki, hamı sülh istəyir, amma sülh ədalətli olmalıdır.

“Hər kəsin öz tələbləri və ərazisi var. Mən inanmıram ki, Azərbaycan, qalib gəlmiş bir dövlət hansısa bir ədalətsiz sülhə imza atsın.”

Komitə üzvü vurğulayıb ki, Ermənistan 10 noyabr bəyanatının bütün şərtlərini hələ yerinə yetirməyib.

“Azərbaycanlılar hələ öz evlərinə qayıda bilməyiblər, Ağdam-Şuşa, Tərtər-Kəlbəcər yolu açılmayıb. Ermənilər bu vurhavurda qəsəbələr salırlar, Ermənistanda artıq erməni qalmayıb, hamısını köçürüblər Xankəndinə. Belə olan halda hansı sülhdən danışırıq?” o sual edib.

Deputatın fikrincə, yol xəritəsindən bəlkə də danışmaq olar, amma indiki şəraitdə sülh sazişindən danışmaq mümkün deyil.

“Hələ əvvəlki bəyanatı icra etsinlər, sonra isə sülhdən əlbəttə ki, danışacağıq. Bütün müharibələr axırda sülhlə bitir.”

Aqil Abbas Azərbaycanın Avrasiya İqtisadi Birliyinə qoşulmasına inanmır.

“Çünki əgər Ermənistan oradadırsa və aramızda sülh müqaviləsi yoxdursa, Ermənistanla biz bir ittifaqdamı olacağıq? Bu mümkün deyil,” deputata belə hesab edir.

Deputat qeyd edib ki, artıq başqa ittifaqdan söhbət gedir.

“Artıq Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan da bunu deyib. Söhbət Türk Dövlətlər Birliyindən, Türk Şurasından gedir. Biz bir ittifaqda birləşməliyik, tək qalmalı deyilik ki. Noyabrda İstanbulda Türk Dövlətlər Birliyi məsələsi müzakirə olunacaq,” o qeyd edib.

Politoloq Ərəstun Oruclu AzadlıqRadiosuna bildirib ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin yol xəritəsinin hazırlanması haqqında məlumatlar hələ ki, bir tərəfdən gəlib.

“Bu, Ermənistan tərəfidir. Azərbaycan tərəfdən bu barədə məlumat yoxdur.”

Ekspertin fikrincə, hələ ki, sülh müqaviləsi haqqında danışmaq çox tezdir.

“Orada o qədər bəndlər, o qədər müzakirə olunmalı məsələlər var ki, bu illərlə vaxt aparacaq. Amma prosesin başlanğıcı ola bilər,” o qeyd edib.

Oruclu şüman edir ki, Ermənistanda yayılan xəbərlər piar gedişi ola bilər.

“Paşinyana indi piar lazımdır. O, seçkiyə hazırlaşır. Hərçənd hər şey olduqca qeyri-müəyyəndir. Belə ehtimal var ki, Ermənistanda nəzərdə tutulmuş növbədənkənar parlament seçkiləri keçirilməyə də bilər.”

Ekspert hesab edir ki, sülh müqaviləsi hazırlanıb imzalansa belə, bu, Moskvanın iştirakı olmadan qeyri-mümkündür.

“Moskva regiondadır, o bu konfliktə nəzarəti öz əlinə götürüb. Əsas təsir vasitəsi olan Qarabağın erməni icması bu gün birmənalı şəkildə Moskvanın nəzarətindədir. Ona görə də mən əminəm ki, sülh sazişinin bütün detalları Rusiya ilə razılaşdırılacaq. Bəlkə də Moskvanın özü bunu təklif edəcək,” politoloq belə düşünür.

Oruclu deyir ki, sülh müqaviləsi imzalanarsa, orada Rusiya sülhməramlıların statusu da nəzərə alınacaq.

“Müqavilə imzalansa belə, onlar orada qalacaq və onların regiondan tezliklə çıxarılması baş verməyəcək. Əslində mən gözləyirəm ki, orada rus hərbi bazası olacaq.”

Ekspert qeyd edib ki, Azərbaycanın Avrasiya İqtisadi Birliyinə üzv olması real görünmür.

“Düşünürəm ki, Moskva bütün vasitələrdən istifadə edərək Azərbaycanı həm Avrasiya İttifaqına, həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv etmək istəyir. Ola bilsin ki, Belarusun prezidenti Lukaşenkonun Bakıya səfəri bununla bağlı idi. Amma Azərbaycan həmişə çalışıb ki, balanslı xarici siyasət yürütsün və indi bunu həyata keçirmək üçün başqa səbəb də var. Bu da Türkiyənin regionda iştirakıdır və Azərbaycan-Türkiyə hərbu əməkdaşlığıdır,” o qeyd edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam