PROKURORA İLK TAPŞIRIQ BAŞÇI İLƏ "DİL TAPMAQ" OLURDUSA... -"Baş prokurorun adı korrupsiyada hallansa da..."
Yaxınlarda Milli Məclisin iclasında son dövrlərdə Rayon İcra Hakimiyyəti başçılarının hüquqa zidd hərəkətləri müzakirə edilərkən, deputatlardan biri (səhv etmirəmsə Siyavuş Novruzov) “prokurorlar hara baxırdı” iddiası ilə çıxış etmişdi. İlk baxışda haqlı iraddır.
Lakin...
Əgər təyinat alan prokurora birinci tapşırıq icra başısı ilə "dil tapmaq" olurdusa, icra başcısının bir telefon zəngi ilə prokuror gözdən düşürdüsə, rayonlarda keçirilən zona müşavirələrində Baş prokuror yalnız icra başçısı ilə oturub dururdusa, nəinki RİH-nin, məmurun, deputatın, hətta nazirliyin yerli nümayəndəsinin çağırılması üçün xüsusi icazə tələb olunurdusa və bu üzdən bir çox cinayət işlərinin açılması müşkülə düşürdüsə, hər hansı bir qurumda cinayət faktı aşkar olunduqda ictimaiyyətə verilən məlumatda prokurorluğun adı ikinci göstərilirdisə (məs: "Qida Agentliyi və Baş Prokurorluğun birgə məlumatı"), Ağır Cinayətlər Məhkəməsinə göndərilən işlərdə rayon prokuroru ittiham aktını təsdiq edə bilmirdisə, polis rəisi ilə narazılığa görə prokuror dərhal sərəncama götürülüb, qarşı tərəf vəzifəcə daha da böyüdülürdüsə, polis əməkdaşı barədə daxil olmuş ərizə və şikayətlərin yoxlanması üçün DİO rəhbərliyindən icazə alınırdısa, yalnız qanunun aliliyini rəhbər tutmalı olan dövlət ittihamçısının ittihamdan imtina etməsi və əməlin tövsifi əmrlə qaydalaşdırılırdısa, rədd və xitam qərarının ləğvinə, bəraət hökmünün çıxarılmasına görə müstəntiq və prokuror məşhər ayağına çəkilirdisə, CM-nin 291-ci maddəsi demokl qılıncı kimi müstəntiq və prokurorun başı üzərində parlayırdısa, ən cüzi xətaya görə (məs; etibarnamə olmadan nəqliyyat vasitəsini idarə etmə) prokurorluq əməkdaşı qanunda nəzərdə tutulmayan ağır cəza alırdısa və yaxud guya iş yoldaşından uzaq qohumunun şikayətinə ədalətli baxması xahişinə görə bir məmurun tapşırığı ilə idarə prokuroru barəsində xidməti yoxlama aparılıb vəzifəsindən çıxarılırdısa, daha ağır xətaya yol verən dayılılara “gözün üstə qaşın var” deyən olmurdusa, bank rəhbərliyinə əməkdaşının bank fəaliyyətindən kənar qanunsuz hərəkətləri barədə məktub yazdığına görə rayon prokuroru cəzalandırılırdısa, əməkdaşların bütün hərəkətləri, hətta pal-paltar almaq qaydaları əmrləşdirilib, təşəbbüsdə bulunan hər kəs “qanundan kənar” hesab edilirdisə (məs: prokurorluğun ən ləyaqətli və şərəfli əməkdaşlarından biri cənab Prezidentin Şəki Apelyasiya Məhkəməsinin açılışındakı çıxışına əsaslanaraq əlaqəli qurumlara yeni şəraitə uyğun işləmək təklifi ilə müraciətinə görə rəhbərlik etdiyi şöbənin fəaliyyəti kompleks yoxlanılıb, vəzifəsindən kənarlaşdırılırdısa), ədalətli və peşəkar keyfiyyətləri ilə seçilən, polisin və icra hakimiyyətinin qanunsuz fəaliyyətinə göz yummayan, bu hərəkətləri ilə rayon ictimaiyyətinin rəğbətini qazanan gənc prokuror saxta və şübhəli ittihamla həbsə alınırdısa, 1600 kq unun alqı-satqısında “vasitəçi” olduğuna görə prokurorluq əməkdaşının barəsində cinayət işi başlanıb, orqandan xaric olunduğu halda, iri bizneslə məşğul olanlar (elin gözü tərəzidir), o cümlədən Baş prokurorun adı korrupsiyada və yaxud biznes fəaliyyətində hallansa da, nə təsdiq, nə də təkzib etmədiyi halda, xaricdə yaşayıb dövlət başçısı haqqında hədyan danışanlara biganə qalınırdısa, qanunla qadağan olunmasına baxmayaraq, anonim məlumat əsasında rayon prokuroru haqqında xidməti yoxlama aparılırdısa, hər hansı siyasi tədbirlərdə və bayram günlərində rayon prokuroru xidməti iş otağında gecələməli olurdusa, prokurorluğun xeyir-duası ilə nazirliklərin mənafeyinə xidmət edən istintaq şöbələri yaradılırdısa, ölkədə yalnız bir nəfərə hesabat verməli olan Baş prokuror böyük məmur korpusu qarşısında yaxşı görünmək üçün dəridən-qabığdan çıxıb, öz səlahiyyətlərini tabe orqanlara “pay” verməklə unitar dövlətimizə və dövlətçiliyə zərbə vururdusa, hətta Prezident sərəncamlarının icrasına əngəl törədilirdisə, məmur uşaqları prokurorluğa imtiyazlı şəxslər kimi qəbul edilirdisə (Əlbəttə, nümunə götürülməli məmur və məmur övladları da az deyil), kollegiya iclaslarında cəza alanların və orqandan xaric olunanların sayı ən böyük müvəffəqiyyət kimi xüsusi pafosla qeyd edilirdisə (2000-2005-ci illərdə cəza alanların sayı bəlkə də son 50 ildəki qədər olmuşdur), təqaüd yaşına çatmış əməkdaşlarla 5 illik müqavilə, gərəkliyinə görə deyil, şəxsi münasibətlər zəminində və kimin adamı olduğuna görə bağlanırdısa, qanunda üç aydan artıq olmaması göstərilsə də, əməkdaşlar illərlə əməkhaqqı almadan sərəncamda saxlanılırdısa, əvəzində məmur tapşırığı ilə başqa orqanlarda işləmiş, hətta təqaüdə çıxmış şəxslərin prokurorluğa axını adi hal alırdısa, Prezidentin sərəncamı ilə 01 sentyabr 2019-cu ildən əməkhaqqının artırılması nəzərdə tutulduğu halda, 10 aydan sonra bu məsələ həllini qismən tapırdısa, hüquq-mühafizə orqanları və güc strukturlarından yalnız ən az ştat vahidi olan prokurorluqda xidmət illəri artırılırdısa (25 ildən 35 ilə), Baş prokurorun əmrlər toplusu ən nəfis formatda təkrar-təkrar nəşr olunduğu halda (hansı vəsait hesabına!?) uzun illər telefon məlumat kitabçası işıq üzü görmürdüsə, özünü qorumaqla məşğul olan bütün qurumlar aciz vəziyyətə düşürdüsə (qismən də olsa müstəqilliyini və prokuror nüfuzunu saxlayan qurumlar da olub), başqa sözlə, rəhbərlik tərəfindən müdafiə olunmayacağını bilən, səhvsiz işləməyə məhkum edilmiş rayon prokuroru və digər əməkdaşlardan icra başçısının cinayətkar əməllərinin qarşısını almaq tələbi nə qədər ağıla, məntiqə və ədalətə uyğundur?
Fəaliyyətinin ilk aylarından bu məsələlərin həllinə çalışıb, rayon prokurorlarının səlahiyyətini qaytaran, prokurorluq işçilərinin sosial müdafiəsinin gücləndirilməsi üçün zəruri addımlar atan, kağız üzərində qalmış Elmi-məsləhət şurasının fəaliyyətini pərpa edən, toxunulmazlıq statusunda olan kadrları kənarlaşdıran, bürokratik əngəllər törədən əmrləri ləğvi edən, kollegiyallığı sözdə deyil işdə həyata keçirmək üçün intizam komissiyası yaradan, ən əsası ”Korrupsiyaya qarşı mübarizə haqqında qanun”-un tələbinə əməl edərək, yaxın qohumunun prokurorluqda əmək fəaliyyətinə xitam verməklə digər məmurlara nümunə göstərən hazırkı Baş prokurora hamılıqla kömək etmək lazımdır. Çünki zəif prokurorluq dövlətçilik və xalq üçün fəsadları gec bilinən ən böyük təhlükədir.
P.S. Bu faktları hamı bildiyi halda nə üçün ölkə başçısına müraciət etmirdiniz sualına tarixi-analoji faktla cavab vermək istəyirəm. 1939-cu ildə bir qrup prokurorluq işçisi insanların əsassız məhkum edilməsi barədə verilmiş protestlərin baxılmasında SSRİ prokuroru M.Pankratovun mövqesizliyi və Siyasi Büro üzvlüyünə namizəd XDİ komissarı L.Beriya qarşısında acizlik göstərərək, qanunla müəyyən edilmiş hüquqlarından istifadə etməməsi barədə ÜİK(b)P MK-nin Siyasi Büro üzvü, Leninqrad vilayət və şəhər partiya komitəsinin I katibi, RSFSR Ali Sovetinin sədri A.Jdanova müraciət edirlər. Bu məktub barədə A.Jdanov İ.Stalinə məlumat verir və qısa müddətdən sonra M.Pankratov vəzifəsindən kənarlaşdırılır. Göründüyü kimi Stalin dövründə prokurorluq əməkdaşları cəsarət taparaq öz sözünü deyə bildi. Biz (mən daxil olmaqla) vaxtında bu qanun pozuntularını ölkə rəhbərinə çatdıra bilmədik. Ona görə ki, bizim müraciətlərimiz bu gün artıq hamıya bəlli olan “güc” tərəfindən “bloklanırdı”.
Sözardı: Oxucu düşünməsin ki, keçmiş Baş prokurora qarşı qərəzim və narazılığım olduğu üçün bu yazını qələmə almışam. Xeyr! Allahım şahiddir ki, mənim Zakir müəllimə qarşı şəxsi planda heç bir kin-küdurətim yoxdur. 45 illik tanışlığımızda Zakir müəllim həmişə hörmətimi saxlayıb, yolumu gözləyib, əməkdaşlar üçün ən yüksək mükafatla - “Prokurorluğun fəxri işçisi” döş nişanı ilə təltif edib, başqa sözlə, münasibətlərimiz yüksək səviyyədə olub. Amma prokurorluğa həddindən artıq bağlı bir insan kimi “gözlüyü açıb havanı dəyişmək əvəzinə” qapı pəncərəni də sındırıb prokurorluq adlı binanın kökündən silkələnməsinə biganə qalmaq olmaz!
Ələmdar Məmmədov,
Təqaüddə olan baş ədliyyə müşaviri
(Bu məqalə 27 sentyabra qədər yazılmışdır)