Redaktor seçimi
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Günün xəbəri

Azərbaycanda hərbi hərəkətlilik:əməliyyatlara hazırlıq, ya təlim?

 

                                     

                                        T-72 tankı təlim zamanı

Azərbaycanda son həftələrdə davamlı hərbi fəallıq müşahidə olunmaqdadır. Hazırda, orduya getmək üçün qeydiyyata alınan könüllülərin, ehtiyatda olan bəzi hərbçilərin təlimlərə çağrılmasını və hazırlıqları xatırladan fəaliyyəti müzakirə edilir.

Yenixeber.org: Bəzi dövlət qurumları isə hərbi sirr təşkil edəcək məlumatları yaymamağa çağırır və təxribatlar barədə xəbərdarlıq edirlər.

Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti Ermənistan-Azərbaycan arasında hərbi təxribatların intensivləşməsi ilə bağlı ölkə vətəndaşlarına müraciət edib və onları sosial şəbəkələrdə yayılan məlumatlardan ehtiyatlı olmağa çağırıb.

Başqa bir təhlükəsizlik orqanı Daxili İşlər Nazirliyi paytaxt Bakıda sahiblərindən müsadirə olunduğu iddia edilən "pikap" tipli avtomaşınların qeydiyyatının aparıldığını rəsmən təsdiqləyib.

Azərbaycanda bəzi sosial şəbəkə istifadəçiləri şikayət ediblər ki, ölkədə "səfərbərlik" adı ilə onların "pikap" avtomobilləri polis tərəfindən müsadirə olunub.

Ölkədə hərbi hazırlıq ab-havasının olmasını şərhçilər Prezident İlham Əliyevin bir neçə gün əvvəlki çıxışında da sezdiklərini deyirlər.

Azərbaycan prezidenti İlham Əliyev yerli televiziyalara müsahibəsində deyib ki, Ermənistanla Qarabağ münaqişəsinin həlli barədə "danışıqlar getmir" və o, bu prosessi "mənfi qiymətləndirir".

İlham Əliyev Ermənistanın yeni müharibəyə hazırlaşdığını deyib: "Bu ilin iyulunda baş verən hadisələr onlar üçün dərs olmalı idi, amma əgər yeni dərs almaq istəyirlərsə, biz buna hazırıq".

BBC News Azərbaycancanın Ermənistandakı müxbiri xəbər verir ki, hazırda Ermənistanda sakitlikdir, "ölkə adi günlərini yaşayır, qeyri-adi aktivlik, hərbi əməliyyatlara hazırlıq ab-havası hiss olunmur".

İki gün öncə Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində Azərbaycan ordusunun hərbi qulluqçusu Elşən Məmmədov həlak olub. Bundan əvvəl isə eyni ərazidə Azərbaycan Ermənistana məxsus pilotsuz uçan aparatı vurduğunu bəyan etmişdi.

Bundan öncə - bu il iyulun 12-də Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonunun bir neçə kəndi istiqamətində lokal döyüşlər gedib.

Beş gün fasilələrlə davam edən döyüşlər nəticəsində Azərbaycan biri general-mayor olmaqla 12 hərbçisini və bir mülki vətəndaşını, Ermənistan isə 5 hərbçisini itirib. Son günlərdə müçahidə olunan hərbi fəallıq isə Azərbaycan-Ermənistan sərhəddində münaqişənin yenidən alovlana biləcəyinə dair iddialara səbəb olub.

                             "Genişmiqyaslı müharibənin başlama ehtimalı realdır"

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elşad Mirbəşiroğlu hesab edir ki, "nəinki iyul hadisələrinin, genişmiqyaslı müharibənin baş vermə ehtimalı kifayət qədər realdır".

"Nə Ermənistan, nə də ATƏT-in Minsk qrupu münaqişənin dinc tənzimlənməsi istiqamətində real addım atmaq fikrində deyil. Onların bütün addımları, mövqeləri status-kvonun saxlanılmasına hesablanıb. Azərbaycan da bu vəziyyətlə artıq barışmır. Sonsuzluğa qədər mənasız danışıqlar heç bir halda Azərbaycanın maraqları ilə uzlaşmır. Vəziyyət dəyişməlidir, ya münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsidə həlli istiqamətində addım atılmalıdır, ya da artıq başqa bir yolumuz yoxdur. Azərbaycan hərbi yolla öz torpaqlarını işğaldan azad etməlidir", - Elşad Mirbəşiroğlu deyib.

Bu arada Ermənistan Xarici işlər naziri Zohrab Mnatsakanyan Ermənistanın danışıqlara hazır olduğunu bəyan edib.

                                                 "Birinci Ermənistanda…"

Milli Məclisin deputatı, siyasi məsələlər üzrə şərhçi Rasim Musabəyov hesab edir ki, cəbhədə gərginlik var və iyul hadisələri təkrar oluna bilər.

"Bu gərginlikdə maraqlı olan tərəf də var və bu tərəf Rusiyadır. Bu gərginlik bizim Tovuz - strateji xətlər yerləşən bölgəmizdədir. Mən istisna etmirəm ki, Rusiyada müəyyən dairələr qısa müddətli, ancaq geniş hərbi əməliyyatlar başladığı halda Azərbaycanın kompressor stansiyalarına zərbə endirilməsini və 3-6 ay müddətində Azərbaycan qazını Türkiyə bazarından çıxarılmasına fürsət yaranmasını çox istəyərdilər. Əvvəllər o bazarda Rusiya dominant idi, indi isə beşinci yerə düşüb, Azərbaycan qazı isə birinci yerdədir", - Rasim Musabəyov deyib.

Çərşənbə günü Rusiya xarici işlər naziri Sergey Lavrov Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşündə vurğulayıb ki, Rusiya Minsk qrupunun həmsədri kimi problemin həllinə dəstək verir.

Rasim Musabəyov iddia edir ki, hərbi əməliyyatlar öncəsi hazırlıqlar birinci Ermənistanda başlayıb.

O deyib ki, "Ermənistan bir müddət əvvəl ehtiyatda olanların toplanışına başlayıb və yerli özünümüdafiə birlikləri adı altında gizli şəkildə səfərbərlik həyata keçirirlər".

"Bu onu göstərir ki, Ermənistan hərbi əməliyyatların genişlənməsinə və başlanmasına hazırlıq görür. Azərbaycan buna göz yuma bilməz. Təbii ki, Azərbaycan da öz növbəsində müdafiə qabiliyətini möhkəmləndirmək üçün müvafiq addımlar həyata keçirir", - Rasim Musabəyov deyib.

Rasim Musabəyov hesab edir ki, Ermənistan əvvəllər özünü müdafiə mövqeyində qələmə vermək istəyirdi, ancaq artıq özünü kifayət qədər aqressiv aparır və hiss olunur ki, onları bu xəttdə qidalandıran qüvvələr var.

"Ermənistanın uzunmüddətli hərbi əməliyyat aparmaq üçün hərbi sursata ehtiyacları var. Hiss olunur ki, Rusiyadan ora uçan 40 təyyarə bunların ehtiyatlarını kifayət qədər genişləndirib", - Rasim Musabəyov deyib.

Rusiya bir müddət öncə bəyan etmişdi ki, Ermənistana uçan rus hərbi sursat təyyarələri Rusiyanın bu ölkədəki hərbi bazaları üçün nəzərdə tutulub.

                                       "Ermənistan hərbi əməliyyatlara hazırlaşmır"

Ermənistan Beynəlxalq Münasibətlər və Təhlükəsizlik İnstitutunun mütəxəssisi Ruben Mehrabyan BBC News Azərbaycancaya deyib ki, erməni tərəfi hərbi əməliyyatlara başlamağa hazırlaşmır.

"Çünki bunun mənası yoxdur. Erməni tərəfinin dövlət sərhədində və ya Dağlıq Qarabağda təmas xəttində hərbi əməliyyatlara təhrik etməsi üçün heç bir əsas yoxdur. Bunun hərbi-siyasi məntiqi yoxdur. Çünki son onillərdə yaranmış və mövcud olan status-kvo erməni tərəfinə sərf edir. Əksinə, erməni tərəfi hətta nəzəri baxımdan belə hərbi əməliyyatların başlanması ehtimalına yol verməmək üçün əlindən gələni edəcək", - Ruben Mehrabyan deyib.

Ruben Mehrabyanın fikrincə Azərbaycana iyul döyüşləri zamanı hərbi itkilər və uğursuzluqlar ciddi təsir edib və bu nüfuzu zədələyib.

O iddia edir ki, "indi Azərbaycan tərəfində həmin hərəkətlərin təşəbbüskarları itkilərin yerini doldurmaq, heç olmasa gələcəkdə bunun təkrarlanmasına yol verməmək məqsədilə hərəkətə gəliblər".

"Bütün bu səfərbərlik, bu ritorika, bu davakarlıq, o cümlədən məsuliyyətsiz şəkildə Türkiyə siyasəti iyul hadisələrinin cavabının verilməsi istəyinə buna dəlalət edir. Bu, Ermənistan-Azərbaycan sərhədində, xüsusilə problemli sahələrində, real təhlükə yaradır", - Ruben Mehrabyan deyib.

Mehrabyan bildirib ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi tərəfindən nə birbaşa, nə dolayısı ilə səfərbərliklə bağlı heç bir hərəkət müşahidə etmir.

"Müharibə ehtmalının səbəbləri aradan qaldırılmayıb. Heç olmasa buna görə, sərhədin müəyyən sahələrində gərginliyin şiddətlənməsi və ya döyüşlərin başlanması ehtimalı istisna etmək sadəlövhlük olardı. Lakin deməzdim ki, bu gün bu təhlükə bir həftə ya bir ay bundan əvvəlkindən daha böyükdür", - Ruben Mehrabyan bildirib.

                      "Azərbaycan Türkiyə və Pakistanla Rusiyanı tarazlaşdırmalıdır"

Siyasi şərhçi Eldar Namazov hesab edir ki, Azərbaycan Rusiyanın bölgədəki siyasətinə qarşı "güzgü" siyasəti yeritməlidir.

O, cəbhədə gərginliyin fonunda Azərbaycanın Türkiyə ilə planlaşdırılan vacib sazişləri imzalanmasını gözləyir.

Eldar Namazov hesab edir ki, Ermənistanla Azərbaycanın sərhədində baş verənlərdə Rusiyanın da rolu var.

"Rusiya Türkiyə qaz bazarını Azərbaycana uduzdu, Xəzərin statusu ilə bağlı sazişdən sonra da Türkmənistan qazının Azərbaycan vasitəsilə dünya Avropa bazarına çıxarmaq üçün imkanlar yaranıb. Türkmənistanın yataqlarının həcmi isə çox böyükdür. Türkmən qazı Rusiyanı Avropanın digər bazarlarından da çıxara bilər. Bunları təhlil edərək, Tovuz istiqamətində toqquşma olacağını demək olar", - Eldar Namazov bildirib.

Eldar Namazov hesab edir ki, Azərbaycan əvvəllər olduğu kimi Rusiyaya qarşı komplementar, cavabsız siyasət yürütməməlidir, əksinə, Azərbaycan "güzgü" siyasəti yeritməlidir, ona qarşı atılan addımlara cavab verməlidir.

"Rusiya bir tərəfdən münaqişədə vasitəçilik edir, digər tərəfdən Ermənistanın hərbi müttəfiqi kimi çıxış edirdi. Geci-tezi bu geopolitik şizofreniyaya son qoyulmalıdır. Eyni vaxtda həm ədalətli vasitəçi, həm də tərəflərdən birinin hərbi müttəfiqi ola bilməzsən",- Eldar Namazov deyib.

Onun fikrincə, Azərbaycan Türkiyə və müttəfiqi olan Pakistanla Rusiya amilini tarazlaşdırmalıdır.

Eldar Namazov bildirib ki, "Azərbaycan həmişə bəyan edib ki, güc tətbiq etməyə bizim qanuni haqqımız var, amma indi Ermənistan sanki bu prosesslərdə qabağa düşüb".

Namazov deyir ki, cəbhədə ola biləcək toqquşmalarda səbəbkar Ermənistan tərəfidir.

"Onlar bizi cavab addımları atmağa məcbur ediblər", o bildirib.

"Bu gərginlik Rusiyanın "Qafqaz 2020" hərbi təlimlərə başlaması ilə eyni vaxta düşür. Bu hərbi təlimlər Rusiyada bu illərdə olan ən böyük hərbi təlimlərdir. Adından da aydındır ki, bu təlimlər nəyə yönəlib", - Eldar Namazov deyib.

                     "Toqquşmalar hansısa hərbçilərin marağı da ola bilər"

Gürcüstan Strateji və Beynəlxalq Araşdırmalar Fondunun baş mütəxəssisi, beynəlxalq münasibətlər üzrə şərhçi Kaxa Qoqolaşvili BBC News Azərbaycancaya deyib ki, gərginlik həqiqətən yüksəkdir və ən xırda insident ciddi qarşıdurmaya səbəb ola bilər.

Onun fikrincə, beynəlxalq ictimaiyyət münaqişənin həllinə kifayət qədər cəlb olunmayıb.

"Azərbaycanla toqquşmalar Ermənistanın Rusiyadan mövcud asılılığının artması ilə nəticələnə bilər. Ancaq Azərbaycanla daha çox gərginliyin artması və az danışığın getməsi, - birbaşa və ya istənilən danışıqları nəzərdə tuturam, - Ermənistanın Rusiyadan asılılığını və Rusiya tərəfindən mühafizəsini artırır", - Kaxa Qoqolaşvili deyib.

Kaxa Qoqolaşvili bildirib ki, "bu, Ermənistanın marağında deyil, amma hər şey baş verə bilər. Bu hansısa hərbçilərin marağı da ola bilər. Maraq yox, əslində, maraq siyasi termindir, amma necəsə bir-birinə atəş açmaq imkanı üçün həyəcanlana bilərlər".

Azərbaycan Müdafiə Nazirliyinin sözcüsü Vaqif Dərgahlı BBC News Azərbaycancaya deyib ki, Ermənistan tərəfi Tovuz və Naxçıvan istiqamətində, eləcə də Qarabağ cəbhəsində sutka ərzində atəşkəsi ümumilikdə 49 dəfə pozub.

Vaqif Dərgahlı BBC-nin iyul hadisələrinn təkrarlanmaq ehtimalı ilə bağlı sualına şərh verməyəcəyini bildirib. O, "ortada faktlar var" deyib, amma təfərrüatlara varmayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam