VAŞINQTON RUSİYANI SUALTI QAYIQLARLA HƏDƏLƏYİR –“Vaşinqtonun təhlükəsizliyi təmin etməyə hazır olduğunu göstərir”
İkinci Dünya Müharibəsindən sonra ABŞ “köhnə qitə” - Avropanın mühüm geostrateji məkanlarını daim nəzarət altına almağa çalışıb və NATO alyansından istifadə bu məsələdə xüsusi yer tutub. Son dövrlər ABŞ NATO ölkələrini hərbiyə nəzərdə tutulan miqdarda maliyyə ayırmamaqda ittiham edir.
Yenixeber.org: Gələcəklə bağlı proqram çərçivəsində ABŞ müəyyən ciddi addımlar atmağa başlayıb. Amerika öz qoşun hissələrinin bir hissəsini Almaniyadan çıxararaq Rusiya sərhədlərinə daha yaxın olan Polşaya yerləşdirir. Amerikalıların şimal istiqamətindəki fəaliyyətləri də gözdən qaçmamalıdır. Belə ki, rəsmi Vaşinqton Norveçin dəniz sahillərində daimi dislokasiya mərkəzi yaratmağı planlayır və “Seawolf” sinfindən olan sualtı qayıqların Norveç portlarına daxil olması buna bariz misaldır. Sözsüz ki, hadisələrin bu cür gedişi ilə bağlı Rusiya dərin narahatlıq keçirir, çünki bütün qərb sərhəd perimetri boyunca Rusiyanın öz içinə doğru sıxışdırılmasının şahidi oluruq. Ukrayna demək olar ki, əldən çıxıb, Belarusdakı vəziyyət Moskva üçün heç də ürəkaçan deyil.
Göründüyü kimi, Krımın və Donbasın işğalından sonra Rusiyanın geostrateji maraqlarına qarşı adekvat tədbirlər görülür. Elə ABŞ Hərbi Dəniz Qüvvələrinin “Seawolf” sinfindən olan sualtı qayıqlarının Norveçdə yerləşdirilməsi də həmin tədbirlər planının tərkib hissəsidir.
Sözügedən məsələ ilə bağlı ABŞ-ın “The National Interest” saytındakı “ABŞ Hərbi Dəniz Qüvvələrinin “Seawolf” sinfindən olan sualtı qayıqları Moskvaya mesaj yollayır” başlıqlı məqaləsinin tərcüməsini oxucuların diqqətinə təqdim edirik:
“Seawolf” sinfindən oaln submarinalar (sualtı qayıqlar) ABŞ Hərbi Dəniz Qüvvələri üçün nə zamansa inşa edilmiş ən bahalı gəmilərdir. İlk əvvəl bu cür sürətli zərbə atom sualtı qayıqlarının sayının 29 olacağı planlaşdırılırdı. Amma “soyuq müharibə” qurtardıqdan sonra bu layihəyə yenidən baxıldı. Çünki həmin submarinaların hər biri 3 milyard dollara başa gəlirdi. Nəticədə ABŞ “Seawolf” sinfindən yalnız üç ədəd sualtı qayıq inşa etdi.
“Los-Anceles” sinfindən olan submarinalarla müqayisədə “Seawolf” sinfindən olan sualtı qayıqlar daha böyük və sürətlidir, həm də daha çox silah daşıyır. “Los-Anceles” sinfindən olan submarinaları “Seawolf”-ların əvəz etməsi nəzərdə tutulurdu. “Seawolf” submarinası hər biri 21 dyümlük səkkiz torpedo aparatı ilə təchiz olunub, ancaq “Los-Anceles”-in yalnız dörd torpedo aparatı var.
Hər bir “Seawolf” gövdəsində 50 torpedo daşıyır. Bu submarinalar torpedo aparatlarının köməyilə “Tomahawk” qanadlı raketləri buraxa bilərlər. “Seawolf” sinfindən olan ABŞ HDQ-nə məxsus “Jimmi Carter” (ABŞ-ın 39-cu prezidentinin adını daşıyır) gəmisi digər iki “Seawoolf” submarinasından təxminən 30 metr uzundur. Bu sualtı qayıq bir neçə nadir xüsusiyyətə malikdir. ”Jimmi Carter” sualtı qayığı ABŞ HDQ-nin döyüş cərgəsinə 2005-ci ildə qəbul olunub. Onun burun və arxa hissəsində, xüsusən də aşağı sürətlərdə bu böyük submarinanın əla manevrini təmin edən idarəedilən yardımçı qurğu quraşdırılıb. Hesab edilir ki, bu sualtı qayıq öz gövdəsində xüsusi təyinatlı “dəniz pişikləri” dəstəsi və məsafədən idarə olunan sualtı aparatlar yerləşdirmək qabiliyyətinə malikdir.
“Seawolf” sinfindən olan və elə “Seawolf” adlanan sualtı qayıq bu yaxınlarda Norveç sahillərinə yaxınlaşıb və Norveçin şimalında Tromsyö şəhəri yaxınlığında “qısa dayancaq”dan istifadə edib.
Bu submarin ABŞ HDQ-nin İtaliyanın Neapol şəhərində bazalaşmış 6-cı donanmasına daxildir və onun yaxın zamanlarda Rusiya sularında görünməsi böyük əhəmiyyət daşıyır. “Seawolf”-un bu yaxınlarda Norveç sahillərində peyda olmasını şərh edən ABŞ HDQ nümayndələri deyiblər ki, onun gəlişi ABŞ-ın onsuz da güclü olan sulatı döyüş fəaliyyətinə əlavə güc qatacaq və bu, Vaşinqtonun region üzrə təhlükəsizliyi təmin etməyə hazır olduğunu göstərir.
Qısa dayanma edən “Seawolf” submarini ilə yanaşı Tromsyö yaxınlığındakı sularda Norveçin “F-16” təyyarələrinin müşayiəti ilə altı ədəd “B-52”bombardmançı təyyarələri də üçuş həyata keçiriblər.
Hərçənd ki, Norveç Kral Hərbi Dəniz Qüvvələrinin ölkənin şimalında belə bazaya malik olmamasına baxmayaraq, deyilənlərə görə Norveç silahlı qüvvələri Tromsyö şəhərinin yerli hakimiyyəti ilə mülki portdan atom sualtı qayıqlarının istifadə etməsiylə bağlı danışıqlar aparır. Belə olan halda ehtiyatların toparlanması asanlaşacaq. Ona görə ki, sualtı qayıqlar porta daxil ola biləcək və Norveçin Hərbi Dəniz Qüvvələrinin onlara sahildən uzaqda xidmət göstərməsinə gərək qalmayacaq.
Hələ bu hadisədən öncə Rusiya ABŞ sualtı qayıqlarının Norveç sahillərinə yaxınlaşmasına qarşı öz etirazını bildirərək, Oslonu gərginliyi və təsadüfi toqquşma ehtimalını artırmaqda ittiham edib. Norveç sahillərində “Seawolf” sualtı qayıqlarının peyda olmasına də Rusiya mütləq reaksiya verəcək.Amma digər tərəfdən, Arktika regionu əriməkdə davam etdiyinə görə, Norveç gələcəkdə ABŞ və NATO gəmilərini və submarinalarını öz sahillərində daha intensiv şəkildə qəbul edəcək.(azpolitika)
Rasim Əliyev