“Mərkəzi Bank ilin sonuna qədər manatı ucuzlaşdırmağa çalışır”
Dollar hərracı 1,7024 məzənnəsi ilə yekunlaşıb
Samir Əliyev: “Manatın ucuzlaşması əvvəlki dövürlə müqayisədə sürətlənib”
Xeberinfo.com: Bu gün dollar satmayan bankların sırasına daha biri əlavə olunub. “Muğanbank” da ABŞ valyutasını satmaqdan imtina edib.
Qeyd edək ki, dünənədək bu bank dolları limitlə satırdı. “Muganbank”dan 500 dollar almaq mümkün idi. Bu gündən isə satış dayabdırılıb.
Beləliklə dollar satmayan bankların sayı 11-ə çatıb.
Dollar satmayan banklar bunlardır: “Bank of Baku” Pakistan Milli Bankının Bakı filialı Azərbaycan Sənaye Bankı İran Milli Bankının Bakı filialı Azər-Türk Bank Ziraat Bank “Kapital Bank” “VTB Bank” “Paşabank” “Muğanbank”.
Bu gün Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirak etdiyi növbəti ikitərəfli valyuta hərracı keçirilib.
Mərkəzi Bankdan “Marja”ya daxil olmuş məlumata görə, hərrac 1 ABŞ dolları üçün 1,6954 məzənnəsi ilə başlayıb, 1,7024 məzənnəsi ilə yekunlaşıb.
Hər gün dolların manata nisbətdə məzənnəsində dəyişiklik baş verir. Son zamanlar artıq dolların hər gün bir qəpik irəliləməsi adi hala çevrilib. Manatın yaxın gələcək üçün perspektivi isə qaranlıq görünür. Gərəkən addımları zamanında atılmaması maliyyə böhranından çıxışı bir qədər də çətinləşdirir.
İqtisadçı Samir Əliyev hazırda baş verənlərin fonunda bir məqama diqqət yönəltdi. O, bildirdi ki, dolların alış qiyməti banklarda bir qayda olaraq Mərkəzi Bankın müəyyənləşdirdiyi məzənnədən həmişə aşağı olub: “Amma hazırda banklarda dolların alış qiyməti rəsmi məznnədən yüksəkdir. Alışla-satış arasında fərq həddindən artıq aşağıdır. Bu onu göstərir ki, bankların dollara tələbatı yüksəkdir. Buna görə də banklar dollar almaq üçün bu cür yüksək məzənnə təklif edirlər. Bu bankların dollara olan tələbatının yüksək olduğunu deməyə əsas verir. Digər tərəfdən ilin sonuna doğrudur. Büdcəyə vəsaitləri iqtisadiyyata yönəlib və dövriyyəyə manat kütləsi daxil olub. Mərkəzi Bank statistik məlumatları gələn ay açıqlayanda görəcəyik ki, pul kütləsində artım var. Mərkəzi Bank bir tərəfdən depozit hərracı keçirir, manatı yığır. Digər tərəfdən Mərkəzi Bank 600 milyon manatlıq not buraxmağı planlaşdırır. Bu o deməkdir ki, 600 milyon manat dövriyyədən çıxarılacaq”.
Hökumətin manatın məzənnəsini saxlamaqda maraqlı olmadığını deyən S.Əliyev vurğuladı ki, sanki hökumət müəyyən həddə qədər manatın ucuzlaşmasını qarşısına hədəf qoyub: “Əvvəlki dövürdə də manatın ucuzlaşması gedirdi. Amma hazırda bu proses bir qədər də sürətlənib. Mərkəzi Bank ilin sonuna qədər manatı müəyyən həddə qədər ucuzlaşdırmağa çalışır. Çünki referendum dövründə manatın ucuzlaşması istiqamətində bir fasilə götürülmüşdü. Hazırda həmin mərhələnin kompensasiyası gedir. Həm neftin ucuzlaşması gedir, həm də dekabrda dolların uçot dərəcəsi qaldırıla bilər. Mərkəzi Bank bu siyasəti yürüdür ki, vəziyyət dəyişəndə manatı kəskin devalvasiyaya uğratmasın”.