İqtisadiyyatın "Heydərovlar sindromu"
Kəmaləddin Heydərovun bahalaşma sabotajı
Azərbaycan iqtisadiyyatının böhran yaşamasının əsas səbəblərindən biri kimi dünya bazarında neftin qiymətinin ucuzlaşması olsa da, hakimiyyətdaxili oliqarx savaşı və monopoliya faktı da ciddi amillərdəndir...
Xeberinfo.com: Ölkədə ən böyük monopolist oliqarxın fövqəladə hallar naziri Kəmaləddin Heydərovun olması ilə bağlı iddialara əsaslansaq, iqtisadiyyatın "Heydərov sindromu"nu da mütləq nəzər almalıyıq.
Anaxeber.az-ın məlumatına görə, "fövqəlnazir"in nəzarətində olan Gömrük Komitəsi və "Trans Broker" MMC-nin indiyə qədər ölkə iqtisadiyyatına vurduğu zərbə izaholunmaz həddə qalıb. Həmçinin ölkənin əsas və ən böyük istehsalçı və idxalçı özəl şirkətlərindən biri, nazirin oğlu Taleh Heydərova məxsus olan "Gilan" Holdinqin daxili bazarda monopoliya yaratması, açıq biznesi və sahibkarlığı sıxışdırması zaman-zaman müzakirə mövzusu olub. Amma çifayda, Heydərovlara gözün üstə qaşın var deyən olmayıb.
Gömrükdə kərpic-kərpic sökülən Azərbaycan iqtisadiyyatı
Bir müddət öncə sahibkar Araz Nağıyev mediaya verdiyi açıqlamada bildirib ki, gömrükdə rəsmi talançılıqla məşğuldur. Yəni ölkəyə kərpic gətirən sahibkar onu neçəyə satacağını bilmir: “Məcburam gömrük xərci baha başa gələn materialları baha satam ki, heç olmasa, mayanı çıxarım. Müştəri gəlir, qiymətini soruşur, gözləri kəlləsinə çıxır və almadan çıxıb gedir. Alver tamamilə ölüb”.
Onun sözlərinə görə, uzun illərdir ki, müxtəlif ölkələrdən tikinti materialları gətirib satır. Ancaq noyabrın 1-dən gömrük rüsumlarının artırılması sahibkarlıq fəaliyyətinin “belini qırıb”. Amma burada bir məqama da diqqət edək ki, Azərbaycan iqtisadiyyatının fəqərə sütünunu məhz Heydərova məxsus iri monopoliya siyasəti əyib.
“Köhnə bazara təzə "nırx" və ya 3 min 400 manat "rüsum"
Sahibkar deyir ki, bu ilin noyabrından Gömrükdə tam fərqli situsuasiya ilə üzləşiblər: "Ağ, qırmızı kərpiclər gətiririk. Neçə ildir bu işlə məşğul oluruq. İnsafən, gömrük bizi incitsə də, əvvəllər işimiz bundan yaxşı gedib. Noyabrın 1-dək gətirdiyimiz yükə görə gömrük rüsumu 1400, 1250, 1280 manat civarında olurdu. Ayın 1-də növbəti dəfə yük gətirəndə, Azərbaycan gömrüyündə “sürpriz"lə qarşılaşdıq. Bizdən gətirdiyimiz yükə 3 min 400 manat gömrük rüsumu aldılar. Gömrük rüsumlarının artırılması barədə qərar noyabrın 2-də qüvvəyə minsə də, bizdən noyabrın 1-də rüsumu təzə qiymətlərlə aldılar. Mübahisənin yeri yox idi, ya ödəniş etməliydik, ya da mallarımız müsadirə olunacaqdı. Çarəsiz qalıb istədikləri məbləği ödəməli olduq”.
Sahibkar deyir ki, hazırda çıxılmaz durumda qalıb. Yəni bilmir gətirdiyi məhsulu neçəyə satsın ki, həm xarici ölkədən yükü Azərbaycanadək gətirib çıxarmağa çəkdiyi xərci, həm də gömrükdə ondan alınan 3 min 400 manatı çıxara bilsin.
Təsəvvür edirsinizmi bu nə deməkdir? Bazara iqtisadi deyil, siyasi və bürokratik müdaxilə. Bu tip müdaxilələrin isə sonu iqtisadiyyatın çöküşü ilə nəticələnir...
O iddia edir ki, bu gedişlə ölkədə sahibkarlıq fəaiyyəti ilə məşğul olmaq müşkülə çevriləcək: “Əvvəl ağ kərpicin birini 16 qəpiyə, qırmızı kərpici isə 26 qəpikdən satırdım. İşi qurmaq asan başa gəlməyib. Daimi müştərilər toplasam da, hamısını bir günün içində itirdim. Müştəri gəlir, baxır ki, qiymətlər az qala ikiqat bahalaşıb, dönüb gedir. Hələ mayanı da çıxara bilməmişəm”.
Gömrükdə xaos - xidmət xərcləri də ikiqat, üçqat artıb
Araz Nağıyev deyir, təkcə rüsumlar yox, dayanacaq və s. xidmətlərin də xərcləri ikiqat, üçqat artıb. O, hökumətin məsələyə əncam çəkməsini istəyir. Amma, deyəsən, hökumət də Heydərovun bu sabotajına təslim olmaq məcburiyyətindədidir. Nazirlər Kabinetinin 26 sentyabr 2016-cı il tarixli, 367 saylı qərarı ilə Azərbaycana idxal olunan 40 adda məhsulun rüsumu artırılıb. Qərar noyabrın 1-dən qüvvəyə minib. Gömrük rüsumlarının artırılması qida və tikinti bazarında bahalaşmaya və alıcılıq qabiliyyətinin aşağı düşməsinə səbəb olub. Sahibkarlar rüsumların artırılmasından narazıdırlar.
Prezidentin tapşırıqları gömrüyə təsir etmir?
Aydın görünür ki, ölkə başçısının Gömrüklə bağlı tapşırıqları və qərarları Heydərov tərəfindən gözardı edilir. Yəni prezidentin böhrana qarşı mübarizədə "açıq qapı" siyasəti fövqəlnazirin bazarına mane olduğu üçün qapıları qapatmaqda israrlıdır. Bir sözlə, hər gömrük keçid məntəqəsində bir "əjdaha" peyda olub ki, ölkəyə idxal olunan məhsulun qarşısını kəsib. Demək, Azərbaycan iqtisadiyyatının inkişafına məhz ölkənin sərhədlərində daş qoymaqla mane olmaqda davam edən bu şəbəkə ölkəni daha ağır bir iqtisadi böhrana sürükləyir. Belə çıxır ki, Heydərov "bağlı qapı" siyasəti ilə ölkənin qapısını qapatmaq niyyətindədir. Belə ki, istər ixracatı, istərsə də idxalın böyük hissəsini əlində cəmləşdirən və qeyri-neft sektorunda ciddi monopolistə çevrilən Heydərovun sabotajı daha böyük gələcək təhlükələrdən xəbər verir.
İqtisadçı ekpert Rövşən Ağayev isə ötən gün ixracatla bağlı yaydığı araşdırmasında qeyd edib ki, "ölkənin xarici ticarətdə rəqabətqabiliyyətliliyini əks etdirən 4 vacib faktor var: ixracın artım dinamikası, ixracın əmtəələrə görə diversifikasiyası, ixracın coğrafiyasının diversifikasiyası, ixrac səbətinin keyfiyyət strukturu".
Əgər burada rəqəmlərə diqqət etsək, ölkə iqtisadiyyatının böyük bir xaosla üzləşdiyini, bu xaosun da Heydərovun monopolist siyasətinin təzahürü olduğunu aydın görə bilərik. Ona görə də gəlin iqtisadçının sadaladığı faktlara diqqət edək:
İxracın artım dinamikası...
İqtisadçının sözlərinə görə, ixracın artım dinamikası - ixrac göstəricisi hər il artırsa, deməli, dünyada ölkənin məhsullarına tələbat hər zaman var, bu məhsullar rəqabət apararaq başqa ölkələrin məhsullarını sıxışdırır, özünə yeni kanallar açır: "Bu göstəriciyə görə hazırkı durumumuz necədir? 2015-cil ilin 9 ayında Azərbaycanın neftdənkənar ixracı 1.2 milyard dollar olmuşdu, bu ilin 9 ayında 887 milyon dollara enib. 313 milyon dollar və ya 26% azdır. Hətta bu azalmanı nəzərə almasaq belə, bu göstəriciyə görə vəziyyət ürəkaçan deyil. Çünki 2011-ci ildə qeyri-neft ixracı 1.2 milyard dollara yaxın idi. Yəni son 4 il ərzində qeyri-neft ixracı yeni məhsullar və satış bazarları hesabına genişlənə bilməmişdi. 2016-cı ildə isə əksinə kəskin azalma müşahidə edilir".
Əmtəələrə görə diversifikasiya səviyyəsi...
İqtisadçı bildirir ki, beynəlxalq statistikaya görə, 97 mal qrupu üzrə 10 mindən artıq əmtəə xarici ticarətin obyektidir: "Ölkənin xarici ticarətində nə qədər çox əmtəə və mal qrupu iştirak edirsə və ayrı-ayrılıqda onların ümumi ixracda payı nə qədər az olursa, deməli, əmtəə diversifikasiyasının səviyyəsi də yüksəkdir. Bu səviyyəni ölçmək üçün tədqiqatçılar Herfidahl indeksindən istifadə edirlər. Ölkənin ixracında daha çox sayda əmtəə qrupu proporsional payla iştirak etdikdə, Herfindahl indeksi "0"a daha çox yaxınlaşır, az sayda əmtəə daha yüksək payla iştirak etdikdə Herfindahl indeksi "1"ə yaxınlaşır. İxracda ən yüksək paya malik 10 məhsulun bazasında apardığımız hesablamalar göstərir ki, Azərbaycan üzrə ixracın konsentrasiyasını ölçən Herfindahl indeksi 0.78-ə bərabərdir və bu göstərici ixracın əmtəə mövqeyi üzrə diversifikasiyasının olmamasını göstərir".
İxracın coğrafi diversifikasiyası da mühüm göstəricidir...
"Ölkənin ixracı nə qədər geniş coğrafiyaya, həm də proporsional həcmdə yayılırsa, coğrafi diversifikasiyanın səviyyəsi də yüksək olur. Qeyri-neft məhsulları üzrə coğrafi konsentrasiyasını da Herfidahl düsturu əsasında hesabladıq və alınan rəqəm 0.71-dir. Bu nəticə onu göstərir ki, Azərbaycanın qeyri-neft məhsullarının əsas həcmi çox məhdud ölkədə özünə bazar tapa bilir. Doğrudan da, 2015-cil ilin nəticələrinə görə, 1.450 milyard dollarlıq qeyri-neft ixracının 74.2%-i və ya 1.072 milyard dolları 5 ölkəyə gedib - Rusiya (26.4% pay), Əfqanıstan (17.1% pay), İraq (13% pay), Türkiyə (11% pay), İsveçrə (6.7% pay). Bir zəruri qeyd edim ki, İsveçrənin bu sıraya düşməsinin də səbəbi elə xammal ixracıdır - Gədəbəy qızıl yatağından istismar olunan məhsul külçə halında bu ölkəyə ixrac edilir.
Maraqlı bir müqayisəyə diqqət edin: Azərbaycan Latın Amerikası bazarına 2015-ci ildə cəmi 375 min dollarlıq məhsul ixrac edib, Amma Gürcüstan üzrə bu göstərici 100 dəfə çoxdur - 39 milyon dollar. Yaxud, Azərbaycan bütövlükdə Avropa qitəsinə 285 milyon dollar qeyri-neft məhsulu ixrac edib, Gürcüstan üzrə 700 milyon dollara yaxındır. Avropanın bir sıra regionlarında, məsələn, Baltik ölkələrində Azərbaycan məhsulları, ümumiyyətlə, rəqabət apara bilmir. Ötən il regionun 3 ölkəsinə Azərbaycan cəmi 1.5 milyon dollar əmtəə ixrac eda bilib (halbuki, bu regiondan idxalımız 35 milyon dollara yaxın olub). Gürcüstanın isə həmin dövrdə Baltik regionuna ixracı 40 milyon dollara yaxın olub.
Hətta Gürcüstan MDB-dən imtina etsə belə, 2015-ci ildə bu bazara 850 milyon dollarlıq məhsul ixrac etmək imkanı qazandığı halda, Azərbaycanın neft və qeyri-neft ixracının cəmi 550 milyon dollar ətrafında olub.
Nəhayət, 4-cü göstərici ixrac səbətinin keyfiyyətidir. İxracda yüksək dəyərə malik əmtəələrin xüsusi çəkisi nə qədər yüksək olarsa, səbətin gəlirlilik səviyyəsi də o qədər yüksək olur. Tədqiqatçılar bununla bağlı ixrac səbətinin "EXPY" dəyərini hesablayır. Bu göstərici ixracın təkmilliyi ölçüsü (measure of export sophistication (EXPY)) adlanır. İxrac səbətində daha yüksək məhsuldarlıq və gəlirlilik səviyyəsinə malik (tibb sənayesi, kosmik sənaye, rəqəmsal texnologi məhsullar, avtomobil sənayesi məhsulları) mallar üstünlük təşkil etdikcə, ixracın "EXPY" dəyəri daha yüksək olur", - ekspert qeyd edir.
Qeyd edək ki, manatın artıq 3 dəfə devalvasiyaya uğraması, biznesin inkişafı etməməsi, bazarda rəqabətin olmaması, bahalaşma, infilyasiya və bu kimi böhran amilləri də Heydərovun iqtisadi sabotajının nəticəsidir. Amma bu hələ hamısı deyil...
Burada daha bir diqqətçəkən məqam ondan ibraətdir ki, bu sabotajın icraçıları olan Vüsal Novruzov v Aydın Əliyev isə sadəcə, ölkənin deyil, öz şəxsi bizneslərinin taleyini düşünürlər. Doğrudan da, prezidentin tapşırıqları niyə gözardı edilir? Gömrük genaralları milyonlarını ölkədən çıxaraqla nəyə nail olmağa çalışırlar. Mediada Heydərovun siyasi iddiaları ilə bağlı mesajlar nəyə hesablanıb?
Bütün bu suallara növbəti yazılarımızda aydınlıq gətirəcəyik...