"Əks-dollarlaşma strategiyası hazırlanmalıdır"
Hətta ARDNF və AMB bankların valyutaya tələbini hərraclarda təmin etsə belə, bunun qısamüddətli effekti olacaq, deyə ekspertlər hesab edir.
Xeberinfo.com: İyundan başlayaraq, hərraclarda tələb təklifdən 10-12 dəfə çox olur.
İyulda ARDNF banklara 450 mln dollar, avqustda 394,5 mln dollar satıb. Aylıq tələbat isə 1-1,2 mlrd dollardır.
İlk devalvasiyadan sonra AMB valyuta ehtiyatları hesabına manatın məzənnəsini qorudu. Nəticədə ehtiyatlar 2014-cü ildəki $13,758 mlrd-dan $5,016 mlrd-a azaldı.
2016-cı ilin 8 ayında AMB-nin ehtiyatları 16,4% azalaraq $4 mlrd 192,5 mln olub.
AMB intervensiyası həcmini kəskin azaldandan sonra 3 dəfəyə ümumi məbləği 1 mlrd dollar olan valyuta satıb. 2015-ci ildə bu məbləğ 8,4 mlrd dollar idi.
2016-cı ildə ARDNF-dən dövlət büdcəsinə transfertlər 7,615 mlrd manat ($4,9 mlrd) olmalıdır. Amma öhdəliyə yarım ildə yarıyacan əməl edilib.
I yarımildə ARDNF-nin aktivləri 4,6% – $35 mlrd 117,9 mln-dək (2015-ci ildə 33,57 mlrd dollar) artıb.
Ekspertlər hesab edir ki, hələlik dollar artımının qarşısını almaq üçün səbəb yoxdur: idxaldan asılılıq, neftin ucuzluğu, bankların xarici borcuna xidmət, bağlanan bankların əmanətçilərinə kompensasiya verilməsi dollara tələbatı artırır.
İqtisadçı Samir Əliyev qeyd edib ki, manat kütləsini məhdudlaşdırmaq, idxalı azaltmaq, rəsmi kapital çıxışına qadağa hesabına tələbi azaltmaq da çıxış yolu deyil. Bu addımlar iqtisadi tənəzzülə yol aça bilər.
Ölkənin maliyyə sektorunun sürətlə dollarlaşması milli valyutaya təzyiqi artırmaqla yanaşı makroiqtisadi sabitliyi risk altına qoyur.
«Yüksək həddə dollarlaşma makroiqtisadi sabitliyi risk altına alır. 2014-cü ilin sonu 2016-cı ilin 1 iyul tarixinə olan rəsmi məlumata görə, kredit qoyuluşunda xarici valyuta kreditlərinin payı 27%-dən 48%-ə yüksəlib. Bu müddətdə əmanət qoyuluşunun dollarlaşması səviyyəsi 38%-dən 80%-ə çatıb. Xarici valyuta depozitlərinin geniş mənada pul kütləsində payı 36%-dən 90%-ə qalxıb», – deyə o bildirib.
Ekspert hesab edir ki, hökumət əks-dollarlaşma (de-dollarlaşma) strategiyası hazırlamalı, makroiqtisadi sabitliyə yönəlik tədbirlərin icrasına başlamalıdır.
«Kapital bazarının inkişaf etdirilməli, bank sektorunun liberallaşdırılmalıdır. Alternativ maliyyə alətləri bazarının inkişaf etdirilməli, o cümlədən milli valyutada buraxılan dövlət istiqrazlarının inflyasiyaya uyğun indeksləşdirilməlidir. Xarici valyutada olan əmanətlərə dair tələblərin sərtləşdirilməlidir. Məcburi ehtiyat normalarının 1%-dən 3%-ə artırılması, əmanətlərdən əldə edilən gəlirlərin vergiyə cəlb edilməlidir.
Bundan başqa, manat əmanətlərini kəskin məzənnə dəyişiklikliyindən sığortalamağa imkan verən indeksləşmə mexanizminin yaradılmalıdır.
«Xarici valyutada olan istehlak kreditlərinin milli valyutaya konvertasiyası imkanlarının araşdırılmalı və banklara tövsiyə edilməlidir. Nağdsız ödənişlərə keçid sürətləndirilməli və nağd ödənişlərə məhdudiyyətlərin (1-2 min manatdan yuxarı) tətbiq edilməlidir. Mərkəzi Bank banklara milli valyutada məqsədli kreditlər verməli, AMB-nin nəzdində Problemli Kreditlər üzrə Fond yaradılmalıdır», – deyə Əliyev hesab edir.