Yenixeber.org: Avropa Mərkəzi Bankının tədbirləri də vəziyyəti dəyişə bilmir. Odur ki, sözügedən ölkələrlə qarşılıqlı iqtisadi və ticarət əlaqələrində olan hər bir ölkə üçün bu diqqət mərkəzində saxlanılmalı məsələdir. Axı iqtisadi və ticari əlaqələrdə olduğun ölkənin pul vahidi ucuzlaşarkən ciddi təsirlər ortaya çıxır.
Bəs, bunun ölkəmizə təsiri varmı?!
Azərbaycan manatının dəyəri neftin dünya bazar qiymətlərinə bağlıdır və neftimizin neçəyə satılmasına əsasən müəyyən olunur. Neft isə dünyada əsasən ABŞ valyutası ilə alınıb-satılır. Odur ki, gəlirlərimiz də əsasən ABŞ dollarında hesablanır. Ona görə də manatımızın məzənnəsi bilavasitə Amerika valyutasına bağlıdır. Digər valyutalar isə bunun əsasında qarşılıq tapırlar. O cümlədən, avro da.
Avronun ümumən dəyər itirməsinin səbəbləri aydındır. Sözügedən pul vahidinin tədavüldə olduğu zonada yüksək inflyasiya hökm sürür - avqustda bu rəqəm növbəti tarixi maksimumuna, 9,1 faiz səviyyəsinə çatıb. Bir ay öncə, yəni iyulda isə 8,9 faiz idi. Halbuki, Avropa Mərkəzi Bankı 2 faiz inflyasiya proqnozlaşdırmışdı. Real rəqəm bundan 4,5 dəfə çoxdur.
İnflyasiya enerjidaşıyıcılarının qiymətlərinə görə yüksəlir. Enerjidayıcıları sahəsində qiymətlər 38,3 faiz qalxıb. Bütün bunlar təkcə, Rusiya-Ukrayna müharibəsinə görə deyil, həm də məsələn, daşımalar üzrə zəncirin 2020-ci ildəki pandemiyadan əvvəlki vəziyyətə və səviyyəyə hələ də qayıtmaması ilə izah olunur. Avrozonada qiymətlər keçən ildən bahalaşmağa başlayıb.
Biz ABŞ dollarına bağlı olduğumuz üçün avro dolların qarşısında dəyər itirirsə, manatın dollara nisbətdə məzənnəsində heç bir dəyişiklik baş vermədiyi halda təbii ki, avro manata qarşı da ucuzlaşır. Ancaq manat sərbəst dönərli valyuta deyil, məzənnəsi və dəyəri ABŞ dollarına bağlıdır, ona görə ki, neftimizi yenə qeyd edirəm, dollara satırıq. Odur ki, bu ucuzlaşma, yəni avronun manat qarşısında da dəyər itirməsi əslində heç bir əhəmiyyət kəsb etmir. O vaxt və o baxımdan müsbət əhəmiyyət kəsb edər bilərdi ki, avrozonadan gətirdiyimiz mallar ucuz başa gəlsin. Bu isə belə deyil, çünki Avropada inflyasiya baş alıb gedir.
Avrozonadan mal və məhsul idxalımız necə stimulverici xarakter daşıya bilər ki, hər şey bahadır?! Ərzaq inflyasiyası 10,5 faizdir, digər mal və xidmətlər 4-5 faiz... Odur ki, avronun ucuzlaşması bizim üçün heç bir əhəmiyyət kəsb etmir. Yəni, nə istisi var, nə soyuğu... Yeganə olaraq, ölkəmizin maliyyə ehtiyatlarının avro ilə olan hissəsinə görə itiririk ki, avro ucuzlaşdıqca bu, davam edəcək.
Bəs, avro nə vaxtadək ucuzlaşacaq? Yuxarıda qeyd etdim ki, Avropa Mərkəzi Bankının tədbirləri heç bir effekt vermir. Ümumiyyətlə, qərarların operativ qəbulu və vəziyyətə müdaxilə baxımından ABŞ-ın maliyyə tənzimləyiciləri daha effektiv addımlar atırlar. Bu isə Amerika valyutasını əlavə möhkəmləndirir. Odur ki, Avropada birinci növbədə inflyasiya cilovlanmalıdır.
Pərviz Heydərov
Avronun ucuzlaşmasının bizə təsiri varmı? -TƏHLİL
Avropanın böyük bir qrup ölkələrinin ümumi pul vahidi olan avro dəyər itirməkdə davam edir. Cari həftənin əvvəlindən 1 avro son 20 il ərzində ilk dəfə olaraq 0.99 ABŞ dollarına mübadilə olunmağa başlayıb. Bu əsasən, Rusiyadan qaz təchizatı məsələsi ilə əlaqələndirilsə də, səbəb təkcə o deyil. Problemin kökləri çoxşaxəlidir.