Alyaskadan Bakıya:Putin Azərbaycana təcavüz edə bilərmi?

Ukrayna cəbhəsində mümkün atəşkəsdən sonra variantlar...
Yenixeber.org: Hazırda bütün dünyanın diqqəti Alyaskada ABŞ prezidenti Donald Trampla Rusiya prezidenti Vladimir Putin arasında keçiriləcək görüş və onun nəticələrinə yönəlib. Bir çox müşahidəçilər hesab edirlər ki, Putin Tramp ilə əlaqəni tamamilə itirməmək və Bayden dövründə olduğu kimi yenidən dünya miqyasında “təcrid” statusuna qayıtmamaq üçün cəbhə xəttində Ukrayna ilə atəşkəsə razılıq verə bilər.
Məsələn, The Telegraph yazır ki, Kiyev Tramp və Putinin Alyaska görüşü ərəfəsində ərazi məsələsinə münasibətini yumşaldıb (hərçənd ki, bu, Ukrayna rəsmiləri tərəfindən təkzib olunur) və artıq işğal edilmiş əraziləri Rusiyaya verməyə razı ola bilər. Avropalılar da bu planı dəstəkləyib. Eyni zamanda, bazar günü ukraynalılarla danışıqlarda iştirak edən qərbli məmurlardan biri qəzetə deyib ki, bu plan yalnız hazırda Rusiya hərbçilərinin nəzarətində olan mövqelərə aid ola bilər.
Bəs bizi bundan sonra nə gözləyir? Rusiya və Azərbaycan arasında gərginliyin mövcud vəziyyətini nəzərə alsaq, bu sual əbəs deyil. Hər gün tanınmış rusiyalı bloqqer və siyasətçilərin, deputatların dilindən Azərbaycana qarşı “tədbir görmək” çağırışları səslənir. Bəziləri bütün azərbaycanlı miqrantların ölkədən çıxarılmasını, onların bizneslərinin müsadirə edilməsini tələb edir. Digərləri Azərbaycanın Ukraynadakı enerji infrastrukturuna zərbələrin artırılmasına, hətta dövlətimizə qarşı birbaşa hərbi təcavüzə çağırış edir.
Bəs, Putin qərb cəbhəsindəki fasiləni Cənubi Qafqazı ələ keçirmək üçün yaxşı imkan hesab etsə və yeni müharibəyə Azərbaycandan başlasa necə olacaq?
Pressklub.az sualını tanınmış hərbi ekspert, Müdafiə Nazirliyinin informasiya-analitik idarəsinin keçmiş əməkdaşı Azad İsazadə cavab verib.
Onun fikrincə, Putin Ukrayna cəbhəsində atəşkəsə getməyəcək:
“Putin yalnız Ukraynadan az da olsa güzəşt əldə edəcəyi təqdirdə atəşkəs şərtlərinə razılaşa bilər. O, cəbhə xəttinin hansısa sahəsinin yarılmasına ümid edərək, vaxtı uzatmağa, prosesi ləngitməyə və s. çalışacaq. Bu baş verərsə, Ukrayna daha yumşaq mövqe sərgiləyə bilər.
Lakin hətta belə bir senarini qəbul etsək ki, Ukrayna məsələsi həll olunub, atəşkəs barədə razılıq əldə edilib, Rusiya ordusu apardığı ağır müharibədən azad olub, Cənubi Qafqaz üçün ən pis ssenari meydana çıxıb və Putin rahat şəkildə regionumuzla məşğul ola bilər – hətta bu halda belə, bunun mümkün olacağını düşünmürəm.
Birincisi, Vaşinqtonda keçirilən səs-küyü və uğurlu görüş, Cənubi Qafqaz üçün sülh zəmanətləri verilməsi və Zəngəzur dəhlizi ilə bağlı razılaşma əldə olunması fonunda (hansı ki, bu dəhlizin zəmanətçisi faktiki olaraq Tramp özüdür, üstəlik marşrut onun adı ilə adlandırılıb) ABŞ prezidentinin bu planlarını pozmaq, Ukrayna ilə atəşkəsə razılaşmamaqdan daha pis addım olar. Yəni, burada Trampın real uğuru, real qələbəsi var və Putin onu məhv etməyə risk etməz”, – ekspert bildirib.
Onun fikrincə, Putinin ordusu nə qədər döyüş qabiliyyətli olsa da, onu bir cəbhə xəttindən çıxarıb başqa cəbhə xəttinə – Cənubi Qafqaz sərhədinə toplamaq hamının gözü qarşısında baş verəcək və Türkiyə dərhal hərəkətə keçəcək:
“Düşünürəm ki, Pakistan da sakit dayanmayacaq. Rusiyanın ordusunun xeyli böyük olmasına baxmayaraq, onun döyüş qabiliyyətinin Azərbaycan ordusundan xeyli aşağı olması nəzərə alınsa, Putin müharibəyə, bizə qarşı ikinci cəbhə açmağa cürət etməyəcək. Biz cavab verə bilərik. Hücum bizə sürpriz olmayacaq. Ən ağır gün birinci gündür. Əgər biz hazır olsaq və qoşunların yerdəyişməsini müşahidə etsək, təbii ki Türkiyə ordusu da döyüş hazırlığı vəziyyətinə gətiriləcək.
Əlbəttə, bizdə də bəzi həssas məqamlar mövcuddur. İlk növbədə Xəzər dənizi. Yəni, dənizdən zərbə mümkündür. İkincisi isə neft yataqlarına raket hücumları ola bilər. Amma düşünürəm ki, buna qarşı həm Qərbdən, həm Türkiyədən, həm də Azərbaycandan ciddi cavab zərbələri gələcək”, – İsazadə yekunlaşdırıb.
Rauf Orucov